10.06.2015

Doktor Əli Şəriəti: “EY ATA, EY ANA, BİZ MÜTTƏHİMİK!”

BİZ MÜTTƏHİMİK. Xahiş edirəm, tünd sözlərimdə və kəskin tənqidlərimdə bir acılıq varsa, məni bağışlayın. Əlbəttə ki, bu sözlərdə həqiqət görürsünüzsə! Həvəsləndirmək və əsassız da olsa, tə᾽rif etmək şirin, həqiqət isə acıdır. Gəlin, dərdləri gizlədib özümüzü aldatmaq əvəzinə, xəstəliklərin üstünə düşüb, açıq şəkildə deyək: «Qandakı xərçəngin qol-budağı beyin və qəlbin dərinliklərinədək şaxələnib və inkişaf edib. Fürsət az, faciə isə ağır!»
Ən᾽ənəvi məzhəbi mühitlərdə bir şəxs dinin əsaslarına inanıb göstərişlərinə əməl etsə, İslamdan, şiəlikdən danışsa, cəmiyyətin diqqətini cəlb edir. Onun əlini öpür, yaşayışını tə᾽min edir, hörmətini saxlayır, ruhani alim kimi qəbul edirlər. Bu insan din vasitəsi ilə həm hörmət, həm də sərvət qazanır. 
Amma mənim bağlı olduğum ictimai mühitdə münasibət tamam başqadır. Bu mühitdə bir alim, bir tələbə, bir tərcüməçi, bir yazıçı, bir filosof, bir sosioloq dinə e᾽tiqad edirsə, bu inam həmin şəxs üçün zəiflik və nöqsan hesab olunur.
Yaşadığımız mühitdə namaz qılıb dua edən və əlavə ibadətlər yerinə yetirən şəxs həm hörmət qazanır, həm də maddi cəhətdən tə᾽min olunur. Əksinə, günün elmlərindən xəbərdar, ideoloji məktəblər və əsrin mədəniyyəti ilə tanış, dini və məzhəbi e᾽tiqadı olan müsəlman əksər imtiyazlardan məhrumdur. Onun elmi səviyyəsini inkar edə bilməsələr də, əxlaqında və şəxsiyyətində nöqsanlar tapırlar.
Onu ittiham edəcəklər ki, məzhəbin və xalqın xeyrini qoyub, onların zərərinə işləyir!
Avropadan gələn təhsilli müsəlman müasir və inqilabi ziyalı kimi tanınmaq üçün nə edəcəyini yaxşı bilir. Onun şəxsiyyətinin qorunmasında digər ziyalılar da məs᾽uldur. Əgər o, Jan Pol Sartrdan tərcümə etsə, cəmiyyətdə dünyəvi bir sima kimi tanınacaq. Həmin şəxs dini bir əsər yazsa, cəmiyyət bu əsəri məzhəbi cəhətdən e᾽tibarlı hesab etməyəcək. Onun kitabı oxunmayacaq, sözü eşidilməyəcək, şəxsiyyətinə «günahkar»lıq ünvanlanacaq. 
Cəmiyyətimizdə qərb atmosferinin hakim olduğu ziyalı dairələr də var. Qərbdən qayıtmış təhsilli insanı e᾽tiqadlı olduğu üçün bu dairələr də qəbul etmir. Onun e᾽tiqadı köhnəpərəstlik hesab olunur. 
Bu cür ziyalılardan biri mənim haqqımda mətbuatda belə yazmışdı: «O (yə᾽ni mən), alim də olsa, beynindəki məzhəb xəstəliyi onun təfəkkürünü iflic edib. İlkin tərbiyəsi onu qədim dini səviyyədə saxlayıb». Nə üçün belə olur?
Mən burada - axşamkı məclisdə bir alim, bir yazıçı, bir sosioloq, bir natiq kimi danışmaq fikrində deyiləm. Mən, mənim özümü dindarlıqda ittiham edən ziyalı təbəqənin adından danışmağı faydalı hesab edirəm. Mən həmin təbəqənin adından, məhz öz dinimi sevdiyim üçün, sizə e᾽tiraz edib, ittihamlar irəli sürəcəyəm.
Mən, bütün ömrümü tələbə və müəllimlikdə keçirmiş, həmin ziyalı təbəqənin mühitində yaşamışam. Onların sözlərini yaxşı başa düşür, şəxsi çalarlarını tanıyıram. Mənsub olduğum bu təbəqə ilə çiyin-çiyinə bütün təhsil mərhələlərini pillə-pillə adlamışam. Şəhər və kənd fəqirliyini yaşamış insanlarla gecə-gündüz ünsiyyətdə olmuşam. Düz 18 yaşımdan müəllimlik etmişəm. Bütün ömrüm elmin təhsil və tədrisinə sərf olunub. Həm dini mərkəzdə, həm universitetdə, həm İranda, həm də Avropada təhsil almışam. 
Uşaqlıqdan öz mühitimin ictimai dəyişiklikləri və düşüncə təbəddülatları ilə maraqlanmışam. Dövrümün ideoloji hadisələri ilə birbaşa təmasım olub. Ömrüm kitabla keçib. Qərb mədəniyyətinin hücumları, ziyalınümaların təslimçiliyi, müsəlmannümaların təəssüblü müqaviməti mənə tanışdır! Biri din iddiasındadır, o biri isə müasirlik.
Cəmiyyətin adət-ən᾽ənə mərhələsindən modernizm mərhələsinə keçid dövrünü yaşamışam; cəmiyyətdəki dəyərlərin dəyişməsinə şahid olmuşam.
Kəndli mənşəyim toplum mə᾽nasının həqiqətini hiss etməkdə köməkçim olub.
Aldığım dini tərbiyə məni xalqın fitri və dərin ruhu ilə bağlayıb. Eləcə də, qərbdə təhsil aldığım üçün əsrimin ruhunu və əqidəsini tanımışam. Dünyada baş verən hadisələrdən xəbərdaram. Bu bilgilərin köməyi ilə hiss etmişəm ki, qərb mədəniyyətinin günbəgün güclənən hücumları qarşısında məzhəbi cəmiyyətimizi hansı aqibət gözləyir. Çünki bizim cəmiyyətdə köhnəlmiş adət-ən᾽ənələr, irsi dəyərlər, təlqini iman hakimdir. Qərb cəmiyyətində isə yaxşı-pis hər nə varsa elmi şəkildə təqdim olunur, günün ehtiyacı əsas götürülür və azadlıq şüarları altında bütün dini və əxlaqi dəyərlər ikinci plana keçir.
Müşahidələrdən görünür ki, cəmiyyətimizdəki mövcud məzhəb adət-ən᾽ənələr təəssübü ilə qorunur. Dinin elmi və düşüncə əsasları müasirliklə ayaqlaşmır. Uzun bir dövr zamanla ayaqlaşan, hadisələri qabaqlayan, ictimai və fərdi problemlərin həlli yolunu göstərən İslam dini, özünü müqəddəs göstərən bir qrup şəxs tərəfindən əhkam şəklində dondurulub qorunur.
Amma zaman başqa zamandır! Öz iqtisadi tərəqqisi ilə millətlərin gözünə kül üfürən düşmən başımızın üstünü alıb. Onun bir əli İslamla tarixi düşmənliyi olan qərb kapitalizminin ətəyindədir. Şərqə ayaq açmaq üçün İslam dini onlara mane olur.
İslamı tanıyan, onun tarixini bilən, son iki əsrdə qərbin təcavüzlərindən xəbərdar olan hər bir şəxs yaxşı bilir ki, İslam dini yatmış cəmiyyəti oyatmağa, onu hərəkətə gətirib, ayağa qaldırmağa qadirdir. İslam təkcə iman dini deyil! Bu din ən sivil cəmiyyət qurmaq üçün proqramlar verir və yad mədəniyyətlər üçün boş yer saxlamır. İslamı aradan qaldırmaq istəyən düşmənin məqsədi cəmiyyəti müdafiəsiz qoymaq, ziyalıların düşüncəsini əsarətə almaq, insanları tarixi kökdən və ruhi azadlıqdan məhrum etməkdir. İslama formal yanaşan əksər cəmiyyətlərdə istənilən bir vətəndaşı tora salıb, qibləsini qərbə döndərmək çox asandır. 
Mən intellektual dairəyə poetik həvəslə qoşulmamışam. Bunun əsas səbəblərindən biri xalqın içindən çıxmağımdır. Ziyalıların düşündüklərini mən həyatda görüb, bütün varlığımla yaşamışam. Həyatımın hər bir anı ictimai təbəddülatları düşünərək ötüb. Bu günkü mədəniyyət və dünənki məzhəb cəbhələrinin hər ikisində iştirak etmişəm. Bu günkü məzhəbin qərb təcavüzü qarşısındakı vəziyyətindən, burjua baxışlarından xəbərdaram. Ziyalı gənclərimizin İslam dinindən uzaqlaşma səbəbləri mənə qaranlıq deyil. Onlar «bu günkü din»dən qaçır! Amma hansı tələyə düşəcəkləri müəmmalıdır. 
Bu biliklər mənə haqq verir ki, dinin cəmiyyətdə aqibəti, təbliğatçıların özbaşnalığı, xalqı dindən uzaqlaşdıran səbəblər haqqında danışım və öz biliklərimi uyğun mövzuların elmi şəkildə öyrənilməsinə sərf edim.
Son iki əsrdə baş vermiş düşüncə qiyamları, üçüncü dünyada istismara qarşı yönəlmiş hərəkatlar, müasir ideologiyalar, dini cəmiyyətimizdə istismarın macəraları ilə tanışlıq mənə daha çox haqq qazandırır ki, ziyalılarımızın din qarşısındakı mövqeyi və onların dinin bu günkü formasına münasibəti haqqında söz deyim. Siz də mənə bu haqqı verin ki, bir mütəxəssis kimi məzhəbdən, sizə bağlı təhsilli nəsildən, məs᾽uliyyətli olduğunuz cəmiyyətdən danışaraq, öz mütaliə və təcrübələrimi hüzurunuzda təqdim edim. 
Deyirlər ki, hamının xoşuna gələn tərzdə danışmaq lazımdır. Amma vəziyyət məni fəryad çəkməyə vadar edir. 
Deyəcəklərimi kor-koranə qəbul etməyinizi istəmirəm. Amma unutmayın ki, sözlərimin elmi əsası var və kimsənin xeyrinə danışmıram. Dediyim sözlərin bütün təbəqələrə zidd olması bir daha sübut edir ki, mən həqiqət naminə danışıram. Məni danışmağa vadar edən yeganə şey- məs᾽uliyyətdir! Nəzərlərimdə nöqsan olsa da, niyyətim düzdür. 
Məni Qur᾽anın buyuruğuna əsasən dinləyin: «O kəslər ki, sözü dinləyib, onun ən gözəlinə uyarlar, onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibi də onlardır» . 
Mən dindən bezib, hər hansı yad düşüncəyə pənah aparmış bir ziyalı təbəqəsinin nümayəndəsiyəm. Siz dininizə, cəmiyyətinizə və ailənizə görə cavabdehsiniz. Ona görə də bilməlisiniz ki, bu cəmiyyətin bir hissəsi olan mənim təbəqəm nə üçün sizə və sizin dininizə biganədir. Mən ana və qızın bir-birini anlamamasının səbəblərindən danışmaq istəyirəm. Bu gün qız ananı eşitmir. Çünki ananın nəsihətində məntiq yoxdur! Ey atalar, övladlarınız sizdən qaçırsa, bunun səbəbi onların əxlaqsızlığı yox, düşüncə və inamlarındakı fərqdir. Siz müsəlmanlar üzərində bu «dinsizlik əsri»ndə böyük məs᾽uliyyət vardır. Allah-təala buyurur: «Özünüzü və əhli-əyalınızı oddan qoruyun».  Siz dindarlar cəmiyyətinizi, ailənizi və özünüzü dinsizlik təbliğatından qorumalısınız».
Mən sizin imanınıza və düşüncənizə düşmüş oddan xəbər verməyə gəlmişəm. Sizə bildirmək istəyirəm ki, lərzəyə gəlmiş dininizi qorumaq nə üçün çətin olub; nə üçün hər bir nəsil tənhalaşır və zəifləşir; nə üçün əsrin təcavüzkar düşüncəsi sizi geri oturdur, özünüzü aciz hiss edirsiniz, duadan başqa bir yol görmürsünüz!
