16.12.2012

El sənətkarı Mürüvvət Həşimov

Mürüvvət Rəzi oğlu Həşimov – 1930-cu ildə Masallı rayonunun Qodman kəndində anadan olub. Ulu babası Məmmədrza bəy Lənkərandan Masallının indiki Məmmədrzakücə kəndinin ərazisinə köçüb.
Bəyzadəlik tituluna mənsub olan Həşimovlar ailəsində musiqiyə daim sonsuz rəğbət və sevgi olmuşdur.
Orta təhsilini Digah məktəbində alan Mürüvvət daha sonra Ağdamdakı ikiillik müəllimlik institutuna daxil olur. Ailə vəziyyəti ilə bağlı burada təhsilini yarımçıq qoysa da, sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alır.
Bakıda - Ramana qəsəbəsində və Masallıda müxtəlif illərdə müəllim, məktəb direktoru vəzifələrində çalışıb.
Harada oxuyub, harada işləməsindən asılı olmayaraq musiqi daim onun qəlbinə hakim olub. Hələ musiqi beşiyi Qarabağda, Ağdamda təhsil alarkən vaxtaşırı toylara gedib, toyu ustalıqla idarə etdiyi üçün əhalinin böyük rəğbətini qazanıb.

1940-1950-ci illərdə cənub bölgəsində ən çox tanınmış el xanəndələri Xanəli Əkbərov (xalq artisti Canəli Əkbərovun atası), Məmmədəli Rəhmətov (sənətşünaslıq doktoru mərhum Əvəz Rəhmətovun atası), qodmanlı Əlihüseyn Məmmədovun, İsrafilin, Şahnəzərin çıxışları ona örnək olub, Mürüvvət də sənətdə onlar kimi uğur qazanmağı arzulayıb.
Bakıda təhsil alanda isə institutun tələbə xalq çalğı alətləri ansamblında ən fəal üzvlərdən biri olub və eyni zamanda Bakı toylarında - Abşeron kəndlərində xanəndəlik edib.
Vəzifə pillələrində irəliləyən Mürüvvət Həşimov muğamın sirlərini də ustad xanəndələrdən öyrənir, toylarda xanəndəlik sənətini davam etdirdikcə daha da püxtələşirdi. O illərin ustad sənətkarları, tanınmış muğam ifaçıları - ağdamlı Şahmalı Kürdoğlu, əslən Masallının Yeddioymaq ərazi vahidinin Şıxlar kəndindən olan Kərim Həsənovla yaxın dostluq əlaqələri saxlayır.
Lakin Mürüvvət daha geniş meydana çıxmağı, radioda və televiziyada çıxış etməyi də çox arzulayırdı. Günlərin birində qəlbindəki arzu-niyyətini qardaşı, uzun müddət Ucar, Tərtər, Yardımlı rayonlarında polis rəisi işləmiş Qəyyum Həşimova bildirir. Qardaşı onu o zaman Daxili İşlər Nazirliyinin Bakı Şəhər Milis İdarəsinin rəisi işləyən, əslən Qodman kəndindən olan polkovnik Azad Quliyevin (Talışoğlu) yanına aparır. Xeyli söhbətdən sonra Qəyyum Həşimov Mürüvvətin arzusunu Azad Talışoğluna çatdırır. Mürüvvətin ifaçılığına əvvəldən də bələd olan, xanəndəlik etdiyi toyların iştirakçısı olan Azad müəllim dərhal yerindən qalxaraq bildirir ki, mən buradan indi tele-radio komitəsinə piyada gedib, bu məsələni yoluna qoyacağam.
Bu əhvalatdan bir neçə gün sonra qardaşı Qəyyum Azad Talışoğlunun tövsiyəsi ilə onu görkəmli tarzən, bəstəkar, pedaqoq Əhmədxan Bakıxanovun yanına aparır. Ə. Bakıxanov onun səsini dinləyir və çox bəyənir. Bundan sonra Mürüvvət Həşimov onun rəhbərlik etdiyi ansamblda intensiv məşqlərə başlayır.
Lakin bir müddət keçəndən sonra sənət dostları - Aftandil İsrafilov və Vəli Qədimov onu özlərinin çalışdıqları ansambla dəvət edirlər. Beləliklə, Mürüvvət 1956-cı ildən Baba Salahovun rəhbərlik etdiyi ansamblda fəaliyyət göstərir və onun yaxından köməyi ilə tez-tez radio və televiziyada çıxışlar edir.
1966-1967-ci illərdə radionun “Qızıl fond”u onun ifasında “Segah Zabul” dəstgahını, “Mirzə Hüseyn Segahı”nın “Manəndi-Müxalif” şöbəsində “ Baxdın maral kimi” xalq mahnısını, atası Rəzi bəyin arzusu ilə ifa etdiyi “Qaçaq Nəbi” mahnısını lentə yazdırır və bu ifalar uzun illər efirdə səsləndirilir.
Xanəndəlik sənətində arzularının gerçəkliyə çevrilməsində ona qol-qanad verən, arxa-dayaq duran Azad Talışoğlunu Mürüvvət Həşimov hər gün minnətdarlıqla yad edir, onun ruhuna dualar oxuyur.
30 ildən çox Bakıda, respublikanın ayrı-ayrı rayonlarında toy şənliklərində xanəndəlik edən Mürüvvət Həşimov 1984-cü ildə daimi yaşamaq üçün Masallıya, doğma Qodman kəndinə köçüb, buradakı orta məktəbdə müəllim, 15 ildən artıq həmin məktəbin direktoru vəzifəsində çalışıb və son illərə qədər sevimli xanəndəlik sənəti ilə el şənliklərində insanlara mənəvi qida verib.
Bu gün ömrünün 83-cü payızını yaşayan Mürüvvət Həşimov bəzi xəstəliklərdən əziyyət çəksə də, əsas təsəllisi odur ki, oğlu Rövşən onun xanəndəlik sənətini uğurla davam etdirir. Tez-tez radio və televiziyada çıxış edən Rövşənə isə Mürüvvət Həşimovun iki əsas tövsiyəsi olub: birincisi, toy sahibini incitməmək, onunla pul davası etməyib aza qane olmaq, bir də xalqı saxta mahnılarla aldadıb, sənəti alverə çevirməmək.

Xodaşirin Cəbiyev               "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий