24.06.2015

SİQH AYİNİ


Siqh ayininin banisi Nanak adlı bir şəxsdir. Nanakın tərcümeyi-halı və onun bu dini necə yaratması barədə əsas informasiya mənbəyi “Canamsakhi” və ya həyat hekayələri adlı kitablar toplusudur. Bu toplu siqhlərin müqəddəs kitabı olan Qrantdan sonra ən mühüm və ən mötəbər mənbədir. Bu sahədəki bitərəf kitablarda daha ətraflı məlumat olmadığına görə bu məlumatların doğruluğuna bir o qədər də əmin olmaq olmaz.

Siqh ayininin əsasının qoyan Nanak 1469-cu ildə Pəncab əyalətinin Talvandi kəndində dünyaya gəlmişdir. Bu kənd sonralar onun şərəfinə Nanak-ara, yəni Nanakın yurdu adlandırılmışdır.
Canamsakhi kitabında qeyd olunur ki, o uşaq yaşlarından fitri istedada malik olmaqdan əlavə, həyatın adi, təbii məsələlərinə qarşı laqeyd idi və onlardan uzaq gəzirdi. Onun uşaqlıq dövrü barədə nəql olunur ki, 7 yaşında ilk dəfə məktəbə gedərkən öz hindus müəlliminə bütün veda kitablarını mütaliə etmək əvəzinə ilahinin özünün rəhməti sayəsində allahın həqiqi adının həqiqətinin dərk etməsini tövsiyə etmişdi. Deyilənə görə, 9 yaşında ikən brahmanlar müqəddəs hindus ipini ona verdikləri zaman dua mərasiminin əhəmiyyəti barədə onlara müəyyən göstərişlər vermişdi. Onun barəsində nəql olunmuş müxtəlif hadisələr onun adi gündəlik həyata nifrət etməsindən sakit, təfəkkür və şövq, həyacana qarışmaqla yanaşı olan dini həyata maraq göstərməsindən xəbər verir. Hətta dostları və qohumları da onun adi işlər, fiziki fəaliyyətlər, alış-veriş və digər məşğuliyyətlərə nifrətini görüb ondan ümidlərini kəsmiş, onu faydasız, əfəl və öz ailəsinə qaxınc hesab edirdilər. Bir dəfə Sultanpur şəhərində yaşayan qaynı ona ləyaqətli bir vəzifə təklif etsə də o, ilk günlərdən bu işdən məyus olub uzaqlaşmışdır.
Nanakın adi həyata laqeydliyi o həddə çatır ki, nəhayət arvadını və iki övladını buraxıb meşə və çöllərdə sərgərdan gəzməyə başlayır. Bu dövrdə o, vaxtının çoxunu təfəkkür və meditasiya ilə müşaiyət olunan asketizm ilə keçirmişdir.
Onun barəsində yazırlar: “Bir gün Nanak çayda yuyunduqdan sonra meşəyə baş vurdu və görünməz oldu. Orada yuxu, yaxud aşkarlıq aləmində allahın hüzurunda hazır oldu. Cənnət içkilərindən bir cam doldurub ona verdilər və o, gözəl tərzdə bu şərabı qəbul etdi. Sonra allah ona dedi: Mən səninləyəm. Səni və sənin adını qəbul edən hər bir şəxsi xoşbəxt etdim. Qalx ayağa, get və mənim müqəddəs adımı təkrar et, başqalarına da mənim müqəddəs adımı zikr etməyi əmr et. Tərkidünyalıqda möhkəm ol və həmişə məni xatırla! İsmətli olmağı, cismin təmizliyini, allaha ibadəti və dünya barədə düşünməyi özünə peşə et... Mənim adım allahdır, birinci brahmayam, sən də ilahi “quru”san”.
Bu müracitə cavab olaraq Nanak cabci adlı nəğmə və şeirlər oxudu. Ardıcılları həmin nəğmələri müqəddəs kitabın bir hissəsi hesab edir və hər sübh çağı onu oxuyarlar.
