İrani-qədimin mərkəzində Sədilərin, Hafizlərin məcqəti-rəsi olan Şirazın ətrafında fars məmləkətinin ta göbəyində milli həyatlarını heç dəyişdirməksizin yaşayan bir türk eli vardır ki, iranlıların belə bir çoxu onların türk olduğunu və yaxud oralarda kiçik bir "Türkistan" bulunduğunu bilmiyorlar. Bu məqaləmdə sizə kəndi qardaşlarımdan ayrı düşərək unudulan və bütün türk aləmincə məchul qalan bu "Türkistan"ı anladacağam. Bunlar ilk məqaləmdə bir-iki sətirlə keçdiyim qaşqailərdir.
Qaşqai, yazın yaylaqlarda, qışın qışlaqlarda köçəri həyatilə yaşar, 350 min nüfusa malik böyük bir türk elidir. Yaylaqları mərkəzi İran şəhərlərindən İsfahan ilə İsfahandan cənuba doğru uzanan Abade, Gümşə və Memeseni silsileyi-cibali ətrafında vaqe olub, Qazirun hüdudunda bitər. Qışlaqları isə Şiraz cənubunda vaqe Qazirun, Deşti və Deştistan ilə Feraşbənd qitələridir.
Fars əyaləti-cənubiyyəsində qaşqailərdən başqa "elati xəmsəyi-fars" namilə ərəb, Baxarlı, Bəsiri, İanaplu, Nəfər namlarilə digər beş el ilə sair ufaq əşirətlər dəxi vardır. Fəqət bunlar miyanında qaşqailər gərək ədədcə, gərək təşkilatca, gərək istiqlal və iqtidarca ən irəli gələn və ən sağlam bir kütlə təşkil edən bir əşirətdir.
Kəndi iddialarınca Çingiz xanın nəslindən gələn bu türk eli bu günə qədər istiqlalını mühafizə eləmiş və heç bir zaman digər ellərin təhti-idarəsinə daxil olmamışdır. Halbuki fars elləri belə bir mətanətə malik olmayıb, başqalarına məğlub olmuşlardır. Bir elin digər bir elə məğlub olub istiqlalını qeyb etməsi demək, o elin kəndi cinsindən olmayan digər bir elxaninin və yaxud dövlət tərəfindən təyin olunan yabançı bir məmurun təhti-idarəsinə düşməsi deməkdir.
Qaşqailərin ana lisanları türkcədir, kəndi aralarında türkcə qonuşurlar. Şiraz da türk ismi ilə məşhurdurlar. Fəqət eyni zamanda bütün qaşqailər farscanı da bilirlər və bir farsa təsadüf edərkən o lisani qullanırlar. Şiraz türkləri (yəni qaşqailər) tənasubi-əndama malik, sağlam vücudlu və gözəl simalıdırlar. Hafizin və Sədinin qəzəliyyatında "türk gözəllərindən" pək çox bəhs ediliyor. "Şairlərin bəhs etdiyi gözəlliyi Şirazda türklüklərilə tanınan qaşqailərdə ciddən bulursunuz" - deyə bir səyyah bizzat mənə anlatmışdı. Qaşqailər vücudlarının sağlamlığı və bədənlərinin tənasübü ilə həmahəng bir cəsarət və şücaət sahibidirlər. "Təşkilati-eliyyələri" dəxi o dərəcədə möhkəmdir. Sair ellərdən hər cəhətdən təfəvvüqləri vardır.
Qaşqai eli Kəşküli, Şəşbölüyü, Bulverdi, Bollu, Dərəşöllü, Cərkani, Kəlləzən, Qüvai-Sürxi - deyə səkkiz taifəyə bölünüyor. Hər taifənin başında "Kələntər" namilə bir bəy vardır. Məzkur bəylər elxaninin əmrinə tabedirlər. Elxanilik nəslən bədə nəslin xanzadələrdə, kələntərlikdə bəyzadələrdədir. Taifə kələntərlərin əzl və nəsbi xanın imtiyazati məxsusundadır. Fəqət elxani kələntər təyin edərkən eyni taifəyə mənsub bir bəyzadəni intixab etmək məcburiyyətindədir. Nitəkim elxaninin əzl və nəsbi hüquqi-şahanəsindən olan şah da elxanini təyin edərkən xanzadələrdən birini intixab eyləmək ənənəsinə sadiq qalmaq məcburiyyətindədir. Yoxsa təyin olunan elxani el tərəfindən qəbul edilməz və üsyanı mucib olur.
Qaşqailər xanlarını təqdis edərcəsinə möhtərəm tutarlar. Hər sənə novruz bayramında müayədə rəsmi icra olunurkən, hər evin elxaniyə bir qoyun təqdim etməsi adətdir. Bu surətlə xan hər sənə 70-80 min qoyun hədiyyə alır. Bu rəsmidən başqa mərasimi izdivac icra edilərkən dəxi xana töhfə təqdim etmək adətdir. Bunlardan başqa türlü-türlü təqəddümələr daha vardır. Qaşqai xanları Cənubi İranın ən zəngin əsilzadələridir.
