24.06.2015

MÜCTƏBA HATƏMİ LƏNKƏRANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullah Hacı Şeyx Müctəba Hatəmi Lənkərani Nəcəfi islam alimləri arasında böyük fəqih, mütəfəkkir və görkəmli din xadimi kimi tanınmışdır. Alimlər arasında fiqh, üsul, hədis və kəlam elmlərində islam alimlərinin özəyi hesab edilir. Ayətullah Lənkərani hazırkı məhşur islami şəxsiyyətlərin çoxunun ustadı hesab olunur. Görkəmli din xadimi mərceyi-təqlid Ayətullahul-üzma Mərəşi Nəcəfi, ondan hədis və rəvayət nəql etmək icazəsini almışdır.
 Lənkərani 1898-ci ildə Nəcəfi-Əşrəf şəhərində dindar bir ailədə anadan olmuşdur. Mənəvi bir mühitdə dünyaya gələn Lənkərani atasının təlim-tərbiyəsi altında boya-başa çatır. O, atasının yolunu davam etdirərək İslam dininin müqəddəmə (ibtidai səth) dərslərini ondan öyrənir. Orta din təhsilini isə tanınmış alimlər- Ayətullah Hacı Əbul Məhdi Kəlbasi və Ayətullah Mirzə Əli İrəvaninin dərslərindən bəhrələnməklə ələ gətirir.
Daha sonra fəlsəfə və hikmət elmlərini məşhur filosof, fəqih Ayətullah Şeyx Əbdül Kərim Zəncaninin yanında öyrənir. Bu elmlərlə kifayətlənməyən Lənkərani təhsilini kamil etmək üçün Ayətullah Şeyx Məhəmməd Hüseyn Kompani İsfahani, Ayətullah Ziyaəddin Əraqi, Ayətullah Mirzə Hüseyn Naini, Ayətullah Seyyid Əbul Həsən İsfahani və Ayətullah Seyyid Möhsün Həkim kimi tanınmış alimlərin dərslərində iştirak etməklə üsul və fiqh elmlərinin ali qismətini ələ gətirir. Özünün yüksək istedadı, çoxlu zəhmət və İslam dininə olan məhəbbəti nəticəsində yüksək elmi və əməli məqama yetişir. Ona görə də tanınmış alimlər onun ictihada yetməsini təsdiq edirlər. Bundan əlavə, Ayətullah Lənkərani “Dirayə” və “Rical elmi”ni Ayətullah Seyyid Əbu Turab Xorasanidən, kəlam və əqaid elmlərini isə Ayətullah Şeyx Cəvad Bəlağidən dərs alır.
 İslam elmlərinin ali səthini mənimsəyən Lənkərani tədrislə məşğul olaraq çoxlu tələbə yetişdirir. Özünə məxsus qayda ilə tədris edən alimin sorağı hər tərəfə yayılır. Dərs zamanı mətləbi aydın şəkildə qavratmaq və tədris etmək heç də asan iş deyil. Bu sahədə xüsusi məharəti olan Ayətullah Lənkəraninin dərslərinə tələbələr sel kimi gəlirdilər. Tarixdən məlumdur ki, o zaman Nəcəfdə ali dərəcədə olan dərslər içərisində “Rəsail”, “Məkasib” və “Kifayə” kimi dərslər başqa dərsləri arxada qoymuşdu. Bu üç kitabın dərslərinin o zaman, iki nəfər alim tərəfindən məharətlə tədris olunması məhşur idi. Onlardan biri mərhum Ayətullah Şeyx Sədra Badkubeyi, ikincisi mərhum Ayətullah Şeyx Müctəba Lənkərani idi. Hər iki alim azərbaycanlı olmaları ilə tanınmışdılar.
 Nəhayət, mərhum Ayətullah Lənkərani təxminən 1971-ci ildə İraq hökümətinin alimlərə qarşı zülmkar siyasətinə görə İrana səfər edir və İsfahan şəhərində sakin olur. Elə həmin şəhərdə “Məkasib”, “Rəsail” və xarici dərs elmlərinin tədrisinə başlayır.
 Görkəmli ruhani alim İsfahanda vəfat edir. Onun cənazəsini Qum şəhərində Həzrəti Məsumənin pak hərəmində torpağa tapşırırlar.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий