26.07.2012

ÇAĞIRILMAMIŞ QONAQ

AKİF ABBASOV


Mahmud  kişinin günü-güzəranı yox idi. Kolxoz dağılandam, iş yerləri azalandan  sonra ailəsi bir qarın tox, bir qarın ac dolanırdı. Kənd əvvəlki kənd deyildi. Qaz nə vaxtdandır kəsilmişdi, yenə keçmişdilər odun sobasına. Odun da nə gəzirdi?!  Qışa neçə maşın odun lazım idi, bir maşını odun da od qiymətinə. Əvvəllər baltanı, mişarı götürüb xəlvəti özlərini meşəyə verirdilər. Kənd camaatı meşədə meşəlik qoymamışdı. İndi ora getmək də qorxulu idi. Tutanda adamın atasını yandırırdılar. Mahmud kişinin beş-on baş mal-qarası vardı. Yayda, yazda heyvanlar öz başlarına çarə qılırdılar.
Elə ki, qış gəlirdi, hər tərəfi qar basırdı. Beş-altı ay beləcə davam edirdi. Vaxtında tədbirini görüb ot bağlılarını alıb üst-üstə düzənlər papaqlarını yan qoyub gəzirdilər. Vay pulu-parası olmadığından ehtiyatını hazırlamayanların halına.
Bir belə otu alıb qışa saxlamağa hünər lazım idi. Üç-dörd dananın soyuq aylarda yediyi yemin puluna bir düyə almaq olardı.
Həyətdə bir az mer-meyvə vardı. Benzin bahalaşdığından daşınma haqqı da artmışdı. Bazara aparıb satanda görürdün ki, “aldım qoz, satdım qoz” olub, yəni astarı üzündən baha düşür, evə gəpik-quruş gətirirsən. Hələ çəkilən əziyyət bir yana qalsın. Mahmud kişi “ah-uf” eləyə-eləyə, “neyləyim, necə eləyim” deyə-deyə zorla bir çətən külfəti dolandırırdı. Oğlanları Qurbanla Kərəm  məktəbi bitirmişdilər. Oxuyanda gah mal növbəsinə gedir, gah odun daşıyır, gah da mal-heyvan üçün yem tədarükünə başları qarışırdı. Pis oxmamışdılar, riyaziyyatı, fizikanı yaxşı öyrənmişdilər. İngilis dilində də, rus dilində də başlarını girələyirdilər. Fəqət kasıbçılıq imkan vermirdi ki, ali məktəbdə, kollecdə təhsil alsınlar. Odur ki, biri atın tərkində, biri uzunqulağın belində bütün günü kəndin bu başından girib o biri başından çıxırdılar.
Kasıbçılıq Mahmud kişinin də, Zalxa arvadın da belini əymişdi. Mal-qara olmasaydı, bu ailə, görəsən, necə dolanardı?
Mahmud kişi azarlayıb yatağa düşmüşdü. Həkim gəlib baxmış, bir torba dava-dərman yazmış, öz xidmət haqqını alıb getmişdi. Resept stolun üstündə idi. Yazılan iynə-dərmanı almaq üçün xeyli pul lazım idi. Zalxa arvad kişisinin kürəyinə banka salmaq, ona zoğallı çay içirtməklə, keçi piyi ilə ovuşdurmaqla keçinmək istəyirdi.
Bu arada rayon mərkəzində bir-birinə dəymişdilər. İcra başçısı Sankt-Peterburqdan teleqram almışdı. Dünya şöhrətli alim rayona qonaq gəlirdi. Küçələrin tozu süpürülür, maşınla yuyulur, ağacların gövdəsinə, hasarlara əhəng çəkilirdi. Çoxdan qapısı açılmayan mədəniyyət evində canlanma vardı. Həvəskar aktyorlar məşq edirdilər.
Vaxt gəldi, vədə yetişdi. Dünya şöhrətli alim – akademik Sergeyev gül-çiçəklə qarşılandı. Qonaq evində yerləşdirildi. Onun şəninə məclislər quruldu. Rayondakı institutda mühazirələri dinlənildi. Bir gün qonaq ziyafətdən sonra:
-Sizdə Çiçəkli kəndi var. Buradan çox uzaqdır?
İcra başçısının müavini:
-30-40 kilometrlik bir məsafədə yerləşir, - dedi və sonra soruşdu:
-Belə çıxır ki, bizim kəndlərimizi də tanıyırsınız.
Birdən-birə dərin fikrə getmiş akademik:
-Yalnız birinin – bayaq dediyim kəndin adını eşitmişəm. Mənim o kəndlə bağlılığım var. Kənddə Mahmud adlı bir kişi yaşayır. Onu görmək istərdim.
Hamı mat-məəttəl qalmışdı. Çiçəkli kəndi hara, Mahmud kişi hara, akademik Sergeyev hara?
Akademik daha bu barədə heç nə demədi, ətrafındakılar da dərinə getmədilər. Soruşdular:
-Kəndə getmək istəyirsiniuz?
Akademik başı ilə təsdiq etdi və dedi:
-Kənddə bir  neçə gün qalmaq fikrim var.
Başçının müavini tez qərara gəldi:
-Məsləhətdir ki, sabah yola düşəsiniz. İcra başçısı Bakıda müşavirədədir. Bir azdan qayıtmalıdır. Onu da gərək məlumatlandıraq.
Sergeyev dedi:
-Bu qədər narahat olmağa əsas görmürəm. Siz də əziyyət çəkməyin. Bir maşına tapşırın, məni kəndə aparsın, Mahmud kişini, onun ailəsini görmək istəyirəm.
Başçının müavini onu arxayın etdi:
-Hörmətli akademik, siz qətiyyən narahat olmayın. Sizin qulluğunuzda durmaq bizim üçün şərəfdir. Xahiş edirəm, tələsməyəsiniz.
Razılaşdılar. Hörmətli alimi qonaq evinə apardılar. Üç otaq onun sərəncamında idi.  Qonaq otağında stolun üstündə büllur qablarda müxtəlif növ meyvə, şirniyyat, çərəz, mineral sular qoyulmuşdu. Sağ küncdə yazı masası vardı. Akademik yuyununca stolun üstünə moruq və qarağat mürəbbəsi ilə çay gətirildi. Sonra qonaq yataq otağına keçib dincəldi.
Səfəri ləngitməkdə müavinin məqsədi vardı. Kəndə baş çəkmək, Mahmud kişinin ailəsinin vəziyyəti, ev-eşiyi, dolanışığı ilə maraqlanmaq idi. Həm də qonağı qabaqlamaq lazım gəlirdi. Kəndin vəziyyətini bilirdi. Tez icra hakimiyyətinin kənd nümayəndəliyinə tapşırıq verildi. Bir neçə maşın rayon mərkəzindən kəndə yola düşdü...
...Mahmud kişi təəccüb içərisində idi. Həyət-baca bahalı maşınla dolu idi. Rayonun vəzifəli adamları tabeliyində olanlara müxtəlif göstərişlər verirdilər. Evin, həyətin əgər-əskiyi qeyd dəftərinə yazılıb götürüldü. Bir-iki həkim Mahmud kişinin yan-yörəsində hərlənirdi. Az keçmiş onu ayaq üstə qaldırdılar. Kənd camaatı dayanıb baxırdı.
Bir-iki saat sonra kəndə başqa maşınlar, adamlar gəldilər. Ev-eşiyə əl  gəzdirməyə başladılar. Ertəsi gün günortaya kimi görülən işlər davam etdi. Evdəki köhnə, sınıq-salxaq mebellər harasa daşınıb aparıldı, əvəzində yeniləri gətirildi, otaqların divarlarına əl gəzdirildi, kəndə işıq və qaz verildi.
Mahmud  kişi və ailəsi heç nə başa düşmürdü. Arada Mahmud soruşmuşdu: “Bu nə məsələdir?” Ona demişdilər ki, onlar də bilmir bu nə məsələdir. Sonra öyrəndi ki, qonağı gəlir. Onda fikirləşdi: “Ayə, bu necə qonaqdır ruzisi özündən əvvəl gəlir. Biz  görmüşük ki, qonağa xidmət edərlər, qulluğunda durarlar. Bu nə yaxşı qonaqdır, hər şeyi özü göndərir. Yəqin qonaq ya Amerikanın, ya Fransanın prezidentidir, yaxud da İngiltərənin baş naziri. Bəlkə elə Yaponiyanın baş naziri də onunladır. Bir şeyə təəccüblənirəm. Nə əcəb, bu kasıb vaxtımda məni yada salıblar. İndi axı varlı, vəzifəli adamın qapısını açmaq dəbdədir”.
