23.07.2012

“ƏDƏBİYYAT ÖZ ESTETİK QANUNLARI İLƏ İNKİŞAF ETMƏLİDİR”

Şəhərin yay günlərində “Şəhərin yay günləri”ni yazamış xalq yazıçısı ilə söhbət


“YA ƏDƏBİYYAT”*ın  redaktoru Əkbər Qoşalının həmsöhbəti Xalq Yazıçısı, AYB sədri ANARdır


- Anar müəllim, sizinlə yay günlərindən birində görüşürük. Şəhər, şəhərin yay günləri, adıçəkilən əsərinizdəki qəhrəmanların arasında yaşananlar, ümumən davranışlar, münasibətlər sistemini göz önündə tutsaq, sizcə yaxşıya nə dəyişib? Nə dəyişməsə yaxşı olardı?
 - Bilirsiniz, bu çətin sualdı. Çünki bu suala cavab vermək üçün həyatımızı bütün mənfi və müsbət tərəfləri ilə gözümüzün qabağına gətirməliyik. Ona görə bir müsahibədə buna cavab vermək çətindi. Problemlərimiz çoxdur.
Birincisi, ən ağrılı Qarabağ problemindən başlayaraq, bir sıra problemlər var. Bəzi televiziya kanallarımızda əndazəni aşan açıq-saçıq verilişlər yayımlanır. Amma mən həmişə bir şeyi deyirəm, bütün bu sadaladıqlarımı tərəzinin bir tərəfinə, o biri tərəfinə bizim müstəqilliyimizi qoysaq, müstəqilliyimiz ağır gələr. Çünki bizim əsas xoşbəxtliyimiz, təkrar edirəm, xoşbəxtliyimiz ondan ibarətdir ki, biz müstəqil dövlətik, heç kəsdən asılı deyillik, ölkəmizi nöqsanlarımız, uğurlarımızla, müsbət və mənfi cəhətlərimiz ilə özümüz idarə edirik.


- Sizin 60-cı illərdə yazmış olduğunuz “Mən, Sən, O və Telefon” barədə sual vermək istərdim. Belə deyək, ilk hekayələrinizdən olmasına baxmayaraq, qüvvətli bir nəsr örnəyi olaraq, bu gün də, yəqin gələcəkdə də sevilə-sevilə oxunacaq bu hekayənin sirri nədədir? – Yazıçı müşahidəsinin gücündə, parlaq fantaziyada, yoxsa şəxsi yaşantılarda?
- Bu sualı tənqidçilərə versəniz daha yaxşı olardı. Mən öz əsərim barədə nə deyə bilərəm?! Buna ilk hekayəm deyil, ilk geniş yayılmış əsərim desək daha düzgün olar, çünki ondan öncə mənim bir çox hekayələrim çıxmışdı. Bu əsər Azərbaycan dilində çıxmamışdan öncə Moskvada “Nedelya” qəzetində çap olunmuşdu. “Nedelya” çox geniş oxucu kütləsi olan mətbuat orqanı idi, hər yerdə oxunurdu. Ona görə də, əsərim əgər yanılmıramsa, 15-ə qədər dilə tərcümə olunaraq müxtəlif ölkələrdə dərc edilib. Yaşantılara gəlincə, bilirsiniz ki, heç bir vaxt yazıçı bilavasitə öz tərcümeyi-halı və həyatından mövzunu alıb yazmır, belə yazarsa, bu, xatirə, memuar olur. – Bu ayrı janrdı. Amma bədii janra müraciət edəndə bu onun özü ilə bağlı olmur. Həyatda gördüyü müxtəlif insanları, müşahidə etdiyi müxtəlif hadisələri, rastlaşdığı müxtəlif xarakterləri bədii təxəyyül süzgəcindən keçirərək belə bir əsər yaradır. Bu əsərin geniş yayılmasının səbəbi məncə, gözlənilməz sujet quruluşudur. Məhəbbət hekayələri çox yazılıb, amma bu sujetin belə qurulması yəqin ki, maraq doğurub. Hətta bu hekayə sonralar Amerikada, “Nyu Vorld Nyus” (New World News) jurnalında və başqa bir dərgidə iki dəfə çap olunub. Ondan çox sonra isə bir Amerika filmi çəkildi. Orda da demək olar ki, eyni sujetdir, lakin bir fərq var ki, telefon yox, kompüter vasitəsi ilə bağlantı yaradılır. Amma mənim hekayəmin özünü Mərkəzi Moskva telekanlı I proqramla səhnələşdirərək göstəridi və hekayənin əsasında MosFilmdə “Hər axşam on birdə…” adlı film də çəkildi. Mənim fikrimcə, uğursuz bir film idi.


-İlk sual “Şəhərin yay günləri” ilə bağlı oldu. Siz şəhərdə böyümüsüz, ancaq hər nə qədər epos şəhər hadisəsi olmasa da, əsərlərinizdə ümumən epos təfəkkürü qabarıq görünür yaxud epos sizə daha doğmadır, elə deyilmi?
 - Bununla bağlı yenə də tənqidçilər fikir söyləyə bilər. Mən ancaq onu deyə bilərəm ki, siz epos təfəkkürü deyəndə yəqin ki, birinci növbədə “Dədə Qorqud”u nəzərdə tutursunuz. Mən ilk dəfə “Dədə Qorqud”u yanılmıramsa, 14-15 yaşında oxumuşam. Ondan sonra 3 ildən bir, 5 ildən bir, son vaxtlar 10 ildən bir yenidən oxuyuram. Hər dəfə də bu dastan elə bil mənim üçün təzədən açılır. Və mən başa düşdüm ki, hər bir böyük sənət əsəri kimi bu dastan da hər bir nəslin yaşıdıdır. Hər nəsil burada özünə yaxın bir şey tapa bilir. Əlbəttə, mənim o vaxt ağlıma da gəlməzdi ki, nə vaxtsa bu dastan əsasında ssenari yazacam, amma ilk oxunuşdan məni cəlb edən dastanı oxuduqca gözümün önündə səhnələrin canlanması idi. Məsələn, mən, “Dədə Qorqud”u teatr tamaşası kimi təsəvvür etmirdim və indiyədək də edə bilmirəm. Başqa janrda da mümkünsüzdü mənim üçün, lakin kinoda təsəvvür edə bilirəm, geniş çöllər, atlar, döyüşlər, çadırlar – bütün bunlar əyani şəkildə dastanda var və bunlar sanki ekran üçün yazılıb. Sonra mən ssenarini yazdım və rəhmətlik Tofiq Tağızadə çəkdi. Bütün əsərlərim kimi ssenari də çətinliklə keçdi, bəzi alimlərin etirazları vardı, Moskva da həvəslə qəbul etmirdi. Lakin sonunda qəbul olundu və ilk iki seriyalı Azərbaycan filmi kimi meydana çıxdı və o dövrdə ən çox tamaşaçı toplayan məhz “Dədə Qorqud” oldu. Düzgün vurğuladınız ki, mənim sonrakı yazılarımda da folklora çox bağlıyam. “Yaxşı padşahın nağılı”nda da folklor elementləri var. Ən son yazılarımdan biri olan “Ağ qoç, qara qoç”da “Məlikməmmədin nağılı”ndan gələn məsələlər var. Hesab edirəm ki, bizim folklor çox zəngindir. Amma folklora çağdaş baxış olmalıdı. Onu olduğu kimi yox, təkrarlamaq deyil, folklordan istifadə etməklə çağdaş problemləri qoymaq lazımdır.


