31.12.2012

Bəhrəmtəpə əhvalatı

AKİF ABBASOV

Nicat müəllim elmi idarələrin birində çalışırdı. Yaşı yetmişi haqlasa da, özünü son dərəcə gümrah hiss edirdi. Bunun da bir çox səbəbləri vardı: yeməyinə-içməyinə fikir verirdi, hər şeyi ürəyinə salmırdı, xeyirxah idi, başqasının paxıllığını etmirdi. İş yerində onunçun otaq ayırmışdılar. Burada soyuducu qoyulmuşdu. Yağdan, pendirdən, kəsmikdən tutmuş, baldan, doşabdan yumurtaya, limona, mürəbbəyə qədər almış, evdən gətirib qoymuşdu soyuducunun gözünə. Elektrik peçi də varıydı. Yeməyini ötürməzdi: ya evdən özü üçün nahar, şam gətirər, ya da iki daşın arasında yemək hazırlardı. Kartofa, soğana, qurudulmuş nanə-reyhana kimi bu otaqda tapılardı. Çay dəmləməyinə də söz ola bilməzdi. Yeməyi də elə şirin-şirin, elə iştahla yeyirdi ki, tox adamı da həvəsə gətirirdi.

Nicat müəllim kin-küdurət nədi – bilməzdi. Əlindən gələn yaxşılığı iş yoldaşlarından əsirgəməzdi. Qayçıya, kəlbətinə, çəkicə də onun üstünə gələrdilər. Bacarmadığı iş tapılmazdı. Qapıya qıfıl salmaq lazımdır - Nicatı gör. Radio, telefon, lap elə televizor xarab olubsa, əlac qalıb Nicata. Soyuducu işləmir – Nicat kömək edər. Ara-sıra xeyir işdən qalsa da, şərdə, yasda olmağı, qəm-qüssəyə batmış adamın kədərinə şərik olmağı özünə borc bilər, vaxt tapıb yas yerinə getməyincə rahatlıq tapmazdı.
Bütün bunlarla bahəm, yaman da söhbətcil idi. İşləyib yorulanlar, dünyanın dərd-səri ilə maraqlananlar Nicat müəllimin  qapısını açır, söhbətlərinə qulaq asırdılar. Onun söhbətini eşitməyə gələnlər arasında gənc elmlər doktoru Arif müəllim də vardı. O, Nicat müəllimin xətrini istər, ona hörmət və ehtiramla yanaşardı. Olub-keçənlər barədə danışdıqlarıını eşidib feyziyab olardı. Nicat müəllim arada söhbətini kəsib Arifdən soruşardı:
-Arif müəllim, sən neçənci ildə anadan olmusan?
Arif cavab verərdi:
-Əllinci ildə.
Bunu eşidən Nicat müəllimə sanki yeni can, qüvvə gəlirdi. Daha şövqlə danışmağa başlardı:
-Hə, o vaxtlar Bəhramtəpədə böyük tikinti işləri gedirdi. Mən də avtobaza rəisi işləyirdim. Cavan, laçın bir oğlan idim. Saçlarım da şəvə kimi qapqara. Qızlar dərdimdən ölürdü. Bir sözümə bənd idilər. Hə, harada qaldım?!. Avtobaza rəisi idim. O gəlirdi: Nicat, qadan alım, maşın… Bu gəlirdi, Nicat, maşın… Xidməti maşınım da vardı: sıfır-sıfır, altımış altı…
Aradan on beş-iyirmi gün keçirdi. Arif müəllim «Çoxdandır kişidən xəbər-ətər tuta bilmirəm, dəhlizdə, yaxud iclasdan-iclasa ayaqüstü görüşürük. Birdən inciyər. Ağsaqqal adamdır. Fikirləşər yada salmıram» - deyə yolunu Nicat müəllimin otağından saldı. Xoş-beşdən sonra kişi olub-keçənləri xatırlayıb, limonlu çaydan içə-içə söhbətə başladı. Arada üzünü Arif müəllimə tutaraq:
-Professor,  neçənci ildə anadan olmusan? – deyə xəbər aldı.