Mahmud kişiyə yaxşı bir xarici soyuducu da gətirmişdilər, içərisini də ərzaqla doldurmuşdular. Mahmud öyrəndi ki, Rusiyadan onlara qonaq gələn akademikdir. Onda Mahmud kişi öz-özünə dedi: “Yəqin bu akademik kimdirsə bizim kəndin icra nümayəndəsindən, prokurordan, polis rəisindən, məhkəmədən, lap elə başçının özündən də böyük adamdır ki, belə əl-ayağa düşüblər”.
Ailəni təəccübləndirən başqa  bir məsələ idi - bu hörmətli adam niyə məhz onlara qonaq gəlir?
Mahmud kişi elə bil yatmışdı, birdən ayıldı: “Yaxşı, bu qonaq axı rusdur. Bəs onunla hansı dildə danışacaq?! Otuz beş-qırx il əvvəl ara-sıra kəndçilərinə qoşulub Rusiyanın şəhərlərinə alverə gedirdi. Onda ara sözlərini, bazar danışığını öyrənmişdi. Birtəhər çulunu sudan  çıxarırdı.
Rayon mərkəzindən axşamüstü gəldilər. Ad Mahmud kişinin idi, amma qonaqlığa aid bütün tədarükü başqaları – vəzifə sahibləri görmüşdülər. Dünya şöhrətli alimi bütün kənd əhalisi maraqla, bayram təntənəsi ilə qarşıladı. Qarşısına duz-çörək gətirdilər. O, çörəyi duza batırıb yedi. Maşınlar Mahmud kişinin qapısında dayandı. Akademik 30-35 yaşlarında, hündürboylu, yaraşıqlı bir şəxs idi. Saçları zil qara olmasa da, qaraya çalırdı. Mahmud kişi: “Yəqin ukraynalıdır, rusların saçı sarı olur”, - deyə düşündü.
Sergeyev irəli yeriyib Mahmud kişi və onun ailə üzvləri ilə çox mehriban görüşdü.
Məclis çox şən keçdi. Dağılışmaq məqamı yetişəndə məlum oldu ki, akademik qayıtmaq fikrində deyil, bir neçə gün kənddə - Mahmud kişigildə qalmaq istəyir. Bunu eşidən başçının müavini - kənd icra nümayəndəsini, rayon bələdiyyəsi - kənd bələdiyyəsini, polis rəisi də sahə müvəkkili kapitan Gülməmmədovu bir kənara çəkib tapşırıq verdilər.
Hamı çəkilib getdi. Həyətdə bir qaldı akademik Sergeyev, bir də Mahmud kişi. Zalxa arvad süfrəni yığışdırırdı, Qurbanla Kərəm  analarına kömək edirdilər.
Çay süfrəsi açıldı. Kəklikotu çayı akademikin xoşuna gəlmişdi. Armudu stəkanla bəlkə də on stəkan çay içdi, mürəbbələrə isə əl vurmadı.
Mahmud kişinin geniş bağ-bağatı vardı. Durub gəzişdilər. Sergeyev meyvə ağaclarına baxaraq, bir-bir onların adlarını çəkirdi: alma, nar, gavalı, albalı, gilas, şəftəli, bu da heyva, bu - əncir, bu – xurma, bu – göyəm, tut,  üzüm də ki, maşallah bol-bol.
Mövsümə görə ağacların bəziləri meyvəli idi, bəzilərinin meyvəsi hələ olacaqdı, bəzilərinin meyvəsi artıq yeyilmişdi.
Mahmud kişi neçə dəfə ağzını doldurub soruşmaq istəmişdi ki, “Nə əcəb, bu rayonda, bu kənddə başqasının evinə deyil, mənim evimə  qonaq düşmüsən. Bu rayonda nə qədər imkanlı, sayılıb-seçılən adam var”. Soruşmaq istəmişdi, amma fikirləşmişdi ki, yaxşı düşməz, qonaq Allah qonağıdır. “Amma, doğrudan da maraqlı idi. Yaşıd olsaydılar, deyərdi, əsgərlik dostudur, müharibə yoldaşıdır. İnstitutda da oxumamışdı ki,  desin  yəqin tələbə yoldaşıdır. İlahi, bu nə sirri-xüdadaır?”.