-Anar müəllim, sizin və ədəbi nəsildaşlarınızın əsərlərini digərilərindən fərqlən-dirən əsas yön, amil nədir, sizcə? Bəlkə, idealizmə müəyyən qədər fərqli baxış, aydın fikir və toplumda baş verən olaylarda nəyisə, kimisə özəlliklə qabartmadan hər kəsi haqq etdiyi yerdə, necə varsa göstərmək keyfiyyətidir bu? – Sanki hər kəs özünə görə qəhrəmandır və bir şəxsin illa da qəhrəmanlaşdırılmasından qaçınmaq kimi bir ədəbi siyasət izlənib…
 - Bəli, əsasən razıyam, mən çox yazmışam bu barədə. 60-cı illərin aparıcı yazarları haqqında fikirlərimi söyləmişəm. Mən vurğulamaq istərdim ki, 60-cı illər ədəbiyyatı deyəndə yalnız 60-cı illər nəslini nəzərdə tutmuram. Mən 60-cı illərdə ədəbiyyatda təbəddülatı, dəyişikliyi, yeniləşməni nəzərdə tuturam ki, bu işdə yaşlı nəsil də iştirak edirdi, şair və nasirlər, dramaturqlar arasında yeni, yeniləşən ruhda yazanlar vardı. Amma əlbəttə, əsas ağırlıq 60-cı illərdə ədəbiyyata gələn nəslin üzərinə düşürdü. Çünki onların arxasında keçmiş illərin yükü yox idi. Keçmiş illərdə bəzi yazarlar məcburən bəzi ən istəmədikləri mövzulara da müraciət edirdilər. Bizim nəslin xoşbəxtliyi o oldu ki, qarşımızda artıq elə tələblər qoyulmurdu. Ona görə də biz istədiyimizi istədiyimizə yaxın şəkildə yaza bilirdik. Bu həmin nəslin əsas cəhəti idi. Bu təbiidir, hər nəsil özündən öncəki nəslə bir az tənqidi yanaşır. Mən buna təbii baxıram. Lakin tənqidi yanaşmaq başqa şeydi, təhqir eləmək başqa. Biz özümüzdən öncəki nəslə müəyyən dərəcədə tənqidi yanaşırdıq, lakin heç kəsi təhqir etmirdik, heç kəsə hörmətsizlik etmirdik, heç kəsi qaralamırdıq, heç kəsə böhtan atmırdıq. İndi bəzən belə hadisələr olur, mən bunu normal qəbul etmirəm. Qəbul edirəm ki, hər yeni nəsil başqa cür yazmalıdır, fərqli düşünməlidir. Lakin bu o demək deyil ki, yeni nəslin nümayəndəsi özündən öncə olanların hamısını qaralamalıdır. İkinci irad belədir ki, bizim yazıçıların sandığından heç nə çıxmadı. Əvvəla, bu düz deyil. Mən ancaq müstəqillik illərində, necə deyərlər, sandıqdan çıxarıb adını da “Sandıq hekayələri” qoyub, üç hekayəmi çap etdim ki, onları sovet dövründə nəşr etmək mümkün deyildi. İkincisi, sovet dövründə yazdığım bütün əsərləri mən bu gün çap edirəm. Çap edirəm, çünki onlarda yalan yoxdu. Bəzən bəzi şeyləri deməmişik. Amma dediklərimizin heç birində yalan, saxta yoxdu. Ona görə də “saxla samanı, gələr zamanı” deyib sandıqda saxladığın əsəri çıxartmaq qəhrəmanlıq deyil. Gərək əsərin təsiri olsun. Sənin sandığında olan əsərin nə təsiri olacaq?! Təkcə mən yox, o dövrdə yazan yazıçılarımızın çoxunun əsərlərinin 90 faizi bu gün də çap olunur. Üçüncü məsələ ondan ibarətdir ki, deyirlər, Azərbaycanda dissident olmayıb. Bunun da müxtəlif səbəbləri var. Açıq demək lazımdı ki, Azərbaycanda o dövrdə Soljenitsin səviyyəsində, Saxarov kimi şəxsiyyətlər olmayıb. Moskvada təkcə onlar deyil, ikincidərəcəli dissidentlər də dünya mətbuatının diqqət mərkəzində idilər. Əgər onlara qarşı hər hansı bir aksiya olurdusa bütün dünyanın xəbəri olardı. Azərbaycanda elə bir şey olsa heç kəsin xəbəri olmazdı, adamı əlli-ayaqlı itirərdilər. Lakin demək lazımdır ki, Azərbaycanda həmin dövrdə yazılan əsərlər kəskinliyi etibarı ilə Mokvadakı dissident ədəbiyyatından heç də geri qalmırdı. Amma bizi müdafiə edən və dissident kimi ittiham olunmağa qoymayan Heydər Əliyev idi. Heydər Əliyev çıxışında deyir ki, ən böyük dissident elə mən özüməm. Deyirdi, mənə “donoslar” verirdilər ki, filankəs antisovet təbliğatı ilə məşğul olur və s., mən bunlara fikir vermirdim, ya da baxıb görürdüm ki, məsələn, elə “Qobustan” jurnalında çox maraqlı yazılar var və o vaxtkı gəncləri müdafiə edirdim. Buna görə də Azərbaycanda dissidentlik olmadı. Amma o dövrdə həqiqəti yazmaq elə özü ən böyük dissidentlik idi. Çünki həqiqət o quruluşa qarşı idi, həqiqəti yazırdınsa, adi adamlardan, onların problemlərindən, raslaştdıqları çətinlikdən yazırdınsa, bu elə quruluşa qarşı idi, quruluşa ittiham demək idi… Hələ onu demirəm ki, sırf satirik əsərlər də var idi. Mənim “Molla Nəsrəddin 66”, “Yaxşı padşahın nağılı” o dövrdə yazılıb. Yəni, biz o rejimi qəbul etmirdik. Lakin indi hər şey ötüb keçəndən sonra mən deyə bilərəm ki, o rejimin də müsbət cəhətləri var idi. Bu gün biz başa düşürük ki, bu vəhşi kapitalizm şəraiti ilə müqayisədə bəzi sahələrdə, məsələn, təhsil, səhiyyə, elə sənətin özünə münasibət də, yaxşı cəhətlər də vardı. Düzdü, sıxırdılar, senzura vardı, amma bizim kitablarımız, jurnallarımız neçə min tirajla çıxırdı, film çəkmək üçün vəsait ayrılırdı. Yəni, deməyim odur ki, biz o dövrdə yazanda mənfi cəhətləri görür və göstərirdiksə, indi deyə bilərəm ki, o zamanın da müsbət tərəfləri vardı.


