08.06.2015

Türk tarixi -10

X hissə: Cəlilabad-Yardımlı əraziləri “Dədə Qorqud dastanı”nda təsvir olunan oylaqlardır

 “Kitabi-Dədə Qorqud” haqqında çoxlu məqalələr dərc olunub. Dədə Qorqud regionu tədqiq edilb. Dastanlardakı adlar bəzi hallarda Azərbaycanda yer adları ilə uyğunlaşdırılır.
 Muğan ərazısində, о cümlədən Yardımlı və Cəlilabad rayonlarında elə toponimlər vardır ki, qeyd-şərtsiz Dədə Qorqud dastanlarındakı yer adları ilə tamamilə uyğun gəlir.
 Talış dağlarının qurtaracağından Cəlilabad ərazisində Qazan Köşkü adlı qala vardır. Bu möcüzəli qalanın altından keçən yeraltı gizli yol yüz kilometrlərlə uzanır. Həmin dərin tunel Peştəsər sıra dağlarının altından keçir, Buravar silsilə dağlarının arxasındakı Qız qalasını Qazan Köşkü ilə birləşdirir, bundan sonra iki xoçaya ayrılır, biri Edişəni keçərək İran ərazisindəki Germi dağlarına uzanır, digər xətt isə Biləsuvar rayonunda Bəhrəmtəpə yolu üstündəki Şəhriyar düzünə gedib çıxır. Dəniz səviyyəsindən 860-900 metr yüksəklikdə olan qaladan baxanda Savalan dağı, Xəzər dənizi, Salyan düzü, hətta Qobustan qayaları görsənir. Bütün bunlar qalanın qədimlərdə strateji əhəmiyyətli bir yer olduğunu göstərir.
 Qazan Köşkü ilə üzbəüz 20 kilometr aralı Yardımlı rayonunda Arus kəndi yerləşir. Arus kəndi ilə Qazan Köşkü arasında Abu-Dərdə abidəsi və Şatırlı kəndı yerləşir. Cəlilabad rayonunun Qaradağ kəndi köşkdən bir-iki kilometr aralı, Məlikqasımlı, Şötüklü, Boyxanlı kəndləri yeddi-səkkiz kilometr kənarda yerləşir. Tədqiqatçı-alim Rəşid Əsgərov göstərir ki, şötüklülər Qazan Köşkü və başqa regionlara çaparlıq etmişlər, çünki keçmişdə bərk qaçan adamlara “şatırlar” (şütümək) deyiblər. Onların xüsusi təlimçiləri olub və aralarında yarışlar keçirilirmiş. 
 “Dədə Qorqud dastanı”ndakı yer və şəxs adları ilə həmahəng səsləşən bu adların tədqiqatına çox ehtiyac vardır. Görünür, Abu-Dərdə abidəsi də dastandan qalmadır. Rəşid Əsgərov öz araşdırmalarında Cəlilabad-Yardımlı, o cümlədən Ərdəbil ərazilərində “Dədə Qorqud dastanı”ndakı adlara uyğun gələn onlarla yer adı və abidə sadalayır. “Kitabi-Dədə Qorqud”un coğrafi regionunu Dərbəndə qədər aparıb çıxarırlar. Lakin Cəlilabad rayonu ilə Yardımlı rayonu arasında üz-üzə dayanan “Qazan хаn” və “Arusla” heç kəs maraqlanmır. Bu əraziləri tədqıq olunmalıdır. Bəlkə də bu ərazilərdə “Dədə Qorqud” salnaməsinin yeni səhifələri açılacaqdır.
 Qazan Köşkünün XX əsrin əvvəllərində çəkilmiş şəkli vardır. Şəkilə baxanda məəttəl qalırsan ki, bu qala-köşk nесə sürətlə dağıdılıb bərbad hala salınmışdır. Bu ərazidə yerləşən qədim tariximizin ilk çağlarından xəbər verən atəşpərəstlərin baş məbədgahı yerləşən Həməşərə - Haoma Şirəsi təpəsindəki qala-şəhərin üst qatları da beləcə dağıdılmışdır.
 Mən uzun illərdən bəri Azərbaycan tarixinə dair nəşr olunmuş və yaxud tərcümə edilmiş əsərlərin demək olar ki, hamısını almışam. Bu əsərlər təəssüflər olsun ki, hamısı rus dilindədir. Əgər bu əsərlər xalqımızın tarixinə həsr olunubsa, xalq bunu oxumalı, öyrənməli və bilməlidir. Əgər bu əsərlər rus və başqa millətlərın tariximizə bələd olmaları xatirinə yazılıbsa, onda tariximizin kütləvi təbliğatından danışmağa dəyməz. Təəccüblüdür ki, biz belə əsərləri rus dilindən Azərbaycan dilinə tərcümə kimi oxuyuruq.
***
 Qazan Köşkü haqqında müxtəlif mülahizələr vardır. Əsl həqiqət isə belədir. Qazan xanın vəziri, Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” kitabında deyilir ki, Qazan xan Biləsuvara gəldi. Həməşərə şəhərinin yanından ötüb Talış dağlarının qurtaracağındakı ən yüksək zirvəyə qalxdı. O, meşələrə adam göndərər, heyvanları- ceyran, cüyür, dağ kəli və sair arata elətdirib zirvənin ətrafında düzəlmiş pəyələrə saldırardı. Qazan xan arvadı Buluqan Xatunla qalada taxt qurdurub hündürdən heyvanlara tamaşa edərmişlər. Qazan xan bir müddət qalada istirahət etdikdən sonra dağlarla Təbriz şəhərinə yollanır.
 Köşk Qazan xanın yay istirahət düşərgəsi olub, onun adı ilə adlanıb. Qazan xan Elxanilərin birinci xanıdır ki, İslam dinini qəbul etmişdi. Buluqan Xatunla İslam dini qaydasıyla kəbin kəsdirib evlənmişdi. Marağalı Şeyx Sədrəddin onun dini təlimçisi olmuşdur.
 “Dədə Qorqud” kitabında Qazan xanın arvadının adı Burla Xatun, Fəzlullah Rəşidəddinin kitabında isə Buluqan Xatundur. Maraqlı oxşarlıqlardır. Bütün bunları araşdırmaq ixtisaslı alimlərimizin işidir.
 “Dədə-Qorqud” ensiklopediyasının tərtibində dastanla bağlı bu yerlər də yada salınmalıdır. Çünki Muğan zonası Qazan xanın ov ovladığı, at oynatdığı yerlərdır.
 Muğan Azərbaycanın qədim tarixindən xəbər verən mədəniyyət mərkəzlərindədir. Bu ərazidə Əlikömək təpəsindən tapılan maddi-mədəniyyət abidələrinin yaşı min illərlə ölçülür. Qədim Muğan sivilizasiyası məhz bu yerlərdə araşdırılmalıdır. Talış dağlarından Xəzərə doğru 15 tökmə kurqan vardır. Bu tipli kurqanlar Qrantovski, Poqrebova, Rayevski tərəfindən ari mədəniyyətinə aid edilir. Muğan şərqlə qərbi karvan yolları ilə birləşdirən ən əlverişli mövqedə yerləşmişdir. Buradan keçib gedən xalqların tarixi minillərlə hesablanır.
 Qədim mistik Muğan şəhərinin qalıqları Qarazəncir və Adnalı kəndləri arasındakı çöllükdə yerləşir. Bu şəhər vəhşi xazarların hücumu nəticəsində dağıdılmışdır. Bu torpağın hər qarışı xalqımızın qədimliliyindən xəbər verir. Muğan ta qədimdən kaspilərin, sabirilərın, muğların, alanların, hunların, Oğuz bəylərinin at oynatdığı mərkəzlər olub.
 Zərdüşt Muğanda baş qaldırmış, bu ərazilərdə qədim azərbaycanlılar atəşə tapınmış, Zərdüşt Avestanı burada bağlamışdır. Heç də təsadüfi deyil ki, qədim mənbələr, həm də ərəb səyyahları Muğanı Azərbaycanın əski yurdu və mədəniyyət ocağı hesab etmişdir. Qədim mənbələr xəbər verır ki, Azərbaycanın ilkini Muğanı çəyirtkə kimi bürümüş türklərdə axtarmaq lazımdır. Muğanda batmış Həməşərə (maq kahinlərinin yığışıb sehrli Haoma şərabı içdiyi yer), Bəcrəvan (Boqrəvan- Allahlar şəhəri) şəhərlərinin, Mişarçay, Quru dərə mədəniyyətinin sirləri hələ açılmamışdır.
 Orta əsr tarixçilərindən Balazuri, Yaqut ibn Misgəveh, Yaqut Həməvi və başqaları Azərbaycanı Zərdüştün vətəni hesab etmışlər. Min il bundan qabaq Əbu-Reyhan Biruni xəbər vermisdir ki: “Sonradan Muğanın əyan-əşrəfindən Mənicəhr şahın nəslindən olan Azərbaycan Səfid Tumanın oğlu Zərdüşt gəldi”.
 Qədim mənbələrin verdiyi xəbərə görə, Muğanda hər il Zərdüştlərin qurultayı keçirilərmiş, orada zərdüştlüklə bağlı məsələlərdən danışılmışdır. Bəcrəvan- Boqrəvan ari şahlarının andiçmə yeri olmuşdur.
