22.07.2012

Qadınların söyüş söyməsi

Nərmin Kamal


Başqa ölkələrdəki kimi, bizim cəmiyyətdə də kişilər çox söyüş söyürlər. Qadınların söyüş söyməsi isə yaxşı qəbul olunmur. Kişilər öz aralarında söyürlər, yanlarından qadın keçsə, söyüş söyən kişilər dərhal susur və ya başqaları ona qaş-göz edib söyüşü saxladırlar. Söyüş və arqo kəlmələr hər bir dilin bir hissəsidir. Bu cür kəlmələrə ayrıca lüğətlər həsr olunur. Kitabda A-dan Z-ə qədər dilin söyüş yaddaşı bir-bir yazılır və adi sözlərlə izah olunur ki, hansı hallarda bu söyüşü söyürlər. Çünki, söyüş dilə məxsusdur, arqo-deyimlərsə folklora. Söyüşü adamlar daha çox əsəbləşəndə söyürlər.

Mədəni ailələrdə söyüş söymək tabudur. Mən özüm də söyüş söyən bir uşaq görəndə xoşlamıram, uşaqların söyüş söyməsinə qarşı liberal deyiləm və xoş hisslər keçirmirəm. Ancaq heç söyüş söyməyən uşaq da böyüyəndən sonra söyüş bilir, ildə bir dəfə də olsa, yüngül və ya ağır, - söyüş söyür. Deməli, söyüş nə qədər kobud, nə qədər pis də olsa, insanın özünüifadəsində qaçılmazdır. Necə deyərlər, hamımız nə vaxtsa bu bulaqdan su içirik.
Söyüşlər müxtəlif cürdür. Şəhər, metropol küçə mədəniyyətindən gələn söyüşlər, əyalət, kənd-kəsək söyüşləri... Xülasə, söyüş insan hislərinə və hirslərinə məxsusdur. Lakin bizim mədəniyyətdə söyüşü kişilər mənimsəyiblər. Biz gəlib çatanda məlum oldu söyüş, kişi cinsinin kompetensiyasındadır, söyüş yalnız bir cinsə məxsusdur.
Qadınlara söyüş söymək ayıb sayılır. Qadınlar incə, gözəl, mələk kimi olsunlar, söyüş onlara yaraşmır - deyərək onların sözlərinin "başına hicab bağlayır". Bu gözəl sözlərə xumarlanıb razılaşmaq olardı. Lakin minlərlə qadın var ki, ömründə bir dəfə də söyüş söyməyib, fəqət söyülüb. Kişilər söyüş silahından qadınların pisikdirilməsində geniş istifadə edirlər.
Bir məsələ vardı və o məsələdə haqlı olan bir qadın. Ancaq çox mübahisə etmədən razılaşdı, güzəştə getdi. Mübahisəni sona çatdırmadan geri çəkilməsi barədə suala isə qadın belə cavab verdi: "Birdən camaatın içində məni kişi söyüşülə söyərdi, abrım gedərdi."
Söyülmək qadının böyük qorxusuna çevrilib. Nə qədər gülməli görünsə də, ölkəmizin ictimai həyatında tanınmış kişilər, siyasi məsələlərdə fikir ayrılıqlarından dolayı, qadın həmkarlarına sms-lə söyüş yazıb göndərirlər. Sms-in hələ olmadığı vaxtlarda isə bunu birbaşa deyirdilər.
On altı yaşım olanda "Əski əlifba" müəllimimdən eşitdim ki, Əlyazmalar İnstitutunun böyründə restoran açıblar, kababın tüstüsü, qoxusu tarixi əlyazmalara ziyan edir. Qəzetə yenicə yazılar yazmaga başladıgım dövrdə həmin restorana gedib təcrübəsiz şəkildə dedim: "Filan qəzetdən gəlmişəm. Sizin kababın tüstüsü əlyazmalara ziyandı axı! Bu barədə nə fikirləşirsiz?" Restoranın müdiri olan kişi mənim üzümə baxdı və sakit səslə məşhur bir söyüş söydü. Həmin dəqiqə mənə elə gəldi ki, üstünlük məndə yox, müdirdə idi. Söyüş, onun dilində hədə idi, o, kökləri babalarımızın həyat ənənələrinə gedib çıxan patriarxal söyüş fəlsəfəsinə söykənərək özünü çox güclü hiss edir. Qadını zərərsizləşdirməyin yolu söyüş söymək qədər asan idi.
Kişiyə həmişə elə gəlir ki, söyüş onunkudur, onun silahıdır. Qadın isə söyüş söyəndə, ona deyirlər: "özünü kişi-kişi aparma!". Buna qarşı ən gözəl üsulu, dostumuz, bu gün bütün fəal Azərbaycan gənclərinin tanıdığı sosial aktivist Vəfa Cəfərova tapıb. Vəfa son zamanlar sosial şəbəkələrdə bir qadının da "fuck" deyə və yaza bilməsinin nümunəsini göstərir.
Onun söyüş söyməsi çox xoşuma gəlir. Kişilərdən eşitməyə alışılan söyüşləri "əlini uzadıb götürür", özü söyür. Cinsi əlaqəni, kişinin qadını təhqir etməsi kimi qavrayan ibtidai şüurlara meydan oxuyur. Onun söyüş söyməsinin bu mövzudakı stereotiplərin aşılmasında çox böyük rolu var. Artıq onu bir "kişi söyüşü" ilə təhdid etmək olmaz. Çünki həmin söyüşdən onda da var. Vəfa ilk növbədə sosial aktivistdir və sosial kontekstlərdə söydüyü söyüşlər adamda ikrah doğurmur, o, bunu lazım olan kimi edir. Qadınlar isə baxıb görürlər ki, bizim də söymək haqqımız var.

Комментариев нет:

Отправить комментарий