Bu şe’rin məzmunu belədir: “Allah birdir və onun adı haqdır. Yaradan  qəzəbdən uzaq, qorxmaz, təmiz, qəyyum, böyük və mehribandır. Haqq əzəldən mövcuddur və əbədiyyətə qədər olacaqdır. Ey Nanak! O olub, var və olacaqdır”.
Nanak bundan sonra meşədən çıxdı və sükut içində keçirdiyi bir gündən sonra özünün məşhur cümləsini belə bəyan etdi: “Hindu və müsəlman yoxdu”. Bu da onun siqh adı ilə məşhurlaşan yeni ayininin yaranışının və təbliğatının başlanğıcı idi.
SİQH AYİNİNİ FORMALAŞDIRAN ZƏMİNLƏR. Müsəlman sultanların Hindistanı istila etməsindən, İslam dininin bu ölkədə yayılmasından və müxtəlif zümrələrdən olan insanların bu dinə meyl etməsindən sonra hinduslar müsəlmanlarla qarşıdurma və münaqişələrə başladı. Bu qarşıdurma əsas etibarı ilə iki yöndə baş verirdi: birincisi, İslamın arqumenti və məntiqi əsaslarının çoxu ilə tanışlığın və bunun nəticəsində öz qədim etiqadlarında şəkk və şübhəyə düşmüş alim və mütəfəkkirlər arya-samac kimi təəssübkeş hindus cərəyanları onların İslam dininə qovuşmaları yolunda başlıca maneə sayıldığına görə bu iki ayinin mütəfəkkirləri (müsəlman və arya-samac alimləri) arasında ideoloji çəkişmələr qaçılmaz oldu.
İkinci yönüm isə, əqidə yolunda təəssübkeş müsəlman və hindus kütlərləri arasında baş verən qanlı müharibə və münaqişələr idi. Bu çəkişmə və çarpışmaların nəticəsi ondan ibarət oldu ki, həm hinduizm, həm də İslamla əlaqəsi, tanışlığı olan bəzi hindus alimləri bütün münaqişələrə son qoymaq üçün bu iki din arasında birlik və inteqrasiya yaratmaq yolunu tutdular. Bu alimlərdən Nandiv, Ravidas və Kəbirin adını qeyd etmək olar. Kəbir daha önəmli və məhşur olmuşdur. Onda İslam alimlərindən mənimsədiyi təlimlərin təsiri altında İslamın əsaslarına maraq oyanmış və bu təlimlərin bir hissəsini hinduizm düşüncələri ilə əvəz etmişdir. O, hinduizmdə geniş yayılmış bütpərəstlik və tanrıların heykəllərinə sitayişi pisləmiş və tovhidə, təkallahlılığa üz tutmaqla bildirmişdir ki, allah daşda, metalda yaxud başqa bir şeyə sığmaqdan, öz bəndələrinin kitab oxunuşu, rahiblik, çaylarda qüsl etmək, məbədlərdə təvaf etmək kimi zahiri işlərdən sevinməkdən ucadır. Allah öz bəndələrindən yalnız niyyətlərini paklaşdırmağı, əxlaq və əqidələrini saflaşdırmalarını istəmişdir. Kimsə sədaqət və məhəbbətlə yeganə olan Allaha pərəstiş etsə, karma qanundakı əzab-əziyyətlərdən xilas və ardıcıl doğumlar dövri çarxından çıxacaqdır. O, həmçinin hər bir şəxsin nicata çatmaq üçün bir müəllimin yol göstərməsinə ehtiyacı olması məsələsinin (Pəncabın yerli dialektində buna “quru” deyilir) üzərində xüsusi dayanırdı. Siqh ayininin rəhbərlərinə də “quru” deyilməsi də buradan başlanır.
Kəbirin etiqadları  barəsində dərindən düşündükdə onun İslam dininin bir sıra etiqad və təfəkkürlərini, o cümlədən tovhidi, xalis ibadəti İslamdan götürdüyünü, sonradan onları hinduizmdəki karma və tənasüx əqidəsi ilə birləşdirdiyini görərik. Eyni halda qeyd etmək lazımdır ki, Kəbir həqiqətən hinduizm və İslamın sintezindən ibarət yeni bir ayin yaratmaq fikrində olmamış, şagirdi Nanak onun bu düşüncələri əsasında belə bir iş görmüşdür. Bir qrup insan mürid kimi onun ətrafına yığıldıqdan sonra o öz əqidəsini onlara öyrətmiş, müridləri ilə münasibəti müəllim-şagird münasibəti olduğuna görə onun ayinini “siqh” -bu Pəncab dialektində şagird deməkdir- adlandırmışlar. Nanakın vəzifəsi “quru” (müəllim) idi və siqh adı bu baxımdan onun ayininə aid edilir.
NANAKIN TƏBLİĞAT METODU. Quru Nanak başqalarını öz ayininə dəvət etmək barədə ilham gəldikdən sonra vahid allahın təbliği olan missiyasını yerinə yetirmək üçün səfərə çıxdı. Onun e`tiqad bəslədiyi allah bütün təbəqələrə -istər varlı olsun, istərsə də kasıb- eyni səviyyədə aiddir. Nanak yeganə allahı təbliğ etmək üçün ona kimi müsəlman olan və siqh ayininin ilk ardıcılı sayılan xidmətçisi Mərdananı özü ilə götürdü. Mərdana çox gözəl rübab çalırdı. Nanakın özü də şair idi və əksər çağırışlarını şeir və nəğmə şəklində çatdırırdı. O, şeir oxuyanda Mərdana musiqi ilə müşayiət edirdi. Bu məsələ Nanakın etiqadlarının sadə və səlis formada adi camaata çatmasına və onun e’tiqadlarını çox asanlıqla dərk etmələrinə səbəb oldu.
Quru Nanakın təbliğat fəndlərindən biri də özünün geyim və zahiri bəzəklərində hindusların və müsəlmanların geyim və bəzəklərini birləşdirərək istifadə etməsi idi. Belə ki, cilitkə geyinər və adətən hindusların çiyinlərinə saldığı və safa adlanan ağ bir parçanı onun üstünə örtər, başına müsəlman dərvişlər sayağı papaq qoyardı. Boynuna bir sümük asar və alnına hindus xalı vurardı.
Quru Nanak bu şəkildə 12 il səfərdə oldu. O, Hindistanın müxtəlif şəhərlərində öz ayinini təbliğ edirdi; hər yerə çatırdısa öz şeirlərini oxuyur və camaata moizə edirdi. Mərdana da rubabda çalmaqla onu müşaiyət edirdi. Nanak əsasən bu cümləni xüsusi vurğulayırdı: “Mən bu əsrdə insanlara yol göstərmək üçün zühur etmişəm. Mən bütün firqələri inkar edir və yalnız bir olan allaha pərəstiş edirəm. Mənim tanıdığım Allah hər yerdə- asimanlarda və yerdə, hər tərəfdədir”.
Quru Nanak çoxsaylı səfərlərdən sonra 1520-ci ildə vətəninə qayıtdı və öz varlı ardıcıllarından biri olan Kartar-purun ona bağışladığı torpaqda məskunlaşdı. Burada vəfat etdiyi 1539-cu ilə qədər yaşamışdır. Nanakın ölümündən qabaq son tədbiri öz canişinini təyin etməsi olmuşdur. O, özündən sonra rəhbərlik iddiasında olan oğlu Şriçəndi zahidliyə ifrat meylinə görə canişinlikdən məhrum edərək və onun yerinə xüsusi şagirdlərindən biri olan Anqadı canişin və rəhbər təyin etdi. Ondan sonra da səkkiz başqa “quru” biri digərinin ardınca siqh cəmiyyətinə rəhbərliyi öhdələrinə götürdü. Amma onuncu quru olan və 1708-ci ildə dünyadan köçən Qovind Sinqh ölümündən qabaq bu ayinin ardıcıllarına ondan sonra daha heç bir rəhbərin olmayacağını bildirmişdir. Buna görə də öz canişinini tə’yin etməmişdir. Bundan sonra “quru”ların yazıya köçürülmüş və “Qrant” adlandırılan təlimat toplusu siqh cəmiyyətinə rəhbərliyi öhdəsinə götürmüşdür və siqhlər məbədə daxil olarkən ona təzim edərək hörmətlə yanaşırlar.
ƏQİDƏLƏRİ. Bu dərsdə siqh ayininin ən mühüm ideoloji əsaslarını araşdırırıq.
1. Tovhid. Keçən dərsdə qeyd olunduğu kimi, siqh ayininin banisi Nanak varlıq aləminin mənşəyi məsələsində tovhidə inanmış, öz yazı və şeirlərində dəfələrlə bunu vurğulamışdır. Bu barədə Qrant kitabında oxuyuruq: “ Yalnız vahid Allah vardır ki, onun adı haqdır, xaliqdir, qorxu və düşmənçilikdən uzaqdır, puç olmaz, doğulmamışdır, öz zatı ilə mövcuddur, əzəmətli və səxavətlidir. Vahid həqiqi Allah əvvəldən mövcud olmuşdur. Vahid Allah əzəldən olmuşdur, indi də vardır və həmişə olacaqdır”. Kitabın digər bir hissəsində isə deyilir: “Allah birdir və ondan başqa heç bir məbud yoxdur, ey mənim qardaşlarım!”
Nanak həmçinin öz şeirlərində Allaha xitabən belə deyir: “Sənin heç bir şərikin yoxdur ki, sənin yanında olsun”. “ Kimə ikinci Allah deyək? Heç kəs yoxdur. Bütün dünyada yalnız eyibsiz və pak vahid Allah vardır”. “Sənə heç kəs bənzəməz. Sən bütün əsr və dövrlər üçün yeganə Allahsan, həmişə vahidsən. Səndən başqa heç vaxt başqa bir mə’bud olmayıbdır”.
Nanakın öz təkallahlıq əqidəsində müsəlman sufi alimlərinin böyük təsiri açıq-aşkar hiss olunur. Onun Allahın zatı ilə əlaqədar söylədiyi fikirlər və Allahı haqq adlandırması da bu təsirlərin göstəricisidir.
Nanak eyni halda ilahi təcəssümün müxtəlifliyinə və rəngarəngliyinə inanırdı. O, öz nəğmələrinin birində belə deyir: “Ey böyük Allah sən vahidsən, amma sənin təcəssümün çoxdur”. O, hindus məbudlarından bəzilərini Allahın təcəssümü və simvolu hesab edir.
Nanakın Allah üçün işlətdiyi əsas ad haqqdır. Onun bütün yazı, nəğmə və məktublarının sərlövhəsində Satnam, yəni haqq adını görmək olar. Bununla belə, bəzən onun əsərlərində İslami və hindus ifadələri birgə şəkildə müşahidə olunur. Məsələn, Allah-Təala və uca Brahma. Nanak bəzən də Allah barədə “Hamının hidayəti və müqəddəratı onun əlində  olan mütləq qadir” ifadəsini də işlədir. O, nəğmələrdən birində deyir: “Hər kəsin çətinliyi və azadlığı sənin əmrinlədir. Heç kəsin ona müdaxilə etməyə qüdrəti çatmaz”. “O, hər şeyi istəsə yerinə yetirər. Bir kimsə ona fərman vermir. O sultan və sultanların sultanıdır. Hər bir şey onun iradə və əmrinə tabedir”. “Bəndələrini öz fərmanı ilə hidayət edir”. “Sənin razılığın olduğu şeylər mövcuddur. Sənin istədiyin və etdiyin işlər həyata keçər. Sənin razılığın olan şeylər dərhal yerinə yetirilər”.