Biz müttəhimik! Əgər mən gündə otuz tənqid eşidirəmsə, bu otuz tənqiddən beşi mö᾽minlər tərəfindəndir. Mö᾽minlər məni olduqca əhəmiyyətsiz şeylərə görə tənqid edirlər. Qalan iyirmi beş tənqid isə bu mövzudadır: «Sən dinə və məzhəbə istinadınla elmə və ziyalılara xəyanət edirsən». Mən bu tənqidə daha çox əhəmiyyət verirəm. Çünki cəmiyyətin formalaşmasında mənsub olduğum bu təbəqənin rolu böyükdür. Bu təbəqəni təşkil edən yazıçılar, mütəfəkkirlər, həkimlər və mühəndislər zamanın insanlarıdır. Mənim dindar zümrəyə məxsus nüfuzlu şəxslərlə bağlılığım yoxdur. Onların mənə müxalif olub-olmamalarının mənim üçün əhəmiyyəti yoxdur. Mən nə din yolu ilə çörək yeyirəm, nə minbərim var, nə də mehrabım varımdır. Ruhani libasım, dini ünvanım, məzhəbi mövqeyim də yoxdur. Həm də var-dövlət həvəsində deyiləm. 
Mən öz təbəqəmin nümayəndəsi kimi danışıram və sizin məclisdə iştirakım, həmkarlığım hiss etdiyim məs᾽uliyyətlə bağlıdır. Gəlmişəm xəbərdarlıq edəm ki, bütün dəyərlərin əldən getdiyi vaxtda nə işlə məşğulsunuz?!
Həzrət Əli (ə) buyurur: «Düşmən sizi aldadır, hiylə işlədir. Siz isə heç bir tədbir görmürsünüz. Sizi dəstə-dəstə oğurlayıb aparırlar, sizsə heç qəzəblənmirsiniz. Sizi hər an izləyirlər, siz isə hər işdən qəflətdəsiniz. And olsun Allaha, bir-birinin köməyinə gəlməyib, işi bir-birinin üstünə atan camaat məğlub olacaq» . 
Bəli, mənə ünvanlanan otuz tənqiddən iyirmi beşində deyilir: «Sən bu günün ziyalısı, bu nəslin yazıçısı kimi nə üçün bütün vaxtını və düşüncəni din və məzhəbin müdafiəsinə sərf edirsən? Sənin fəaliyyətin bu əsrə və bu nəslə xəyanətdir».
Bir vaxt tələbəm olmuş bu günkü yazıçılardan biri öz dostuna yazır: «Heyf şəriətidən ki, məzhəbi düşüncədədir, yoxsa ziyalıların bütü olardı!» Bu mənim öz təbəqəmin ittihamıdır. Bu ittiham məni düşündürsə də, bir o qədər narahat etmir. 
Mən sizə öz gənc nəslinizin ittihamlarını çatdırmaq istəyirəm. Mən həqiqətdən savayı heç bir şeyin təəssübünü çəkmirəm. Elə ona görə də həm ziyalılar, həm də dindarlar mənə qəzəblənir. Hamının qəzəbləndiyini gördükdə belə qənaətə gəlirəm ki, düz danışıram. Çünki hər kəs Əlinin (ə) yolunu getmək istəsə tənha qalacaq. Bu şəxslə həm dinin düşmənləri, həm də dini qoruyanlar vuruşacaq. Bu tarixin şahid durduğu bir həqiqətdir!
Ötən il Məkkədə - beynəlxalq dini bir konfransda ifratçı şiə adı ilə çıxışımı rədd etdilər. Şükr edirəm ki, İranda məni sünnilikdə, Ərəbistanda isə şiəlikdə ittiham edirlər. Allahın mənə nəsib etdiyi bu yola şükr edirəm. Nə qədər nöqsanım olsa da, «həm axurdan, həm xurcundan yeyənlərdən» deyiləm. Tutduğum yol məni həm ziyalıların, həm də dindarların hörmətindən məhrum edir. O həqiqətə görə ki, hər şeyi itirirəm, umacağım da həmin həqiqətdəndir!
Biz müttəhimik! Dindən uzaqlaşmış və ya sür᾽ətlə uzaqlaşmaqda olan gənc nəsil qarşısında günahkarıq. Bu həqiqəti, hətta dünyadan xəbərsiz qalan insan öz evinin içində, televizorun kənarında hiss edə bilər. Bu məclisdəkilərin əksəriyyəti mənimlə həmdərddir. Hamı hiss edir ki, bizimlə gənc nəsil arasında uçurum yaranmışdır. Qərb dəyərlərinə meyilli övlad öz dindar ata-anasına həqarətlə baxır. 
İKİ BÖYÜK VƏ MƏŞHUR SƏHV. Xanımlar və ağalar! Siz öz gənclərinizi azğınlıq və əxlaqsızlıqda ittiham edirsiniz. Ata-anaların əsas səhvlərindən biri budur. Əksəriyyət bu fikirdədir ki, kişilər qadınlardan, qocalar isə gənclərdən daha düşüncəlidir. Bə᾽zi kişilər məhz kişi olduqları üçün elə güman edirlər ki, dini məclisdə iştirak etmək, hətta bu məclislərdə göstəriş vermək hüququ yalnız onlara məxsusdur. Bu adamlar qadınları elmi və dini tədbirlərdə iştirak etməyə layiq bilmirlər. Hansı ki, həkim və ya müəllimə bir xanım təhsilsiz kişidən daha düşüncəlidir. Məclisimiz dini məclis olduğu üçün mən dindar kişiləri nəzərdə tuturam. Bu insanlar elə başa düşürlər ki, İslam və din yalnız kişilərə aid bir məsələdir və qadın nə qədər savadlı olsa da, kişinin razılığı olmadan, hər hansı bir məclisdə iştirak edib, söz deyə bilməz. Guya onlar evdə qalıb gözləməlidirlər ki, ağa onların dini vəzifələri haqqında nə göstəriş verəcək!
İkinci səhv odur ki, yaşlılar özlərini gənclərdən daha düşüncəli hesab edirlər. Ədəbiyyatdan bir şablon, riyaziyyatdan təkcə bir çötkə, dindən bir neçə ziyarətnamə bilən yaşlı, ali təhsilli, dərin düşüncəli gənci özünə tabe etmək istəyir!
Çox vaxt yüksək məqam sahibi olan alimlər gənc nəslə ehtiyatla yanaşır, mülayim nəsihətlərlə keçinirlər. Amma orta savadlı bir dindar tündlük göstərib, güzəştə getmir. 
Zənnimcə, iki müxtəlif məfhum dolaşıq salınır. Pullu olmaq şüurlu olmaq deyil! Yaşlı olmaq düşüncəli olmaq deyil! Hansı əsasla var-dövlətli bir yaşlı adam sadə məktəbli bir qızcığazdan daha düşüncəli hesab olunur?! Cəmiyyətdə tanınmış böyük tacirlər öz təhsilli övladlarından daha ağıllı qəbul edilir. Demək olar ki, bütün yaşlı nəsil gənc nəslə bu gözlə baxır. İctimai və dini tribunalardan danışanlar isə, ağaların xoşuna gəlmək üçün öz sözləri ilə bu yanlış hissləri daha da gücləndirirlər: «Ağa hara, tələbə oğlu hara?!» Ağaya deyilmir ki, «Siz çox hörmətlisiniz, gözümüz üstə yeriniz var, amma savadınız yoxdur. Sizin cılız övladınız daha yaxşı düşünür. Düzdür ona yeriməyi, danışmağı, namazı, dinin əsaslarını, dəstəmaz və qüslü, bir sözlə, hər şeyi siz öyrətmisiniz. Amma indi onun elm və biliyi sizdən üstündür. Bu sayılmayan övlad istənilən bir məsələni analiz edir, sizin babalarınızın xəbərsiz olduğu tənqid isbata cəhd göstərir».
Ey atalar, ey analar! Bu gün Jan Pol Sartr, Marks və Engels, Dekart, Hegel və digər mütəffəkirlərin əsərlərini oxuyan, müxtəlif elmi konfranslarda iştirak edən gənc nəsli hansı kitablarla maraqlandırmaq istəyirsiniz?! İslam dinini məntiqi şəkildə, əsrin dilində anladacaq kitablarınız varmı? Bilməlisiniz ki, sizin ehkamçı nəsihətləriniz onları qane etmir. Sizin yanlış təbliğatınız nəticəsində bu gənclər İslam dininə həqarətlə baxmaqdadırlar. Necə olur ki, parlaq düşüncələri tə᾽zimə gətirən bir din gənc nəsli qane etmir?! Onların məzhəbə yönəlmiş ittihamlarının günahkarı bizik! Görün, bu nəsil bizi necə ittiham edir: Ey mənim atam, ey mənim anam! Sizin din və məzhəb, bu ada söykənmiş əqidə və əməlləriniz büsbütün faydasızdır! Sizin dininiz insanı dünyadan çəkindirir, bütün diqqəti ölüm və ölümdən sonrakı həyata yönəldir. Mən müasir və təhsilli bir gəncəm və ölümdən qabaqkı həyat mənim üçün maraqlıdır. Sənin dinin isə bu həyata aid bir söz deyil. Sən deyirsən ki, bu din qəbir sorğusuna cavab vermək üçündür. Bəs bu dinin qarışıq dünyanı islah etmək üçün nəyi var? Bütün dünya od içində yanır, sən isə yalnız Qiyamət odunun fikrini çəkirsən. Mənim üçün isə bu gün bəşəriyyəti yandıran od daha əzabvericidir. Mən bu odu söndürəcək bir şey axtarıram. 
Ey ata, ey ana! Mən sizin xəlvəti dualarınızı eşitdim. Siz Allahı bütün müqəddəsliklərə and verərək ondan qurtuluş, sağlamlıq, xoşbəxtlik, borcların ödənməsini, xəstənizə şəfa, ruhların bağışlanması, Behiştdə övliyalarla yaxınlıq istəyirdiniz. Bu necə dindir ki, ona e᾽tiqad edən dindar bəşəri problemləri qoyub, yalnız özü haqqında düşünür? Mən bir şəxsə yox, bütün bəşəriyyətə nicat verəcək bir din sorağındayam. 
Ey ata, ey ana! Aramızda böyük fərqlər var. Sənin düşüncəndəki Allah səni bütün məs᾽uliyyətlərdən azad edir. Sən öz Allahına yalvarmaqla bütün cinayətlərin üstünü örtə bilirsən. Sənin dinindəki gedişatlar bizim cəmiyyəti xatırladır. Məsələn, bizdə məhkəməyə işi düşən adam hakimə yol axtarır. Sən öz dinində də bu üsulla hərəkət edirsən. Öz Allahına inamın səni cinayətdən çəkindirmir. Əksinə, sən bağışlanmaq üçün vasitə tapacağına əmin olub istənilən qanunu pozur, heç bir cinayətdən çəkinmirsən! Dinin səni günahlardan çəkindirə bilmir. Hansı ki, İslam dinində bu işlərin günah e᾽lan edildiyi sənə mə᾽lumdur!
Bir sözlə, sənin mənə göstərdiyin din yolu məni dünyada düçar olduğum bədbəxtçiliklərdən qurtarmaq iqtidarında deyil. Mən azad və başıuca olmaq istəyirəm. İnsanları hiyləgərliklə azadlığa çağıran küfr ilə, sənin həyatı donduran dinin arasında fərq görmürəm. 
BƏTNƏ BAĞLI ƏQİDƏ VƏ YA ALIN YAZISI. Ey ata, ey ana! Sənin inandığın qəzavü-qədər prinsipinə görə, dünyada baş verən bütün işlər, cinayətlər, müharibələr əvvəlcədən yazılıb və qarşısıalınmazdır. Demək, nə cinayətkar cinayətdən çəkinə bilər, nə də günahkar günahdan. Demək, bizdən asılı bir iş yoxdur. Bu məntiqlə heç bir cinayətkarı ittiham etmək olmaz! Demək, biz ya caniliyə, ya da qurbanlığa məcburuq (əslində, bu əqidə şiələrə yox, cəbri məzhəblərə məxsusdur). Demək, oturub alnımıza yazılanları gözləməliyik. 
