31.07.2012

SSRİ-dən gələn səslər: "Qorbaşov yoldaş mənim xəttimi tanıyır"

SSRİ-dən gələn səslər  -2- ("Həmişə mən Qiremiliyə yazmışam, yazıram, yazajam”)"Həmişə mən Qiremiliyə yazmışam, yazıram, yazajam”

Aşağıda oxuyacağınız yazılar bu gün sadəcə gülüş doğuracaq parçalardır. Amma 20-25 il əvvəl həmin yazıların müəllifləri böyük dövlətin ən yüksək məqamlarına—partiya, parlament rəhbərliyinə üz tutub dərdlərinə dərman axtarırdılar. Orada məmur, mirzə, tərcüməçi kimi işləyən bizim vəzifəmiz məktubu yüksək instansiyada başa düşülən dilə çevirib uzun-uzadı istəyin məğzini qərar verəcək vəzifəli şəxslərə çatdırmaqdan ibarət idi. İndi müstəqil olan dövlətimizin Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan vətəndaşları bu məktub müəlliflərinin mərkəzə necə ümidlə baxdıqlarını az da olsa müşahidə edəcəklər.

..Müəlliflərin heç birini şəxsən tanımıram. Lakin bir şox zərfin üstündəki ünvanı oxuyub axıra çatmamış yazanın kimliyini, nə üçün müraciət etdiyini başa düşürəm, yada salıram. Yəqin başa düşdünüz ki, söhbət təkrar ərizələrdən gedir. Eyni müəllifin haqlı tələbi ikinci, üçüncü dəfə müraciətini görəndə qəribə hisslər keçirirəm. Çünki bu, hələ qırılmamış, amma möhkəmliyi sarsılmış ümidin səsidir:-Axı, sizə bel bağlamışdıq,-deyənlərin şübhə və çaşqınlıq qarışıq intizarıdır. Çox vaxt müraciət etdikləri orqanları təqsirləndirməzdən əvvəl rabitə bölmələrini qınayır, söhbətə giley-güzarla başlayırlar: yəqin poçt işçil'rinin təqsiri üzündən məktubum sizə çatmayıb, yoxsa bu vaxta qədər mənim problemim həll olmuşdu.
Məktublara vaxtında, səriştəli cavab verilib-verilməməsi ayrı mövzudur. Indi məqsəd haqsızlıqla rastlaşan bacı-qardaşlarımızın qələm alıb “yuxarı” yazması, nəyin bahasına olursa-olsun, “işə təzədən baxılmasını”, “müdirin işdən çıxarılmasını” və s. tələb etməsi barəsində, daha dəqiq desək, bu zaman qarşıya çıxan ciddi və gülməli hallarl haqqındadır.
Heç bir şərhə yol vermədən sitatları gözdən keçirmənizi istərdim. Sadəcə olaraq onu qeyd etməliyəm ki, bəzi bariz təhrifləri və mətbuata gətirilməsi mümkün olmayan sözləri çıxarmaqla orijinalın dili saxlanmış, rusca yazmaq istəyənlərin qrammatikasına toxunulmamışdır.Tamamilə anlaşılmayan məqamlardan başqa müəllif istəklərinə izahat verilmir.
Bir də oxuculardan acizanə xahişim var. Məktub müəlliflərini qınamayın, onlara yuxarıdan aşağı, istehza vəya rişxəndlə baxmayın. “Mən özüm bu vəziyyətdə olsam nə edərdim” sualına cavab tapsanız kifayətdir.
Müəlliflərin əksəriyyətinin adı, bəzi zərərsiz istisnalardan başqa, göstərilmir
Giriş məqaləsindən sonra məktublardan sətirlər “SSRİ-dən gələn səslər” başlığı ilə hissə-hissə veriləcəkdir.