Pək yaxında azad edilən Sovlətüddövlənin əcnəbi bankalarında külliyyətli parası vardır. Eyni zamanda dəhşətli bir murabahaçıdır. Elxani əskərini səfərbərliyə almaq istədiyi zaman, atına minər və səmti-azimətinə doğru yürüyür. Carçılar "Xan getdi" - deyə bağırınca cəngavər Qaşqai süvariləri həp atlanır və bila təəmmül xanlarının arxasından qoşarlar. Taifələr beynində nizə çıxıb iş müsadiməyə müncər olursa, iğtişaşı təskin ilə tərəfeyni barışdırmaq üçün Xanın hüzuru kafidir. Nə qədər azğın birasi olursa-olsun, Qaşqai xanına təşhiri-silah etməz, xanı qarşısında görüncə ya təslim olur, tövbə edər, yaxud heç müqavimətdə bulunmayaraq elin içindən çıxıb gedər. Ən dəhşətli bir asiyi xanzadələrdən bir cocuq yaxasından çəkərək xan çadırına gətirirsə, bila-müqabilə təslim olur, fəqət çıdıra girincə hər nə qədər böyük bir günah işləmiş olsa da əfv olunur. Xan çadırına iltica edənlər amandadırlar. Digər ellərdən Qaşqai elinə iltica edən asilər də həqqi-amandan istifadə edərlər.
Tarla və otlaqlar taifə arasında təqsim edilmişdir. Bu təqsimatdan istifadə təmini və taifələr arasında, yaxud əfrad beynində vaqe olan davaların həllü-fəslləri kələntərlərə aiddir. Kələntərlər vasitəsilə həll olunmayan müşkülat xan hüzurunda həll edilir. Fəqət bu kimi işlər ələl-əksər xanın müavini olan bir bəy tərəfindən röyət olunur.
Qaşqailər sənəvi İran dövlətinə 35-40 min tümən raddəsində bir vergi verirlər. Və bu vergi də kələntərlər vasitəsilə təhsil edilir. Bundan başqa icabında müsəlləh tüfəngçi verməklə də dövlətə müavinət edərlər.
Qaşqailərdə 10-15 min tüfəng vardır. Tüfəngləri qismən verendil, qismən də aynalıdır. Dövlət tərəfindən təslih ediləcək olursa, 50 min cəngavər çıxara bilirlər. Hər el kimi qaşqai eli də köçəri halında "alaçıq" deyilən çadırlarda yaşarlar. Yazı yaylaqda yaşarlar, əkdikləri buğdanı biçərlər. Son bahar gəlincə, yaylaqlarından qalxaraq qışlağa köçərlər. Qışlağa getdikləri zaman tarlaları qorumaq və suvarmaq üçün ətraf köylülərdən ücrətli rəncbərlər təyin edərlər ki, bunlara "Qaşqai rəiyyəti" itlaq olunur. Qaşqai rəiyyətinə qışda yemək üçün sənəvi ikişər qoyun verdiyi kimi, buğda hasilatından da bir hissə çıxarır. Qaşqailərin intiqamı qorxusundan naşi mütəqalibədən heç bir kimsə, qaşqai rəiyyətinə təcavüz edəmədiyindən, qaşqai rəiyyəti-ruəyanın ən məsududur. Mütəcəllibə təcavüzünə qarşı əmin qalmaq üzrə ətraf köy və "elafdan qaşqai elinin ziri-cinahına bir çox mültəcilər dəxi sığınırlar ki, bunlara "qaşqai təfərrüqəsi" deyilir.
Qaşqailər ələlümum köçəri həyati keçirdiklərindən heyvan bəsləmək və əkin əkmək ilə təəyyüş edərlər. Fəqət içlərində Bulverdi taifəsindən bir qismi az-çox mədəniləşdiyindən və köçəri həyatına vida etdiyindən ticarətlə də məşğul olmaqdadırlar. Bunlardan başqa "qaşqai əmələsi" deyilən bir qisim də vardır ki, el yaylaqda olduğu zaman mərkəbləri ilə bərabər Tehrana gəlir və paytaxt ətrafında vaqe mədəndən daş kömürü daşıyarlar. Son bahar gəlincə, yenə el içərisinə övdət edərlər.
Ümuri məzhəbiyyələrinə baxmaq və vəzaifi diniyyələrini ifa etdirmək üzrə qaşqai içərisində xoca və ya imam yoxdur. Xədəmati - məzhəbiyyələrini keçdikləri və qonduqları yerlərin ətraf köylərində mukim imamlara gördürürlər.