Ey ata, ey ana! Mən bu yolla gedə bilmərəm. Mənim qarşımda iki yol var: əvvəla, məni öz gələcəyimə məs᾽ul edən bir məktəb tapmalıyam; əgər tapa bilməsəm, e᾽tiqadsızlığa və nihilizmə məhkumam. Mən inanmıram ki, Allah sizin dediyiniz kimidir. Necə ola bilər ki, bağışlayan və mehriban bir varlıq istədiyini edə?! Əgər belə olsaydı, əxlaqdan danışmağa dəyməzdi. Sən dərinliyinə varmadan, «Xoşbəxt kəs anasının bətnində xoşbəxtdir və bədbəxt kəs anasının bətnində bədbəxtdir» hədisini əsas götürürsən. İnsaf etsənə! Bu ki, bətnə bağlı bir baxışdır. Bu baxış bütün məs᾽uliyyətlərdən insanı azad edir, tale mütləq şəkildə həll olunur. Əgər dediklərin həqiqətdirsə, nə üçün Əliyə sitayiş edir, Hüseynin şəhadətinə ağlayır, Şimrə qəzəblənirsən?! Əgər hər şey bətndə həll olursa, Şimrdə nə günah?! Sənin bu günkü təhrif olunmuş əqidən yalnız Yezidə sərf edir!
Sən, mənə ehtiyaclarıma cavab verəcək bir din təqdim edə bilmədin. Sən, Allahın bəşəri bir dinini təkcə alın yazısında məhdudlaşdırdın. Mən isə özümün və cəmiyyətimin gələcəyini qurmaq arzusunda idim. Bu arzu məni ekzistensializmə apardı. Sartrın sözləri daha xoş gəldi. O, deyir: «Anasından iflic doğulmuş körpə dünya çempionu ola bilməzsə, özü günahkardır». Gör, dinsiz və materialist bir alim insan iradəsini haraya qaldırır! Amma mənim məzhəbçi və mə᾽nəviyyatçı ata-anamın bu günkü əqidəsi həyatı donuqluğa çəkir. Amma mən əminəm ki, sizin indiki «İslamınız» bir zaman dünyanı fəth etmiş İslam deyil. 
«QADAĞALAR» DİNİ! Ey ata, ey ana! Sən mənə qadağalar dini verdin. Mənə göstərdiyin yol, verdiyin məsləhətlər, öyrətdiyin əxlaqi dəyərlərin məğzi bu oldu: getmə, baxma, demə, anlama, hiss etmə, yazma, oxuma! Bunların ki, hamısı «yox» oldu. Amma mən işıqlı bir yol göstərən din istəyirəm. Yazıçılardan biri deyir: «Vay o dinin halına ki, onda «yox» «hə»dən çox olsun». Mən isə səndən bir dənə də olsun «hə» eşitmədim!
Ey ata, ey ana! Sən müqəddəs hesab etdiyin Qur᾽andan bu gün nə anlaya bilərsən? Sən o kitaba e᾽tiqadlı olduğun halda, mənim qədər xəbərsizsən. Amma daim onu gözünə, sinənə, körpənin beşiyinə, xəstənin balışına sürtürsən. Evdən çıxanda bir neçə ayə oxuyub, qıfıla üfürürsən. Məgər Allah öz kitabını bunun üçünmü göndərib? Amma elə bir qıfıl almaq olar ki, üfürülməmiş də onu kimsə aça bilməz! Əgər Qur᾽an bir neçə ayəni boyundan asmaqla sağlamlığı qorumaq üçündürsə, belə çıxır ki, xəstəliyə qarşı peyvənd (vaksin) vurduranların sənin «Qur᾽an»ına ehtiyacları yoxdur!
Sən düşünüb ağıl yolu ilə doğru yolu seçmək əvəzinə, yeri gəldi-gəlmədi istixarə edirsən. Amma mən sənin verdiyin tərbiyə sayəsində dindar olmadığım halda, Qur᾽ana bu qədər ucuz yanaşılmasına tərəfdar deyiləm. Mən elm və biliyin köməyi ilə əqlimi işə salıram və qarşıma çıxan suallara məntiqi cavab axtarıram. Mən Qur᾽anı istixarə üçün yox, həqiqəti tapmaq üçün oxuya bilərəm. Əgər sən gözlərini yumub Qur᾽anı açırsansa, mən gözlərimi açıb Qur᾽anı oxumaq istəyirəm! Atacan, əgər bir kimsə mənim dərsliklərimlə bu sayaq qeyri-ciddi rəftar etsə, mənim qanım qaralar. Sənin bu kitablara münasibətin məndə belə bir təsəvvür yaratdı ki, bu kitab oxumaq üçün deyil və mən başqa kitablara üz tutdum. 
Ey ata, ey ana! Mən sizin namazınızda heç bir əxlaqi tə᾽sir görmürəm. Nə dediyiniz sözlərin mə᾽nasını anlayırsınız, nə də ibadətin fəlsəfəsindən xəbəriniz var! Sizin namazınız idman hərəkətlərini xatırladır. Əgər namaz təkcə idman xarakterində olacaqsa, daha əhatəli fiziki hərəkətlər kompleksi tapmaq olar! Mən isə hər sübh tə᾽sirli musiqi sədaları altında düşüncəmdə əsər qoyan şe᾽rlər oxuyuram. 
Gəlin həqiqəti birlikdə araşdıraq. Hamıya mə᾽lumdur ki, namaz qılan şəxs Allahla danışır. Necə ola bilər ki, Allahla danışan insan dediyi sözlərin mə᾽nasını və nə istədiyini başa düşməsin?! Sizin diqqətiniz yalnız hərflərin düzgün tələffüzünə yönəlib! Görəsən, bu dünyada sizdən başqa bu qədər yalvardığı halda nə istədiyini bilməyənlər varmı?! Qarşınızda dayanıb sizə yalvaran və nə istədiyini bilməyən adama necə baxarsınız? Siz ona nə verərsiniz? Həmin adamın yalvarmağa adət etdiyinə və yalnız qorxudan yalvardığına əmin olsanız, onun sözlərini qulaqardına vurmazsınızmı?!
Əgər Allah bir insanı onun diqqətsizliyinə görə xoşlamasa, elə namazın ilk rək᾽ətində dərgahından çıxarar, elə bir yerə atar ki, dünya cəhənnəmində axirət behişti arzulasın! Belə kişi cəhalətdə «Əbu Ləhəb», arvadı isə «Həmmalətəl-hətəb» olar. Əgər Allah rəhm etsə, onu həmin yerdən buraxar və həmin şəxs ömrü boyu dəyirman atı tək yerində fırlanar. Bir ömür qaranlıqda yol getdikdən sonra görər ki, çıxış nöqtəsinə çatıb. Budurmu mö᾽minlik?!
Ey ata, ey ana! Alıcı gözlü qərb qarətçilərinin cövlan etdiyi üçüncü dünyada övladından nə gözləyirsən?! Vay olsun o namaz qılanların halına ki, qəflətdədirlər. Onlar Allaha ibadət etdiklərini güman etsələr də, əslində, bütpərəstlərə oxşayırlar. Bu bütlər nə İbrahim, nə də Məhəmməd (s) əsrindəki bütlərdir. 
Məgər oruc şam ilə naharın vaxtını dəyişməkdən ibarətdir?! Əgər orucun mahiyyəti təkcə bundan ibarətdirsə, mən həkimlə məsləhətləşib, daha münasib rejim tutaram! Sən isə mə᾽də yarasından əziyyət çəkdiyin halda oruc tutur, özünü təhlükəyə atırdın. Müqəddəs saydığın ramazan ayında səndə aclıqdan başqa bir dəyişiklik görmədim. Tutduğun oruc sənin əqidə və rəftarındakı nöqsanları aradan qaldıra bilmədi. 
HƏCC
Ey ata, ey ana! Sizinlə Həccə getdim və o müqəddəs məkanda hər bir hərəkətinizə şahid oldum. Sizin işiniz Həcc proqramına kəlmə-kəlmə əməl etməkdən ibarət oldu. Qiyamət səhnəsini xatırladan bu misilsiz anlarda səni yalnız bir şey narahat edirdi: Birinci hansı ayağımı atmalıyam?.
Mə᾽sum Əhli-beyt övliyalarının uyuduğu Mədinəyə getdik. Sən pərəstiş edib, ziyarətnamə oxuduğun, bu insanların müqəddəs amallarından xəbərdarsanmı?!
Sonra Peyğəmbər məscidindən azan sədaları ucaldı. Elə düşündüm ki, bu azan səsi sənin qəlbində ilkin İslam xatirələrini oyadacaq və dünya müsəlmanları ilə çiyin-çiyinə dayanıb namaz qılmağa həvəslənəcəksən. Kasıb, varlı, ağ, qara, ərəb, türk, hind, əfqan, yuqoslav, bir sözlə - azan səsini eşitmiş hər bir müsəlman məscidə axışıb sıralara düzülürlər. Sanki əlvan bir dərya dalğalanırdı. Bu dərya məscidi doldurub Mədinə küçələrini bürüdü. Bu zaman nə gördüm? Mənim ata-anam və onlar kimi bir neçə müsəlman bu cərgələrin arasından sür᾽ətlə bayıra qaçır! Səbəbini soruşuram. Deyirlər ki, bizim hoteldə məxsus pişnamazımız var, ona iqtida edəcəyik!
İndi bu cərgədə düzülənlər sizə hansı gözlə baxmalıdırlar?! Sizin Həccə hansı məqsədlə gəldiyiniz onlarda şübhə doğurur. Çünki sizin hərəkətlərinizdə ixtilaf əlamətləri var!…
Həcc əməllərinin ruhunu bir kənara qoyub əməllərdə vasvasılıq göstərmək hansı məntiqə sığır?! Amandır, təvaf zamanı sol çiynin Kə᾽bədən dönməsin! Əgər bir barmaq səhv olsa, hər şey batil olacaq! Hətta bə᾽zi kişilər öz xanımlarının çiynindən tutub, Kə᾽bəyə tərəf istiqamətləndirirlər. O qədər xırdaçılığa varırsınız ki, sanki Həcc protexniki bir məsələdir və kiçik bir səhv partlayışa səbəb ola bilər. Allaha yönələsi diqqət gör nələrə yönəlir!
Daim sualım bu oldu ki, «necə?» Bir dəfə də olsun «nə üçün?» soruşmadın. 
Ey Həcc zamanı fikri çiynində qalan ata! Xəbərin varmı ki, səndən azca aralı bir məmləkətdə yəhudilər sənin əqidə qardaşlarının evlərinə girir, namuslarına təcavüz edir, evlərini partladırlar. Sən isə heç «son xəbərlər»lə də maraqlanmırsan!
Sənin bəhanələrin budur: Biz nə edək axı? Hər kəs özünü xilas etməlidir! Özünü islah et! Biz nə bilirik beynəlxalq siyasət nədir? Kim bilir ki, sünni fələstinlilər pisdir, yoxsa yəhudilər? Gör, ərəb filmlərində hansı əxlaqsızlıqlar var! Cəzalarıdır, qoy çəksinlər! Onlar şiə deyil!
Həcc karvanındakılardan birinin adyalı yoxa çıxmışdı. Bu şəxs Ərəfatda itirdiyi adyalı bir nəfərin əlində görüb tanıyır. Həmin şəxs adyalın haşiyəsindəki tikişləri sökürmüş. Bəli, şər᾽i cəhətdən ehram, yə᾽ni Həccə məxsus paltarda tikiş olmamalıdır. Belə bir e᾽tiqad insanı dəhşətə gətirir. Bir tərəfdən başqasının malını götürür («oğurlayır» deməyə dilim gəlmir), digər tərəfdən isə şər᾽i vəzifəsinə əməl edir! Bu insan qiyamət səhnəsini xatırladan Ərəfat çölündə də öz əyriliyindən qalmır!
Deyə bilərsən ki, bu istisna haldır. Amma mən başqa səhnələrə də şahid olmuşam. Məsələn, Səfa və Mərvə dağları arasında sə᾽y, yə᾽ni şütüyən zaman iki nəfərin Hacərin xatirəsini yad etmək əvəzinə, söhbət etdiyini gördüm:
- Hacı filan kəs, bu gün təzə bir şey öyrəndim. 
- Nə öyrəndin?
- Bəzi müsəlmanlar nisa təvafı (Həccdə bir dini ayin) etmirmiş. Axı nisa təvafı etməyənin Həcci naqisdir və Həccdən sonra öz xanımı ona haramdır. Başa düşdün nə demək istəyirəm hacı?
- Hacı, başa düşdüm. Əhsən sənin diqqətinə! Yə᾽ni ki, bu adamların hamısı…
Amma bir müddət yoldaşlıq etdiyim həkim zəvvar deyirdi: «İlk dəfə hiss etdim ki, Həccdə necə böyük hikmət varmış. İslam dəyərlərində belə bir dərin fəlsəfə olduğu ağlıma gəlməzdi».
Bəli, bu diqqətli insan hər bir əməlin mahiyyəti ilə maraqlanır və mə᾽nəvi qida alırdı. O, mənimlə yanaşı gedir, dərin hisslərə qapılaraq Həccə aid kitab oxuyurdu. Qəfildən təəccüb içində məndən soruşdu: «Burada bir şey yazılıb, anlamadım. Yazılıb ki, dördüncü sə᾽y (gediş) zamanı Səfanın dördüncü pilləsində dayanıb bu duanı oxuyan varlı olar!».
Ruhi gözəllikləri dəyərləndirən, ilahi eşq haqqında düşünən gənc ziyalının belə bir məsələ ilə rastlaşması məni narahat etdi. Zəvvar yoldaşıma dedim ki, bu dinin yox, kitabı tərtib edənlərin fikridir və sür᾽ətlə ondan uzaqlaşdım. 
Mən demirəm ki, bu qəbil göstərişlər düzgün deyil. Amma məhz Həccdə, insan ruhunun İbrahim dinindən, İsmayıl qurbanlığından, Hacər sə᾽yindən şövqə gəldiyi bir vaxt uyğun hissləri həyəcanlandırmağın yeridirmi?!
Ey müəllif, sən gördüyün işə görə pul almırsan? Məgər pul qazanmaq üçün başqa yol yoxdur?! Pullu olmaq üçün hökmən Səfa dağının dördüncü pilləsində dayanıb dua oxumaq lazımdır?! Xəbərin varmı ki, Səfa və Mərvə arası yol artıq qumluq səhra yox, müasir dəbli, kondisionerlə soyudulan bir dəhlizdir? Bilirsənmi ki, İbrahim dövründəki dördüncü pilləni tapmaq bu gün müşkülə çevrilib? Sən insanlara və᾽d edirsən ki, dua oxumaqla düşməni susdurmaq, varlanmaq, şəfa tapmaq olar. Camaat da elə zənn edir ki, sənin dediklərin dinin buyuruqlarıdır. Ona görə də duaları qəbul olmayanda səndən yox, dindən, Kə᾽bədən, Qur᾽andan üz döndərirlər!
Ey ata, ey ana! Siz gah «Peyğəmbər (s) buyurub ki, fəqirlik fəxrdir» deyərək fəqirliyə üz tutursunuz, gah da dua və ziyarətnamə oxuyub Allahdan və imamlardan var-dövlət istəyirsiniz. Sizin gözünüzün qabağında məmləkətinizin var-dövləti qərbə daşınır. Siz isə öz sərvətinizi qorumaq əvəzinə deyirsiniz: «Dünya ne᾽məti axirətdən binəsib kafirlərindir. Bir vaxt bizə həsrətlə baxar və yediklərini qaytararlar. Qoy aparsınlar!»
Amma dindar olmadığım halda, milli sərvətimizin düşmən tərəfindən dağıdılmasının əleyhinəyəm. Çünki xalqımın varlanma yolunu bu sərvətin qorunmasında görürəm. İqtisadiyyatı inkişaf etdirmək üçün elmi-texniki tərəqqiyə, düzgün iqtisadi siyasətə ehtiyac var. Vaxtını dua oxumaqla keçirən siz cahil müsəlmanların hesabına kafirlər inkişaf edərək, planetin ne᾽mətlərinə sahib durub!
Ey ata, ey ana! Sən hər zaman Kərbəla vaqiəsini xatırlayaraq ağlayırsan. Mən səndən bu hadisə haqqında soruşduqda suallarım cavabsız qalır və mə᾽lum olur ki, sən həmin hadisənin mahiyyətindən xəbərsizsən. 
Mən Hüseynin (ə) qətlə yetirilməsinin səbəbini soruşuram. Sən cavab verirsən ki, Hüseyn (ə) özünü ümmətə fəda etdi. Axı bu sözlər xaçpərəstlərin İsa (ə) haqqında dediyi sözlərdir. Onlar bu əqidədədirlər ki, İsa özünü qurban verməklə Adəm övladının günahları səbəbindən bağlanmış Behişt qapısını açdı. Sənin sözlərin bu deyilənlərə çox oxşayır!
Belə çıxır ki, həyatını, ailəsini zülm qılıncının altına verib, şəhadətə yetən Hüseyn (ə) sənin və mənim dünyamı xoşbəxt etmək niyyətində olmayıb?! Məgər Hüseynin (ə) məqsədi insanları məcbur bey᾽ətə və zülmə qarşı qiyama qaldırmaq deyildi? Yoxsa Hüseynin (ə) azadlıq və ictimai ədalətin bərpası kimi niyyətləri olmayıb? Sizin dediklərinizdən belə çıxır ki, Kərbəla vaqiəsinin məqsədi bizə ağlamaqla bağışlanma yolu açmaqdır və bu hadisənin dünya işlərinə heç bir dəxli yoxdur. 
Sizin bu baxışınız dünya işlərində dini tə᾽sirsiz tanıtdırır. Mən isə öz idealları ilə dünyanı bu günkü ağır problemlərdən xilas edə biləcək qəhrəman sorağındayam. 
Sizin mənə verdiyiniz Kərbəla faciəsindən danışan qalın kitabı oxudum. Mən dünyada baş vermiş əksər inqilablar, eləcə də böyük Fransa inqilabı haqqında oxumuşam. Amma siz verdiyiniz kitabın Kərbəla vaqiəsinin nəticələri haqqında izahatları məni qane etmədi. Guya, bu hadisənin mə᾽nəvi nəticəsi odur ki, Hüseynə əzadarlıq edənlərin sayı milyonlara çatır. Hadisənin ikinci, iqtisadi nəticəsi isə bütün qərb iqtisadçılarını heyrətə gətirə bilər. Sizin kitabın müəllifi yazır: «Dünyanın müxtəlif yerlərindən Kərbəlaya axışan zəvvarlar özləri ilə bir qədər yerli istehsal məhsulu götürüb, orada satır və bir miqdar sovqat alıb vətənlərinə gətirirlər. Bu gedişlə Kərbəla ilə ölkəmiz arasında ticari mübadilə yaranır və bu mübadilə ölkəmizin iqtisadiyyatına müsbət tə᾽sir göstərir».
İlahi, necə də dar baxış! Əslində, bu iqtisadi dövriyyə pulsuz iranlıların özü ilə pul əvəzi götürdüyü az sayda xalçalardan və bu xalçaların puluna Kərbəla və Nəcəfdən alınan möhür və təsbehdən ibarətdir. Uyğun mübadilənin miqdarı kiçik bir yapon şirkətinin göstəricilərindən çox-çox aşağıdır. Müəllifin hansı iqtisadi nailiyyətdən danışdığı müəmma olaraq qalır. 
Müəllifin araşdırmalarından belə çıxır ki, ölkəmizin möhür və təsbeh sarıdan qərbi geridə qoyması Kərbəla hadisəsinin uğurlu nəticəsidir. Dəhşət!
Bəşər tarixinin ən əhəmiyyətli hadisəsi haqqında oxuduğum son kitabın səviyyəsi mə᾽lum oldu. Bu əsərləri oxumaqla Hüseyn haqqında ciddi düşünmək olarmı?! Mən din alimi deyiləm ki, dini həqiqətləri araşdırıb üzə çıxara biləm. Mühəndisin, həkimin, iqtisadiyyatçının, müəllimin öz işi var və onlar dini bu sayaq səviyyəsiz kitablardan öyrənirlər. Bu kitabları yazanlar rəsmi din təbliğatçılarıdırlar. Onların yazdığı kitablar qətiyyən tənqid olunmur. Bəs, bədbəxt ziyalı həqiqi İslamı hansı mənbələrdən öyrənsin?! Əgər sizin e᾽timad etdiyiniz bir kitabdakı əsassız iddialara cavab verən tapılmırsa, kimə üz tutaq?!
Ey mənim təbliğatçı atam! Sizin üçün Peyğəmbərdən (s) və Əlidən (ə) böyük bir şəxsiyyət varmı? Bu iki şəxs o qədər əzəmətlidir ki, hətta İslama əqidəsi olmayanlar da bu əzəməti e᾽tiraf edirlər. Amma sizin həmin insanlara təqdim etdiyiniz rəvayətə baxın: 
«Peyğəmbər (s) ömrünün son günlərində hamıdan xəlvət Əlinin evinə daxil oldu. O, bu son saatlarında Əliyə böyük bir sirr açmalı idi (bu sözləri oxuyanları, iki əzəmətli şəxs arasındakı sirrə münasibətdə maraq bürüyür; amma görün bu sirr nədən ibarət imiş). Peyğəmbər (s) Əliyə (ə) iki sifariş etdi: «Ya Əli, mən can verərkən canım ağzımdan çıxanda onu tut və üzünə çək..». (ikinci sifarişi xatırlamasaq daha yaxşı olar). 
Bəli, bu imiş böyük sirr! Qərb öz dəyərsiz adamından şəxsiyyət düzəldir, siz isə Peyğəmbər (s) şəxsiyyətini bu qədər kiçildirsiniz. Axı niyə məni elm, fəlsəfə, ədəbiyyat, sənət ardınca getməyə qoymursan?!
Mən böyük Fransa inqilabı haqqında «Eşq və ölüm oyunu» kitabını və digər inqilablar haqqında əsaslı elmi əsərlər oxumuşam. Bu mütaliələrdən sonra əzəmətli Kərbəla hadisəsini, əslində, kiçildən kitablarla maraqlana bilmirəm. Sən deyirsən ki, filan azdırıcı kitabı oxuma, filan azğın şəxsin sözünə qulaq asma, filan azdırıcı yerə getmə. Mən sənə «baş üstə» deyə bilmirəm. Birdəfəlik bil ki, sənin bugünkü səviyyədə təqdim olunan dinin mənim ehtiyaclarımı ödəmir!
Sən təvəssülə, yə᾽ni Əhli-beytə üz tutmaqla onları Allah yanında şəfaətçi etməyə çox əhəmiyyət verirsən. Bir dəfə mənə dedin ki, mənimlə filan məclisə gedək, ziyalı bir şəxs şöhbət edəcək. Mən də razılaşdım. Həmin şəxs öz söhbəti zamanı dedi: «Fəsadcıl bir adam bir neçəsini öldürmüşdü. Bir alimdən soruşur ki, mən öz günahlarımı hər hansı bir yolla yuya bilərəmmi? Alim deyir ki, yox, olmaz. Qatil dərhal həmin alimi də öldürür. Sonra başqa bir alimin yanına gedir. Müsbət bir cavab ala bilməyib, onu da öldürür. Bu qayda ilə 99 alim öldürən qatil 100-cü alimə üz tutur. Əvvəlki alimlərin taleyindən xəbərdar olan alim çarəsizlikdən qatilə deyir: «Yuxarı kənddə saleh insanlar yaşayır. Get o kəndə və onlar dua edəndə sən də onlara qatıl. Allah onlara mərhəmətini nazil edərkən, sən də öz-özünə bağışlanacaqsan».
Doxsan doqquz nəfəri qətlə yetirən yüzüncünü buraxıb, üz tutur həmin kəndə. Amma yolun ortasında qatili əcəl yaxalayır… Axşam bu qatili yuxuda görən olur. Soruşur ki, «necə oldu Behiştə düşdün? Qatil deyir: «Əzab və rəhmət mələkləri gəldilər və mənim barəmdə mübahisəyə başladılar. Axır qərara gəldilər ki, mənim öldüyüm yerdən yuxarı və aşağı kəndlərə qədər olan məsafəni ölçsünlər. Əgər öldüyüm yer yuxarı kəndə yaxın olsa Behiştə, aşağı kəndə yaxın olsa Cəhənnəmə aparılım. Ölçdülər və gördülər ki, öldüyüm yer salehlərin kəndinə iki barmaq yaxındır. Buna görə də bütün günahlarımı və doxsan doqquz alimin qanını bağışladılar!».
Ey ana! Sən öz gənc qızını dini bir məclisə aparmışdın. Bu məclisdəki natiq Kərbəla hadisəsinin azadlıq məktəbi olduğunu sübut etməyə çalışır və bu məktəbdən faydalanmağımız üçün nə etməli olduğumuz barədə söhbət edirdi:
Bir aşura günü kibrit tapa bilməyən çox əxlaqsız bir qadın qonşudan kibrit almağa gedir. Həmin evdə rövzə deyilirmiş. Əxlaqsız qadın sönməkdə olan ocağı üfürməyə başlayır. Ocağın külü gözünə dolduğu üçün gözləri yaşarır. 