Arif müəllim «1950-ci ildə» deyən kimi Nicat müəllimin yadına yenə də Bəhrəmtəpə düşdü:
-Hə. Arif müəllim, o vaxtlar mən Bəhrəmtəpədə işləyirdim. Avtobaza mənə baxırdı. Cavan, laçın bir oğlan idim… O gəlirdi: Nicat, qadan alım, maşın… Bu gəlirdi, Nicat, maşın… Xidməti maşınım da vardı: sıfır-sıfır, altımış altı…
Və həmin illərdən, Bəhrəmtəpədə gedən inşaat işlərindən, cavanlığından danışmağa başladı.
Baharın xoş günləri idi. Arif müəllim dəhlizdə dayanıb siqaret çəkirdi. Bu zaman Nicat müəllim otaqdan çıxdı və Arifi gördü. Salam-kalamdan sonra:
-Arif müəllim, orada niyə durmusan? Yaxşı çayım var. Özü də qarağat mürəbbəsi ilə. Keç otağa, indi gəlirəm. Söhbətləşək. Ürəyimizi boşaldaq.
Arif siqaretini çəkib otağa keçdi.  Nicat müəllim gəlincə bir-iki yerə zəng etdi, dost-tanışdan  hal-əhval tutdu. Nəhayət, Nicat müəllim gəldi və dərhal:
-Nə var, nə yox, professor? Çoxdandır gəlib-getmirsən?
-İş-güc çox olur, Nicat müəllim. Şöbənin dərd-səri, mühazirələr, konfranslar…
Nicat müəllim elektrik samovarının üstündəki dəm çaynikinin ağzını açıb baxdı:
-Bu dəqiqə məxməri çayımız da olacaq. Hə, danış, görək bu dünyanın işləri ki, belə gedir, bəs axırı necə olacaq?
Nicat müəllim belə-belə sualları yanına gələnlərə çox verərdi. Diqqətlə onlara qulaq asar, sonra özü başa düşdüyü şəkildə söhbəti istiqamətləndirər, öz fikrini bildirərdi. Həm də müsahibini dişinə vurardı. Öz-özlüyündə hamısının çəkisini, öz şəxsi fikri olub-olmadığını yoxlayırdı.
 -Bilirsən, bu Amerika çox baş aparır, həftə səkkiz, mən doqquz İraqa hədə-qorxu gəlir. İstəmir ki, müsəlman dövlətləri qüvvətlənsin. Yenə qoşunları çəkib gəliblər Səddam Hüseynin üstünə. Bu dövlətlərin hərəsinin öz mənafeyi var. İri dövlətlər xırda dövlətlərin güclənməsini istəmirlər. Onları həmişə başı qapazlı görmək zorundadırlar. Mən bu yaşımda çox şeylər görmüşəm… Sən neçənci ildə anadan olmusan, Arif müəllim?
Arif başa düşdü ki, Nicat müəllim onun cavabını eşidəndə yadına Bəhrəmtəpə, oradakı iş-gücü düşəcək. Yenə də söhbətini yarımçıq kəsib, Bəhrəmtəpə xatirələrini söyləyəcək. Odur ki, onu qabaqladı. Gülə-gülə:
-Mən, siz Bəhrəmtəpədə avtobaza rəisi işləyəndə anadan olmuşam.
Nicat müəllim bir anlığa duruxdu. Bu cavabı eşitməyə hazır olmadığından hətta çaşdı da. Olub-keçənləri, əvvəlki söhbətlərini, bu sualı dəfələrlə Arif müəllimə verdiyini yadına salaraq uğunub getdi:
-Amma nə dedin, Arif müəllim! Mən Bəhrəmtəpədə avtobaza rəisi işləyəndə anadan olmusan?
Cavab Nicat müəllimin özünə də ləzzət vermişdi. Həmin gündən sonra o, bir daha bu sualla Arif müəllimə müraciət etmədi. İndi artıq yadında möhkəm qalmışdı ki, professor o, Bəhrəmtəpədə avtobaza rəisi işləyən vaxtlarda – əllinci ildə anadan olub.

Комментариев нет:

Отправить комментарий