Qaşqai təvaifi beynində müntəzəmən müxabirat icra edilməkdədir. Hər taifənin kələntəri günü gününə olduğu yerin və taifənin əhvali vüquatını müşir bir raport tənzim edər. Və sair kələntərlə elxaniyə göndərir. Bu surətlə gərək kələntər və gərək xan elin məntəqəi-həyatında cərəyan edən vüquatın həpsinə vəqtü zamanında müttəle olur. Elxaninin Tehran və sair mühüm nöqtələrdə dəxi məxsus amilləri vardır ki, daimi surətdə kəndisinə raport göndərirlər.
Köçəri və çöl həyati-müqtəziyyatından olaraq qaşqai qadınları çarşaf keyməzlər və ərkəklərdən qaçmazlar, gərək düyünlərdə və gərək sair ictimalarda ərkəklərlə bir məclisdə oturub qonuşurlar. Qaşqailər olduqca müsafirpərvərdirlər. Müsafiri qəbul etmək, hüzur və rahatını təmin eyləmək isə qadınların öhdəyi nəzakətindədir. Qaşqai qadınları iyi xalı toxuyurlar. Fəqət köçərilik və çadır həyatı böyük dəstgahlar qurmağa müsaid olmadığından qaşqai xalıları ufaq qitədə "xalça"lardan ibarət olur. Türk xalçasının arqac və atmaları xalis yundan və rəngləri təbii və sabit olduğundan, satışı da pək iyidir. Xalçanın behəri 80-100 tümənə satılır. Naxışları Avropadan təqlid etməzlər, yerli naxış yaparlar. Fəqət kələntər xanımları ismarlama olaraq Avropavari naxışlar da işlərlər. Xalçadan başqa qaşqai xanımları gözəl cicimlər və sırf qaşqailərə xas olub "gəbə" deyilən qayət qalın bir taqım kilimlər də toxuyurlar.
Qaşqailər külliyyətli surətdə qoyun bəslərlər. Öküz, at və dəvələri dəxi boldur. Fars da quzuların Buxara qaragülünə bənzər qalpaqlıq dəriləri çıxdığından "Şiraz dərisi" - deyə epeyi quzu dərisi satılır. Ən ziyadə quzu dərisi satanlar qaşqailərdir. Sənəvi 8 min quzu zəbh edərlər. Yun dəxi qaşqai elinin ixracatı-mühümməsini təşkil edər. Qaşqailər aldıqlarına müqabil buğda verir, satdıqlarına isə para alırlar.
Qaşqailərə xas olan bir taqım adət də vardır: xan nəslindən olan bir qız xan nəslindən olan bir qaşqai ərkəklə izdivac etmək məcburiyyətindədir. Kəndi xanədanından xaric yabançı birisinə varamaz. İndiki qaşqai elxanisinin bütün fars əyalətincə hüsn və camalilə məşhur olan qızqardaşı bu ənənənin qurbanı olmuş, 35 yaşında olduğu halda təəhhül etməmişdir. İran şahzadələri və ricali tərəfindən vaqe olan təklifləri rədd eləmişdir. Adətlərindən birisi də ananın və qızqardaşların həyat və məişətinin ən ufaq oğul öhdəsində olmasıdır. Ailə rəisi ölürsə, dul qalan anayı və təəhhül etməmiş qızqardaşları ən kiçik bəradər bəsləməyə məcburdur. Qaşqailərin Asiyayi-vusta türklərindən qalmıq və kazaxlarda olduğu kimi, öküzlərə yük daşıtmaları dəxi fars elləri arasında kəndilərinə məxsus bir adətdir. Oba köçərkən çadır alət və ədavatını və sair xəfif şeyləri öküzlərin sırtına yüklərlər.
Qaşqailər pək əski zamandan bəri cənubi-İranın digər mühüm bir elini təşkil edən bəxtiyarilərlə rəqabətdə bulunmuşlardır. Türk eli yaylaq zamanı Abadə və Camşa tərəflərində bu fars eli ilə təmasda bulunur və bəzən aralarında müsadimə də vaqe olur. Bu ixtilaf əsasən aralarında münazəun-fih ərazi məsələsindən nəşət edər. Qaşqai elinin məşrutiyyəti-idarə haqqında məşkuk bir vəziyyət almasının əsas səbəblərindən biri də bəxtiyarilərlə olan iş bu rəqabətdir. Çünki Tehran hökuməti bəxtiyarilərin əlindədir.
İran Məclisi-Millisində qaşqailərin bir məbusu var idi. Məclisə göndərmiş olduqları məbusla qaşqailər də vəlov ancaq rəsmən olsun, kəndilərini idareyi hazirə lehində göstərmiş oldular. Qaşqai məbus Hacı Məhəmməd Kərim xan türkmən məbusu adına Məhəmməd xan kimi, Məclisi-Millidə qiyafəti-milliyyəsilə oturuyordu. Qaşqai qiyafəti-milliyyəsi isə mövləvi məşayixinin qiyafətinə pək bənzər. Tıpki mövləvilər kimi yüksək bir külah ilə uzun bir cübbə geyərlər.
Məmməd Əmin Rəsulzadə, "İran türkləri"
Комментариев нет:
Отправить комментарий