Bir vaxt bu qadın dünyasını dəyişir. Onu yuxuda görən başqa bir şəxs təəccüblənir ki, necə olub bu qadın Behiştə düşüb? Qadın başına gələnləri danışır və nəhayət, mə᾽lum olur ki, ocaq üfürdüyü zaman gözündən gələn yaş damcısına görə həmin evdə şə᾽ninə rövzə oxunan Hüseyn (ə) ona şəfaət verib!
Ey ata, ey ana! Belə cəfəngiyatlar mənim dindən uzaqlaşmağıma səbəb oldu. Həmin gecə natiqin əxlaqsız qadın haqqında danışdığı hekayət qəlbimdəki son sevgi bağlarını qırdı. Mən o natiqin dinindən qaçdım. İndi də hürkmüş at kimi dayanmıram, siz də asta-asta dalımca gəlirsiniz. Siz bu atı zorla yüyənləmək fikrindəsiniz. Sizin bu fikrinizi duyduğumdan, sür᾽ətimi artırıram. 
Ey ata, ey ana! Sən öz qızına geyinmək, bəzənmək və digər işlərdə o qədər «olmaz»lar yüklədin ki, onun təsəvvüründə qadına azadlıq vermiş bir dini qadağalar kompleksinə çevirdin. Dini məclislərdə hətta natiqi görməyi də ona qadağan etdin. Savadsız kişilər istədiyini etdiyi halda, elmli və təhsilli qadınlar öz fikrini deməyə imkan tapmadı. Onlar hicablı olduqları halda, ikinci bir hicaba salınırlar. Bu gün İslama maraq göstərib hər hansı bir həqiqəti öyrənmək istəyən modern xanım sizin məclisə yaxınlaşa bilmir. Əgər təsadüfən onun saçının bir neçə tükü görünsə, onun ünvanına nələr deməzsiniz?!
Siz dininizin adı ilə bə᾽zən ən kiçik səhvi bağışlamır, bə᾽zən isə dünya ağırlığında günahı olan əxlaqsız qadına mərhəmət göstərirsiniz. Bütün deyilənlərin zahirinə baxırsınız. Peyğəmbərə bir salavat göndərməklə bir ömür günah yükündən azad olmaq fikrindəsiniz!
Ey ata, ey ana! Sən mənə Əlinin yalnız şücaətindən və Zülfüqarından danışdın. Amma bu gün bizi düşməndən qoruyacaq Zülfüqar yoxdur. Bu gün yəhudilər Xeybərdə yox, Fələstində tüğyan edir. Sən Əlinin (ə) arpa çörəyi yeməyindən danışır, bununla da xalqda fəqirliyə rəğbət oyadırsan. Sən Əlinin (ə) əjdahanı öldürməyindən danışırsan. Bir sözlə, sizin danışdıqlarınız Əlini (ə) yalnız bir pəhləvan kimi tanıtdırır. Sanki Əli (ə) bizim İran pəhləvanı Rüstəmin oxşarıdır. Bir dəfə olsun belə Əlinin (ə) elm və biliyindən bir söz eşitmədim. Axı sadə bir pəhləvanı özümə necə rəhbər seçəydim?! Mən əfsanəvi yox, həqiqi bir rəhbər istəyirəm. Sən onun ən təhlükəli bir vaxtda canından keçərək, Peyğəmbərin (s) yerində yatması ilə fəxr edirsən. Mən bilirəm ki, Əli (ə) ömür boyu ölümün istiqbalında olub. Elə bu gün də canını din yolunda fəda edənlər var! Sən mənə Əlinin (ə) başqa xüsusiyyətləri haqqında nə deyə bilərsən? Heç nə!
Dediklərin məni qane etmir. Bəs Əlinin (ə) məktəbi? Bəs Əlinin (ə) dünyaya baxışı? Bəs Əlinin böyük ruhu? Əhli-beyt ardıcılları öz bilik və təqvaları ilə dünyanı rəğbətləndirməli olduqları halda, cəfəng xurafatlarla öz xalqını şiəlikdən bezdirirlər. Sən Fatiməni (ə) öz qızına daim ağlamaqla məşğul olan bir qadın kimi tanıdırsan. Guya Fatimə ümmətin yox, yalnız özünün və ərinin itirilmiş haqlarına görə qiyama qalxıbmış. Guya, Fatimənin (ə) Fədək bağını geri almaqdan başqa məqsədi yoxmuş. Sən Fatimə (ə) haqqında bundan başqa nə demisən?!
Sən öz qızına təqdim etdiyin Zeynəb (ə) Aşura günü şəhidlər üstündə nalə çəkib ağlayan bir qadındır. Bəs aşuradan sonra xanım Zeynəbin (ə) başına nələr gəldi? Axı Zeynəbi (ə) ideala çevirən, əslində, onun Aşuradan sonrakı fəaliyyətidir. Bu barədə sən nə bilirsən? Sənin üçün Zeynəb (ə) yalnız öz qardaşının müsibətinə ağlayan bir bacıdır. Demək, sən Zeynəbi tanımırsan! Çünki sənin sevdiyin kitablarda Zeynəb (ə) şəxsiyyətindəki əsas çalarlar açıqlanmayıb. Yalnız sənin və mənim əlim çatmayan bə᾽zi kitablarda bu barədə mə᾽lumat verilib. Sənin təbliğindəki Zeynəb isə bizim dünyamız üçün maraqlı ola bilməz. Sənin təbliğin dünyadan əl çəkib, yalnız axirət barədə düşünməyə çağırır!
Sənin məzhəbində Əli (ə) vilayətindən danışılır. Siz Əlinin (ə) Allah ilə xüsusi əlaqələrindən, Əli (ə) məhəbbətinin günah yuyan kimyəvi tə᾽sirindən danışırsınız. Amma bu gün bəşəriyyətə, onu bugünkü ağır vəziyyətindən çıxaracaq gücdə olan bir ideal gərəkdir. Tarixə hakim olmuş ədalətsiz cari qanunları necə aradan qaldıraq? Sual budur!
Ey ata, ey ana! Sən mənə imaməti öyrətdin və dedin ki, Peyğəmbərin (s) özündən sonra on iki canişini var. Sual verirəm: imamət əqidəsinin bugünkü bəşəriyyətə nə faydası var? Necə ola bilər ki, adi tarixi şəxsiyyətin düşüncələri bu günümüzə tə᾽sir etsin, amma ilahi şəxsiyyətə malik insanların əqidəsi tarixdə qapanıb qalsın?! Sən yalnız əzbərlədiyin bu sözü təkrarlayırsan ki, hakimiyyət onların yox, bunların idi. 
Sən imamları qeyri-adi varlıq kimi tanıtdırırsan: «Onlar ali insanlar yox, insandan ali varlıqlardır». Demək, bu şəxsiyyətlər, yalnız axirət əzabından qurtuluş üçün faydalıdır. Biz bu gün ədalətli rəhbər axtarır, öz insani haqlarımızı qorumaq istəyirik. Bu yolda gerçək ideallardan ehtiyacsız deyilik. Sənin isə imamətin sıra ilə düzülmüş on iki addan ibarətdir!
Ey ata, ey ana! Sən mənə—öz taleyini qurmaq istəyən gənc nəslə öz əməllərinlə və mərasimlərinlə nə verə bilirsən? Heç nə! Elə ona görə də biz axtarışda olan gənclər sizdən uzaqlaşıb, diqqətimizi cəlb etmiş filosoflar və ideologiyalar arxasınca getdik. 
Ey ata, ey ana! Mən həqiqəti axtarmaqda davam edirəm. Mən öz dünyamı ədalətsizlik məngənəsindən xilas etmək istəyirəm. Sənin bugünkü həyatın və əqidən mənim istəklərimi doğrultmur. Sən kasıblığı üstün tutur və yalnız kasıbları Allaha yaxın hesab edirsən. Belə çıxır ki, dünya əhalisinin əksəriyyətini təşkil edən aclar onları bu günə qoymuş istismarçı təbəqəyə təşəkkür etməlidirlər! Demək, dünyanı bizə zindana döndərənlər olmasaydı, Behişt üzünə həsrət qalasıydıq!
Ey ata, ey ana! Din adı ilə evdə həbs edib, təhsildən, dünya səadətindən məhrum etdiyin qız səni bağışlamayacaq! Sən o qızı məhbus etməklə, onun qəlbinin ovuna çıxmış düşmənə yol açmısan. Bu qız ya düşmənə pənah aparmalı, ya da sənin günəşsiz dünyanda ömrünü başa vurmalıdır.
BURA QƏDƏR DEYİLƏNLƏR VƏ BUNDAN SONRA… Bura qədər mən, İslamdan uzaqlaşıb qərb mədəniyyətinə üz tutmuş və öz insani şəxsiyyətini tanıya bilməyən gənc bir nəslin nümayəndəsi kimi danışdım. Mən həmin nəsil ilə həmfikir deyiləm. Sadəcə, onların narazılıqlarını məs᾽uliyyət daşıyan məzhəb nümayəndələrinə çatdırdım. Həmin məzhəbi cəmiyyət məni məzhəbi şəxs kimi deyil, hətta bir bəla tanıyır. Mən isə bu məsələni sizin mühakimənizə verirəm. 
İndi isə, dini gerilik səbəbi bilən mənim ziyalı təbəqəmdəki dinsizlərə tam məs᾽uliyyətlə bəyan edirəm: İslam sizin düşündüyünüz kimi deyil!
Mənim İslam dininə bağlılığımın elmi əsasları var. Dindən nə maddi xeyrim var, nə də dini baxışlarım mənə ictimai mövqe verib. Əksinə, mən dini e᾽tiqadıma görə hər şeyi itirmişəm. Mən İslamı həqiqət bilərək ona inanmışam. 
Ey ziyalı! Sənin şüarlarınla razıyam. Mənim də istəyim budur ki, zülmün kökünü kəsək, insan haqlarını tə᾽min edək. elə buna görə də tam səmimiyyət və inamla elə bir dinə üz tutmuşam ki, bu din fəqirliyi (yoxsulluğu) və təbəqə ziddiyyətlərini aradan qaldırmağa, insanlara azadlıq verməyə, dünya həyatımızı işıqlandırmağa, cəmiyyətdə ədaləti bərpa etməyə qadirdir!
Yaxınlarımdan biri şiə məzhəbinə olan münasibətimi təmənnalı düşünərək dedi: «Dediklərin həqiqətdir, yoxsa bir xeyrin var?». Hansı ki, mənim məzhəbi mübarizələrdəki itkim və qazancım hamıya mə᾽lumdur. Mən ictimai nüfuzumu, ziyalılığımı, gəncliyimi, rahatlığımı, bir sözlə - hər şeyimi əqidəm yolunda qurban vermişəm. Əvəzində həm ziyalıdan, həm də iman əhlindən töhmət almışam. Peşman deyiləm; çünki əqidəmə sadiq qalmışam. Əgər nə ziyalı, nə də iman əhlini tənqid etməsəydim, günüm daha xoş keçərdi. Mənim mövqeyimi həm ziyalı, həm də dindar ədalətsiz qiymətləndirir. Mənimlə çiyin-çiyinə durmuş ziyalı elə düşünür ki, arxamda hansısa dindar bir qüvvə dayanıb. 
Ey ziyalı! Ziyalı mühitində İslamı təbliğ etdiyimə görə məni arxalı bilməyin tam əsassızdır! Axı, sən həmin təbəqənin mənə olan münasibətindən xəbərdarsan. 
Bir daha bəyan edirəm: Məni İslama bağlayan—bütün varlığımla inandığım həqiqətdir. Məsihi keşişlərin kafir hesab etdikləri tanınmış mütəfəkkir Ernest Renan yazır: «İslam əsl insan dinidir. Mən şiə məzhəbində həqiqi İslamdan fərqli əlavələrin olduğuna inanmıram! İnanmıram ki, İslamın üç, şiəliyin isə beş e᾽tiqad əsası ola. Bəli, şiəlik həqiqi İslamı anlama yoludur». Necə anlama? İslam dininin mütərəqqiliyini, despotizmə, irqçiliyə, təbəqəçiliyə zidd olduğunu anlamaq! Allah tərəfindən göndərilmiş bütün dinlər təhriflərə mə᾽ruz qalmışdır. İslam dinini uyğun təhriflərdən qoruyan məhz şiə məktəbi olmuşdur! Peyğəmbər (s) sünnətini təcavüzlərdən qoruya bilən yeganə məzhəb şiəlikdir! Şiəlik İslamın İbrahim dininin əsas hədəfi olan «ədalət» və «imamət»i bünövrə prinsiplərindən qərar vermişdir. Yə᾽ni ictimai ədalət və həqiqi rəhbərlik!