Hörmətlə: (sabiq) SSRİ Ali Soveti Rəyasət Heyəti Katibliyinin Nəşr şöbəsinin əməkdaşı Cəfər Sadıq

“Прошу помогите меня”

“Yoldaş Qarbaçov!”
"Mənim sizinlə sosialist yenidənqurması haqqında məxfi söhbətim var. Mən kulubda işləməyimə baxmayaraq Sizinlə görüş növbəsində dayanmağa o qədər də imkanım yoxdur. Odur ki, xahiş edirəm görüş vaxtı təyin edib mənə xəbərdarlıq edəsiniz ki, mən də gəlim Sizinlə görüşüm".
Laçın rayonu, Farrac kəndi, Rəhimov Barat”.
“Sovet İttifaqının ağır və istisadi böhranı ilə əlaqədar olaraq mən də öz siyasi və iqtisadi böhran vəziyyətimi aşağıdakılardan ibarət bildirirəm".
"Mən kimsəsiz və vahid bir adamam”.
“El adəti üzrə ərə getmişəm. Ərim məni Bakı şəhərində kvartirant olduğu evdə qoyub qaçıb. 1962-cı ildə oğlum olub. Atası... qaçıb gizlənib” (Zərdab)
“Atluxanın oğul və gəlinlərinin dişi və üzükləri qızıldır. Atluxan mərhumun qan bahasına arvadına 2 min manat pul verib. Həmin pula 15 ədəd qızıl diş saldırıb”.
“(....) oğlanları üçün 2 mərtəbəli üstü ağ dəmirlə örtülü ev tikdirib.
“Xahiş edirik idarə müdirlərini, rayon-şəhər katiblərini də böyük rus xalqından qoyasınız, bəlkə alımın qarşısı alına, çünki böyüklər balacalardan, ondan balacalar da fəhlələrdən alırlar. Adi fəhlə girmək üçün 100-200 manatdır, ispisannı maşın 1000 manat, təzə maşın 5000 manat ”.
“Berlin 11 ay mühasirədə qaldı, axırda Kremli qələbə çaldı. (İndi) qalmışıq Malış südü əmənlərin əlində...”

Məktublarda qəribə adlar kolleksiyasına rast gəlmək olurdu:
“Dünyadar”
“Gülbağda və Bağdagül bacıları”
“Əliyar, Səliyar,Bəxtiyar, Şəhriyar...”
“Bəykişiyev Böyükkişi Balakişi oğlu”
“Atakişiyev Babakişi Oğulbala oğlu”
“Orucov Royal”, “Brilyant, Şokalad”
“Adıgözəlova Pambuxanım”
“Bəşirov Ayıq Dalaş oğlu”
"Üç oglum var: İnşallah, Maşallah, Bərəkallah”

Müraciət və xitab formaları xüsusilə diqqəti cəlb edirdi:
“S(ov) İ.K. PM Komitəsinin baş katibi Qorbaçov yoldaşa.
Müdrik rəhbər leninçi Mərkəzi Komitə

Sizə Azərbaycanın ən uzaq rayonu olan İranla həmsərhəd olan Qubatlıdan bir neçə söz bildirmək istəyirəm. Burda mənim kimi tərəfi olamayanların halına qalıb sözünü eşıdən yoxdur, səkkiz aydır ki, rəhbər təşkilata öz dərdimi deyə bilmirəm.
Sizdən xahişim budur ki elə imkan olaki mən öz dərdimi və rayonda olan qanunsuzluğa dair olan işlərlə sizi tanış etdirəm. Onda mən bundan belə 40 il daha yaşayaram. Indi mən özümü təqdim edirəm: mən kollektivləşmədə aktif işdrak etmişəm, kəndə besavatlığın ləğvində atkif işdrak etmişəm, quruluşun əlehinə gedənlərlə cidi mübarizə aparmışam, Böyük Vətən müharibəsində vətəndaşlıq borcumu layıqlı yerinə yetirməklə qılçamdan və qolumdan ağır yaralanmışam hal-hazırda birinci qurub əliləm və S (ov)İ.K. partiyasının qocaman üzvüyəm, lazımi köməklik gözləyirəm”. ---H.S.Eminov
“Odur ki, sizdən xahiş edirəm mənim Böyük Vətən müharibəsində ləyaqətli xidmətlərimi nəzərə alıb, məni yedizdirmək, paltarımı geyindirmək və lazım olan zaman məni təmiz havada gəzdirmək üçün dövlətin qərarına görə mənə bir nəfər xidmətçi verilməsində kömək edəsiniz nə qədər ki, mən ölməmişəm”.—Mustafayev.
***
“SSRi 1-ci katibi Ali Sovetin Sədri N.İ. Qarbaçov yoldaşa”
“BMT baş katibi Xayver Presti Kelyurı Peru yoldaşa” (O zaman BMT-nin baş katibi Peru dövlətinin vətəndaşı Xayver Peres de Kuelyar idi-red.C.S.)
“Qar Baçov yoldaşa”
“Sizdən xahiş edirəm mənə bir neçə hektar yer verilməsinə sərəncam verəsiniz”.(Sovet dövründə hektar yox, heç kvadratmetr qədər də torpaq verilmirdi-red. C.S.)
Bəzən məktub müəllifləri, xüsusən bu işi özünə məşğuliyyətə çevirənlər yazdıqları barədə tədbir görülməsindən çox xoşlamadıqları adamları sadalayır, onlar haqqında ən qısa məlumat belə vermədən barələrində tədbir görülməsini istəyir, bəzən də eyni familiyalı adamların adlarını göstərmədən sadalayırdılar və belə mənzərə yaranırdı:
“X. Abdullayev, S. Əliyev, Ə. Hətəmov, Əziziov, Əziziov, Əziziov, Əziziov" (Çox ehtimal ki, bu Əzizovların hər biri ayrı adamdır, amma müəllifimizə nə deyək, qəqin ona elə gəlirdi ki, bunları tanımayan yoxdur-red. C.S.)
* * *
“Parçivi və yalan istintaq afarır”
“Özu isə iki uşağını sovet məktəbindən ayırıb, çoban qayırıbdır”.
“And içirəm rus qanına, çünki rus qanı təmiz qandır”.
“O elə həmin gün məni öldürmək üçün əlində soyuq silah anamgilə gəlib mənə tüfəngdən atəş açdı”.
“Cəzamı çəkib qurtardıqdan sonra distansiya ilə müraciət etdim”
“Mənim xüsusi evim zəlzələ olunub”
“BVM-nin əvvəlindən axırınacan cəsurcasına vuruşmuşam. 1941-ci ildə doğulan qızım bütün vuruşmalarda mənə qüvvət verib”.
“Bir şaqqasını Vətən yolunda qurban vermiş, sonra da yaralardan ölmüş veteran arvadı......tərəfindən ərizə”.
“Qromıko! Sizin köməyiniz sahəsində 3 ədəd təkər, 5 ədəd krestovina, 1 ədəd qazpaylayıcı val almışam. Minnətdaram.
Bizdə gözəl qanunlara əməl edilmir. Aşağıdakı hissələri aıa bilmirəm. (“Niva” üçün):
1. Təkər 2 ədəd,
2. Qabaq difer (komplekt)
3. Qabaq və dal təkərlərin paçevniki (podşipniki-red. C.S.) 4 ədəd,
4. Şarovoy 4 ədəd,
5. Kolenval 1 ədəd,
6. Koltsa vkladışı 1 komplekt,
7. Mühərrik üçün prokladkalar və salniklər (komplekt),
8. Qabaq difer 1 ədəd (təkrar!),
9. Şit pribor 1 ədəd,
10. Amortizator 2 dal, 2 qabaq 1 komplekt.
Əgər dövlət bu hissələrin mənə satılmasına kömək edə bilmirsə,maşını götürüb pulunu versin.
1-ci qrup BVM əlili”
“Karlı Marks”
“Çernenkoya teleqram vurdum, bundan sonra məni suçu işinə götürdülər. Bir il işləyən kimi və Çernenko ölən kimi məni saxta sənədlərlə işdən çıxarıblar”
***
“Hörmətli məktub.
Ekonomiya üçün deyim ki, gündüz hər işimiz yeni ildə də düz olsun deyə bir allaha üzümü tutub sənin tezliklə günəşli torpağımıza qayıtmağını gözləyirik. İşlər yaxşı gedir. Lakin qoymurlar xoşbəxt olmağa. Kim məni incidir, o bir allah bilir nə günə düşür. Hələ Xomeyni də sözümə baxmadı xəstələndi. Ona dedim bəsdir qurtar bu davanı. O da yəqin məni öz yerində görməsə saxlamayacaq bu biabırçılığı. Məhəmməd peyğəmbərin ruhu şad olmaz axı müsəlmanın müsəlman qanı axıtması şəriəti gözdən salır. Bu dinsizlər buraxmırlar gedim ailə qurum”.
***
“Qardaşım anamdan mərəs qalmış bir göz evi, on metr uzunluğunda tövləni, ev əşyalarını (birinci) yun yorğanı 8 ədəd, yun döşəyi 8 ədəd, qaz tükündən balışı 14 ədəd, yun gəvəsi 1 ədəd, pambıq adyalı 4 ədəd, işkaf 1 ədəd, şifaner 1 ədəd, qaz peçi 1 ədəd, tilvizor bir ədəd, radiopiryomnik 1 ədəd, qirəvət 4 ədəd, qoyun 35 baş, at bir baş eşşək bir qardaşım Mürsəlov Mürsəl Əsgər oğlu və onun qaynatası Həsənov Bəşir mənə deyirlər ki, məhkəməyə yeddi min maya qoymuşuq və ev mənimdir hara istəyirsən yaz”
***
“Quliyev Əmir, Az SSR, Quba rayonu
Əmim çox bikev oldu. Katif məni baxrrına basıf evlərinə aparıb bir dəs qəstum əyaqab verdi.
O vaxtan Qiremiliyə kömək etmişəm.
Həmişə mən Qiremiliyə yazmışam, yazıram, yazajam”.
“Azərbaycan vətəndaşları, onların şərəfinə və ləyaqətinə, həyatına və sağlamlığına, şəxsi azadlığına və əmlakına qəsdlərdən məhkəmə yolu müdafiə olunmaq hüququna malikdirlər”- belə məktublar təəssüf ki çox az-az olurdu...
“Məsələnin həllində Sovet qadınının şəxsi nümunəsi, ləyaqəti, isməti, şəxsiyyəti, heysiyyatı və hüquq toxunulmazlığı bir qanun kimi nəzərə alınsın.”
“Az. Resp. Prezidenti A. Niyazov yoldaşa
15 aprel 1991-ci ildə xalam oğlunun evinə gələn milis leytinantı Aydın deyib ki, kənddə kişi yoxdur, hamının arvadı .... (pozgundur).”
Milis leytenantı Aydın, Əsmayə, Nənəş xalam oğlu Vaqifi döyüb-söyüb nalayiq sözləri elə tərzdə deyiblər ki, yazıq xalam oğlu 60 yaşlı ərsiz Nənəşin qolundan tutub kin çıx get, qolu qaralıb. Beyləqan rayon polis eksperti rəy verib ki, guya Nənəş ...can döyülüb.
Aydın barədə tədbir görün, yoxsa qonşuların hammisinin arvadını yoldan çıxaracaqdır Aydınlar dəstəsi. Onun işdəklərinə dözmürəm, öldürə də bilmirəm, çünki 5 uşağım var”.
***
“Mən ailə qurmaq üçün işdən çıxmışam, ailə qurmaq ümumi partiya və ümumi xalq işidir”.
“Starşı leytnant, inispektor osobu adeldən məktub ”
“ Samı plaxoy rayon Armeni Masis rayon, plaxoy selo Ovdaşod, fiso soyuzom, VOD ZAKON Masisa ron selo Ovdaşot. Rekan, Qorbaçov, tovarişi, selo Ovdaşod zakon dengi, dengi-zakon. Qarbacov yoldaş, Rekan, kim ki öz hakkını tələb edirsə milisə aparıb düyüllər, cəza verirlər”.
“Mən vetran partya, vetran drda (truda) uşasniq vayna, narodnı qandrol”.
“Qorbaşov yoldaş mənim xəttimi tanıyır. Sizdən xahiş edirəm ki mənim qolum olan vərəqi yazdığım ərizənin arasına qoyasınız”.
“Beləliklə Ermənistandan azərbaycanlıları bir sinif kimi qovmuşlar”.
“Atam 4 il Leninlə bərabər inqilabçı olub”.
“Mənim ailəm 25 ildir kommunustdir, bir Jiqulu pulu partiyaya keçirib"
“Axill nöqtəsindən qulaq seyvanına qədər 24 iynə işlətmişəm”.
“Mənim həyatımın təhlükədə olmasını nəzərə alıb başqa dövlətin tərkibinə keçməyə koməy etmənizi xahiş edirəm”.
“Təndir damında 2 maşın yerli yanacaq var (təzək)”.
“... Biz Sizin ünvanınıza xahişlə müraciət etmişik ki, Oktyabr İnqilabının 70 illik yubileyi ilə əlaqədar olaraq mənə fəxri ad və həyat yoldaşıma dərəcə verilsin...
Bizim yazdığımız ərizələrə baxılması üçün V. Vəliyevə tapşırılmışdır. V.Vəliyev Naxçıvan MSSR ASK-nın heyvandarlıq üzrə şöbə müdiridir”.
“Babək rayon partiya komitəsinin 1986-cı il payız mövsümündə büronun qərarı ilə vərəm xəstəliyinə tutulmuş Əliyev Namiq Həsən oğlunu işdən azad etmişlər”.
“Gəlin Leninin ruhunu küsdürməyək. Onun adını Stalinlə birlikdə çəkək”.
“Qumru kənd sovetinin yerli deputatı”.
“Kolxoz sədri gərək hər şeyi əməynən və sdaçnan yoxlasın”.
“Qorod Maskıvanın Palıtbrosuna Başda Kramınko (Qromıko) olmaqla məlumat veririk.
Bununla yazaraq sizə məlum edirik ki, bu erməni və müsəlmanın arasındakı ziddiyyət(də) birinci günahkardı Dəmirçiyan o, həmməşə məruzə edəndə erməni dilində deyirdi, yoldaşlar səbr edin, səbirnən işi görün”
2. Eçmiyazında olan keşişə o qədər rol verdi ki, öz samalyotuynan gedif Regen ilə danışırdı, deyirdi ki, erməni xalqı adında ayrı bir dövlət olaq. Beləliklə Qarabağ da erməninin olupdur, onu da birləşdirək Erevana.
Bu işi Dəmirçiyan çoxdan blanını tökürdü.
3-cü, yoldaş Qalpaçov da boşluq etdi. Qeyid etmək lazımdır ki, Maskvanı bazara döndərdi.
Öz arvadı ilə sənətorya kimi hər yanı gəzirdi, ancaq çox danışır boş-boş sözlər. Arvadının sözü ilə iş görür. Amerqada onun arvadına oranın ermənilər badarqa verdi. Bu erməni-müsəlmanın arasında ziddiyyət də ondan tərədi.
Qalpaçovun və arvadının bu hərəkəti Sovetlər İttifaqını ləngidəcək. Qeyd etmək lazımdır ki qəhrəman rus xalqı farçis Germaniyasını yıxdı, indi bu ermənilərnən baş gələ bilmirlər. Umutvarıx ki, Mosquvanın qəhrəman Palıt brosu tezdikdə bu əclapların qarşısını almalıdırlar. Bu məlumatı yazanlar : 25 partiyaçı və 10 nəfər pensiyaçılar 40 nəfər raboçix fəhlə xalqı. Umutvarıx kı bu işə qəti qərar alacax Maskvanın qəhrəman Palıtbrosu”.
“200-300 kadro yetişdirib dövlətə təhvil vermişəm” (müəllim).
“Burada demək olar ki, rüşvətxorluq başlı-başınadır...Məni çevirin Palitbirov və namızatdarın başına, rəhm eylə qoca kişiyəm, spravkanı da günderirem, çox yerə müraciət etmişəm, imidim sizədir, Sizdən şadlıq xəbəri güzdəyirəm, ülənətən sinçün xerdua edirəm. saqul 1987 26 dekabr".
“Yoldaş Q (orbaçov). Təzə il münasibətilə səni təbürük edirəm. Sonura sovet hökumətimizin yenidən qurmanı, Sovet partiyamızın 70 illiyini şadlıqla keşirməyiniz təbürük edirəm”.
Yoldaş Q. Bu şən həyat, şadlıq, yaxşı kanundan bizə çatmayır. Avtobuz işləmir. Gənc, yaşlı, piyaner, kamsamol rayona məktəvə gedəndə çox çətinnik çəkir”.
"Müharibədə Berlinı qədər vuruşmuşam, 1945-ci ilin may ayının 5-də Berlin hasarının dibindı yaralanmışam. (Berlin hasarı müharibədən çox sonra 1962-ci ildə çəkilib və 80 illərin sonunda da yıxılıb). 
“Mən bü uşə mat, mat, mat, mat, mat, mat (6 dəfə yazıb məktubunda) qalmışam”.
“Ərizə vermişəm rozqu kalonun naçalnikinə (началнику уголовного розыска) – Seyfullayeva Yekəbacı”.
“Biz hazırda 5 nəfərik, bizə verilən 11 qvadırat metirdir. Bir ferma malın birinə 15 kv.metr yer verirlər. Bəyər biz maldan pisiy? Xahiş edirəm elə bizi mal hesab edib bizim mənzili geniçləndirməy üçün özün sərəncam verəsiz”.
“Mənim özüm bir cinayət etsəm təçkilat idarələri sovet qanununa dair olaraq məni çoxdan qanun məcəlləsinə cəlb etmişdilər”. (Gədəbəy).
“Mənim atamı 1924-cü ildə Zaqatalada qaçaqlar öldürdü. İkinci atamı 1937-ci ildə siyasi məhbus kimi həbs edib güllələdi (lər) , yenə yetim qaldıq”. (Tovuz). 
“SSRİ prizidenti Mixail Serqeviç cənab Qorbaçov yoldaşa”.
“İnanıram ki, Qorbaçov yoldaş məni eşidəcək, səsimə səs verəcək, şikayət, müraciət ərizəmə həlledici, alternativ, müvafiq cavab verəcək”. 
“Özümüz kənddə yaşayırıq, mal-qara saxlanan tövlənin üstündə qrişa yoxdur 200 il bundan qabaq tikilib”.
“Balnisada yatırıdm sonra həkimin məsləhətiynən işçi qüvvəmi itirdim”.
“Bu haqda qəbul və əllə müraciət edib kömək istəmişəm. (Həm qəbulda olub, həm də məktubla müraciət edib-red.C.S.)” -(Tovuz).
“Yüksək rütbəli füsunkar dolanan şəxslər”.
“Xalq cəbhələri ilə kompirimissayaya girin”.
“Onlar vəzifəli şəxsli adalmlardı”.
“Bürokratlar sil-silə kimi düzülüb”.
“Məhsul vəzifələrdə çalışmışam”.
“Qərarla əlaqədar ehtirasım yoxdur”.
“Mən 30 ildir ki, həyat yoldaşımla mehriban yaşamışam, bu yaxınlarda o zarafatla məni mətbəx bıçağı ilə qarın nahiyəmdən zədələdi”.
“Ölkəmizin bu əziz gününə görə və qabaqdan gələn 8 mart qadınlar bayramına görə həm də ailə üzvlərimin sevinməsi üçün mənim qalan spoxumun haqqında müsbət rəyə gəlib, məni və mənim ailə üzvlərimi sevindirəsiniz, mənim qalan cəzamı mənə bağışladınız”...Bu alicənab adamların əlində böyük problem deyil”.
“Xahiş edirəm mənim işimlə maraqlı ağlanasınız”. 
“Xalasının, nənəsinin adı ordenindədir”. (orderdədir). 
“Atam II dərəcəli Vətən müharibəsi 50 illiyidir (əlilidir)”.
“Verxovnı SSR yoldaş Krışkova (DTK-nin sədri Kryuçkov nəzərdə tutulur)”.
“Kommunist” qəzetində 3 fevral 1987-ci il tarixdə Səmədov Qafur müəllimin dərc olunmuş “Unudulmaz görüş” başlıqlı xatirəni oxudum. Q.Səmədova 1939-cu ildə Qırmızı Əmək Bayrağı ordenini M.İ.Kalinin təqdim etmişdir. Bunu oxuyandan sonra öz keçdiyim həyat yoluna dönüb baxdıqca Qafur müəllimdən əskik olmadığımı görüb faktları öz tarixləri ilə Sizə yazılı bildirmək istədim. Mən Q.Səmədov haqqında kı xatirəni oxuyarkən gördüm ki, mənim keçdiyim yol üçün mən də təltif olunmalıyam. 1975-ci ildən 1986-cı ilə qədər 9000-ə yaxın pul mükafatı almışam. Bu qədər də dövlət nəfinə qalıbdır. Plan ödənməsi də buraya daxil deyildir. 1975-ci ildə Sosyalizm qalibi nişanı ilə təltif olunmuşam.-Gədəbəy, Slavyanka”.
“Rayıspalkomun qızının həyat yoldaşının dayısı xuliqanlıq üstə 4 il türmədə yatmış dəfələrlə meşə qırmaq üstə məhkəməyə düşmüş Əliyev Eldardır”.
“And olsun Leninin qırmızı stoluna və quyduğu qanunlara”.
“Mənim storibalizlərimi (история болезни- xəstəlik tarixşəsi) yoxlayın”.
“(Qromıkoya) Buyurub baxa bilərsən 11 uşağın şikilini sənə göndərirəm, ata-ana 9 uşaq bir yerdə, 2-sini isə ayrı çəkdirib qoymuşam. Bu şikili çəkdirəndə iki uşaq yox idi, ona görə də ayrı olub ”.
“Kimin daysı var ona qulaq asırlar, mənim dayım gedib müharibəyə hələ gəlib çıxmayıb. Ayləviçilik edirlər, gördü ki, kapnetə gələn mənəm, pulsuz, dayısız şofer, mənə nə desə yaxşıdır, çıx get bura sənə çayxana deyil, bu da bizim I katib!”.
“Q. Moskova bizim birinci katib Qorbaçov yoldaşa cən sağlığı uzun ömür arzu edirəm, ona görə ki, sülfə tərəfdardır. Yoldaş Qarbaçov mən özüm Vətən vetramı, birinci qruba 1904 qodam hası ki vaxtım yaxındı ölməyə, ancaq irazı qalmaram ki, erməni azərbaycan ayrılığı olsun, biz duşman qabağında qardaş olmuşuq, indi sizdən yoldaş Qarbaçovdan xahiş edirəm ki, bizim erməni azərbaycan adımızı dəyişin”.
“Bacım Fərəcova Rübabə Orucqulu qızının şəxsi mülkünə əmlakına zor işlətməklə, ciddi təhlükəli resividist cinayət törətmiş sui qəsd edilməsini tamah məqsədilə şəxsi niyət tamah məqsədilə ələ keçirib cinayət törətməklə satmaq şəxsi məqsədlə bacımın həyatına səhətinə sui qəsd edən və onun səhhətinə qeyri qanunsuz işgəncələr verə-verə haldan hərəkətdən salıb öldürülməsi (nə dözə bilmirəm). Onu da nəzərə almağınızı xahiş edirəm ki, mən daxili iztirab və sarsıntılar çəkməkdən artıq ixtidarsız hala düşmüşəm. Xaiş edirəm ərizəmin konkret həll olunmasını işi yerindəcə obyektiv demakratiyanın aşıx aşkarlığını aşıx baxılmasını və qəti konkret tədbir görülməsini xahiş edirəm”. 
“Bununla yazıb sizdən xahiş edirəm ki, qardaşım Elbrus və onun həyat yoldaşı Əliyeva Dilsurə 20/VIII/87 tarixdə gecə saat 12-də niyə bacım Ağgülü dağa göndəribsən deyə anamı təpiklə döydülər, mən araya girdim. 21-08-87-ci ildə atam içdən gəlib ona dedi sən burda ağalıq eləyəcəksənmi, mənim arvadımam, uşaqlarımnan nə işin var, onlara bir dənə çörək alıb vermisənmi, yaxud bir cüt corab alıb söyündürmüsənmi, özləri də qız uşaqlarıdı. Elbrus və Dilsurə dedilər ki, yaxşı eləyirik, çıxın hamınızı qıracığıq. Mən dedim biz 4 qız uşağı hara gedək, kimin qapısına gedək. Qoca anama dilsurə dedi ki, sizi yatdığınız yerdə öldürtdürəcəm, heç bizdən görməyəcəklər. Sonra Elbrus əlində balta, Disurənin əlində lapatka üstümüzə sürgün etdilər, Elbrus baltaynan atamı öldürmək istədi, mən özümü atamın üstünə atdım ki məni öldürsün. Balta mənim başıma (burda cümlə qırılır-C.S.)”
“Nəzarəti gücləndirmək və onun təsirliliyini artırmaq lazımdır. Biz də iki cür nəzarət dəstələri təşkil edək: 1.Qırmızı ləpirçilər-ambarları və məhsulları yoxlamaq. 2.Qızıl alpenislər-ən yuxarı zirvələrə qalxa bilsin, işin gedişinə kim, harda mane olur. Bütün bunlar indiki hərc-mərcliyə, qarətçiliyə son qoymaq üçün lazımdır”.
“Prokuror k nadzoram Az.SSR ot qrajd. Aqayeva Malika Rzaxan oqlı. Kakov bı ni bıl çelovek esli eqo eşşe nosit zemlya i qrom bojiy ne porazil eqo eti znaçit, çto on derjitsya na svete dlya toqo çto-bı kto nibud tronuvşis eqo uçastyu pomoq emu stat polnopravnım qrajdaninom svoqeqo oteçestva”.
“Vo imya spravedlivosti, vo imya zakona, v cyix jilax protekaet Marksisto-leninskaya kommunistiçeskaya krov”.
“Delo v tom, çto ya ne zakonno osujden”.
“Qo. Baku. Qlappoçtam, dahastrenni”.
“MK-nın baş katibi Generalnomu M.S. Qarbaçov yoldaş, onu da deyim ki...”
“Q. Moskva, Kremli Soidinenie Natsionalnosti Ştata”
“Az SSR ves lyudi (İmza)”

yenises.ru

Комментариев нет:

Отправить комментарий