 Muğanın sonunda yerələşən Cəlilabaddakı Sədə bazar kəndinin adı- zərdüştlükdəki Sedə Bayramı ilə əlaqədardır. Novruzdan 100 gün qabaq keçirilərmiş. Həmin kənddə meşədə yerləşən Məcidli tala, Bəcrəvan kəndindəki “Pir Həsən” də tarixi yerlərdir. Qədimdə Zərdüştə Həsəni Zərdüştü də deyərmişlər. Eçara, Parsoba, Alaşar kəndindəki daxmaların qalıqları Atəşpərəstliyin Muğandan nəşət etdiyini sübutlandırır. Ocaqlı kəndində atəşpərəstlərin məşhur ocağı yerləşirdi. Qazıntılar zamanı üstündə Qız qalasının şəkli olan pullar tapılmışdır. Mənbələr göstərir ki, Hindistan ərazisindən gələn zəvvarlar Muğan ərazisindəki ocaqlara və Bakıda Qız qalasının yanında olan atəşgaha sitayiş etmişlər.
 Muğanın, həm də atəşpərəstliyin qədimliyindən xəbər verən Tülkülü kəndinin abidələrindən danışmaq olduqca vacibdir. Bu kənd Cəlilabad rayonundan 20 kilometr şərqdə yerləşir. 1970-ci ildə kənd əhalisi fərqinə varmadan Tülkülü kəndinin adını dəyişdirib 2-ci Xənagah qoydular. Daha bilmədilər ki, bununla da Azərbaycanın qədimdən xəbər verən bir türk toponiminin də üstündən xətt çəkildi. Fikirləşmədilər ki, heç bir xalq və tayfa tülkü adını özünə yaraşdırmaz. Özü də ki tarixi minillərdən olan müqəddəs yerlərin. Kəndin əsl adının Türkülü olduğu haqda bir sıra sübut və dəlillər vardır.
 Kənddə yerli əhalinin indi də sitayiş etdiyi “Pirə Хәnсәг” ocağı yerləşir. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində xəbər verir ki, Alanlar Şəmşirə pərəstiş etmişlər. Yəni xəncəri yerə sancıb ona sitayiş edirmişlər. Ola bilsin ki, Ocaq da Azərbaycanda yaşayan alanlardan yadigardır.
 Kənddə hələ bundan qədim çağlardan xəbər verən abidələr də vardır. Ocaq kimi qorunub saxlanan atəşpərəst daxması da belə abidələrdəndir. Daxma 24x24 həcmində primitiv bişmiş kərpiclərdən hörülmüşdür. Ən maraqlısı odur ki, daxmada məbədin içərısində divara hörülmüş dağ kəli buynuzu təsviri vardır. Bu da qırmızı kərpicin üstündədir. Görünür bu da sitayiş məqsədi ilə edilmişdir. Qədim mənbələrdə deyilir: “Kiçik Asiyada Daskilon deyilən yerdə od məbədi təsvir olunmuş məbəddə sitayiş olunan öküz və qoç başı təsvıri varmış”.
 Tarixi araşdırmalardan məlumdur ki. qədim türklərin ən qədim onqonu zoomorflar olmuşlar. Professor Mirəli Seyidov yazır ki, belə heykəllər, haqqında söhbət açdığımız kimi türk xalqlarının mifık inamı ilə əlaqəlidir. Onlar inəyə, qoça və sairə tapınmışlar. Hələ XVII əsrlərə qədər türk tayfaları ağ qoyun və qara qoyunlulara bölünmüşlər. Altayda, Sibirdə yaşayan türkdilli qəbilə birləşmələri xoruz onqonların müqəvvasından heykəl qayırıb ona tapınarmışlar. Əski oğuzlar qızıl, gümüş toyuğun heykəlini, ara-sıra müqəvvasını qayırıb uca yerə qoyur, aşağıya isə ağ və qara qoyun bağlayırmışlar.
 Bürüncdən qayrılmış xoruz onqonu bu mülahizələri bir min il qədimləşdirir. Muğanda türk qəbilələrinin daha qədimliyindən xəbər verir. Eramızdan əvvəl IV minilliyə aid “Quru dərə” mədəniyyətinə (Cəlilabad rayonu) aid xoruz rəmzi bəlkə də Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı”nda təsvir etdiyi Avestadakı Xoruz qəbiləsinin rəmzidir. Heç də təsadüfi deyil ki, Avestada insanların sitayiş etdiyi Zoomorfları təmsil edən allahın adı Vohu-Mana imiş.
 Bütün bu dəlillər sübut edir ki, kəndin adı Tülkülü yox, Türküli imiş. Sonradan dilin fonetik qanunlarına əsasən formalaşaraq belə ifadə edilmişdir. Türkülü yaşayış yeri özünün daha tutarlı tədqiqatını gözləyir.

İbrahim Sel      (Ardı var)

Комментариев нет:

Отправить комментарий