Mahmud kişi “Axırda özü gələcək mətləb üstünə!” – deyə düşünüb özünü ələ aldı.
Sergeyev siqaret yandırdı. Bahalı siqaret idi. Malboroya oxşayırdı. Siqaretin ətirli iyi ətrafa yayıldı. Əsl Amerika siqaretinin belə xoş ətri olur. Mahmud kişi də siqaret çəkmək istədi, lakin utandı. Onun siqareti ucuz idi. Sergeyev sanki onun ürəyindən  keçənləri duydu, onun siqaret çəkmək istəyindən də xəbər tutdu və qutunu Mahmud kişiyə uzatdı. Mahmud kişi siqaret götürdü. Sergeyeb alışqanı yandırdı. Mahmud kişi tüstünü ciyərlərinə çəkdi. Ucuz siqaretlə bahalı siqaretin fərqini anladı: “Siqaret belə olar. Bəlkə də belə  siqaretlərin cana xeyiri var. Bizimki isə siqaret çəkmək deyil, özümüzü zəhərləməkdir” – deyə fikirləşdi.
-Qurbanla Kərəm nə ilə məşğuldurlar?  Bir sənət, peşə qazanıblar?
-Hardan? Kasıbçılıqla məşğuldurlar. Evi güclə dolandırırıq.
-Ali təhsil almayıblar?
-Yox, ay oğul.
Sergeyev Mahmud kişidə xoş təəssürat yaratmışdı. Qısa müddətli tanışlığa baxmayaraq ona  qanı qaynamışdı, sanki Sergeyevi çoxdan tanıyırdı. “Oğul” kəlməsini eşidən Sergeyev mətləbə keçdi:
-Tanya yadınıza gəlir?
Mahmud diksindi: “Tanya?!” Bu ad nəsə ona tanışdır.
-Tatyana İvanovnanı deyirəm. Mən sizin məktublarınızı oxumuşam.
Mahmud kişinin yadına düşdü.
-Tanyanın qardaşısan?
Sergeyev müəmmalı-müəmmalı ona baxaraq:
-Xeyr, oğlu, -dedi.
-Oğlu?
-Bəli, oğlu. Anamın sizə salamları var.
-Oğlum, sən məni gənclik illərimə qaytardın.
Sergeyev sözünə davam etdi:
-Anam sizdən həmişə ağız dolusu danışır. Amma siz evlənəndən, anam da ərə gedəndən sonra yazışmalarınız ara verib.
Mahmud kişi sanki on il cavanlaşmışdı. Tanyalı günlərini yadına saldı. Onunla neçə-neçə şən, unudulmaz günlər keçirmişdi.
Mahmuda rus sözlərinin qol-qanadını sındıra-sındıra onunla danışanda, Tanya gülməkdən uğunub gedirdi. Mahmuda sığınıb:
-Maxmud, - deyirdi, -sənin rusca danışığın təzə dil açan  uşağın danışığını xatırladır. Ölürəm sənin rusca danışmağın üçün.
-Oğlum, anan necədir?
-Yaxşıdır. Gəlmək istəyirdi. Bir az nasaz idi, o səbəbdən gələ bilmədi. Sizə məktubu var.
Sergeyev cibindən çıxardığı zərfi Mahmud kişiyə uzatdı. Mahmud alıb oxudu. Məktub bu sözlərlə bitirdi: “Biz ayrılanda səndən uşağa qalmışdım. İş elə gətirdi ki,  Vasili  Aleksandroviçlə ailə qurmalı oldum. Nikah bağlamamışdan hamilə olduğumu ona bildirdim. O, qəbul etdi. Uşaq doğulanda ona öz soyadını verdi - Sergeyev. Mişa sənin oğlundur. Həqiqəti ona demişəm. Bir gün Mişa öz doğma atasını görmək istədiyini bildirdi. Mən razılıq verdim və sənin ünvanını yazdım”.
