10.06.2015

Əlniyaz Məmmədov: 10 mindən artıq əməliyyat etmişəm

Bu gün hansı şəxsinsə elmlər doktoru, yaxud professor olması ilə kimlərisə təəccübləmdirmək çətindir. Amma təəccüblüsü odur ki, bir rayonda doğulasan, ölkədə məşhur olan bir həmyerlinə yaxından bələd olmayasan.
Bu yazımızda həmin “günahımızı” yumağa çalışacağıq. 
Əlniyaz həkimlə söhbətə, necə deyərlər, qeyri-rəsmi məqamlardan başladıq. Başlanğıcda verdiyimiz suallar da elə qeyri-adi deyildi, amma bu suallara onun cavabları kifayət qədər düşündürücü idi.
Beləliklə, ölkəmizin tanınmış tibb alimlərindən biri, istedadlı cərrah,tibb elmləri doktoru, pofessor Əlniyaz Məmmədovla söhbəti sizə təqdim etməzdən öncə onun həyat yoluna qısaca nəzər salaq.
2 may 1955-ci ildə Masallı rayonunun Tatyan kəndində anadan olub. Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Cəlilabad rayonunda cərrahiyyə şöbəsinin müdiri işləyib. Daha sonra elmi fəaliyyətlə məşğul olub. Aspirantura təhsilini 2 dəfə tez, 1,6 aya başa vurub və 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib. Dövlət xətti ilə İranda və Türkiyədə həkim kimi çalışıb. Respublika Kliniki Xəstəxanada, sonralar Elmi Cərrahiyə Mərkəzində cərrahiyyə şöbələrinin rəhbəri vəzifələrində çalışıb və çalışır. Əlniyaz Məmmədov eyni zamanda Prezident Administrasiyası yanında Tibb İdarəsinin nəzdində olan Mərkəzi Kliniki xəstəxanasının baş konsultantı vəzifəsində çalışır.
2005-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib. Moskva Lazer Akademiyasının həqiqi üzvüdür. “Odlar yurdu” Universitetinin kafedra müdiri və professorudur.Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professorudur, həkim və kursantlara mühazirələr oxuyur.
Söhbətimiz Əlniyaz həkimin bu peşəni necə seçməsindən başladı.
-Uşaq vaxtlarımda peşə məsələsində seçim qarşısında qalmamışam. Anam tez-tez xəstə olurdu. Həkimlər evimizdə olur, anamı az qala ölümün pəncəsindən qurtarır, bütün ailəmizə sonsuz sevinc bəxş edirdilər. Məhz həmin anlarda həkim peşəsinin nə qədər dəyərli olduğunu, insanlara nə qədər xoşbəxtlik bəxş etdiyini dərindən duydum və könlümü bu sənətə verməyi qərara aldım. Böyük qardaşım,mənim həyat yolumun memarı Əlihüseyn müəllim də bu arzuma çox sevindi və mənə dəstək verdi.
Ömür yolundan bəhs edən Əlniyaz həkim bildirdi ki, elə həyat yaşamamışam ki, ciddi nöqsanlara yol verim, yaxud onun peşimançılığını çəkim. Arabir xırda nöqsanlarım olsa da, onları qısa müddətdə aradan qaldırmışam. 
-Tanrıya şükürlüyəm və ona çox borcluyam ki, mənə gözəl valideynlər, saf ailə qismət edib. Atam el ağsaqqalı olub. Nəslimizdə olan insanlar həmişə halal zəhmətlə dolanan, insanlığı, ləyaqəti uca tutan adamların sırasında olublar. Həmişə ailəmizlə, valideynlərimlə, qardaşlarımla fəxr etmişəm. Yeri gəlmişkən, keşməkeşli həyat yolunda daim mənə dayaqolan,həyatımın bütün anlarında sözün əsl mənasında mənə dəstək olan, ömür-gün yoldaşım Rəna xanıma çox minnətdaram.Ailəm, nəslim mənə necə başucalığı gətiribsə, mən də onların layiqli davamçısı kimi həmin ənənələri davam etdirmək istəmişəm. Allaha şükür ki, nə hökumət qarşısında, nə xalq qarşısında xəcalət çəkəsi, utanası heç əməlimiz yoxdur.
Borclu olduğum insanlar sırasında müəllimlərim, xüsusən, hazırda çalışdığım mərkəzə rəhbərlik edən, bu gün də cavanlıq enerjisi ilə çalışan dünya şöhrətli alim, hamımızın müəllimi, akademik Böyükkişi Ağayevə çox minnətdaram. O, dünən də, bu gün də mənim üçün dəyərli bir insan etalonudur.
Söhbətin bu məqamında bir qədər duyğulanıb, sanki keçmişə səyahət edən Əlniyaz həkim əlavə etdi ki, insan ən azı müəyyən yaş məqamında özündən ciddi hesabat tələb etməlidir. 
-Bu günlər 60 yaşın astanasındayam. Uğurlarım az olmasa da, səhvlərimi, nöqsanlarımı görməyə çalışıram. Bu yaşda gənclik duyğuları qəlbimdə kök salsa da, necə deyərlər, özümü elə qoca hiss etməsəm də, bu yaşın məsuliyyətini tam dərinliyi ilə dərk etmək istəyir, elə addımlar atmağa çalışıram ki, ailəmə, nəslimə, rayonuma, Azərbaycanıma baş ucalğı gətirsin. Kimsə irad tutmasın ki, ağsaqqal kişiyə bax , alimə bax, elədiyi əməllərə bax.
Əlniyaz həkim ölkə rəhbərliyindən, səhiyyə nazirindən, eləcə də səhiyyəyə olan diqqət və qayğıdan geniş söhbət acdı.Qeyd etdi ki,bu gün bütün sahələrdə olduğu kimi səhiyyəmiz çox sürətlə inkişaf etməkdədir. Söhbətin bu məqamında xatırlatdım ki, rəhbərlik səhiyyəyə bu qədər qayğı göstərirsə, nədən hər ay yüzlərlə, bəzən minlərlə insan müalicə üçün İran və başqa ölkələrə üz tutur.
-Bizim səhiyyənin böyük uğurları olsa da, o,hələ çox cavandır. Nəninki Avropanın, hətta İranın olduqca qədim, oturuşmuş, peşəkar səhiyyə sistemi, güclü kadr potensialı var. Biz də zaman-zaman Avropa səviyyəsinə çatacağıq.Buna hamı əmin ola bilər. Sovet dövründə Azərbaycan Tibb Universiteti ittifaq üzrə ən güclü tibb ocağı sayılırdı. Sərhədlər açılanda, biz dünya ilə üz-üzə qalanda isə bəlli oldu ki, səhiyyə sistemimiz dünya standartlarından çox aşağıdır. Məsələn, bizdə tibb universitetini bitirən şəxs bir il internatura keçəndən sonra həkim kimi çalışırdı. Avropada isə həmin müddət 4-5 ildir. İndi Azərbaycanda da artıq bu sistem tətbiq olunmaqdadır.Yəni tibb üzrə ali təhsil alanlar yalnız azı 3- 5 il rezidentura keçdikdən sonra müstəqil həkim kimi fəaliyyətə başlayırlar.
Bir məqama da diqqət yetirmək istəyirəm. Digər sahələrdən fərqli olaraq Azərbaycan həkimlərinin xaricə axını yoxdur. Əksinə, xaricdə yüksək tibb təhsili alaraq ölkəyə gələn yerli peşəkar həkimlərin sayı ilbəil artır və belə uzmanlar səhiyyəmizə yeni bir ab-hava, yükəsk peşəkarlıq gətirirlər.
Əlniyaz həkimin cərrahlıqdan kənar həyatına nəzər salmaq istəyəndə bildirdi ki, mütaliəni, tarixi, ədəbiyyatı, ciddi musiqini, təbiəti nə qədər sevsəm də, bunların heç biri heç vaxt cərrahiyyəni mənim üçün əvəz etmir.
-Təsəvvür edirsinizmi, 10 mindən artıq cərrahiyyə əməliyyatı aparmışam. 2 yaşında uşaq üzərində, eləcə də 90 yaşlı ahıl insan üzərində də əməliyyat apardığım vaxtlar olub. Təkcə bir insana yox, ona bağlı olan bir ailəyə, bir nəslə həyat, xoşbəxtlik bəxş etməyin nə dərcədə insana sonsuz fərəh verdiyini düşünsək, mənzərə daha aydın görünər.
