16.12.2012

DEYİRƏM AXI...


Akif ABBASOV

Biri vardı, biri yoxdu, allahdan başqa dünyada kimsə yoxdu. Hə... bir də iki tayfanın məskən saldığı iki kənd vardı. Bu kəndlərin sakinləri bir-biri ilə yola getmirdilər və getməyəcəkdilər də. Söz vermişdilər. Qan düşməni idilər. Həmişə bir-birinə ziyan vururdılar. Çalışırdılar ki, bir-birlərinə rast gəlməsinlər. Gələndə hökmən dava-dalaş, ölüm-itim olurdu.
Dağ ətəyində yerləşən bu kəndlərin gözəl ab-havası vardı. Təbiət öz gözəlliyini bu yerlərdən əsirgəməmişdi. Buz bulaqlar, yam-yaşıl çəmənlər, sıx meşələr...
Torpaq da nə desən yetişdirirdi. Bir sözlə, zəhmət çək, yaşa özünçün. Bircə arada bu tərslik, düşmənçilik olmayaydı.
Əlixanla Bəstinin də bəxtləri onda gətirmişdi ki, gözəl bir kənddə doğulmuşdular, burada yaşayırdılar. Ancaq Bəstinin üzü gülmürdü. Səbəbi də bu idi ki, ər sarıdan yarımamışdı. Yazıq qadın səhərdən axşamadək əlləşir, çabalayır, birtəhər evi dolandırırdı. Əlixan isə tənbəlin böyüyü idi. Ortada yeyib qıraqda gəzirdi. Hər gün yataqdan qalxar, çayını-çörəyini yeyər, Bəstinin yemək-içmək qoyduğu xurcunu götürüb yola düzələr, bir də axşam qaş qaralanda – arvadı mal-qaranı rahatlayandan, yemini, suyunu verəndən sonra gəlib çıxardı.
Hazırına nazir olan ərinin hərəkəti Bəstini haldan çıxarırdı. Lakin ailədə söz-söhbət olmasın deyə, canını dişinə tutub susurdu. Axır bir gün dözə bilməyib ərinə dedi:
-Ay Əlixan, sən də bir işin qulpundan yapış da...
Əlixan:
-Yəni deyirsən, mən kişi xeylağı gedib kələm yığım?! Yoxsa əkinin-biçinin alağını edim?! Sən necə rəva görürsən ki, ərin arvad işi görsün?! Ay, hay...
Bəsti təəccüb qaldı:
-Kim deyir ki, gedib  çöldə-bayırda alaq edəsən? Azdır kişi işi?
Əlixan bir anlıq fikirləşib dedi:
-Sən bilsən mən necə çətin, ağır bir işlə məşğulam, belə insafsız-insafsız danışmazdın.
Bəsti rişxəndlə dilləndi:
-Görürəm, kişi, evə gətirdiyin qazancdan hər şey bilinir.
Əlixan incik halda dedi:
-Qazancını başıma vurma... Qulağını bəri gətir... Hə, mən duşmən ovuna çıxıram, hər gün Tala kəndindən bir düşməni cəhənnəmə vasil edirəm. Bu, hər oğulun işi deyil. Onlardan hayıf çıxır, dədə-babamızın qanını alıram.
Bəsti dinmədi. Əlixan özündən razı halda yeməyini yeyib, çayını içəndən sonra yerinə girib yatdı. Yatanda da elə xoruldayırdı ki, yer-göy lərzəyə gəlirdi.
Səhər tezdən Əlixan, adəti üzrə, yağ-pendir, çolpa, qatıq, çörək qoyulmuş xurcunu çiyninə alıb yola düzəldi.
Axşam Əlixan geri dönəndə Bəsti xəbər aldı:
-A kişi, nə var, nə yox? Bu gün nə ilə məşğul olmusan?
Əlixan xurcunu küncə atıb gərnəşdi. Ağır döyüşdən çıxmış adamlar kimi özünü yorğun göstərərək:
-Arvad, iki düşmənin də canını aldım, - dedi.
Bu minvalla bir ay, iki ay, üç ay ötdü. Hər dəfə Bəsti soruşur, Əlixan  da döşünə döyərək ya bir, ya da iki, ya da üç düşmən öldürdüyünü xəbər verirdi.
Əlixanın hesabına görə, qonşu kənddə düşmən qalmamalı idi. Təpənin başından qonşu kənd əl içi kimi görünürdü. Bəsti baxır və görürdü ki, qonşu kəndin sakinlərinin hamısı  iş-gücdədirlər. Əvvəllər necə, eləcə. Yenə eyni adamlar dükan-bazarda gəzinir, alış-verişlərini edirdilər. Başa düşdü ki, kişi ona kələk gəlir. Odur ki, qərara aldı: Əlixanı güdüb, onun nə ilə məşğul olduğunu öyrənsin.
 Bir gün Əlixan yenə xurcununu çiyninə alıb evdən çıxdı. Bəsti də qarabaqara onun ardınca. Əlixan mahnı oxuya-oxuya, arada fit çala-çala yaşıl çəmənlə addımlayırdı. Sonra dar cığırla yaşıl ağaclarla dövrələnmiş dağa dırmaşmağa başladı. Bəsti də özünü bildirmədən onu izlədi. Gördü ki, əri bir mağaraya girdi. Burada  özünə yaxşı şərait yaratmış, yataq belə düzəltmişdi. Hələ üstəlik daşla işləyən radiosu da vardı.
Əlixan paltarını soyunub çarığını çıxartdı. Bardaş qurub xeyli oturdu. Musiqiyə qulaq asdı, züm-zümə etdi, arada qol götürüb oynadı. Ona nə vardı ki?! Ev dərdi, arvad-uşaq fikri çəkmirdi. Allah Bəstinin canını sağ eləsin, daşıyıb gətirir, o da yeyib, əlini yanına çəkirdi.
Əlixan naharını edəndən sonra uzanıb yatdı. Bəsti səbirlə gözlədi. Gördü ki, əri yaxşı dincələndən sonra geyindi, boş xurcunu çiyninə atıb, mahnı oxuya-oxuya, çırtıq çala-çala gəldiyi cığırla geri döndü.
Bəsti də tez kəsə yolla evə qayıtdı. Ərini qarşılayıb salamladı, hal-əhval tutdu:
-A kişi,  indi nə xəbərlə gəlmisən?
Əlixan öz hünərindən dəm vuraraq dedi: 
-Arvad, iki düşmənin də dalından dəydim.
Bəsti mənalı-mənalı ona baxıb dinmədi. Ertəsi gün Bəsti ərinin xurcununa lazım olan şeyləri yığıb:
-Mənim tarlada işim var. Gedirəm, yeməyini, içməyini hazırlamışam, - dedi və  ondan tez evdən çıxdı. Bəsti qabaqcadan hazırladığı bağlamanı götürüb iti addımlarla, bir növ qaçaraq gəlib mağaraya yetişdi. Tez paltarını dəyişdi. Başına tüklü papaq qoyub, sir-sifətinə də əl gəzdirdi. İndi o, qaçaq-quldura oxşayırdı. Bəsti ərini gözləməyə başladı. Əlixan mağaraya girən kimi onu boğazladı:
-Yaxşı əlimə düşmüsən. Köpəyin oğlu, köpək! Bizimkiləri bir-bir dənləyən sənsən? İndi canını alacağam! – deyib dizi ilə Əlixanı vurdu. O, səndələyib yıxıldı. Bəsti ayağını onun sinəsinə qoydu. Təbiətən qorxaq olan Əlixan tez yalvarmağa başladı:
-Qurban olum, öldürmə məni!  Sənə yalan deyiblər. Mən hara, sizləri öldürmək hara? Mən nə karəyəm ki... 
Bəstini gülmək tutdu, lakin birtəhər özünü ələ ala bildi. Əlixan yalvarmaqda davam edirdi:
-Mən bir fağır, kasıb adamam ki, acından günorta dururam. 
Bəsti istədi desin: “Yalançının atası gorbagor olsun! Nə vaxt ac qalmısan ki, indi belə insafsız danışırsan?” Lakin yenə də özünü saxladı, bu işin sonunu gözlədi.
Əlbxan dayanmadan dil tökürdü:
-Bir çətən külfətim var. Mənə yazığın gəlmir, heç olmasa, uşaqlarıma rəhmin gəlsin. Mən sizi istəyən adamam. Vallah şərdir, atıblar mən binəvanın üstünə. Öldürmə məni. Nə desən ona əməl edəcəm, təki qıymayasan cavan canıma.
Bəsti onu dinləyib fikrə getdi. Ərini tüfeyli həyatdan çəkindirməyin vaxtı çatmışdı. Odur ki, dedi: 
-Üç şərtim var...
Quldur və amansız  düşmən bildiyi adamın onu öldürməyəcəyinə əmin olan Əlixan sevinərək tez:
-Buyur, qurbanın olum, - dedi. –Nə şərtin olsa, canla-başla yerinə yetirəcəm.
Bəsti sözünə davam etdi:
-Bundan belə gərək bu mağaraya ayağın dəyməyə. Bu, bir! Avara-avara gəzməkdən, veyillənməkdən əl çəkib bir işin qulpundan yapışacaqsan. Bu iki!
Əlixan tez razılaşdı:
-Mən razı, qurban olum. Sabahdan naxıra gedərəım. Çoxdandır mənə deyirdilər.
Bəsti davam etdi:
-Üçüncü şərtimi dinlə...
Bəsti bayaq geydiyi şalvarı aşağı çəkib yanını ona çevirdi:
-Üçüncüsü, səni öldürməyib bağışladığım üçün gərək güngörməzimdən öpəsən.
Ölümün pəncəsindən belə asanlıqla qurtardığına sevinən Əlixan tez:
-Baş üstə, bu nə sözdür?! – deyə razılaşdı və Bəstinin güngörməzindən öpdü.
Bəsti şalvarını yuxarı çəkib kəmərini bağlaya-bağlaya:
-Bax, sözümüz sözdür ha. Sabahdan avaraçılığa son qoyacaqsan. Gəlib özüm yoxlayacağam.
Əlixan tez:
-Əlbəttə, əlbəttə, kişi döyülük bəyəm?! Söz verdim, qurtardı.
Bəsti dilləndi:
-Mən gedirəm, sən isə yarım saatdan sonra mağaradan çıxarsan.
Axşamtərəfi Əlixan yorğun-arğın evə gəldi. Xurcunu bir tərəfə atıb:
-Arvad, çaydan-çörəkdən ver. Lap əldən düşdüm, - dedi. –Sizə nə var ki. Evdə rahat oturmusunuz. Mən isə, hər gün düşmənlə əlbəyaxadayam.
Bəsti mənalı-mənalı xəbər aldı:
-A kişi, bu gün ovuna nə düşdü?
Əlixan gopundan qalmayaraq:
-Bir düşmənimizi də göndərdim o dünyaya. Getdi həmişəlik istirahətə.
Bəsti özünü saxlaya bilməyərək:
-Mənim hesabıma, sənin məlumatına görə, gərək o kənddə bir ins-cins qalmaya. Bu adamı haradan tapdın? – deyə istehza ilə soruşdu.
Bəstidən belə sual gözləməyən Əlixan duruxdu. Fikirləşdi ki, doğrudan da, lap ağ eləyib. Bir nəfər bu qədər adamı silahsız-filansız necə öldürə bilər?! Gop eləyəndə də gərək elə edəsən ki,  həqiqətə uyğun gəlsin.
 Bilmədi  Bəstiyə nə cavab versin. Bəsti hər iki əlini yuxarı qaldırıb ona ala verdi:
-Kül başına sənin, ay fərsiz kişi! Elə bilirsən nə ilə məşğul olduğundan xəbərim yoxdur?! Heç səndən adam öldürən olar? Bu gün sənin necə hünər göstərdiyinin özüm şahidi oldum. Sən deyildin qabağımda diz çöküb yalvaran?! Axırda da güngörməzimi öpdün...
Əlixan özünü itirdi, lap şok vəziyyətinə düşdü. Yaman yerdə axşamladığını görüb qızardı və fikrə getdi: olan olmuşdu. Arsız olduğundan özünü o yerə qoymadı, tez cavab verdi:
-Deyirəm axı, güngörməz tanış gəlirdi...

Комментариев нет:

Отправить комментарий