Mahmud kişi məktubu çoxdan oxuyub qurtarmışdı. Fəqət məktub əlində donub qalmışdı, özünü heç cür ələ ala bilmirdi. Sonra irəli yeriyib Mixaili bağrına basdı: “Oğul, bir Allah şahiddir ki, sənin varlığından xəbərim olmayıb. İndi bildim”.
Onun gözləri yaşarmışdı. Mixail də kövrəlmişdi:
-Bilirəm ki, xəbərin olmayıb. Gəlib doğma atamla görüşməyi özümə borc bildim.
-Sağ ol, oğlum, sağ ol.
Mahmud Tanya ilə evlənəcəkdi. Fəqət Mahmudun ata-anası ondan xəbərsiz onu nişanlamış, təkidlə geri dönməsini tələb etmişdilər. Mahmud gəlib vəziyyəti ata-anasına anladanda onlar daş atıb başlarını tutmuş və onu xəbərdarlıq etmişdilər: “Əgər İslamın qızını almasan, sən adda oğlumuz yoxdur”.
Əhvalatı eşidən Tanya Mahmuddan acizanə şəkildə xahiş etdi ki, valideynlərinin iradəsi ziddinə getməsin. Beləliklə, onların izdivacı baş tutmadı.
Mahmud kişi ucadan səsləndi:
-Qurban! Kərəm!
Qurbanla Kərəm  qaçaraq gəldilər.
-Övladlarım, Mişanı bərk-bərk qucaqlayın, o sizin qardaşınızdır.
Qurban Kərəmin, Kərəm Qurbanın üzünə baxdı.
-Nə durmusunuz , qucaqlayın Mişanı, akademik qardaşınızı!
Qardaşlar qucaqlaşdılar. Mahmud tez gedib Zalxa arvadı gətirdi. O da Mişanı bağrına basdı:
-Bura öz evindir, mənim də balamsan.
Mahmud onu da məsələdən hali eləmişdi.
Sergeyev bu qalmaqla 3-4 gün kənddə qaldı. Ova getdi, meşəni dolaşdı.  Yam-yaşıl meşələrlə əhatə olunmuş dağlara qalxdı. Kəndin təmiz havasından doyunca ciyərlərinə çəkdi. Artıq kənd əhlinə məlum idi ki, bu şanlı-şöhrətli, rayonun vəzifəli şəxslərinin də qabağında mil dayandıqları bu sadə adam, akademik Sergeyev Mahmud kişinin rus qadınından olan oğludur. Saçları da ona görə qaraymış.
İcra başçısı başının dəstəsilə Sergeyevin dalınca gəlmişdi. Mişa Bakıya qayımalı, təyyarə ilə Sankt-Peterburqa uçmalı idi. Sergeyevin bu kəndə nə üçün gəldiyi rayonun yiyələrinə də məlum oldu. Başçı Mahmud kişinin qulağına zarafatla : “Ay xatakar!”  deyə pıçıldadı.
Əziz qonaq getdi. Ayrılarkən Mahmud kişiyə bir zərf verdi. Sonradan zərf açılanda gördülər ki, Sergeyev oraya on min dollar pul qoyub.
Bir müddət keçdi. Sergeyevin dəvətilə Qurbanla Kərəm Sank-Peterburqa getdilər və burada hərəsi bir universitetə daxil oldu.
Mahmud kişi ilə Zalxa arvadın sevincinin həddi-hüdudu yox idi. Hamı onları təbrik edir, gözaydınlığı verirdi. Bir gün Mahmud kişi təzə aldığı paltarlarını geyib rayon mərkəzinə getməyə hazırlaşırdı. Onu geyimli-keçimli görən Zalxa arvad maraq içərisində xəbər aldı:
-A kişi,   xeyir ola, yenə bəzənib-düzənib hara gedirsən?
Mahmud kişi zarafata saldı:
-Deyirəm, bir Bakıya dəyim. 30-40 il bundan əvvəl, orada bir Məryam adlı qızla tanış olmuşdum. Gedim görum, onun oğuldan, qızdan nəyi olub. Hər halda köməkləri dəyər.
Zalxa arvad əvvəlcə ərinin sözlərini ciddi qəbul edib, yerində dondu, sonra onun güldüyünü görüb başa düşdü ki, zarafat edir. Onu da gülmək tutdu.
                                           
prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий