10.06.2015

Seyid Əhməd Mahmudi – VƏHHABİ MƏZHƏBİ

Vəhhabi məzhəbinin banisi Məhəmməd ibn Əbdülvəhhabdır. Bu firqənin adı onun atasının adından, yəni “Əbdülvəhhab” kəlməsindən götürülmüşdür. Məhəmməd ibn Əbdülvəhhab hicri tarixi ilə 1111-ci ildə Ərəbistanın Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmiş və 1206-ci ildə, 96 yaşında dünyadan getmişdir.
Atası Şeyx Əbdülvəhhab öz dövrünün hənbəli alimlərindən biri idi və Üyeynə şəhərində qazi işləyirdi. O, camaatın çox hörmət bəslədiyi adamlardan biri idi. Məhəmməd atasının yanında hənbəli fiqhini öyrənmiş, Məkkə-Mədinə alimlərindən sair islami elmləri, o cümlədən, hədis, əqaid, təfsir elmlərini təhsil almağa başlamışdı. O, Müsəyləmə, Səccah, Əsvəd Ənəsi, Tüleyhə Əsədi və s. kimi peyğəmbərlik iddiasında olan şəxslərin tarixini oxumağa daha çox maraq göstərirdi. Cavanlığından camaatın dini əməlləri, əqidə və fikirlərinə qarşı şəkk-şübhə ilə baxır, onların qarşısında çox mənfi bir mövqe tuturdu. İş o yerə çatmışdı ki, o, camaatın əməllərindən çoxunu şirklə qarışıq hesab edirdi.
Şeyx Məhəmmədin camaatın əməl və əqidələri ilə belə rəftar etməsi, hətta onunla atası arasında mübahisə və çəkişməyə səbəb olmuşdu. Atası onu öz yanından qovmuş və camaatı ondan çəkindirmişdi. Buna görə də, Şeyx Məhəmməd atasının sağlığında öz əqidə və fikirlərini istədiyi kimi aşkar edə bilməmişdi. Amma 1153-cü ildə atası vəfat etdikdən sonra öz fikir və əqidələrini aşkar və camaatın dini əməllərinin bir qismini inkar etməyə başladı. O dövrdə onun məskunlaşdığı Hərimələ əhalisinin bir qrupu ona itaət etdi və o, tədricən məşhurlaşmağa başladı. Sonra öz vətəni Üyeynəyə qayıtdı. Üyeynənin o dövrdəki valisi Osman ibn Həmd onu çox hörmətlə qarşıladı və onu himayə edəcəyinə söz verdi. Amma o, 1160-cı ildə Ehsa şəhərinin əmiri onun barəsində Osmana yazdığı tənqidi məktubdan sonra Üyeynədən qovuldu və Dəriyyəyə yola düşdü. Dəriyyənin o dövrdəki əmiri Məhəmməd ibn Səud onu çox səmimiyyətlə qarşıladı və onunla Nəcdin hakimiyyətini ələ alacaqları barədə əhd-peyman bağladılar. Sonra Nəcdin bütün qəbilə rəislərinə və camaatına məktub yazaraq, onları öz məzhəbini qəbul etməyə çağırdı və qəbul etməyəcəkləri surətdə onlarla müharibə edəcəyini bildirdi. Bir qrup onun məzhəbini qəbul etdi, digər bir qrup isə ona etinasız yanaşdı. Dəriyyə camaatının köməyi ilə Nəcd və Ehsa camaatı ilə apardığı müharibələrdən sonra Nəcd əyaləti bütövlükdə Səud ailəsinin ixtiyarına keçdi. Bundan sonra vəhhabilər Ali-Səud əmirlərinin rəhbərliyi ilə (Məhəmməd ibn Səuddan sonra oğlu Əbdüləziz və ondan sonra Səud ibn Əbdüləziz hakimiyyətə çatmışdı) Hicazın sair məntəqələrini və şəhərlərini, o cümlədən, Taif, Məkkə, Mədinə və Cəddəni öz ixtiyarlarına keçirmək fikrinə düşdülər. Uzun sürən qanlı müharibələrdən sonra, nəhayət, 1343-cü ildə Məkkə və 1344-cü ildə Cəddə işğal edilməklə, bütün Hicaz məntəqəsi Ali-Səudun ixtiyarına keçdi və vəhhabiyyət bu ölkənin rəsmi məzhəbi kimi tanındı.
Vəhhabilər həmin dövrdə və sonralar sair ölkələrə, o cümlədən, Bəsrəyə, Nəcəfə, Kərbəlaya, Suriyaya ardıcıl hücumlar etdilər
İDEOLOJİ ƏSASLAR. Vəhhabilərin ən mühüm ideoloji əsaslarını sələfi məzhəbinin banisi İbn Teymiyyənin düşüncələri təşkil edir. Məhəmməd ibn Əbdülvəhhab və onun şagirdi İbn Qəyyim Coziyyə onun əqidə və fikirlərinin şiddətli təsiri altına düşmüşdü. 
İbn Teymiyyənin əhli-hədisin və hənbəlilərin əndişəsindən qaynaqlanan, kəskin şəkildə zahirə meyl edən nəzəriyyələri bir tərəfdən Allaha mərifət və ilahi sifətlər barəsində büruz edərək, Allahın cismi olduğunu güman edən müşəbbihə və həşəviyyə əndişəsinə yaxınlaşdı, digər tərəfdən də müsəlmanların rəftar və əməllərinin çoxunu şirk adlandırıb rədd etdi. O cümlədən, ilahi övliyalara təvəssül etmək, onlardan şəfaət diləmək, Allah övliyalarının və Peyğəmbəri (s) ziyarət etmək, məsumların qəbirləri üzərində hərəm və hər hansı bir bina tikmək və sairəni qeyd etmək olar. Həmin nəzəriyyə daha qabarıq şəkildə Məhəmməd ibn Əbdülvəhhabın və onun ardıcıllarının təfəkkürünün əsasını təşkil edirdi. O, müsəlmanları şirk və küfrdə ittiham etməkdə o qədər həddini aşdı ki, hətta bütün islami ölkələri və hələ vəhhabilərin əlinə düşməyən Məkkə və Mədinəni belə Darul-hərb (müharibə evi) və Darul-küfr (küfr evi) adlandırdı. O, müsəlmanlarla müharibə edib, müqəddəs məkanları işğal etməyi cihad adı ilə vacib edirdi. Səud ibn Əbdüləziz də Məkkəyə həmlə edərkən Şərif Əbdülmüin Məkkə camaatı üçün ondan aman istədikdən sonra Məkkə camaatına xitabən belə yazdı: “Allahın adı ilə. Səud ibn Əbdüləzizdən bütün Məkkə əhalisinə, alimlərə, böyük şəxsiyyətlərə, sultanın qazisinə. “Əssəlamu əla mənittəbəl huda.” Siz Allah evinin qonşuları və Onun hərəminin sakinlərisiniz. Allahın əmniyyəti ilə amanda olun. Mən sizi Allahın və Onun Peyğəmbərinin dininə dəvət edirəm. Belə isə siz Allahın fərmanı müqabilində və müsəlmanların rəisi Səud ibn Əbdüləzizin fərmanındasınız. Sizin hakiminiz Əbdülmüin ibn Müsaiddir. Onun əmrlərini eşidin, nə qədər ki, Allahın fərmanına itaət edirsiniz, onun fərmanında olun. Vəssəlam.”
