28.12.2012

Axır ki boynuna aldı

Akif Abbasov

Qurbana dedilər ki, zavodun partkomu onu görmək istəyir. O, mazuta bulaşmış əçllərini əski ilə silib idarəyə yollandı. Xoşbəxtlikdən partkomun qəbul otağında gözləyən yox idi. Katibə onun gəlişini Rəhim İsaxanlıya xəbər verdi. O da öz növbəsində: «Buyurub gəlsin» , - dedi.
  Rəhim Qurbanı mehribanlıqla qarşıladı, əyləşmək üçün yer göstərdi:
 -Qurban, bilirsən səni niyə çağırmışam? – deyə soruşdu və sonra tez əlavə etdi. – Haradan biləsən?! İstəyirik səni patiyaya qəbul edək. Sənədlərini hazırla.
Təklif Qurban üçün gözlənilməz olduğundan əvvəlcə bilmədi nə cavab versin. Sonra ehtiyatla öz fikrini bildirdi:
-Ay partkom, bəlkə mənimlə işin olmasın. Partiyaçı olub nə edəcəyəm ki… Fəhlə babayam. Maaşım artmayacaq, vəzifə verməyəcəklər… Partiyaya keçmək üçün o qədər ürəyi gedənlər var ki… Baş mühəndis, sex rəisləri, daha nə bilim kimlər… Partiyaçı olmaq onlara lazımdır. Bəlkə vəzifələri böyüyər, biri direktor olar, o biri baş mühəndis, bir başqası müavin…

Partkom:
-Ay Qurban, niyə xeyrini bilmirsən?! – dedi. – Sənə etimad göstəririk. Elə bilirsən baş mühəndisi, sex rəislərini görmürük. Amma onların partiyaya keçməsi fəhləyə, kolxozçuya nisbətən çətindir. Bu ölkə fəhlə, kəndli hökumətidir. Gərək  ki, bunu bilirsən. Plan qoyublar. Partiya üzvlərinin filan faizi fəhlə olmalıdır.
Qurbanı fikrindən döndərmək heç də asan məsələ deyildi:
-Ay canım, mən bisavad adamam. Büroda sual verərlər, cavab tapa bilmərəm. Həm mən pərt olaram, həm də sizi pis vəziyyətdə qoyaram…
Partkom əl çəkmədi. Çox israr etdikdən sonra Qurban əlacsız qalıb sənədlərini hazırladı. Günlərin birində onu büroya çağırdılar. Katib onun sənədləri ilə tanış olduqdan sonra:
-Layiqli namizəddir. On beş ildir ki, fəhlə işləyir, amma gərək siyasi savadını da yoxlayaq, - dedi və üzünü Qurbana tutub. –İstəyirəm sənə bir sual verim. De görüm «Kapital»ı kim yazıb?
Katibin zəhmindən əriyən Qurbanın boğazı qurudu. Nə  «Kapital»? Əcəb işə düşmədim. Xəbərim olmayan bir işi indi mənim boynuma qoyacaqlar?
Qurban gözlərini dolandırıb partkoma baxdı.  Axı, mənim işim deyil. İndi nə cavab verim?!»
Katib gözləyirdi. Vəziyyətdən çıxmaq  lazım idi. Odur ki, Qurban sözün düzünü demək qərarına gəldi. Bilirdi ki, düzə zaval yoxdur. Yazıq-yazıq:
-Yoldaş katib, vallah mənim xəbərim yoxdur. Billah mən yazmamışam.
 Milis şöbəsinin rəisi də büro üzvü idi və indi Qurbana yaxın bir yerdə oturmuşdu. Katibin təəccüblə baxdığını görən milis rəisi gözlərini Qurbana ağardıb yavaşca:
-Ə, boynuna al… Adamsan…
Onun sözlərini katib də eşitdi. Qurban milisdən qorxan kimi heç kimdən, heç nədən qorxmurdu. Bilirdi ki, yaxası əllərinə keçsə, çətin qurtaracaq. Odur ki, katibi unudub üzünü rəisə tutdu, and-aman eləməyə başladı:
-Qağa, vallah-billah mən yazmamışam…
Katib milis rəisinin də kal olduğunu görüb:
-Yaxşı, büro iclasını qapalı elan edirəm. Qurban Qədirli, sənin məsələni gələn iclasa keçirirəm. Get, bir az fikirləş. Yəqin gələn dəfə bir cavab verərsən. Fəhlə baba olanda nə olar?!
Büro iclasından sonra rəis milis göndərib Qurbanı şöbəyə gətirtdi. Əvvəlcə onu dilə tutdu, sonra hədə-qorxu gəldi. Lakin bütün bunların heç bir xeyiri olmadı. Qurban daş atıb başını tuturdu ki, «Kapital»ı o yazmayıb. Onun qanmazlığı, inadkarlığı rəisi haldan çıxartdı. Milislərə dedi:
- Aparın, basın qoduqluğa! Ağlı başına gələndə gətirərsiniz yanıma.
Qurbanı aparıb malcan çırpdılar. Axırda boynuna qoydular ki, «Kapital»ı o yazıb. Bundan sonra onu təzədən gətirdilər rəisin yanına. Qurban rəisin ayaqlarına düşdü:
-Nəçənnik, çevir məni balalarının başına! Qələt eləmişəm. Kapitalı mən yazmışam.
Rəis özündən razı halda:
-Bax, belə. Bizi az qala katibin yanında xəcil eləmişdin.
 Gecə saat 12 olardı. Rəis telefonun dəstəyini götürüb rayonun yiyəsinə zəng vurdu. Dedilər ki, katib dincəlir. Rəis mühüm xəbər çatdıracağını söyləyib xahiş etdi ki, yoladş Nəsibovu oyatsınlar. Katibi yüxudan eləyib milis rəisinin sözlərini ona yetirdilər. Yoldaş Nəsibov yarıyuxulu halda:
-Qənbərov, eşidirəm səni, - dedi.
Milis rəisi üzrxahlıq elədi:
-Yoldaş katib, bağışlayın, narahat edirəm. Demə,  «Kapital»ı doğrudan da Qurban Qədirli yazıbmış. Axır ki, boynuna qoyduq…
Katib əlində telefonun  dəstəyi bir anlığa donub qaldı. Sonra büro iclasındakı sualını yadına salıb milis rəisinə acığı tutdu:
-Sabah saat onda yanıma gələrsən! – deyib hirslə dəstəyi yerinə qoydu.

Комментариев нет:

Отправить комментарий