22.07.2012

Zamanın amansızlığı

ANAR


Görkəmli rus şairi Yevgeni Yevtuşenkonun 80 yaşı tamam oldu. Bir neçə gün bundan əvvəl Moskva telekanallarından biri onun haqqında veriliş göstərdi. Şairin indi yaşadığı ABŞ-ın əyalət şəhərindəki evini gördük, şairin özünü gördük. Qırış-qırış sifəti, dərisi sallaq boğazı, seyrəlmiş saçları, çökmüş, sönmüş gözləri, batıq səsi... bu adam Yevgeni Yevtuşenkoydumu? Amansız zaman insanı nə hala salırmış, İlahi. Bu həmin o Yevtuşenkoydumu ki, 60-cı illərdə Moskvada yüz minlərlə insanı stadionlarda, Mayakovski meydanında toplayıb saatlarla özünü dinlədə bilirdi. Yaraşıqlı qədd-qaməti, boy-buxunu, şeirlərini əzbərdən artistik bir ədayla oxumaq bacarığı, bədii qiraət ustalığı onu yalnız o dövrün deyil, bəlkə də bütün ədəbiyyat tarixinin ən populyar rus şairi mərtəbəsinə ucaltmışdı.
Olsun ki, Andrey Voznesenski və ya İosif Brodski bədii cəhətdən daha üstün şairlər idi. Yevtuşenko özü öz şeirlərinin yetmiş faizini zəif hesab edir. Amma Yevtuşenko hamıdan çox tanınırdı, hamıdan çox sevilirdi, hamıdan çox dildə-ağızda idi. Xalqın sevgisini isə heç kəsə bağışlamırlar. Yevtuşenko heç kimə həsəd çəkmirdi, hamı, hətta şair dostları belə, ona həsəd aparırdılar. Brodski Nobel mükafatı almışdı, amma yenə də Yevtuşenkonun şöhrətiylə barışa bilmirdi, hikkəylə “əgər Yevtuşenko kolxozların əleyhinədirsə, mən lehinəyəm” - deyirdi.
Moskvada kino təhsili aldığım 60-cı illərdə Mərkəzi Ədəbiyyatçılar Evində bir iclasda iştirak etməli oldum. O vaxt hələ Yazıçılar İttifaqının üzvü deyildim. Yadımda deyil, hardansa dəvətnamə tapıb içəri keçmişdim. Həmin iclasda Yevtuşenkonu da, Voznesenskini də, necə dəyərlər, məhşər ayağına çəkirdilər. O zamanın ədəbi generalları S.Mixalkov, A. Korneyçuk, L.Sobolev, A.Sofronov, beynəlxalq icmalçı Jukov bu gənc şairləri yaş yuyub quru sərirdi, nə var, nə var, Yevtuşenko tərcümeyi-halını fransız jurnalında dərc etdirmişdi. Yevtuşenko da çıxış elədi. Şık geyinmiş, şax duruşlu bu gənc oğlan sanki hansısa ucuz bir tamaşanın müsbət qəhrəmanı, onu ittiham edənlər isə həmin tamaşanın ikrah doğuran mənfi personajları idi. Yevtuşenko çıxışını xüsusi bəlağətlə oxuduğu şeiriylə bitirdi. İzdahamlı meydanların, stadionların havası burnundan getməmişdi, elə bilirdi ki, poeziyasıyla bu auditoriyanı da ələ ala biləcək, şeirinin sehri, ifasının təsiri sürəkli alqışlarla qarşılanacaq. Amma bu xına o xınadan deyildi. Qoca ya da V.Firsov kimi gənc bədxahları Yevtuşenkonun, Voznesenskinin şöhrətini, dəli-dolu cavanlıqlarını, qadınların onlara məhəbbətini heç cür uda bilmirdi, həsədlərinə, paxıllıqlarına siyasi, ideoloji donlar geyindirib bu şairləri guya ki antisovet meyllərinə görə qınayırdılar. İçlərində boğa bilmədikləri hiddət, nifrət o qədər açıq-aydın idi ki, ilk növbədə Yevtuşenkonu didib parçalamağa hazırdılar. Çox illər sonra, aşkarlıq və yenidənqurma zamanəsində həmin o Ədəbiyyatçılar Evinin həyətində, Lev Tolstoyun heykəli önündə qələm həmkarları Yevtuşenkonun müqəvvasını düzəltmiş (həvəsə baxın ha!), sonra o müqəvvanı yandırıb qurdlarını öldürmüşdülər. Şairi bundan artıq cəzalandırmağa gücləri çatmamışdı.
64-cü ildə Yevtuşenkoyla şəxsən tanış oldum. Maqsud İbrahimbəyovla və gürcü yazıçısı Tamaz Çiladzeylə Ədəbiyyatçılar Evində nahar edirdik. Vasili Aksyonov yanaşdı, Tamazla yaxından tanış imişlər, bizimlə də görüşdü, masamıza qatıldı. Az sonra Yevgeni Yevtuşenko da bizə qoşuldu, dedi ki, Soljenitsının müdafiəsinə məktub yazıb. Sonra nədənsə ölkələri və qadınları tez-tez dəyişməsindən danışmağa başladı, bunu hansısa ədəbi terminlərlə izah etməyə çalışırdı. Bu səpkidə söhbət etdikcə mənə elə gəlirdi ki, sanki haçansa gələcəkdə onun haqqında yazılacaq monoqrafiyadan parçaları dinləyirəm. Aksyonov: “Jenya, sən artıq adicə insan deyilsən, sən mifsən” - deyirdi və Yevtuşenko bunu tərəddüdsüz qəbul edirdi. Hansı məqamdasa masamıza qoşulmuş Radov - o, şairə Rimma Kazakovanın əri idi - Yevtuşenkoya müraciətlə: “Bax, Jenya, sən mənim dəfnimə gələndə” - deyə gileyə başlamışdı ki, Yevtuşenko onun sözünü kəsib: “Sən nə bilirsən, sənin dəfninə gələcəm?” - dedi, - sənin dəfninə gəlməyim üçün sən hələ gərək çox faydalı işlər görəsən”.
Bu qısa görüşdə Yevtuşenkoya çoxlarının mənfi münasibətinin müəyyən səbəbləri də mənə aşkar oldu. Məsələ yalnız paxıllıqda, həsəddə deyildi (əlbəttə, bu da vardı), insanları qıcıqlandıran bir də bu şairə xas olan pozyorluq (ədabazlıq) idi.
Onu da xatırlatmaq istəyirəm ki, Qarabağ məsələsi başlananda Xuraman xanımın Əsgəranda örpəyini araya atmasıyla bağlı məşhur hərəkət haqqında qəzetlərdə dərc olunmuş məlumat Yevtuşenkonu son dərəcədə həyəcanlandırmışdı və o bu barədə şeir yazmışdı. Bir erməni cızmaqaraçısı isə ona təhqiramiz həcvlə cavab vermişdi.
Yaş etibariylə müharibə nəslinə mənsub olsa da, ədəbiyyatda “altmışıncılar”dan biri kimi tanınan Bulat Okucava “Oqonyok” jurnalının müxbiriylə söhbətdə deyir:
“Cavan “səksənincilər” “altmışıncılara” qarşı yamanca qəzəblidirlər. Onlara elə gəlir ki, bu nə isə təzə bir şeydir. Unudurlar ki, atalar və oğullar problemi binayi-qədimdən mövcuddur. Təbii ki, “altmışıncılar” öz zəmanələrinin övladları idi. Onlar inqilabçı deyildilər, sadəcə olaraq namuslu insanlardı. O şəraitdə yaşamaq istəmirdilər. Rejimi devirməyi düşünmürdülər, onu azacıq da olsa insaniləşdirməyə çalışırdılar ki, bir az asudə nəfəs ala bilsinlər. Vəssalam. İndi mən “səksənincilər”ə üz tuturam: Biz etdiyimizi elədik, indi növbə sizindir, bundan sonrakını də siz edin”.
Kim nə deyir desin, 60 -cı illərdə cəmiyyətin ovqatını, ab-havasını dəyişməkdə, insanların şüurlarının durulaşmasında,onları daha azad düşünməyə sövq etməkdə, beləliklə də zəmanəni xeyli qabaqlamaqda 60-cılar ədəbi nəslinin müstəsna rolu danılmazdır. Bu nəsil şairləri arasında ən çox təsir gücünə malik olan, cəmiyyətin ən çox marağını cəlb edən də Yevgeni Yevtuşenko idi.
Bulat Okucava, Vladimir Sokolov, Andrey Voznesenski, Bella Axmadulina, Rimma Kazakova, Robert Rojdestvenski, Yuri Kazakov, Vasili Aksyonov, Vladimir Vısotski, İosif Brodski - “altmışıncılar”ı şöhrətləndirən sənətkarlar... Zamanın amansız hökmü hamısını bir-bir dənlədi, rüzgar bir-birinin ardınca hamısını apardı... Bu dəstədən qalan son mogikan Yevgeni Yevtuşenkodur. “Altmışıncılar” nəslinə qarşı çağdaş nankorluğun, hələ ki, diri qalmış son şahidi də odur. Bir vaxtlar onu evdən çıxanda görmək üçün növbəyə düzülən insanların yerini tutmuş yeni nəslin onu bəlkə heç tanımamasını duyub görən də Yevgeni Yevtuşenkodur, sönmüş ocağın külüylə oynayan da odur. Amansız zamanın daha bir qurbanı. Bütün yaşdaşlarını, dostlarını, həmkarlarını, vaxtilə aşiq olduğu, ən incə şeirlərini həsr etdiyi şairə qadını axirət dünyasına yola salan, ölkə qürbətinə deyil, zaman qürbətinə düşmüş Yevgeni Yevtuşenko...
Şübhəsiz, Yevgeni Yevtuşenko - bizim nəslin qəlbində, yaddaşında, şüurunda iz buraxmış insanlardandır. Odur ki, onun səksən illiyini kiçik bir yazıyla da olsa qeyd etməyə ehtiyac duydum. Bilsəm də ki, Azərbaycan dilində Bakı qəzetində çıxan bu təbrikdən onun heç xəbəri olmayacaq, yenə də bu günə münasibət bildirmədən ötüb keçə bilmədim. Yevgeni Yevtuşenkonun neçə il bundan əvvəl çevirdiyim bir şeirini oxuculara təqdim edirəm.