Mülahizə etdiyiniz kimi, əvvəlcə “Əssəlamu ələykum” sözü əvəzinə, “Əssəlamu əla mənittəbəl huda” qeyd olunur və bu da onu göstərir ki, o, müraciət etdiyi şəxsləri müsəlman hesab etmir. Çünki Peyğməbər (s) bu cür salamı kafirlərə xitabən işlədərdi. Halbuki müsəlmanlar barəsində islami qayda-qanunlara uyğun olaraq, “Əssəlamu ələykum və rəhmətullah” deyilir. Daha sonra kitab əhlinə xitab olunan bir ayəyə istinad edir.
MƏHƏMMƏD İBN ƏBDÜLVƏHHABIN MÜXALİFLƏRİ. Şeyx Məhəmmədin əqidə və məfkurələrinin yayıldığı və vəhhabi firqəsinin təsis olunduğu vaxtdan indiyə qədər, İslam alimləri arasında onun əndişələrinin əleyhinə geniş müxalifət dalğaları yaranmışdır.
Şafei firqəsinin böyük müftisi Əhməd Zeyni Dehlanın (Məhəmməd ibn Əbdülvəhhabın müasiri idi) yazdığı kimi, Məhəmməd ibn Əbdülvəhhabın müxalifləri ilk növbədə onun atası, qardaşı Süleyman, eləcə də öz ustadı idi. O yazır: “Şeyx Məhəmmədin atası və qardaşı (Süleyman) hər ikisi öz dövrünün böyük alimlərindən və Şeyx Məhəmmədin ustadlarından idi. Onun bir sıra ifratçı əqidələri ilə tanış olduqdan sonra camaatın onunla əlaqə saxlamasına mane oldular.
O, daha sonra yazır: “Məhəmməd ibn Əbdülvəhhabın qardaşı Şeyx Süleyman Mədinədə onunla birlikdə təhsil almış və daha sonra onunla birlikdə Nəcdə qayıtmışdı. Amma bir az sonra qardaşının ifratçı nəzəriyyələrinin qorxusundan Mədinəyə qayıtdı, orada “Əssəvaiqul-ilahiyyət fi rəddil-vəhhabiyyət” kitabını yazaraq, Nəcddə öz qardaşına göndərdi. Bu kitabda o, qardaşına xitabən belə yazmışdı: “Bu məsələlər (müsəlmanların Şeyx Məhəmmədin tərəfindən şirk və küfr adlandırılan əməlləri) Əhməd ibn Hənbəldən qabaq və İslam rəhbərlərinin dövründə də mövcud idi. Bəziləri onları inkar edirdilər, lakin İslam rəhbərlərinin heç birindən bu əməllərə mürtəkib olanları kafir və mürtəd hesab edərək, onlara qarşı cihad hökmü verilməsi, yaxud müsəlman ölkələrinin sənin dediyin kimi, “küfr evi”, “şirk evi” ölkəsi adlandırılması eşidilməmiş və ya rəvayət olunmamışdır. Həmçinin dörd məzhəb imamlarının dövründən keçən 800 il müddət ərzində İslam alimlərinin heç birindən bu kimi məsələlərin küfr hesab edilməsi eşidilməmişdir. Allaha and olsun, sənin sözündən belə çıxır ki, Əhməd ibn Hənbəlin zamanından sonra Peyğəmbər (s) ümmətinin hamısı, istər alimlər, istər əmirlər, istərsə də ümumxalq kütləsi kafir və mürtəddirlər. İnna lillah və inna iləyhi raciun...! Sənin dediyin “Məndən qabaq heç kəs İslam dinini tanımamışdır” sözünə vay olsun!”.
Şeyx Məhəmmədin müasirləri olan və onun əleyhinə kitab və risalə yazan digər alimlərin adını aşağıda qeyd edirik:
1. Şeyx Məhəmməd ibn Süleyman Kürdi: o, Mədinədə Şeyx Məhəmmədin ustadı idi və Şeyx Süleymanın kitabına əlavələr edərək, Şeyx Məhəmmədin əqidələrini rədd edən bir məqalə yazmışdı.
2. Abdullah ibn Əbdüllətif Şafei: o, da Şeyx Məhmmədin ustadlarından idi və “Təcridu seyfil-cihad li muddil-ictihad” adlı kitabını onun əqidələrini rədd etmək üçün yazmışdır.
3. Əfifuddin Əbdüllah ibn Davud Hənbəli: o, “Əssəvaiqu vərrəud” adlı kitabını bu barədə yazmış və Bəsrə, Hələb, Bağdad, Ehsa şəhərlərin və sair yerlərin alimləri ona əlavələr etmişlər.
4. Şeyx Abdullah ibn İbrahim Taifi: o, “Təhrizul-əğbiya ələl-istiğasəti bil-ənbiyai vəl-övliya” adlı kitabını yazmışdır.
5. Şeyx Tahir Hənəfi: o, “Əl-intisaru lil-övliyail-əbrar” kitabının müəllifidir.
6. Şeyx Əta Məkki: o, “Əs-sarimul hindi fi ünüqin-nəcdi” kitabının müəllifidir.