- Anar müəllim, indi iki oxşar sual vermək istəyirəm. Biri Kitabla, biri Sözlə bağlı olacaq. Birincisi, əgər Siz Nuhun gəmisinə minmək kimi bir gerçəkliklə üzləşsəniz və özünüzlə ancaq üç kitab götürmək məcburiyyətində qalsaydız, o kitablar hansılar olardı?
 - Bu bir qədər şərti sualdır. Çünki real məsələ deyil ki, elə bir seçim qarşısında qalasan. Sevdiyim kitablar – bizim ədəbiyyatdan deyə bilərəm ki, “Dədə Qorqud”du təbii, Füzuli, Sabir, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlilin kitablarıdı, çağdaş yazıçılardan bir çoxunun, şair və nasir dostlarımın kitablarıdı. Dünya ədəbiyyatı isə o qədər genişdir ki, üç kitabla məhdudlaşmaq olmaz.


 -  Bəs yaxşı, Nuh tufanı təbiətdə deyil, yaddaşlarda baş versə və hər kəs bəşəriyyət naminə ağ divara yalnız üç söz yazmaq fürsəti əldə etsə, sizin yazacağınız o üç söz hansılar olardı?
- “Azadlıq, məhəbbət, həqiqət” sözləri…


- Siz Azərbaycan insanının yaşantılarını, çağdaş həyatın bir sıra qabarıq yönlərini güclü satira və yumordan istifadə eədərək ifadə etmisiniz. Bayaq da bu mövzuya toxunduq, necə bilirsiz, yaratdığınız tiplər və xarakterlər yenidir, yoxsa qiyafəsini dəyişmiş köhnələr də var?
- İnsan xislətində müəyyən cəhətlər var ki, onlar dəyişmir. Məsələn, o şeylər ki, vaxtı ilə Mirzə Fətəli, Sabir, Mirzə Cəlil yazmışdı, onların tipləri bu gün də var. Qiyafələrini, ola bilsin, iş yerlərini dəyişiblər, amma mahiyyətləri dəyişməyib. Ona görə çağdaş satira janrında işləyən yazıçı da elə həmin naqislikləri, o nöqsanları damğalayır – çağdaş həyat şərtləri çərçivəsində…


- Satiradan dramaturgiyaya keçid etmək istərdim. Sizin yaradıcılığınızın önəmli bölümünü dramaturgiya təşkil edir. Sizcə, çağdaş dramaturgiyamızın durumu nə yerdədir? – Ədəbi-bədii cəsarət, ədəbi kəşf, necə deyərlər, səhnə ixtiraçılığından danışmağımız mümkündürmü?
- Bilirsiniz, mən teatr həyatı haqqında fikir söyləməyə çətinlik çəkirəm. Çünki bizim çağdaş Azərbaycan teatrına yaxşı bələd deyiləm. Yəni, çox tamaşaları görməmişəm, teatra az-az gedirəm. Ona görə də bir fikir söyləməyə çətinlik çəkirəm. Amma mənə elə gəlir ki, əgər müəyyən uğurlu əsərlər varsa biz bunlara sevinməliyik. Məsələn, mən qəzetdə oxudum ki, Elçinin pyesləri başqa ölkələrdə, Rusiyada, İngiltərədə tamaşaya qoyulub. Buna sevinirəm. Həmçinin, bizim başqa yazıçıların əsərləri də xarici ölkələrdə oynanılır. Amma bunun fonunda mənə elə gəlir ki, bizim teatrlara daha çox təsadüfi adamların əsərləri yol tapır. Tutaq ki, vaxtı ilə səhnəyə qoyula biləcəyi təsəvvür belə edilməyəcək səviyyədə əsərlər indi səhnədədir. Təkcə teatra aid deyil bu. Kitablar da eləcə. İndi elə kitablar çıxır ki, sovet dövründə bədii səviyyəsi etibarı ilə onun çapı mümkün deyildi. Amma indi kimin pulu varsa ödəyir və kitabını çıxarır. Deyə bilmərəm teatrda bu necə olur, amma teatra da belə təsadüfi əsərlər yol tapır, təəssüf ki.