19 iyul 2009


Ağappaq qarlar yağar -
Sapa düzülmüş muncuq.
Hey yaşardım, hey yaşar
Mümkün deyil, nə yazıq.


Yağar, əriyər qarlar
Kim əcələ yalvarar?
Mən də bir gün gedəcəm,
Ölümsüzlük istəməm.


“Baş tutacaq möcüzə
Dünyaya dönəcəksən
Yenidən, lap təptəzə
Ulduz kimi, qar kimi”.
İnanmıram bu vədə
Heç bir vaxt olmayacam.
heç vədə, heç bir vədə.


Günahkar adamlar tək
Bir-bir salıram yada
Nə etdim, nə etmədim
Mən bu fani dünyada


Həyatımdan da artıq
Rusyanı sevdim yaman.
Güləndə, ağlayanda,
Çayları daşan zaman,
ya da buz bağlayanda.


Rusiyanı
sevirəm,
zirvə, ucalarını,
Puşkinini, Razini,
bir də qocalarını.


Çox dolaşdım, dalaşdım
Ağır günlərim oldu
Amma hər saat, hər gün
Yaşadım Rusya üçün.


Bilmirəm ki, çoxmudur
ya azmıdır əməyim.
Bir ümid bəsləyirəm
Rusiyaya azacıq.
Bəlkə dəyib köməyim.


Qoy məni unutsunlar
Yəqin qismət belədi
Təki Rusya yaşasın,
Qoy yaşasın əbədi.


Ağ-appaq qarlar yağar
Hər zaman yağdığı tək
Puşkin, Razin dövründəki qar
Yağır, yağacaq bura
Bu yerdən,bu dünyadan
Mən də gedəndən sonra.


Bəyaz qar yenə də
bərraq və parlaq
Ləpirləri nə tez
itirir ancaq.


Ölümsüz olmağı bacarmasam da
Bunu bilirəm ki, bir gün öləndə
Rusiya durduqca olacam mən də.

Комментариев нет:

Отправить комментарий