7. Şeyx Əta Əl-Kəsim və Dəməşqi: o, “Əl-əqvalul mərziyyətu fir-rəddi ələl-vəhhabiyyəti” kitabının müəllifidir.
Qeyd etmək lazımdır ki, Məkkə alimlərindən olan Əbu Hamid ibn Mərzuq “Ət-təvəssulu ilən-nəbiyyi və cəhalətul-vəhabbiyyin” kitabında Məhəmməd ibn Vəhhaba xitab edərək, onun əqidələri ilə müxalifət edən müasir alimlərdən 40 nəfərin adını qeyd edir. Yuxarıda qeyd olunanlar 40 kitabdan yalnız bir neçəsi idi.
VƏHHABİLİYİN ƏQİDƏLƏRİ. Əslində İbn Teymiyyənin əqidəsi olan vəhhabi əndişəsi əsasən tövhidlə şirkin arasında müəyyən bir sərhəd təyin etməklə əlaqədardır. İbn Teymiyyə və onun ardıcıllarının fikrincə, müsəlmanların arasında çoxlu şirk növləri, xüsusilə ibadətdə olan şirk nüfuz etmiş və onları tövhiddən uzaq salmışdır. Buna görə də, islami cəmiyyətlərdə yayılmış müxtəlif şirk nümunələrini üzə çıxarıb, onu başqalarına da tanıtdırmaq lazımdır. Əməl məqamında da bu kimi təzahürlərlə ciddi mübarizə aparılmalıdır.
Tövhid və şirk məsələsi İslamda ən mühüm etiqadi məsələlərdən birdir. Çünki İslam tövhid dini olduğu üçün şirki qadağan edir. Bütün islami məzhəblər bu nəzərdə yekdil fikrə malik olub, özlərini müvəhhid (təkallahçı) hesab edirlər. Amma ayrı-ayrı vaxtlarda müsəlmanlar arsında bəzi şəxslər tapılmışdır ki, bəzi firqələrin əqidə və rəftarlarını şirklə qarışmış hesab etmişlər. İbn Teymiyyə, İbn Əbdülvəhhab və onların ardıcılları bu barədə ifratçı nəzəriyyələr irəli sürərək öz müasirlərinin hamısını şirkdə ittiham etmişlər. Onlar öz fikirlərini isbat etmək üçün müsəlmanların əməl və rəftarlarından bir çoxunu öz müddəalarına şahid gətirərək, şirk nümunələrini rədd etməyə çalışmışlar.
İbn Teymiyyə deyir: “Peyğəmbərlərin risalətində çatdırılmalı olan tövhid prinsipi, ilahilik prinsipini yalnız Allaha məxsus edir; yəni bəndə şəhadət verir ki, Allahdan başqa heç bir məbud yoxdur. Nəticədə Allahdan başqa heç kəsə pərəstiş və heç nəyə təvəkkül etməməli, Onun xatirinə olmadıqda, heç bir şəxsi sevməməli, Onun xatirinə olmayan heç bir kəslə düşmənçilik etməməli və heç bir iş Onun razılığı olmadan yerinə yetirilməməlidir.
Bu deyilənlərin hamısı Quranda Allahın Özü üçün isbat etdiyi tövhidi əhatə edir. Buna əsasən, sadəcə olaraq Allahın vahid olmasına etiqad bəsləmək, yaxud vahid Allahın dünyanın xaliqi olduğuna inanmaq, həmçinin Allahın sifətlərini etiraf etmək və Onu eyiblərdən pak bilmək tövhid sayılmayacaq. Yalnız o vaxt tövhid sayıla bilər ki, Allahdan başqa heç bir məbudun olmamasına, yalnız Allahın pərəstişə layiq olmasına şəhadət versin.”
İbn Teymiyyə və onun ardıcılları inanırdılar ki, Allahdan başqasından kömək istəyib, Onun qarşısında kiçilmək, Peyğəmbər (s) və övliyalardan şəfaət diləmək, imamların və peyğəmbərlərin qəbirlərini ziyarət etmək, onların məqbərələri qarşısında qurbanlıq kəsib, nəzir etmək və namaz qılmaq, onlara təvəssül etmək, övliyaların qəbirləri üzərində hər hansı bir bina inşa etmək və s. tövhidlə ziddir və şirkin aşkar nümunələrindən sayılır.
İndi isə İbn Teymiyyənin və ümumi şəkildə vəhhabi məzhəbinin müsəlmanların tövhidlə zidd olan, şirk və küfr sayılan əməl və əqidələri barədə irəli sürdükləri nəzərləri araşdırırıq.
1. ŞƏFAƏT. Vəhhabilərin nəzərində şirkin bariz nümunələrindən biri hesab olunan ən mühüm məsələ peyğəmbərlər və övliyalardan şəfaət diləməkdir. Onların əqidəsinə görə, Allah övliyaları və peyğəmbərlərinin dünyada şəfaət etməsinin heç bir təsiri yoxdur, bu yalnız axirətdə, özü də yalnız Allahın izni ilə mümkündür. Buna əsasən, bəndələrin özləri ilə Allah arasında müəyyən şəxsləri vasitəçi qərar verib, onlar üçün şəfaət etməsini istəməsi şirkdir və Allahdan başqasına ibadət hesab olunur. Buna görə də, bəndələr yalnız Allaha dua edərək belə deməlidirlər: “Pərvərdigara! Bizim peyğəmbərimiz Mühəmmədi (s) və ya Özünün sair saleh bəndələrini, yaxud mələkləri qiyamət günündə bizim şəfaətçimiz qərar ver.”
Lakin bizim “Ey Allahın Rəsulu, (yaxud) Ey Allahın vəlisi, səndən istəyirəm ki, mənim barəmdə şəfaət edəsən” – yaxud buna oxşar cümlələr deməyə haqqımız yoxdur. Çünki Allahdan başqa heç kəsin şəfaət etmək qüdrəti yoxdur. Deməli, əgər hal-hazırda bərzəx aləmində olan Peyğəmbərdən belə bir şey istənilsə, şirk hesab olunacaqdır.”
Vəhhabilər bu əqidələri əsaslandırmaq və doğrultmaq üçün bir sıra Quran ayələrinə istinad edirlər. Allah-taala buyurur: “Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin.”
Buna görə də, Allah dərgahından başqa heç bir yerdə səcdə və ibadət olmaz. Əgər duada hər hansı bir şəxsi Allahla şərik etsək, şirkə mübtəla olarıq.
Başqa bir ayədə şəfaət yalnız Allahın izn və icazəsi ilə mümkün hesab edilmişdir: “Kim Allah yanında Onun icazəsi olmadan şəfaət edə bilər?!”
Digər bir yerdə Allah-taala buyurur: “Onlar yalnız Allahın razı olduğu şəxslər üçün şəfaət edərlər, başqası üçün yox.”
Buna əsasən, razılığı Allahın Özündən tələb etmək lazımdır.
Başqa bir ayədə isə belə oxuyuruq: “Qiyamət günü Allah tərəfindən peymanı alınan şəxslərdən başqa heç kəs şəfaətə nail olmaz”.
Deməli, şəfaət Allahın izni ilədir, özü də qiyamət günü olacaqdır.
TƏNQİD VƏ ARAŞDIRMALAR. BİRİNCİ MƏSƏLƏ. İlahi övliyaların və peyğəmbərlərin şəfaəti Allah dərgahında dua və yalvarışdan başqa bir şey deyildir. İlahi övliyalar Allah dərgahında malik olduqları yüksək məqam sayəsində günahkar insanların barəsində dua etdikləri zaman, Allah tərəfindən daha tez qəbul olunur və həmin günahkar şəxs ilahi məğfirət və rəhmətə nail olur. Buna əsasən, şəfaət, dua və istiğfar mənasında olsa, nəinki ilahi övliyalardan, hətta hər bir mömin şəxsdən dua etməsini xahiş etməkdə kim şübhə edə bilər? Adi bir müsəlman Peyğəmbəri-Əkrəmdən (s), yaxud sair ilahi övliyalardan şəfaət istəyirsə, həqiqətdə hacət tələb etmir, əksinə onun barəsində istiğfar və dua etməsini xahiş edir.
Başqa sözlə desək, ondan istəyir ki, Allah dərgahında olan məqamına diqqət yetirməklə, Allahın əvəzində onun hacətini yerinə yetirib günahlarının bağışlanmasını deyil, Allahdan onun üçün istiğfar edib onun hacətini istəməsini diləyir. Bu o haldadır ki, Allah-taala Qurani-Kərimdə Peyğəmbərdən (s) istəyir ki, özü və möminlər üçün Allahdan məğfirət və bağışlanmaq istəsin: “(Ya Məhəmməd!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların günahlarının bağışlanmasını dilə...”
Allah-taala başqa bir ayədə vəd edir və buyurur ki, əgər Peyğəmbər günahkarlar üçün məğfirət və bağışlanmaq istəyərsə, Allahın tövbə qəbul edən və rəhmli olduğunu görərlər: “Əgər özlərinə zülm edən kəslər sənin yanına gələrək bağışlanmaq istəsələr və Peyğəmbər (s) də onlar üçün bağışlanmaq istəsə, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərlər.”
Əgər şəfaət istəyən şəxs şəfaət edəndən yalnız Allahın öhdəsində olan bir işi istəsə, bu düzgün ola bilməz. Çünki şəfaət istəyən, şəfaət edən şəxsdən onun hacətinin rəva olunmasını deyil, yalnız onun barəsində dua etməsini istəyir.
İKİNCİ MƏSƏLƏ. “Duada Allahla yanaşı bir kəsi çağırmayın” – deyilməsinin səbəbi budur ki, Allah-taala Özü bu işi qadağan etmişdir. Bu söz də rədd olunur, çünki şəfaət, şəfaət edənlə şəfaət olunanın dua və istəyində yanaşı olmasıdır. Çünki “şəfi” cüt mənasındadır. Yəni insan öz hacətinin rəva olunmasında özünü qarşı tərəfə yanaşdırır ki, onunla müştərək şəkildə Allahdan hacətini istəsin. Buna əsasən, şəfaət Allah-taaladan istənilən bir dua və hacətdir. “Şəfi” Allahdan dua edərək istəyir, nəinki dua edən duada bir kəsi Allahla şərik edir. Deməli, əgər ayəyə diqqət edilsə, aydın olacaqdır ki, bəndə dua edən zaman Allahdan başqasını Ona şərik etsə, bu iş qadağan edilmişdir. Məsələn, əgər bir kəs “Ya Rəsuləllah! Səndən və Allahdan istəyirəm ki, mənim günahımı bağışlayasınız” – desə, bu halda Peyğəmbəri də öz duasında Allahla şərik etmişdir. Halbuki şəfaət diləyən şəxs sadəcə olaraq Peyğəmbərdən (yaxud başqa bir ilahi övliyadan) onun barəsində dua etməsini və Allahdan onun üçün bağışlanmaq istəməsini diləyir.
ÜÇÜNCÜ MƏSƏLƏ. Əgər Allah-taala şəfaət icazəsini və bu işə ləyaqəti Peyğəmbərə və sair ilahi övliyalara vermişsə, onlardan şəfaət istənilməsinin caiz olmaması (qadağan olması) necə mümkün ola bilər?! Halbuki Allah-taala Qurani-Kərimdə Peyğəmbərə buyurur: “Onların barəsində dua et, çünki sənin duan onların qəlblərinə aramlıq bəxş edir.”
Başqa bir ayədə buyurulur: “Bir kəs başqasının barəsində yaxşı şəfaət edərsə, şəfaətdən onun da bir nəsibi, payı olacaqdır.”
Əgər bir möminin başqa bir mömin barəsində yaxşı şəfaəti caizdirsə, mömindən şəfaət və dua istəməsi də caiz olacaqdır. Əgər şəfaət istəmək qadağan bir iş və ya şirk olsaydı, şəfaətə icazə verilməsi də əbəs bir iş olacaqdı.
DÖRDÜNCÜ MƏSƏLƏ. Vəhhabilər inanırlar ki, Allah bütpərəstləri ona görə müşrik və kafir kimi təqdim etmişdir ki, onlar bütləri Allah yanında şəfaətçi bilərək deyirdilər: “Biz bu bütlərə ona görə pərəstiş edirik ki, bizi Allah dərgahına yaxınlaşdırsınlar.”