Cərrahiyyədə texniki cəhətlərlə yanaşı psixoloji amillər də mənim üçün olduqca vacibdir. Bıçaqla xəstənin bədəninə girməzdən öncə mən onun qəlbinə girmək, onu duymaq, ona bələd olmaq, onun etibarını qazanmaq üçün daha çox çalışır, bəzən zarafatla, bəzən musiqi ilə onu fəth etmək istəyirəm. Hardasa, sizin sənətiniz də cərrahiyyəyə bənzəyir. Əsl jurnalistlər sözlə insanın ən həssas nöqtələrinə toxunmaqla sanki mənəvi cərrahiyyə əməliyyatı aparırlar. Sizin müsahibədən öncə mənə psixoloji həmlələr etməyiniz, necə deyərlər, məni öyrənməyiniz çox xoşuma gəldi. Bəlkə də nə vaxtsa unutduqlarımı yadıma saldınız, sözün qısası, məni möhkəm tərpətdiniz, gözləmədiyim suallarla məni üzbəüz qoydunuz.
Əlniyaz həkimi yaxından tanıyanlar onun haqqında söhbət açanda titulları sadalayan kimi dərhal da əlavə edirlər ki, olduqca vətənpərvər, doğma yurda bağlı insandır. O, Vətənə nə qədər böyük məhəbbət bəsləsə də, bu gün doğma yurdda insanların savadsızlığı, bəzi savadlı savadsızların dünyagörüşünün kasadlığından çox narahatçılıqla danışdı. Xatırlatdı ki, insan nə qədər savadlı olsa da, onun normal dünyagörüşü yoxdursa, daim yarımçıq insan olacaq. Dünyaya inteqrasiya etməliyik. Ciddi insanları ancaq kəşflərlə, ixtiralarla təəccübləndirmək olar.
-Azərbaycanın digər gözəl yerləri kimi Masallının da özünəməxsus füsunkarlığı var. Masallı həmişə dəyərli insanları ilə fəxr etmişdir. Vaxtı ilə Masallıda baş həkim işləmiş Hacı Həsən Abdullayev kimi şəxsiyyətləri bu rayon üçün bir etiket sayıram. Belələrindən nümunə götürmək, öyrənmək çox vacibdir.
Əlniyaz həkim övladlarından çox məhəbbətlə danışaraq bildirdi ki, 3 qızı və 1oğlu var. 2 qızı tibb, 1 qızı isə musiqi sahəsində ali təhsillidir.Hər 3-ü ailə qurub. İlham, Kənan, Murad, Mələk, Ziya, Elmir adlı 6 nəvəsi var. Oğlu isə Qafqaz Universitetində təhsil alır.
-Övladlarıma daim qulaqlarında sırğa olacaq bir məsləhət verirəm. Deyirəm ki, çox pul, mənsəb dalınca qaçmayın. Vətəni sevin, millətinizi sevin, ona ləyaqətlə xidmət edin. Belə olanda mənsəbiniz də olacaq, pulunuz da, dəyəriniz də.
Söhbətin sonunda bir həkim məsləhətini də qəzetimizlə paylaşmağı vacib bildi. Qeyd etdi ki, hazırda dünyada hepatit virusu olduqca təhlükəli bir bəlaya çevrilib. Təkcə Azərbaycanda B və C viruslarının 600 mindən çox (hər 15 nəfərdən biri) daşıyıcısı var. Buna görə stomotoloqların, kosmetoloqların, bərbərlərin xidmətindən istifadə edərkən hədsiz diqqətli olun və dizinfeksiya olunmamış alətlərdən işlədilməsinə imkan verməyin.
Biz söhbətdən istifadə edib görkəmli alimimizi, eləcə də dəyərli, nurlu bir insan olan Əlniyaz həkimi 60 yaşı münasibəti ilə təbrik edir, inaırıq ki, bundan sonra da onun daim xoş soraqlarını eşidəcəyik. “Biz Əlniyaz həkimin yurdundanıq” kəlmələri ilə həmişə fəxr edəcəyik.

Zahir Əmənov

Комментариев нет:

Отправить комментарий