- Sizin “Ağ qoç, qara qoç”dakı ideyalarınızın, belə deyək, xəyallarınızın bir bölümü gerçəkliyə çevrilməkdədir – Bakı bulvarı Şıxdan Zığa uzanır, Qış Bulvarı inşa edilir və s. Bu dəyişmələr sizə necə təsir bağışlayır?
- Bu əsər iki hissədən ibarətdir. Birinci hissə utopiyadır, ikinci hissə anti-utopiya. Utopiyada olan xoşbəxt Azərbaycan haqqında olan fikirlərim, arzularım, görüntülərim müəyyən mənada həyata keçirsə, mən buna çox sevinirəm. Sizdən öncə yanıma Türkiyədən qonaqlar gəlmişdi. Onlar etiraf etdilər ki, bir neçə il idi ki, Bakıya gəlmirdik, indi şəhəri tanımadıq. Bakı çox gözəlləşib. Doğrudan da bu belədir. Xüsusilə axşamlar işıq selinə qərq olan şəhər, binalar gözəldir. Bunlar hamısı çox yaxşı, lakin o biri tərəfdən bəzən elə binalar sökülür ki, onlar gərək sökülməyəydi. Mən bunu dəfələrlə demişəm, yenə də təkrar edirəm. Məsələn, köhnə “İnturist” kimi nadir və gözəl binanın sökülməsi bütün bakılılar kimi məni də ağrıdır. Düzdür, bulvarı və ya şəhəri gəzəndə daha çox ürəkaçan, gözoxşayan yeniliklər görürük. Amma “Ağ qoç, qara qoç”un ikinci hissəsi də var – anti-utopiya. Və bu anti-utopiyada təhlükə kimi görünən şeylərin də təəssüf ki, bəzilərinin müəyyən işarələrini görürük. Təməl dinçilik də var, vəhşi kapitalizm, yenidən keçmiş kommunizmin həsrətini çəkmək hissləri də var. Bunlar hamısı təhlükəlidir. Bir yazıçı kimi mən də o vaxt əsəri bu təhlükələri nəzərə alaraq yazmışdım ki, öncədən xəbərdarlıq olsun. Baş verməyəcəksə bu hadisələr çox yaxşı, baş verəcəksə gərək xəbərdarlıq edəsən ki, cəmiyyət bu barədə düşünsün. Amma təəssüf ki, mən yenə də deyirəm, indi kitab oxuyan azdı. Mən deyə bilmərəm ki, “Ağ qoç, qara qoç” əsərini neçə nəfər oxuyub və nə qədər insana bu əsərin təsiri olub ya olmayıb. Xüsusilə o adamlara ki, onlar bu işlərə cavabdehdirlər. Onlar da oxuyurlarmı, nəticə çıxarırlarmı?! Deyirlər ki, yazıçı sözü nüfuzdan düşüb. Nüfuzdan ona görə düşür ki, diqqəti ona yönəltmirlər. Əvvəllər cəmiyyət yazıçının sözü ilə maraqlanırdı. İndi bu belə deyil. Kitabların tirajının düşməsi də bununla bağlıdı. İnternetin “təcavüzü” də… – İnternet çox müsbət hadisədi, onu böyük kəşf hesab edirəm. Lakin eyni zamanda, o, məsuliyyətsilik hissi yaradır – nə istəyirsən yaz… İkinci tərəfdən, insanlar internet vasitəsilə mədəniyyətə yiyələnir və başqa vasitələrdən – kitab, kino, teatrdan ayrılırlar. Bu yazıçıların günahı deyil. Yazıçılar yenə də yazırlar və indi yazdıqları da öncəkilərdən zəif deyil. Cəmiyyətin özü dəyşib. Cəmiyyət özü daha asan “həzm olanı” tələb edir. İnsanlarda əyləncə ilə kifayətlənmək həvəsi var. Çoxlarını problemli əsərlər oxumaq maraqlandırmır. Bunların da ictimai səbəbləri var. İnsanlar o qədər çətinliklərlə qarşılaşırlar ki, ədəbiyyatdan, sənətdən yalnız onları əyləndirmək vasitəsi kimi istifadə etməyə meyilli olurlar. Oxuduqları əsərdə yenidən problemlərlə qarşılaşmaq yox, sadəcə onları narahat edən məsələlərdən uzaqlaşmaq istəyirlər. Bunlar çox ciddi məsələlərdir.


- Yaxşı, bəs Anar müəllim Azərbaycan xalqının yaşantılarına ən dərin nüfuz edən, ümumiyyətcə xalqımızın gələnəklərini, dəyərlərini və belə deyək, təbiətlə, torpaqla, ağacla, su ilə münasibətlərini əks etdirən hansı əsərlərin, hansı həmkarlarının adını çəkərdi?
 - Mən konkret müəlliflərin adlarını çəkmək istəmirəm. Çünki mənim çox dəyər verdiyim gözəl şairlərimiz də var, nasirlərimiz də. Üçünün adını çəkəcəksən beşi inciyəcək, beşinin adını çəkəcəksən on beşi inciyəcək. Ona görə də ad çəkməsəm daha yaxşıdır (gülür). Amma mənə elə gəlir ki, həm bizim nəsil, həm bizdən sonra gələn nəsillər bir çox maraqlı əsərlər yaradıblar, yaradacaqlar və mən ədəbiyyatımızın gələcəyinə nikbin baxıram. Çox istedadlı adamlar gəlir ədəbiyyata. Biz də hələ ki, yazıb-yaradırıq…


- Anar müəllim, ədəbi təsərrüfatımızın bugünü barədə düşüncələriniz, dəyərləndirmələriniz necədir? İntellektuallıqla poetik təxəyyülün (yaradıcılıq üslubunun) qüvvətli birliyini ən çox hansı imzalarda arayırsınız? Ümumən siz daha çox imzaları izləyirsiniz, yoxsa mövzuları?
 - Məni narahat edən odur ki, bəzi gənc yazıçı və şairlərdə tez şöhrətlənmək həvəsi və məşhur olmaq istəyi daha üstün olur. Bilirsiz, bir var qısa məsafəyə, bir də var ki, uzun məsafəyə (marafon) yürüş. Qısa məsafəyə çatmaq çox asandı. Amma marafon yürüşü ömür boyu davam edir, o çətindi. Yazıçı o vaxt o ada layiq olur ki, ömür boyu bu yürüşü davam etdirsin. Barıtı bir atımlıq olmasın. Bu cəhətdən yazıçılıq, mənim fikrimcə, zehni peşələr – təxəyyül, fikir, düşüncə ilə bağlı olan peşələr arasında ən çətin peşələrdən biridir. Mən həmişə deyirəm, əgər yazıçıya Allah bu istedadı veribsə şükür etmək və bu vergiyə məsuliyyətlə yanaşmaq lazımdı. “Mən istedadlıyam, nə yazsam olar” – deyib keçmək olmaz. Çox istərdim ki, gənc yazarlar daha çox ictimai problemlərə maraq göstərsinlər. Cəmiyyəti düşündürən, cəmiyyəti ağrıdan problemlərdən danışsınlar. Bir də dəfələrlə dediyim məsələni xatırlatmaq istərdim. Mən çox istərdim ki, gənc yazarlar isti-isti qaçqın və məcburi köçkünlərlə görüşsünlər. Döyüş iştirakçıları ilə görüşmək lazımdır. Onlardan sənədli şeylər almaq lazımdı. Sənədləşdirmək lazımdı. Çünki bir azdan sonra o nəsil olmayacaq, başqa nəsillər olacaq. Amma biz gələcəkdə bu günün həqiqətini bilmək və bu günün həqiqəti ilə tanış olmaq istəyəcəyiksə birinci növbədə sənədlərə əsaslanacağıq. Qaçqınlarla, tarixi torpaqlarımız olan Ermənistandan qovulmuş insanlarla, Xocalı, 20 Yanvar hadisələrinin şahidlərindən hələ qalanlarla görüşmək lazımdır. Belə təşəbbüslər var, mən deyə bilmərəm ki, yoxdur. Amma mən istərdim ki, bu səpgidə fəaliyyət göstərənlərin sayı daha çox olsun.


- Doğru deyirsiz. Necə bilirsiz, bu qədər kitablar çıxır, əsərlər yazılır, şairlər, yazıçılar, filosoflar çağırışlar edir, ancaq yenə dünya düzəlmir ki, düzəlmir. XX yüzildə iki dünya savaşı baş verdi; faşizm, nasiszm inkişaf etmiş Avropada baş qaldırdı; günümüzdə ermənilər torpaq işğal edir, soyqırım törədir, biriləri onları müdafiə edir; dünyanın bir yanında əhali piylənmədən əziyyət çəkir, arıqlamaq üçün milyonlar xərclənir, o biri yanında bir qismət quru çörək tapmaq müşküldür və s. … Ədəbiyyatın, kitabın, sözün bəşəriyyəti dəyişə biləcəyinə bundan sonra da inanmaq olarmı?
 - Bu çox ciddi sualdı. Doğrudan da Almaniya kimi yüksək mədəniyyəti olan ölkədə – dünyanın ən böyük filosofları, bəstəkarları, yazıçıları yetişən Almaniyada birdən faşizm kimi vəhşi quruluş hakimiyyətə gəlir. Demək, onda belə çıxır ki, mədəniyyətin heç bir önəmi yoxdur?! –Yəqin ki, bu belə deyil. Məğlubiyyətdən sonra olsa belə, silkinib bu faciədən çıxan bugünkü alman xalqı demokratik dəyərlərə arxalanırsa hər halda, onun genetik yaddaşında mədəniyyətin, fəlsəfənin, musiqinin payı varmış. Olmasa idi o vəhşiləşib gedərdi. O ki, qaldı Qərbin münasibətlərinə, onun münasibəti həmişə praqmatik olub, ancaq öz xeyirini güdüb. Buna görə də, təsəvvür edin, neft olmasa idi Azərbaycana münasibət çox pis olardı. Burda həm xristian, xaçpərəstlik elementi də var. Bunu da danmaq olmaz ki, Sovet İttifaqı vaxtında da müsəlman respublikalarına münasibət bir idi, Ermənistan və Gürcüstana başqa idi. İndi də dünyada müsəlman dövlətlərinə Qərbin münasibəti xristian ölkələrə münasibətlə eyni deyil. Bunun müqabilində Şərqdə bu birlik yoxdu. İkili standartlar var. Amma görürsüz dünyada ədalət də var. Məsələn, Sarkozinin vaxtında Türkiyəyə qarşı fransız xalqının dəyərlərinə, ənənələrinə yaraşmayan bir qanunun qəbuluna nail olmağa çalşdılar, indi isə Sarkozinin evində axtarışlar aparılır ki, cinayət faktlarını aşkarlasınlar… Demək, gec-tez həqiqət yerini tapır.


- Sizcə Şərq və Qərb ədəbiyyatı arasında yaxud Şərq və Qərbdə ədəbiyyata mü-nasibət baxımından əsas fərq nədir? Bu fərqi uyğun olaraq, temperamentlilik-soyuqluq; genişlik-dərinlik; patriarxal gələnəyə sadiqlik-novatorluq kimi sıralamaq, qarşı qoymaq olarmı?!
- Kiplinqin belə bir sözü var ki, Şərq şərqdi, Qərb qərbdi, heç vaxt onlar birləşə bilməyəcəklər. Amma bu belə deyil. Getdikcə Şərq müəyyən mənada Qərb dəyərlərini qəbul edir. Deyirlər ki, Qərb əxlaqsızlığa, iflasa yuvarlanır, amma biz bunu dana bilmərik ki, dünyanın bütün texniki nailiyyətləri Qərbə aiddir. Mirzə Cəlilin bir sözünü həmişə xatırlayıram, deyir ki, bu Qərb lap qəribə hərəkət edir, qatar icad edir, amma qatarda gedən kimdi – bizik. Biz heç bir şey icad etmirik, amma qatara minib gedirik. Əlbəttə ki, ruh da vacibdir. Əxlaqi dəyərlər ki, yavaş-yavaş bizlər də itiririk… onu qorumaq çox vacibdir. Amma praqmatik ağıl – nəyisə kəşf etmək, inkişaf eləmək – bu da bir stimuldu və bu Qərbdə çox güclüdü.


 -Sizcə insan problemini – həqiqəti dərin psixoloji hisslərlə, necə deyərlər, qor-xusuz sevgi ilə yansıdan dərin anlamlı bədii əsərlərin meydana gəlməsi üçün zaman, məkan və insan üçbucağı hansı şərti ödəməli, hansı ortama sahib olmalıdır?
- Görünür dövr təkcə keçmiş sovet məkanında deyil, bütün dünyada çox dəyişib. Bu dövrün nəbzini tuta bilən yazıçılar meydana gəlməlidi. Mən deyə bilmərəm ki, indiki yazıçılar buna nail ola biliblər. Məsələn, Qərb ədəbiyyatında yeni olmasa da ən məşhur əsərlərdən biri Umberto Ekonun romanı tipdə əsərlər var. Bu gün Qərbdə daha çox hər hansı bir elmi material əsasında yüngülvari dedektiv janrı yaradılır. Dedektiv adi, intellektual tərəfi isə intellektual oxucunu cəlb edir. Bu metodla çağdaş dünyada Avropa, Rusiyada bir çox əsərlər yaradılır. Türkiyədə də Orxan Pamukun “Mənim adım qırmızı” əsəri eyni tiplidir. Bu da bir yoldur. Lakin mənə elə gəlir ki, ədəbiyyatla elmin bu cür sintezi çox davam edə bilməz. Müəyyən əsərlər yaradıla bilər, lakin ədəbiyyat öz estetik qanunları ilə inkişaf etməlidir. Elmi mənimsəməklə, elmə dedektiv sujet libası geyindirməklə uzunmüddətli ədəbi inkişafa nail olmaq mümkünsüzdü. Ədəbiyyat hansı yolla inkişaf edə bilər? – Təbii ki, bunu mən də bilmirəm, heç kəs bilmir. Bəlkə gələcəkdə elə dahi bir yazıçı yetişəcək ki, bu yolu tapacaq. Hamı da birmənalı şəkildə ədəbiyyatın bu inkişaf yolunu məqbul hesab edəcək.


- Orxan Pamuk demişkən… O 2006-cı ildə “Nobel” mükafatına, “Doğma şəhərin melanxolik ruhunun axtarışı nəticəsində mədəniyyətlərin toqquşması və qovuşması üçün yeni simvollar tapdığına görə” gərəkçəsi ilə layiq görüldü. Əgər siz, belə deyək “TürkNobel”inin münsifi olsanız, hansı yönlərə üstünlük verərsiniz?
- Türk Dünyasının “Nobel” mükafatı olsaydı, birinci növbədə, Türk Dünyasını yüksək səviyyədə dünyaya təqdim edə biləcək – Türk Dünyasının özəlliyini, onun problemlərini, keçmiş dəyərlərini, ümumiyyətlə əxlaqi prinsiplərini primitiv səviyyədə deyil, dünya səviyyəsində yaradan əsərə Türk Dünyasının mükafatının verərdim.


 - O zaman keçid alaq Türk Dünyası gənc yazarlarına, yeni ədəbi nəsillərə… Siz onlara nəyi tövsiyyə edərdiz?                              
- Yazıçının umacağı odur ki, onun əsərlərini oxusunlar. Bilirsiz, mən bir az oxucu marağı baxımından ərköyün olmuşam. Sovet vaxtında böyük tirajlarla Moskvada kitablarım nəşr olunurdu. İndi də müxtəlif ölkələrdə, özəlliklə Türkiyədə çıxır. Amma mən hiss edəndə ki, mənim əsərlərim oxunmur, xüsusilə gənclər tərəfindən oxunmur, bu məni çox ağrıdır. Kimin üçün yazırıq biz?! Mən istərdim ki, yeni nəsillər Azərbaycan ədəbiyyatını oxusunlar. Bəzən oxumaya-oxumaya “bizim ədəbiyyatda nə var”, “bizdə yazıçı yoxdur” kimi ifadələr işlədirlər. Axı niyə özümüzü aşağılamalıyıq?! Oxuyun, bəyənmirsinzsə deyin buna görə bəyənmirik. Ortalığa bunlardan yaxşısını, bunlardan üstününü qoyun. Deyirlər Azərbaycanda Markes kimi yazar yoxdu. Markes yeganə meyar və ölçü deyil. Dünyada başqa çox məşhur yazıçılar var, çox böyük yazıçılar var. Mirzə Cəlil balaca yazıçıdı? – Yox. Lakin dünya onu tanımır. Yaxud Sabir – dünya onu tanıyır? – Tanımır. Mənim əsərim əgər başqa yerdə işıq üzü görürsə bu o demək deyil ki, mən dünya şöhrətli yazıçıyam. Düzdü, keçmiş Sovet İttifaqında tanınmış yazıçılardan biri idim, Türk Dünyasında az-çox tanınıram, amma bu o demək deyil ki, mən dünya şöhrətli yazıçıyam. Vacib deyil ki, bizdə Markes olsun. Bizdə başqa səpgidə yazan yazarlar var. Məsələn, İsa Hüseynovun ilk povestləri Çingiz Aytmatovun gəncliyində yazdığı povestlərdən heç də aşağı deyil. Lakin Çingiz Aytmatov sonralar başqa səpgili əsərlər yazdı, dünya şöhrətli yazıçı oldu. İsa Hüseynov isə başqa yolla getdi. Deyərdim ki, o, Mirzə Cəlildən sonra Azərbaycan realist nəsrinin ən gözəl örnəklərini yaradıb, məsələn, “Saz”, “Tütək səsi” povestləri. Məgər bu azdır? Dünyada tanınıb-tanınmamaq heç də əsərin dəyərinin yeganə meyarı deyil. Yazıçı birinci növbədə öz ədəbiyyatında yer tutmalıdır, onun yeri, böyüklüyü öz ədəbiyyatında tutduğu yerlə müəyyənləşir. Əgər dünya da onu qəbul edir və tanıyırsa lap yaxşı. Lakin ilk növbədə öz ədəbiyyatında yeri vacibdir.


(*-“YeniAZƏRBAYCAN” qəzetinin həftəlik Ədəbiyyat buraxılışı/14/07/2012)


bizimyazi.com

Комментариев нет:

Отправить комментарий