Buna görə də, Allahdan başqasını vasitəçi və şəfi qərar vermək şirk və küfr hesab edilmişdir. Amma bunun cavabında deyilməlidir ki, Peyğəmbərin şəfi qərar verilməsi bütlərin şəfaətçi qərar verilməsi ilə tamamilə fərqlənir. Çünki bütpərəstlər bütləri Allaha yaxınlaşmaq üçün bir vasitəçi qərar verərək onlara pərəstiş edirdilər. Belə ki, Quran aşkar şəkildə bu məsələni çatdırır. Halbuki şəfaət istəyən şəxs şəfaət edənə pərəstiş etmir.
BEŞİNCİ MƏSƏLƏ. Müsəlmanlardan heç biri (hətta vəhhabilərin özü belə) Peyğəmbərin və ilahi övliyaların şəfaət haqqına malik olduqlarını inkar etmirlər. İndi biz soruşuruq ki, günahların bağışlanması üçün şəfaətçi şəxs Allahla şərikdir, yoxsa günahların bağışlanmasında şəfaət olunan şəxslə şərikdir?
Aydındır ki, birincini qəbul etmək olmaz. Çünki o, şirkdən başqa bir şey deyildir. İkinci qisim də sair müsəlmanların etiqad bəslədiyi bir məsələdir. Bundan əlavə, dünya ilə axirət arsında fərq qoymaq və yalnız axirətdə şəfaətə inanaraq dünyada onu inkar etmək düzgün ola bilməz. Çünki əgər dünyada şəfaət istəmək və şəfaətin özü şirkdirsə, axirətdə də şirk olacaqdır.
ALTINCI MƏSƏLƏ. Vəhhabilər deyirlər: Peyğəmbər (s) dünyadan gedib bərzəx aləmində olduğuna görə, ondan şəfaət istəməyin heç bir təsiri ola bilməz. Bu iddianın cavabı bundan ibarətdir ki, o həzrətdən, yaxud hal-hazırda dünyadan getmiş ilahi övliyalardan şəfaət istəmək həqiqətdə onların cismlərindən yox, onların yüksək məqamda olan ruhlarından şəfaət istəməkdir; bir çox Quran ayələrindən aydın olur ki, insanın həyatı öldükdən sonra da davam edir. O cümlədən, “Ali-İmran” surəsinin 169‒170-ci, “Bəqərə” surəsinin 154-cü, “Muminun” surəsinin 46-cı ayələri buna misaldır.
2. TƏVƏSSÜL. Vəhhabilər şəfaət məsələsi ilə yanaşı Peyğəmbər və övliyalara təvəssül etməyə də irad tutaraq iddia edirlər ki, bu əməl bidət və şirkdir. Vəhhabilər bu əqidələrini aşağıdakı kimi əsaslandırırlar:
Əvvəla, əgər təvəssül məsələsi qanuni və düzgün olsaydı, Allah-taala onu bəyan edər və camaatı bu işə rəğbətləndirərdi. Caiz olduğu halda, Allahın belə bir mühüm işi bəyan etməməsi yolverilməzdir; deməli, belə bir iş şəri nöqteyi-nəzərdən caiz deyildir.
İkincisi, Allah-taala Qurani-Kərimdə müşriklərin əməllərinə irad tutub buyurur ki, onlar heç bir ziyan və faydaya malik olmayan bütlərə təvəssül etmişlər; belə dualar onları heç bir yerə çatdırmaz. Çünki onlar Allaha doğru gedən yolu itirmişlər.
Üçüncüsü, əgər vasitə qərar vermək zərərin dəf edilməsi və ya mənfəət əldə edilməsi üçün olarsa, məsələn, Peyğəmbəri (s) və ya övliyanı ruzi qazanmaqda vasitə qərar versələr, bu özü ən böyük şirkdir.  Yuxarıda qeyd olunan mətləblərdən belə nəticə alınır ki, Allah-taala peyğəmbərlərə və övliyalara təvəssül etməklə əlaqədar heç bir söz buyurmadığından, vəhhabilər bu əməli bidət hesab edirlər. Çünki müşriklər başqalarını və bütləri Allaha pərəstiş etməkdə və ilahi fellərdə vasitə seçdikləri üçün şirk sayılmışdı. Bu barədə vəhhabilərin digər bir nəzəri də budur ki, təvəssül olunan ilahi övliyaların və peyğəmbərlərin hamısı dünyadan getdiklərinə görə, onların heç biri təsir mənşəyi ola bilməz. Onlar bu barədə “Fatir” surəsinin 14-cü ayəsinə istinad edirlər. Belə ki, Allah-taala buyurur:
“Allahın yerinə çağırdığınız şəxslər heç bir şeyə malik deyillər. Əgər onları çağırsanız sizin duanızı eşitməzlər, əgər eşitsələr də, sizin istəklərinizi həyata keçirə bilməzlər. Onlar qiyamət günü sizin şirkinizdən bizarlıq edəcəklər. Alim Allah qədər heç kəs səni həqiqətdən agah etməz.”
TƏNQİD VƏ ARAŞDIRMALAR. Vəhhabilərin nəzəriyyəsini araşdırarkən üç əsas mehvərdə bəhs aparmaq olar.
Birincisi: Görəsən, şəriətdə (kitab və sünnədə) təvəssül məsələsi mövcuddurmu?
İkincisi: Peyğəmbərə (s) və övliyalara təvəssül etmək müşriklərin əməli ilə eynidirmi?
Üçüncüsü: Övliya və peyğəmbərlər vəfatlarından sonra təsir mənşəyi ola bilməzlərmi?
Bu üç mehvər ətrafında bəhsə başlamazdan əvvəl təvəssülün mahiyyət və tərifi ilə tanış olmalıyıq.
TƏVƏSSÜLÜN TƏRİFİ. “Təvəssül” müəyyən bir hədəfə çatmaq üçün bir şeyi vasitə seçmək mənasındadır. Məsələn, ərəb dilində “təvəssələ iləllahi bi əməlin” (yəni “bir nəfər müəyyən bir iş vasitəsi ilə Allah dərgahına yaxınlaşdı”) deyilir. Buna əsasən, əgər insan hər hansı bir məqsəd və hədəfə çatmaq üçün bir şeyi və ya şəxsi vasitə qərar versə, “hədəf və məqsədə çatmaq üçün o şəxsə, yaxud o şeyə təvəssül etdi” deyilər.
Buradan aydın olur ki, həm insan, həm də sair canlı varlıqlar öz hədəflərinə çatmaq üçün daim müəyyən şəxslərə və yaxud əşyalara təvəssül edirlər.
İnsan gündəlik həyatında aclığını dəf etmək üçün qidaya, susuzluğunu dəf etmək üçün suya, xəstəliyini dəf etmək üçün həkimə, dərmana və ya müalicəyə ehtiyaclı olur; bunların vasitəsi ilə öz məqsədinə nail olmağa çalışır. Bu kimi minlərlə nümunə göstərmək olar ki, insanın və sair canlıların həyatını onlarsız təsəvvür etmək mümkün deyildir. Deməli, həyatda hər hansı bir səbəbin vasitə qərar verilməsini şirk hesab etmək olmaz. Amma səbəb və vasitələrin müstəqil təsir qüvvəsinə malik olduğuna inansaq, təbii ki, şirkə düçar olacağıq. Amma Allah-taalanın bu kimi vasitələrə təsir bəxş etdiyinə və onların insanın ehtiyaclarını təmin etmək üçün sadəcə bir şey olduğuna inansaq, onda bunun şirk olmasını necə iddia etmək olar?! Allah-taala təkvin aləmində bizim üçün müəyyən vasitələr müəyyən etmiş və insanı fitri və təkvini olaraq, öz hədəf və məqsədlərinə çatmaq üçün vasitə seçmək məcburiyyətində qoymuşdur. Peyğəmbərlərə və övliyalara təvəssül etmək bəhsində də yalnız Allah-taalanın bu böyük şəxsiyyətləri, yaxud onların müqəddəs ruhlarını vasitə qərar verib-vermədiyini araşdırmaq lazımdır. Çünki həyatda insanın vasitələrdən faydalanmaq məsələsinin qaçılmaz bir iş olduğunu kimsə inkar edə bilməz. Burada mübahisə mövzusu xüsusi olaraq, müəyyən şəxslərə təvəssül etməyin düzgün olub-olmamasındadır. İndi isə yuxarıda qeyd olunan üç mehvəri araşdırırıq.
BİRİNCİ MEHVƏR. Allah-taala “Maidə” surəsinin 35-ci ayəsində bəndələri Öz dərgahına yaxınlaşmaq üçün vəsilə (vasitə) seçməyə rəğbətlənidirir və onları bu işə dəvət edərək buyurur: “Ey iman gətirənlər! İlahi təqvaya malik olun və Ona çatmaq yolunda vəsilə seçin. Allah yolunda çalışın, bəlkə nicat tapasınız”.
Bununla da təvəssülün, Allah dərgahına qovuşmaq üçün vasitə seçməyin düzgün bir iş olmasında heç bir şəkk-şübhə yeri qalmır.
İBADƏTLƏR VƏ SALEH ƏMƏLLƏR. Təqva və pərhizkarlıq Allah dərgahına yaxınlaşmaq vasitələrindən biridir. Amma peyğəmbərlər və ilahi övliyalara təvəssül etmək barədə Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan çoxlu rəvayətlərdə o həzrət (s) səhabələri sair peyğəmbərlərə və saleh insanlara təvəssül etməyə də dəvət edir. Aşağıdakı iki rəvayət bu mövzunun şahididir.
1. Osman ibn Hüneyf bir neçə vasitə ilə belə rəvayət edir ki, bir nəfər kor kişi Peyğəmbərin (s) yanına gəlib ondan özü üçün dua etməsini və Allahdan ona sağlamlıq bəxş etməsini istədi. Peyğəmbər (s) cavabında buyurdu: “Sənin sağalmağın üçün dua edərəm, amma səbir etsən, daha yaxşı olar.” Həmin kişi o həzrətdən dua etməsini istədi.
Peyğəmbər (s) ona buyurdu: Dəstəmaz al, dəstəmaz alarkən onun düzgün yerinə yetirilməsinə diqqət yetir; sonra iki rəkət namaz qıl və namazdan sonra belə dua et: “Pərvərdigara! Mən Səndən istəyirəm və rəhmət elçisi olan Mühəmməd peyğəmbərin vasitəsi ilə Sənin dərgahına üz tuturam. Ey Mühəmməd, mən sənin vasitənlə Pərvərdigarıma üz tutaraq hacətimə nail olmaq istəyirəm. Pərvərdigara, onun mənim barəmdə olan şəfaətini qəbul et.”
Ravi sözünün davamında deyir: “Allaha and olsun, çox çəkmədi ki, bu kişi bizim yanımıza gəldi, artıq onda korluqdan əsər-əlamət qalmamışdı”.
Bu hədis hacətlərin rəva olunması üçün Peyğəmbərə (s) təvəssül etməyin düzgün bir iş olmasına dəlalət edir və sənəd baxımından da hədisşünasların əksəriyyəti tərəfindən qəbul olunmuşdur. O cümlədən, İbn Macə özünün “Sünən” kitabında onu nəql etmiş və Əbu İshaqdan onun düzgünlüyünə şahid gətirmişdir. Həmçinin Termizi “Əbvabul-ədiyyə” kitabında Əhməd ibn Hənbəldən, Hakim “Müstədrək” kitabının 1-ci cildində, Süyuti “Əl-camius-səğir” kitabında bunu rəvayət etmiş və hamısı hədisin düzgün olduğunu təsdiq etmişlər.
2. Səhabələrdən bəziləri, o cümlədən, Cabir ibn Abdullah, İbn Abbas, Ənəs ibn Malik rəvayət etmişlər ki, Fatimə binti Əsəd vəfat edərkən Peyğəmbər (s) onun dəfn mərasimində hazır olub buyurdu: “Ey ana! Anamdan sonra Allah sənə rəhmət etsin.” Sonra o həzrət (s) Əbu Əyyubu, Üsaməni, Ömər ibn Xəttabı və bir qulamı çağırdı ki, qəbri hazırlasınlar. Ləhədə çatanda Peyğəmbər (s) öz əlləri ilə onu qazıb torpaqları çölə tökdü və qəbirdə bir az yatıb sonra buyurdu: “Allah dirildən və öldürəndir; O, diridir və heç vaxt ölməz. (Pərvərdigara!) Peyğəmbərinin və məndən qabaq olan peyğəmbərlərin xatirinə, anam Fatimə Əsədqızını bağışla, onun yerini genişləndir.”