2. ALLAHI ZİKR ETMƏK. Allahı yad etmək və ona zikr demək Nanakın əqidə və təlimlərinin başqa bir xüsusiyyəti hesab olunur. Əvvəlki dərsdə də gördüyümüz kimi, o ilk tapıntısından sonra da Allahın ona adını təkrarlamağı tövsiyə etdiyini, qurtuluş vədəsini onun adını dildə təkrar-təkrar zikr edənlərə verdiyini bildirmişdir. Buna əsasən Nanakın təbliğinin əsas istiqaməti Allahı yad etmək və bu işdə ardıcıllıqdır. Nanak bu məsələdə o dərəcədə təkid edir ki, hətta ondan “Nə üçün “sat nama” (haqq adı kəlmələri) həmişə sənin nəğmə və şeirlərinin başında gəlir”- deyə soruşduqda belə cavab verir: “Bu ad bütün məbudların allahının adıdır. Qurunun şagirdləri və müridləri haqq ada pərəstiş edirdilər; ona sitayiş etməklə qurtuluş yolunu qət edir və bu yolda mövcud olan maneələri aradan qaldırırlar. Buna görə də, “haqq adı” sözü hər bir kitab, yazı və nəğmənin əvvəlində yazılır”.
O, başqa bir yazısında bu barədə belə deyir: “Bu adı unudanlar azğınlığa düçar olarlar... Necə ola bilər ki, bir şəxs allahın adı olmadan nicat tapsın?” Başqa bir yerdə deyir: “Mən Allahın adında rahatlıq tapıram və bu ad da mənim qəlbimdə özünə yer tapır”.
Tamamilə aydındır ki, siqh etiqadının bu hissəsi sufi etiqadlarından təsirlənmişdir. Allahı zikr etmək və bu işdə ardıcıllıq müsəlman sufilərin ən mühüm və ən geniş yayılmış metodlarından biridir. Belə bir üslub hinduizm dinində müşahidə edilməmişdir.
3. İNSAN VƏ DÜNYA. Nanak inanırdı ki, insan məxluqların ən şərəflisidir və digər varlıqlar ona xidmət etmək üçün yaradılmışdır. Bu baxımdan o, hinduslara görə haram olan heyvan ətinin yeyilməsini caiz hesab edir. Nanak bu işi caiz bilirdi və bu məsələdə ona ilham verən hind müsəlmanlarının əqidələri idi. O, həm də insanın böyük tanrının bəndəsi kimi səadət və qurtuluş yolunu öz qüdrəti ilə qət edəcəyinə inanırdı. Bununla belə, bəndələr allahın qüdrətindən və ondan kömək istəməkdən qafil olmamalıdırlar. Çünki, bütün varlıqlar allahın fərmanı ilə xəlq edilmişlər və onun fərmanı ilə öz vəzifə və borclarını yerinə yetirirlər. Onlar Allahın əmri ilə ölümə təslim olur, onun fərmanı ilə “tək həqiqətə” cəlb edilirlər. Allahın razılığı olan hər bir iş baş verəcək, heç bir şey onun yaratdıqlarının gücündə deyildir. Nanak öz şe’rlərinin birində belə deyir: “Onun razılığı hasil olsa, istədiyi şəxsi əziz edər. Razılığı olmasa tənbeh edər; razı olduğu işlər gerçəkləşir. Ey Nanak, insan hansı ixtiyarın sahibidir ki?”