Bu rəvayəti Təbərani, Hakim, İbn Həyyan, İbn Əbu Şeybə və sairləri nəql edərək, onun düzgün olduğunu təsdiq etmişlər. Bu barədə başqa rəvayətlər də qeyd olunur. Bir sözlə, demək olar ki, şəriət nöqteyi-nəzərindən Peyğəmbərə (s), salehlərə və peyğəmbərlərə təvəssül etməyin caiz bir iş olmasında heç bir şəkk-şübhə ola bilməz və mötəbər mənbələrdə bunu təsdiq etmək üçün kifayət qədər dəlil-sübut vardır. Ona görə də, bunu bidət hesab etmək olmaz.
İKİNCİ MEHVƏR. Vəhhabilər peyğəmbərlərə, ilahi övliyalara təvəssül etməyi müşriklərin bəzi şəxsləri, yaxud bütləri Allaha pərəstiş etməkdə vasitə qərar vermələrinə oxşatmışlar. Bu barədə keçən dərsdə qısa da olsa, söhbət olundu. Bütpərəstlərin iradı bundadır ki, onlar Allaha qovuşmaq üçün bütə pərəstiş edir, yaxud da Allahdan başqasını çağırırlar. Halbuki təvəssüldə vasitəyə pərəstiş olunmur, vasitənin müstəqil təsir qüvvəsinə malik olması nəzərdə tutulmur. Sadəcə olaraq, burada Allah yanında uca məqama malik olan müqəddəs bir şəxs vasitəçi rolunu oynayır.
ÜÇÜNCÜ MEHVƏR. Peyğəmbərlərə və ilahi övliyalara təvəssül etmək həqiqətdə onların yüksək məqamlı ruhlarına təvəssül etməkdir, çünki vəfat edib maddi dünyanı tərk etməklə ruh aradan getmir. İslamın aşkar və danılmaz etiqadına əsasən, insan ölməklə ruhu ölmür, həmişə diridir və buna görə də, mələklər ona xitab edir, Nəkir və Münkərin suallarına cavab verir. Bu barədə bir çox Quran ayələrini qeyd etmək olar. O cümlədən, “Qaf” 22, “İsra” 14, “Məryəm” 62, “İnfitar” 13, “İbrahim” 16 və 27, “Qafir” 46, “Əraf” 44, “Ənkəbut” 64, “Fəcr” 24, “Bəqərə” 155, “Ali-İmran” 170-171, “Fəcr” 27-30, “Muminun” 99, “Yasin” 26-27 və s. Buna əsasən, övliyalara təvəssül etməkdə onların dünyəvi həyatları ilə ölümləri arasında heç bir fərq yoxdur.
3. AND İÇMƏK. Vəhhabilərlə sair firqələr arasındakı ixtilaflı məsələlərdən biri də budur ki, onlar yalnız Allahın adına və sifətlərinə and içməyi düzgün bilir, Allahdan başqa bir şeyə and içməyi şirk və haram hesab edirlər. İbn Teymiyyə deyir: “Şirk iki cürdür: böyük şirk, məxluqdan şəfaət istəmək, onlara təvəssül və s; kiçik şirk, riya, Allahdan başqasına and içmək kimi.” Sənani deyir: Qəbri ziyarət edənlər müşriklər kimidir. Onların əməl və rəftarları eynidir və onların adlarına and içirlər. Hətta əgər bir vaxt haqq sahibi Allahın adına and içsə, ondan qəbul etməzlər, amma öz böyüklərindən birinə və yaxud bir vəliyə and içilsə, qəbul edərlər. Bütpərəstlər də belə idilər. Quranda belə buyurulur: “Allah təklikdə yad edilərkən axirətə imanları olmayanların qəlbləri ikrahlı olur. Əgər Allahdan başqası yad edilsə, o zaman şad olub fərəhlənərlər.”
Həmçinin hədisdə qeyd olunur: “Hər kəs and içmək istəsə, Allahın adına and içməlidir, əks halda sakit olmalıdır.”
Rəsuli-Əkrəm (s) bir kişinin Lata and içdiyini eşitdikdə, ona göstəriş verdi ki, tövhid kəlmələrini yenidən desin. Bu da göstərir ki, bütə and içmək küfrdür.”
TƏNQİD VƏ ARAŞDIRMALAR. Bu nəzərin araşdırılmasını da üç istiqamətdə aparmaq lazımdır.
Birincisi: Allahı başqalarının haqqına and verməyin caiz olub-olmaması;
İkincisi: Allahdan başqasının adına and içmək;
Üçüncüsü: Vəhhabilərin istifadə etdikləri hədislərin araşdırılması və dəyərləndirilməsi.
BİRİNCİ MEHVƏR. Vəhhabilər Allahı başqalarının haqqına and verməyə icazə vermir, onu haram və şirk kimi qələmə verirlər. Onlar bu barədə iki dəlil gətirirlər: birinci dəlil öncə “təvəssül” bölməsində bəyan olundu. Peyğəmbərdən (s) bu barədə nəql olunan hədislərdən məlum oldu ki, onu bidət və haram hesab etmək olmaz. Vəhhabilər bu işin caiz olmamasına dair gətirdikləri ikinci dəlildə deyirlər: “Allahın məxluqlarından heç birinin üzərində haqqı yoxdur ki, Allahı onların haqqına and verək.” Amma ayə və rəvayətlərə müraciət etdikdə, görürük ki, Allah-taala Öz bəndələri ilə əlaqədar bəzi haqları öhdəsinə almış, həm də peyğəmbərlər bəndələrin Allah nəzərində olan hüquqlarını zikr etmişlər. Bu barədə bəzi ayə və rəvayətləri mülahizə edin: “Möminlərə kömək etmək Bizə olan bir haqqdır”. “Allahın haqq vədidir ki, Tövrat və İncildə gəlmişdir.” “Beləliklə, möminlərin qurtuluşu onların Bizim üzərimizdə olan haqqıdır!” “Həqiqətən, nadanlıq üzündən çirkin əməllər görən kəslərin tövbəsini qəbul etmək Allahın öhdəsindədir.”
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Öz iffətini qorumaq və Allahın haram buyurduğu işlərə düşməmək üçün evlənən şəxslərə kömək etmək Allahın öhdəsindədir.”
Həmçinin buyurur: “Üç kəsə kömək etmək Allahın üzərindədir: Allah yolunda cihad və çalışmaq, “məkatib” (yəni bir qul öz ağası ilə qərar bağlayır ki, müəyyən məbləğ pul vermək müqabilində öz azadlığını əldə etsin) və öz iffətini qorumaq məqsədilə evlənən şəxs.”
Buna əsasən, Allah və Onun Peyğəmbəri (s) camaat qarşısında müəyyən hüquqları rəsmi olaraq qəbul etmişsə, onda heç bir məxluqun Allah üzərində heç bir haqqı olmadığını necə iddia etmək olar?! Aydındır ki, bu hüquqlar Allah-taala tərəfindən bəndələr üçün lütf və mərhəmət olaraq vəd edilmişdir. Halbuki təkvini baxımdan heç kəs Allah yanında haqq sahibi deyildir.
İKİNCİ MEHVƏR. Vəhhabilər Allahdan başqasına and içməyi haram və şirk hesab edirlər. Amma unutmaq olmaz ki, həm Quranda, həm də Peyğəmbərin (s) sünnəsində Allahdan başqasına and içməyin çoxlu nümunələri qeyd olunub. Allah-taalanın Özü Quranda sair varlıqlara and içmişdir, o cümlədən, “vəl-əsri”, “vəttini”, “vəz-zəytuni”, “vəturi Sininə vəhazəl bələdil əmin”, “vəşşəmsi və zühaha...”
Burada deyilə bilər ki, Allahın Özündən başqasına and içməsinin caiz olmasını başqalarına aid etmək olmaz. Başqa sözlə, Allah-taala bütün varlıqların Xaliqi olduğu üçün istədiyinə and içməyə haqqı vardır, amma insanlara belə bir icazə verilmir.
Cavabında deməliyik ki, Allahdan bu felin baş verməsi Onun çirkin və qəbahətli olmamasını göstərir. Əgər biz bu işi şirk hesab etsək, onda necə mümkün ola bilər ki, Allah-taala Özü Özünə şərik qoşsun?
Peyğəmbərdən (s) nəql olunan rəvayətlərdə də Allahdan başqasına and içilməsi gözə çarpır. Məsələn, “Vəbikə” (and olsun atanın canına), “Vələəmri” (Öz canıma and olsun). Bu kimi ifadələr o həzrətin sözlərində nəzərə çarpır.  Belə olan halda (nəuzubillah) demək olarmı ki, Rəsuli-Əkrəm (s) kiçik şirkə düçar olub?
Bundan əlavə, səhabələrin də sözlərində Allahdan başqasına and içməyin çoxlu nümunələri müşahidə olunur. Məlum olduğu kimi, Peyğəmbəri-Əkrəm (s) onları bu işdən çəkindirməmişdir.
ÜÇÜNCÜ MEHVƏR. Vəhhabilər öz nəzəriyyələrini əsaslandırmaq üçün Peyğəmbərdən (s) rəvayət olunan iki hədisə istinad edirlər:
Birincisi: Peyğəmbər (s) Ömərin atasının canına and içdiyini eşitdikdə buyurdu: “Allah sizi öz atanıza and içməkdən çəkindirmişdir. Hər kəs and içmək istəsə, Allaha and içsin, əks halda sakit olsun.”
İkincisi: Bir kişi Ömərin oğlunun yanına gəlib dedi: “Kəbəyə and içirəm!” Ömərin oğlu dedi: “Yox, mən Kəbənin Allahına and içirəm, çünki atam (Ömər) atasına and içdikdə, Rəsuli-Əkrəm (s) buyurdu: “Atana and içmə. Çünki hər kəs Allahdan başqasına and içsə, müşrikdir.”
Birinci rəvayətdə iki incə nöqtəyə işarə etməliyik: birincisi, ataların canına and içməkdən çəkindirilməyin səbəbi budur ki, İslamın əvvəllərindəki müsəlmanların əksəriyyətinin ataları müşrik idilər. Buna görə də, onların heç bir hörmət və müqəddəsliyi yox idi ki, and içməyə layiq olsunlar. Halbuki bir şeyə and içmək onun əzəmət və hörmətini çatdırır.
Bu müddəanın şahidi bu hədisdir: “Peyğəmbər (s) bütlərə and içməyin yanında ata-analara and içməyi qadağan etmiş və buyurmuşdu: Ata-analarınıza və bütlərə and içməyin.”
Digər məsələ bundan ibarətdir ki, ataya (yaxud Allahdan başqa hər bir şeyə) and içməkdən çəkindirilməsi sadəcə olaraq mübahisəli məsələlərdə mühakimə yürüdüb, münaqişəni sona çatdırmaq məqsədi güdür. Çünki bütün İslam alimlərinin fikir birliyinə əsasən, bu kimi hallarda andiçmə Allaha və Onun sifətlərindən başqa bir şeylə gerçəkləşmir.
İkinci rəvayətə də birinci rəvayətlə əlaqədar digər mühüm bir məsələni əlavə etmək lazımdır: Ömərin oğlu öz ictihad və şəxsi nəzərinə əsasən, (Ömərin) atasına xitabən buyurduğu kəlamı ümumi mənada götürərək, Kəbə kimi müqəddəslərə and içməyini də ona daxil etmişdir.
Buna əsasən, Peyğəmbərin (s) və bir çox səhabələrin Allahdan başqasına and içdiyini göstərən rəvayətlər, həmçinin Allahın Özündən başqasına and içdiyini çatdıran ayələri belə izah etmək olar ki, müşrikə, yaxud şirkin təzahürü olan şeyə, (məsələn bütə) and içmək, ona etiqad bəsləmək və onu təsdiq etmək mənasında olduğundan caiz deyildir. Amma Allaha mənsub edildiyinə görə müqəddəslik tapan sair müqəddəslərə and içmək ümumi halda caizdir. Əlbəttə, münaqişəni həll etmək məqamında Allahdan başqasına and içmək kifayət deyildir və bu işin şəri və hüquqi təsiri yoxdur.

Seyid Əhməd Mahmudi, “İslam məzhəbləri ilə tanışlıq” kitabından. Tərcümə edən: Ağabala Mehdiyev

Комментариев нет:

Отправить комментарий