Görünür, insan həyatında müqəddərat və tale məsələsinə belə yanaşma da nicat və qurtuluş naminə Allahı ardıcıl zikr və təkallahlılıq təfəkkürü kimi müsəlman sufilərin irfani əqidələrinə əsaslanmış, onların təsiri altında olmuşdur. Belə ki, İslam irfan ədəbiyyatında ixtiyarın inkar olunması, tanrının mütləq fail olması və hətta insani təkliflərin yerinə yetirilməsində Allahın mütləq failiyyətinə dair terminlər yetərincədir. Amma Nanakın varlıq aləmi, eləcə də axirət aləminə baxışı İslam e’tiqadları ilə hinduizmin sintezidir. O, dünyanın ötəri və davamsız olmasına toxunaraq deyir: “Bu dünyanın işləri davamsız və ötəridir, yalnız dörd gün davam edir. Biz tam əminliklə bu mərhələdən keçməliyik. Bu aləm bir yuxu və xəyaldan ibarətdir”.
O, Qrant kitabında behişt və cəhənnəmin olmasını dəfələrlə qeyd etməklə yanaşı bu dünyanın ötəri və xəyali olmasını “maya” etiqadlarına uyğun sayır. Hinduizm etiqadında maya “dünyanın batini surəti” kimi nəzərdə tutulur. Yəni, Allah maddəni xəlq etməklə haqqın üzərinə batildən niqab çəkmişdir və varlıq aləmi bundan sonra müxtəlif rəngarəng surətlərdə -Brahma, Vişnu və Şiva məbudları, yer, səma, insan, bitki- hamılıqla haqqın insanın təsəvvür pərdəsində təcəssüm edən müxtəlif surətləridir. Nanak bu mətləbi qəbul etməklə aşkar şəkildə deyir ki: “Allah özü dünyanı yaratmış və hər bir şeyə özü ad qoymuşdur. O, mayanı öz qüdrəti ilə yaratmışdır”.
Buna görə də, bütün xilqət amilləri, səbəb və nəticələr silsiləsinin hamısı batil, aldadıcı düşüncələrdir, yalnız aləmin yaradanı Allah haqqdır və dünya ilğımdan başqa bir şey deyildir. Nanak daha sonra hindusların insanların ruhlarının bir-birinə keçməsinə əsaslanan etiqadı (tənasüx) ilə razılaşaraq karma qanunundan xilas olmaq üçün həmişə Allahı yad etməyin lazım olduğunu və yalnız bunun sayəsində ardıcıl təvəllüdlərdən xilas olmağın mümkünlüyünü təsəvvür edir. Bu bəyanla Nanak İslam təfəkkürü ilə hinduizmin ortaq nöqtəsini seçmişdir. Çünki onun fikrincə, qurtuluş və səadət behiştinə daxil olmaq İslam düşüncəsinə,hinduizm təfəkkürünə görə isə nirvana mərhələsinə qovuşmaq, İslam əqidəsinə uyğun olaraq cəhənnəm əzabından xilas olmaq və hinduizm baxışlarında karma qanunu, tənasüxdən qaçmaq haqqı davamlı zikr etməklə mümkün ola bilər. Buna əsasən siqh ayininə görə, cənnət və cəhənnəm Allahı xatırlamaqdan uzaqlaşmaqdan başqa bir şey deyildir. Hinduizm baxışlarına uyğun olaraq, cənnət və cəhənnəm dünyanın batil surətləri, yaxud mayadır, cənnətin həqiqi surəti isə haqqın zikrində məhv olmaqdan ibarətdir. Bu yozum əslində hinduizmdə fəna mərhələsinə və nirvanaya qovuşmaq kimi təsvir edilən, haqda fani olmaq mərhələsi olan bə`zi sufi firqələrinin nəzəriyyəsini xatırladır.
4. İBADƏT. Siqh ayinində İslamda və hinduizmdə olan ibadət mərasimlərinin heç biri ilə rast gəlmirik. İslam dinində olan namaz, oruc, həcc və s. əməllər, eləcə də hinduizmdə geniş yayılmış qurban kəsmək, bütlərə pərəstiş, asketizm, çaylarda qüsl etmək və s. heç biri Nanak tərəfindən tövsiyə edilməmişdir. Siqh ayini ümumiyyətlə ibadət əməllərinin yerinə yetirilməsinin əleyhinədir və onların hamısını zahiri hesab edir. Amma onların yerinə dərin daxili düşüncəyə qərq olmağa, irfani seyr-süluka diqqət yetirilməsinə daha çox yer verilir. Nanak bu firqənin rəhbəri kimi yalnız Allahı zikr etməyi və bu işdə ardıcıllığı öz ardıcıllarına ən əsas ibadət və vəzifə olaraq tövsiyə etmişdir. Belə ki, o deyir: “Ey mənim qardaşlarım! Allah-Təala barədə düşünmək yeganə dini ayin və ritualdır”. Başqa yerdə deyir: “Hamının ən böyük vəzifəsi tək Allahın adını təkrarlamaqdır”. “Çox pak olan Ram adını (hindus məbudlarından biri) yadında saxla və qalan hər bir şeydən əl çək”. “O müqəddəs adı təkrar et, onu eşit və onunla ünsiyyətdə ol. Öz diqqətini Allaha yönəlt və hər nəfəs çəkəndə və nəfəs verəndə onun adını təkrarla ki, sənin ruhun Allah nuruna cəzb olunsun”.
Əlbəttə, siqh dininin göstərişlərində Allahı zikr etməkdən əlavə, quruya xüsusi ehtiram, diqqət yetirmək də tövsiyə və təkid olunmuşdur. Bu ayində heç bir şəxs qurunun yol göstərməsi olmadan nicat və qurtuluşa çata bilməz. Nanak bu məsələni belə bəyan edir: “Həqiqi bir quru olmadan siz nicat yolunu tapmayacaqsınız”. “Quru olmadan heç kəs Allaha  çatmayacaq”.
Buna görə də quruya qarşı səmimilik və ehtiram siqh ayininin əxlaq normalarından biri kimi qəbul olunmuşdur. Siqh cəmiyyətini silahla müdafiə edən və onun genişlənməsi üçün mübarizə aparan Sinqat, yaxud xalis quruluş da sonradan yaranmasına baxmayaraq, quruya ehtirama əsaslanan təfəkkür üzərində qurulmuşdur. Çünki bu quruluşun əsasını quruya qarşı ən yüksək ixlas mərtəbəsini sübuta yetirmiş şagirdlərin xalis fərd kimi tərbiyələndirilməsi təşkil edir.
5. QRANT. Siqhlərin əsas və müqəddəs kitabı Adi-Qrant, yaxud ilkin kitab adlanır. Bu kitab siqh ayininin dini nəğmə və şeirlərini əhatə edən böyük bir topludur. Bu 1400 səhifəlik kitabın birinci bölməsi quru Nanakın şeirlərindən ibarətdir və ona Capci deyirlər. Siqhlər hər gün sübh çağı, gün çıxan zaman onu oxuyurlar. Kitabda olan bəzi nəğmələri gün batan zaman oxuyurlar. Siqhlər cəmiyyətində 10 “quru”nun təsnif toplusundan ibarət kitab da var. Həmin kitabda siqh ayininin ideya və etiqadları izah olunaraq təkmilləşdirilir.
Qeyd olunmalıdır ki, quru Qovind Sinqh dövründən sonra (siqhlərin sonuncu qurusu) siqhlər tərəfindən Qranta ehtiram qoyulması və müqəddəsləşdirilməsi “quru”lara olan ehtiramın yerini tutmuşdur. Hətta Qrant siqhlərin mə’bədlərində xüsusi yerlərdə saxlanılır və siqhlər mə’bədə daxil olarkən onların qarşısında əyilib tə’zim edirlər. Nigah mərasimlərində bu kitabın ətrafına dolanmaq siqh dini adət-ənənələrinin bir hissəsi sayılır.

Seyid Əhməd Mahmudi: “Dinlərlə tanışlıq”. Tərcümə edən: Ağabala Mehdiyev

Комментариев нет:

Отправить комментарий