Mən ən᾽ənəvi şiəlik keşikçisi deyiləm və ziyalıların mütərəqqi arzuları ilə razılaşıram. Mən keçmiş dinləri və İslamı, eləcə də, bəşər tarixində mövcud olmuş ideologiyaları dərindən araşdıraraq bu qənaətə gəlmişəm ki, ən mütərəqqi yol İslamın şiə məktəbinə məxsusdur!
Ey ziyalı! Bir anlıq təəssübü kənara qoy və seçdiyin ideologiyada ədalət və rəhbərlik prinsiplərini süzgəcdən keçir. İstər dialektik materializm, istər ekzistensializm, istər humanizm - bütün yolların «ədalət»i istismar və zülm, «imamət»i isə hakimiyyətsizlikdən ibarətdir. Kimi təbəqə mübarizəsi aparır, kimi də hakimiyyət!
Şiəlik isə, sənin düşündüyün kimi, ağlaşmaqdan ibarət deyil. Bütün işıqlı düşüncələrin axtardığı həqiqi ictimai ədalət və həqiqi hakimiyyət məhz şiə məktəbinin ədalət və imamət prinsiplərində mövcuddur.
Ey ziyalı! Məgər, sən öz cəmiyyətin və bəşəriyyət üçün bu həqiqətləri axtarmırsanmı?
Şiəlik bu iki əsas üzərində qurulub. Amma bu gün həmin əsasların yalnız adı qalıb. Dünya həyatı xoşbəxtliyimizin bu iki prinsipini hərəkətdən salan fırıldaqçılar, hətta bu prinsiplərin adını dəyişib başqa terminlər işlətsəydilər də, mən dünyaya müraciət edib deyərdim ki, şiəliyin əsası ədalət və imamətdir. Bədbəxtçilik ondadır ki, həmin əsasların adını qoruyub, mahiyyətini dəyişdilər! Min il cihad, eşq, müqavimət və işkəncədən, ərəblərin və monqolların dözülməz əsarətindən sonra məhrum şiə toplumunun əlində qalan, yalnız axirətə aid olan «Əli məhəbbəti» oldu. 
Hər şeyi dəyişdilər. Mahiyyəti dəyişən, yalnız zahiri qalan dəyərlər qəsbkar hakimlərin mənafelərinə uyğunlaşdırıldı. Bütün məzhəbi gerçəkliklər ruhdan məhrum edildi. İlahi dəyərlər İslama zidd xurafatlarla əvəz olundu. 
Tövhid, Qur᾽an, Həcc, ədalət, imamət, məad, şəfaət, təvəssül kimi tə᾽sirli məfhumlar süst şəkilə salındı. 
Ey mənim azadlıqsevər ziyalı bacım və qardaşım! Bu gün sənə İslam və şiəlik adında təqdim olunanlar, cahil dost və qərəzli düşmən əlində eybəcərləşdirilmiş məfhumlardır. Bu gün sənin gördüyün İslam və şiəlik əsl İslam və şiəlik deyil. Bəşəriyyətə səadət yolunun göstəricisi olan bu çıraqların üstünə qara pərdə çəkilib. Sənin bu gün gördüyünü inkar etməyə haqqın var! Amma bilməlisən ki, sənin axtardığın həqiqət elə bu qara pərdənin altındadır!
Ey ziyalı bacım və qardaşım! Sən dindən bezmiş halda deyirsən ki, bəşəriyyəti süstləşdirən, ictimai məs᾽uliyyətdən uzaqlaşdıran bu gün gördüyün dinin yaradıcısıdır. Mən tam məs᾽uliyyətlə bəyan edirəm ki, İslamın Allahı - cihad və tərəqqi Allahıdır. 
Tövhid təkcə o demək deyil ki, Allah birdir və şəriki yoxdur. Tövhid ictimai həyatın bütün sahələrini əhatə edən dünya görüşüdür. Tövhid bütün təbəqələrin, irqlərin, millətlərin, qəbilələrin vəhdətinin əsasıdır. 
Tövhid fərdi təfəkkürlərdən qaynaqlanan parçalanmaları inkar edir. İslam Allahı elm və agahlığı, məs᾽uliyyət və cihadı, azadlıq və vəzifəni, tərəqqi və ədaləti sevir. İnsan böyük yaradanın əmanətdarı, ruhunun daşıyıcısı, yer üzündəki canişinidir. Allahın bütün mələkləri insana – (Adəmə (ə)) səcdə etmişlər!
Şiə məzhəbinə görə, Allah ədalətlidir və bütün yaranış ədalət əsasında nizamlanmışdır. Yaranış Allahın, yaranış nizamı isə Allah iradəsinin təcəllasıdır. Cəmiyyət yaranış mexanizminin bir hissəsi kimi nizamlı olmalı, Allahın iradəsinə zidd getməməlidir. Deməli, «Allah ədalətlidir» prinsipini irəli sürən şiə məzhəbi ictimai ədaləti zəruri hesab edir. Ey dini dünya üçün köhnəlmiş hesab edən ziyalı, görürsənmi şiəliyin əsas prinsipini?! Şiə üçün ictimai ədalət e᾽tiqadın ilkin əsaslarındandır. 
Hansı ideologiyanın ardıcılları tarix boyu ardıcıl şəkildə despotizmin qurbanı olub? Yalnız şiələr ardıcıl olaraq zalımlar tərəfindən tə᾽qib edilib. Çünki məhz onlar heç zaman zülm və ədalətsizliklə barışmamışlar. Cəmiyyətdə bütün müxaliflər rahat yaşadığı halda zülmlə barışmayan şiələr tə᾽qib olunub.
Ey bacı, ey qardaş! Həqiqi İslam bəşəriyyətə rəhbərlik üçün yalnız mə᾽sum insanları layiq bilir. İslam Peyğəmbərə (s) canişinlik iddiasında olan zülm xilafətini inkar edir!
İslam dini fəqirliyi küfrə yaxın hesab edir. Peyğəmbərin (s) elm çeşməsindən faydalanan Əbuzər (r) deyir: «Fəqirlik evin bir qapısından daxil olanda, din o biri qapıdan xaric olur». Həzrət Əli (ə) öz övladına belə vəsiyyət edir: «Oğlum, yoxsulluqdan Allaha pənah apar. Yoxsulluq dini naqis edir, ağlı kütləşdirir, nifrət və düşmənçilik yaradır». 
Demək, bizim məzhəb bu gün bir çoxlarının iddiasının ziddinə olaraq, yoxsulluğun müdafiəçisi və təbliğçisi deyil. İslam rifah və qüdrət tərəfdarıdır!
Bütün ideologiyalar ideal axtarışında ikən, ilahələr və bütlər uydurduqları zaman, mənim məzhəbimdə Əli (ə) kimi gerçək bir idealın surəti canlanır. Ey ziyalı! Əli (ə) sənin tanıdığın Əli deyil. Həqiqi Əli hakim olduğu vaxt vəfalı səhabəsi Osman ibn Hüneyfi həmin Osmanın öz qulundan fərqləndirmir. Həm ağa, həm də qul eyni qədər - üç dirhəm maaş alır. İslamdakı həqiqi Əli belədir! O, Allah qarşısında dua zamanı yarpaq tək əsir, cihad meydanında şimşək tək çaxır, cəmiyyətdə ədalətsizliklə mübarizə aparır. Sənin zülm qarşısında aciz təsəvvür etdiyin Əli (ə) dörd min xurafatçı, cahil şəxsi bir dəfəyə qılıncdan keçirir. Özü bu haqda deyir: «Fitnə zülməti hamını bürüdükdən sonra mən onun (fitnənin) gözünü çıxartdım. Bu işi görməyə kimsənin cür᾽əti çatmazdı!». Cəmiyyət nadan mühakimə yürütdükdə belə, ona qarşı çıxmaq çox çətin olur. İndi təsəvvür edin ki, dörd min nəfər dua oxuyub gecə ibadəti edən nadan abid, düşmən hiylələrinə uyaraq haqqın qarşısında dura. Bu insanlara heç bir nəsihət yetmir və xəstəlik xərçəng kimi müsəlmanların həyatında qol-budaq atır. Onlarda qərəz olmasa da şüursuzluq var. Bu şüursuzluq isə kütləviləşərək, ictimai bəlaya çevrilir…
Əli (ə) üçün haqq nə gücdür, nə də hökumət. Əli (ə) haqq dedikdə xalqın haqqını nəzərdə tutur. Ona görə də deyirdi: - «Mənim hökumətimdə insanlar bərabərdir. Ey Malik, müsəlmanlar imanda, qeyri-müsəlmanlar isə insanlıqda səninlə qardaşdırlar!»
Bəli, mənim islamım yalnız ölülərin karına gələn İslam deyil! Bu din şiə mücahidi Əbuzərin dinidir. İslam təməllərində sədaqətli Əbuzər yalnız küfr ilə yox, eləcə də mənfəətpərəstlər və Qur᾽an naşiri ilə də döyüşürdü. Əbuzər ictimai ədalətin müdafiəsinə qalxaraq, ölü kapital toplayanlarla mübarizə aparırdı. Əbuzərin şüarına bax: «Ey iman gətirənlər! Yəhudi alimlər və rahiblərin çoxu insanların mallarını haqsızlıqla yeyir, onları Allahın yolundan döndərirlər. Ey Allah! Qızıl-gümüş yığıb, onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ». Osman isə «bu ayə başqa dinlərə aiddir» deyirdi. Əbuzərin isə daha məntiqli əsası vardı. O, deyirdi: «Ayənin başqalarına aid olması nədən bilinir?! Ayənin əvvəlində müraciət edilən yəhudilər də kitab əhlidir. Ayənin axır hökmü isə hamıya aiddir. İstər müsəlman olsun, istər kafir, istər müvəhhid, istər müşrik - hər kəs qızıl-gümüş toplasa!». 
Əbuzər əsl islamşünas və əsl mücahid idi. O Qur᾽an və şəriəti qarətçilik üçün alət etmiş bir rejimlə mübarizədə canından keçdi. O, canından keçdi ki, sən və mən ziyalı həqiqəti anlayaq. Əbuzər öz şəhadəti ilə tarixə yazdı ki, İslam istismar və yoxsulluq dini deyil!
Ey ziyalı bacı və qardaş! Sənin məsxərə etdiyin Həcc xurafatçı bir insanın həccidir. Həqiqi Həcc isə bəşəriyyətin hər il Allah qarşısında öz və᾽dini təzələməsidir. Bəs hanı və᾽d? Bir zaman İbrahim (ə) tövhid bayrağını qaldıraraq, şirk və cəhalətlə mübarizəyə qalxdı. Cəmiyyətə qədəm qoymuş və hər bir nəsil müqəddəs Kə᾽bə evində və᾽d verir ki, İbrahim (ə) yolunu davam etdirsin. 
Deyə bilərsiniz ki, bütlər o zaman sındırıldı və bu gün şirklə mübarizə yersizdir. Yox, əzizlərim! Bu günkü bütlər daha amansız və daha qüvvətlidirlər. 
İbrahim tarixi yox, ilahi bir şəxsiyyətdir. İbrahimdən (ə) sonrakı bütün peyğəmbərlər onun yolunun davamçılarıdır. Demək, bu yol əsrimizdən keçib məchul gələcəyə uzanan ən doğru yoldur. Bu gün dünyanı caynağına almış, sadəcə müasirlik qiyafəsində çıxış edən bütpərəstlik, İbrahimin (ə) dövründəki bütpərəstlikdən qat-qat təhlükəlidir. 
Həcc - ən əzəmətli ümumbəşəri nümayişdir. Bu vəzifənin icrasına gücü çatan hər bir insan üçün bütün irsi və sosial fərqləri kənara atıb əyninə kəfən geymək, bu əzəmətli səhnəyə daxil olmaq zəruridir. Bu səhnədə hər bir ziyarətçi, sanki İbrahimin (ə) cihadını təkrarlayır. O, Həcc mərasiminin qaydalarına əməl etməklə Hacərin (ə), İsmailin (ə), İbrahimin (ə) xatirəsini yad edir. 
Həcc - insanların bərabərliyini, millətlərin və təbəqələrin birliyini, tövhid «təvaf»ının, cihad «sə᾽y»inin, «eşq mənzili»nə yetişməyin, İsmail qurbanının bayramıdır. Həcc - hər bir fərdin, tarixin, cəmiyyətin və şəxsin üçlü şeytanı üzərində İbrahim qələbəsinin bayramıdır. Həccin əsl mehvəri insanların qibləsidir. Təvafın mərkəz nöqtəsi, yə᾽ni insanın həyatdakı fəaliyyətlərinin mərkəzi Hacərin məzarıdır. 
Bəli, İbrahimlə yanaşı addımlamış kənizin də əməlləri, İbrahimin əməlləri tək, milyonlarla insan tərəfindən təkrarlanır. Bəli, Allaha üz tutmamış hər bir şey məhv olacaqdır. Allah bəşəriyyətin salehləri arasından bir əsgər seçib onun məzarını öz evinin ətəyində qərar verir. Bu əsgər kimdir? O, qadını alçaq bilib ona həqarətlə baxan bir əqidənin müxalifidir. Allah övliyalar arasından qadını təsadüfən seçməmişdir. Rəbbimiz bütün bəşəriyyətə, hətta böyük peyğəmbərlərinə bu mərkəzin təvafını əmr edir. Bəli, bu Həccin hər bir əməli ilahi dərs, hikmət, islahdır. Məhz bu mərasimdə müsəlmanlar bir-birlərini daha dərindən tanıyır və ilahi vəhdət peymanı bağlayırlar. 
Görün, həmin əzəmətli mərasim nə vəziyyətə gətirildi! Kimlər üz tutdu Kə᾽bəyə? Bütün ömrünü günah içində yaşayıb ölümqabağı «xal toplamaq» istəyənlər! Bə᾽zi ziyarətçilərdə fərdi əxlaqi keyfiyyətlər var, inkar etmirəm. Amma həqiqi Həccin bərqərar olduğu dünyada Hüseyn amalları yerdə qalmaz, sionizm dünyaya meydan oxumaz, yoxsulluq və istismar İslamın bağrını parçalamaz. Min üç yüz il bundan əvvəl imam Musa ibn Cə᾽fər (ə) buyurmuşdur: «Nə çoxdur hay-küy salan, nə azdır hacılar!».
Həccdən qayıdanlara baxıb onlarda Həccin əsərlərini görmək istədin. Mə᾽lum oldu ki, bu insanlarda heç bir dəyişiklik baş verməyib. Adi xəyanətkarlar indi hacı adı ilə xəyanətlərini davam etdirir! Onların Həccdən gətirdiyi, yalnız zənbil dolu sovqat olub. 
Bəli, əlimizdəki Qur᾽an zahirən təhrif olunmamış bir kitabdır. Bu kitab həm cahillərin və cinayətkarların əlində vasitəyə çevrilir, həm də mütləq həqiqətə aparan yolu göstərir. Bu kitab səhranın vəhşi ərəbini 25 il ərzində bəşəriyyətin taleyinə tə᾽sir edə biləcək qüdrət və mədəniyyətə çatdırır. 
Qur᾽an Allah adı ilə başlayıb, xalq kəlməsi ilə bitir. Bu kitabın 70-dən çox surəsinin adı insanla, 30 surəsinin adı digər maddi varlıqlarla, yalnız iki surənin adı ibadətlə bağlıdır. Qur᾽an cahillərin və düşmənlərin təqdim etdiyi kimi, yalnız ölülərə aid kitab deyil. Qur᾽an əsl həyat, cihad və tərəqqi kitabıdır!
Bu gün Qur᾽an (bir qism agah şəxs istisna olmaqla) təhsilsiz insanların əlindədir. Bu insan yazıb oxumağı bacarmadığı halda, Qur᾽an dili ilə qələmə and içir. 
Ey ziyalı bacı və qardaş! Bilirsənmi, Qur᾽anın bəşəriyyətə ünvanlanmış ilk göstərişi nə oldu? «Ələq» surəsinin ilk ayəsinə bax: «Oxu!». Bəli, «qələm» ilə yazı-pozu bilməyən bədəvi bir cəmiyyətin tərbiyəsi!
Düşmənin hiyləsi və dostun cahilliyi insanları səadət yolunu göstərmək üçün göndərilmiş Qur᾽anı müqəddəs təbərrükə çevirərək, gündəlik həyatdan uzaqlaşdırdı və ölülərin ruhuna hədiyyə etdi. İndi Qur᾽an ayələri bəşəri problemlərin müzakirə olunduğu beynəlxalq məclislərdən yox, qəbristanlıqlardan eşidilir. Ey mənim ziyalı bacım, qardaşım, bilirsənmi Qur᾽anı cəmiyyətdən uzaqlaşdırıb and kitabına çevirmək üçün nə qədər zəhmət çəkilib, nə qədər pul xərclənib?!
Hətta dedilər ki, «Qur᾽an» sözünün götürüldüyü «qərəə» kökü düzgün seçilməyib. Guya, əsl kök «qərn» kəlməsidir. Yə᾽ni «Qur᾽an» «oxumaq» yox, «yanında saxlamaq» deməkdir. Bə᾽zi həqiqətləri ifrat qabardaraq, Qur᾽anı əlçatmaz göstərdilər. Dedilər ki, «bismillah» kəlməsinin yalnız birinci hərfini təfsir etmək üçün insan ömrü çatmaz. Doğrudan da, «bismillah» kəlməsində çox dərin mə᾽nalar var. Amma bu sözü şüara çevirənlərin məqsədi, yalnız və yalnız Qur᾽anı qapalı saxlamaqdır. 
Həzrət Peyğəmbər buyurur (s): «Hər kəs Qur᾽anı öz nəzəri, rə᾽yi əsasında təfsir etsə, oda qovuşar». Bu çox elmi və məntiqi bir buyuruqdur. Əsl təhqiqatçı həqiqət axtarışında şəxsi ehtimallarından, tələsik mühakimələrindən çəkinməli, tə᾽sir altına düşməməlidir. Peyğəmbərin (s) bu buyuruğu bu günkü dünyada analitiklərə ünvanlanmış ən aktual mesajdır. 
Bəs, düşmən bu fikri necə mə᾽nalandırdı? Həzrətin (s) bu kəlamını əsas götürüb, Qur᾽anı dərk etmək istəyənləri qorxutdular. Özləri isə Qur᾽anı sinfi mənafelərinə uyğun elə təfsir etdilər ki, guya Qur᾽anda rəhmət və lən᾽ətdən başqa bir şey yoxdur. Hətta İslamın kökünü kəsmək istəyən düşmənlər «bu həqiqi Qur᾽an deyil, həqiqi Qur᾽an əsrin imamındadır» dedilər. 
Bir sözlə, insanlar yalnız Qur᾽anın cildini tanıdılar və bu cildi öpüb göz üstünə qoymaqla kifayətləndilər. 
Bütün bunlara baxmayaraq, ümid var ki, həqiqəti hər şeydən üstün tutan ziyalılar bu ilahi kitabı açıb oxuyalar və Qur᾽ana münasibətdə bu günkü cahil münasibət buzu sındırıla. Əgər belə bir intibah baş versə ziyalı şahid olacaq ki, hətta böyük İslam alimlərindən bir qisminin beyni oğurlanıb. Şükürlər olsun ki, şiə məzhəbində hər zaman dinini canından üstün tutan mücahid alimlər olub. Məhz bu alimlərin kitablarında həqiqəti axtaranlar üçün maraqlı mə᾽lumatlar var. 
Ey ziyalı dost! İslama qarşı baş vermiş təxribatlar göstərir ki, düşmən Qur᾽andan qorxur. Sən Qur᾽anın əzəmətini düşməndən öyrən. Məgər, səni qucağına çağıran hiyləgərin qorxusu sənə Qur᾽an haqqında bir söz demir?!
Onların çirkin fəaliyyətləri nəticəsində düzgün düşüncə və əməl yolunu göstərən bir kitab təbərrük, istixarə, and vasitəsinə çevrildi. İslam dininə iman gətirənlər Qur᾽ana tə᾽zim etməklə, onu taxçanın başına qoymaqla, ona dəstəmazsız əl vurmamaqla, səfərə çıxanın başına tutmaqla öz vəzifələrini bitmiş hesab etdilər. Ey cəmiyyətinin, mühitinin və mədəniyyətinin süqutundan əzab çəkən qardaşım, hansı Qur᾽andan danışırsan?! Sən savadsız dindarı qınayırsan. Amma onun haqqı var ki, oxumadığı Qur᾽ana iman gətirsin. Sənin isə haqqın yoxdur ki, oxumadığın, mətləblərini araşdırmadığın bir kitabı rədd edəsən. Sənin düşündüyünün əksinə olaraq bu insanları zəifliyə düçar edən Qur᾽an deyil. Bu insanlar Qur᾽anla həqiqi ünsiyyəti tərk etdikdən sonra tənəzzülə uğrayıblar. 
Ey agah ziyalı! Əgər Qur᾽anın mətnini anlayıb, onun mö’cüzələrini dərk etməyə qüvvən çatmırsa, heç olmasa, İslamdan faydalanmış inqilab rəhbərlərinin fikirləri ilə tanış ol. 
Bilirsənmi istismar körüyündə qovrulan Şimali Afrikada azadlıq hərəkatı necə başlayıb? Şüarı «Bütün müsəlmanların Qur᾽ana qayıdışı» olan Seyyid Camal məktəbinin davamçısı Məhəmməd (əbdüh) Şimali Afrikaya qədəm qoyduğu gün! O, din alimlərini toplayıb onları köhnə fəlsəfədən çəkinməyə və xalqı Qur᾽anın həqiqi siması ilə tanış etməyə çağırdı. 
Həmin vaxt Qur᾽an yenidən tədris olunmağa başladı. Hətta kənd məktəblərində əsaslı bir proqram şəklində Qur᾽an tə᾽limləri həyata keçirildi. Qur᾽andan istifadə etməklə, Fransız əsarətinə şərait yaradan xurafatlara son qoyuldu. Hansı ki, əvvəllər istismar boyunduruğu altında olan din nümayəndələri, yalnız fərdi ibadətlərlə məşğul olurdular. Onlar ibadətlə məşğul olduqları vaxt fransız generalları Arqo və Salan Əlcəzairin, Tunisin, Mərakeşin, Mavritaniyanın qanını sorur, bu ölkələrdə koloniya qanunları tətbiq edirdilər. Meşədə ərəb ovu ilə əylənən bir general Parisə- öz arvadına yazırdı: «Biz hamımız yaxşıyıq - mən də, itim də, ərəbim də!» Bəli, bu müsibətlər baş verdiyi vaxt mö᾽minlər zikr və duaya məşğul idilər. 
Amma Qur᾽an taxçadan düşüb həyata qayıdan kimi müsəlmanlara anlatdı ki, dünyada zəlil ölən axirətdə zəlil qalxacaqdır. İnsanlar anladılar ki, İslamda Allaha yaxınlaşmağın yeganə yolu əql və düşüncə, elm və bilikdir. Anladılar ki, hər kəs zülmə təslim olsa, zalımla əlbirdir. «Həyatın əqidə uğrunda cihaddan ibarət olduğunu» dərk etdilər. Başa düşdülər ki, İslam fərdi ibadətlərlə başa çatmır, İslam Peyğəmbəri (s) rahib yox, cihad peyğəmbəridir. Onun risalət hədəfi agahlıq və ədalətdir!
Bildilər ki, Allah-taala dəmiri ədalət tərəzisi, ədalət tərəzisini isə vəyhlə yanaşı xatırladır. Anladılar ki, imanlı cəmiyyətin nişanəsi özününkülərlə mehribanlıq, düşmənlə sərtlikdir. Bu cəmiyyət qüdrət və şərəflə seçilir. Əgər istismar altında olan cəmiyyət dözümsüz və biganədirsə, demək, onların din hesab etdiyi həqiqi İslam deyil. Onların nə namazları, nə orucları, nə duaları, nə həccləri həqiqi ibadətlərdən sayıla bilməz. Həqiqi ibadət edən şəxs cəmiyyətdəki ədalətsizliklərə biganə qalmır! 
Bəli, Qur᾽an onun mahiyyətinə varan xalqları ayıltdı və anlatdı ki, ən böyük dini vəzifə cəmiyyətdəki süqutun qarşısını almaqdır. Qur᾽an insanları inandırdı ki, dua vasitəsi ilə şəhadət savabı qazanmaq əvəzinə, ələ silah götürüb Fransa istismarı ilə vuruşmaq lazımdır. Süqut etmiş həmin dini cəmiyyətlər Qur᾽anın köməyi ilə ayıldılar və cihada qalxdılar. Xalqdan uzaqlaşmış ziyalılar istismara qarşı mübarizədə İslamın gücünü görüb, bu əzəmətli hərəkata qoşuldular. Beləliklə, xalq xurafatdan, ziyalılar isə qərbpərəstlikdən xilas oldular. Afrikada marksizmin dayaqlarından hesab olunan mütəfəkkir Ömər Ozqan İslama iman gətirib, «Ən böyük mübarizə» kitabını yazdı. «Əlcəzair milli tələbə təşkilatı» adını götürdü. Dindarlar arasında yeni ruh tapan din, dindar olmayan ziyalıları da cəzb etdi. Əlcəzair kommunist partiyasının orqanı olan «Əlcəzair respublikası» qəzetinin baş redaktoru fransız mənşəli Henri Aleq İslam mücahidləri sırasında həbsdə olarkən yazır: «Belə bir yerdə işkəncələrdən danışmaq düz çıxmır. Burada hər saatda bir ağır işkəncələrdən sonra qanlı dodaqlarında dua pıçıldayan birini həyətin ortasına tullayırlar. Mən bu kəlmələrin mə᾽nasını başa düşmürəm. Amma bu vaxtadək eşitdiklərim arasında yalnız bu kəlmələrə inanıram».
Həmin illərdə qərb təcavüzü qarşısında qazanılmış qələbələrin yeganə səbəbi Qur᾽ana həqiqi yanaşma olmuşdur. İnsanlar anlamışlar ki, Qur᾽an büt yox, həqiqət yolunu göstərən mayakdır. Demək, Qur᾽an yalnız o zaman faydalı olur ki, oxunur, düşünülür, açıqlanır və onun göstərişlərinə əməl edilir. Əlbəttə ki, Qur᾽ana belə bir yanaşma istismarçıları qəzəbləndirir. Ona görə də Afrikada Fransa istismarının quduz canavarı Sustel deyir: «Qur᾽an dini kitab deyil. Bu kitab insanları ibadət və sülhə çağırmaq əvəzinə, onları döyüş və intiqama qaldırır. Zəlil bir cəmiyyəti Qur᾽an kimi hərəkətə gətirəcək ikinci bir qüvvə yoxdur. Qur᾽an öz sehirli kəlmələri və e᾽cazkar avazı ilə ən ölü qəlbləri diriltmək gücündədir...».
Yə᾽qin ki, Qladiston haqqında eşitmisiniz. İngiltərənin ekspansionist siyasəti yolunda can qoymuş yəhudi məsləkli bu baş nazir İngiltərə parlamentində Qur᾽anı tribunaya döyəcləyərək demişdir: «Nə qədər ki, bu kitab müsəlmanlardadır, ingilis siyasəti qarşısında müt᾽ilik olmayacaq!».
Dilindən bu sayaq təhqirlər çıxaranlar Qur᾽anın hansı tə᾽sirə malik olduğunu təcrübədə görənlərdir. Düşmənlər Qur᾽anın tə᾽sir dərəcəsini İslam alimlərindən daha dəqiq təfsir edirlər. Çünki həm düşməndirlər, həm də xəyali məfhumlardan uzaqdırlar. Bu insanlar artıq dərk etmişlər ki, oxunub düşünülən Qur᾽an istismarın qənimidir. 
Qur᾽ani-kərimin «Şura» surəsində buyurulur: «O kəslər üçün ki, Rəbbinin də᾽vətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən sərf edərlər; və o kəslər üçün ki, onlar zülmə, təcavüzə mə᾽ruz qaldıqda intiqam alarlar; hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir; zülmə mə᾽ruz qaldıqdan sonra onun əvəzini çıxanlara heç bir cəza verilməz». 
Məşhur «Mədəniyyət tarixi» kitabının müəllifi Vill Dorant Qur᾽an haqqında deyir: «Qur᾽anın «Sizə qarşı həddi aşanlara siz də həmin ölçüdə həddi aşın» ayəsini, İncilin «Sol üzünüzə sillə vursalar, sağ tərəfini də gətirin və əgər əbanızı istəsələr, ridanızı da bağışlayın» ayəsi ilə müqayisə etsək aydın olar ki, Qur᾽an «mərdanə əxlaq», İncil isə «qadınsayağı əxlaq» tə᾽lim edir». Demək, bu günkü müsəlman cəmiyyətləri Qur᾽an prinsipləri ilə daban-dabana ziddir. Ekspansionist fransız generallarının necə bir din arzuladıqları da mə᾽lum olur!
Ey haqq axtaran ziyalı! Sən cəmiyyətdə insan şəxsiyyətinin alçaldılmasından əziyyət çəkirsən və bilirsən ki, Qur᾽an ən azı peyğəmbər dövründə bu şəxsiyyəti zülmətdən çıxarıb. Amma bu gün Qur᾽ana xurafatçı dindarların gözü ilə baxırsan. Axı ziyalı şəxs məsələlərə səthi yanaşmamalıdır. Sən Qur᾽anı necə tanımısan? Bu istiqamətdə hansı şəxsi axtarışların var. Qur᾽ana münasibətin göstərir ki, sən Qur᾽anı yox, düşmənin çəkdiyi Qur᾽anın şəklini tanıyırsan. Sənin tanıdığın Qur᾽an - cahillərin əlindəki istixarə və and Qur᾽anıdır!
Qur᾽an düşüncə yolu ilə tanınmalıdır. Onu açıb oxumaq, məqsədləri barədə düşünmək, tarixi yolunu araşdırmaq, son 150 ildə Asiyada və Afrikada istismara qarşı qiyamlarda rolunu təhqiq etmək lazımdır. Bu yanaşma tərzi hər bir səmimi insana sübut edir ki, Qur᾽an - düşüncə, azadlıq, ədalət və tərəqqi kitabıdır. 
Ey ziyalı bacım, qardaşım! Kərbəla əzəmətli bir inqilab məktəbidir, ziyalı ayıq olub düşmənin hiyləgərliyini, nəyi nəyə çevirdiyini hiss etməlidir. Böyük təhriflərdən sonra eybəcərləşdirilmiş dini dəyərlərə baxıb mühakimə yürütmək olmaz. Düşmənlər həyatverici qana tiryək libası geyindirmişlər. 
Kərbəla hadisə yox, məktəbdir. Bu məktəbdən həm həqiqi İslamı, həm şiəlik həqiqətini, həm də müsəlmanlıq vəzifələrini öyrənmək olar. 
Hansı tarixçi, hansı təhqiqatçı təəssübü kənara qoya bilmişsə, Hüseynin (ə) şəhadətini həqiqi azadlıq yolunda fədakarlıq kimi dəyərləndirmişdir. Əfsus ki, əqidəsi təəssüb və təmənnadan ibarət olanlar bu şəhadətə xilafət çəkişmələri prizmasından baxmış, ən yaxşı halda, həzrət Hüseyni (ə) sufi bir aşiq kimi qələmə vermişlər.
Hüseyn (ə) zülmə qarşı qiyama qalxmış, məzlumların azadlığı və din maskası taxanların çirkin simalarının aşkar olması üçün hər şeyindən keçmişdir. Əgər Hüseyn (ə) sükut etsəydi, həqiqi İslamın izləri tarixdən silinərdi. 
Əgər bu gün ziyalı yalnız ağlaşma kimi təqdim olunan Aşura məktəbini qəbul etsə, o da başqa xurafatçılar kimi düşmənin oyuncağına çevriləcək və dünya imperializmi sinəmizin üstündə daha rahat oturacaq. Düşmən elə bir oyun qurub ki, milləti birləşdirməli olan din, əslində, onu parçalayıb. Təhrif olunmuş dinə inanana «xurafatçı», inanmayana isə «ziyalı» adı verilib. Əslində isə, xurafatçının inandığı və ziyalının inkar etdiyi şey həqiqi İslam yox, qara əlin yonduğu bütdür. 
Əziz ziyalı! Həqiqi ziyalı həqiqi dini tanımalı, tarix boyu dinin başına açılmış oyunları, həyata keçirilmiş təhrifləri araşdırmalı və qara əli tapmalıdır. Həqiqi ziyalı o şəxsdir ki, aldanmış cəmiyyətini düşmənin oyunlarından xəbərdar edib, onu xurafatdan qurtarsın və dinin cəmiyyətdə əsl rolunu açıqlasın. 
Təəssüf ki, bu günkü ziyalı bəyənmədiyi köhnəpərəst qədər aldanmış və fəaliyyətsizdir. Çünki hər iki təbəqə həqiqi Allahdan, həqiqi İslamdan, həqiqi Qur᾽andan, həqiqi Əlidən, həqiqi Fatimədən və həqiqi Hüseyndən xəbərsizdir. 
Məsələn, «şəfaət» inancına köhnəpərəst necə baxır, ziyalı necə baxır?
Xurafatçı elə düşünür ki, günahkar və ləyaqətsiz insan Allah yanında hörmətli bir şəxsin himayəsini qazanıb cəzadan qurtara bilər. O, bu himayəni qazanmaq üçün təvəssül duası oxuyur, ağlayır və s.
Mə᾽lumdur ki, şəhidlik uca zirvədir. İslamın aqibətinin həll olunduğu Bədr savaşının şəhidləri daha üstün tutulur. Ümumiyyətlə, şəhidlik zirvəsini fəth etmək üçün insan canından keçir. Bu inanc düşmənin kürkünə birə salır. Axı şəhidliyi fəxr bilən bir milləti necə istismar etmək olar?! Bu vaxt xurafatçı dindar ortaya çıxır və bildirir ki, şəhidlik məqamına çatmaq üçün düşmənlə vuruşmaq vacib deyil. Məsələn, cümə axşamı qüsl verib, 70 dəfə filan duanı oxumaqla şəhid məqamına çatmaq, Qiyamət günü Hüseynlə çiyin-çiyinə dayanmaq olar. Sən bu adamda zirəkliyə bax!
Bəs, ziyalı nə düşünür? Çox vaxt o, bu xurafatı əsas götürərək bütün dini inkar edir. Əslində isə, dini bu kökə salan düşmən, ziyalının inkarının intizarındadır. Din xilas yolu, şəfaət həqiqət olduğu halda xilas olmaq istəyənlər, həqiqəti axtaranlar üz-üzə dayandıqları məqsədə arxa çevirirlər. Demək, ziyalı da çaşmışdır. 
Yüz ildən çoxdur ki, müsəlmanlar xurafat zəncirindədirlər. Həqiqəti dərk etmək gücündə olan ziyalılar isə auditoriyalarda öz xalqlarının cəhalətinə gülür, məzəli əhvalatlardan ləzzət alırlar. Bu gün müsəlman ziyalısı, intibah dövründə xristianlığa qarşı çıxmış qərb ziyalısını xatırladır. Lakin bütün proqnozlarda tələsik mühakimə yürüdüldüyü hiss olunur. Ziyalı elə hesab edir ki, onun xalqı zülmətdədir. Halbuki, xalqın zülmətdə olması ziyalının varlığını şübhə altına alır. Demək, ziyalı özü də qaranlıqdadır. Öz əzəmətini təsdiq etmiş, İslamın təhrif olunub saxtalaşdırıldığını görə bilməyən insanı ziyalı hesab etmək olarmı? Elmi düşüncəyə malik şəxs ən᾽ənəçi avamla eyni baxışa malikdirsə, onların heç birini ziyalı hesab etmək olmaz! Köhnəpərəstin inandığı, ziyalının isə inkar etdiyi bu günkü din həqiqi İslam deyilsə, bu yersiz çəkişmə min illər davam edəsidir. Belə getsə, ziyalı öz dörd divarı arasında xalqa güləcək, xalq da öz cəhalətinə rəğmən xurafata e᾽tiqad edəcək. Əslində, ziyalı, xurafatçı xalqa güldüyü kimi, xalq da millətin qətlinə dayanmış qərb dəyərlərinə üz tutan ziyalıya gülür. Xalq ziyalıya işarə ilə «bunlar, həqiqətdən uzaq düşmüş sözbaz günahkarlardır» deyir. Xalq ziyalını dindən və müqəddəslikdən uzaq düşmüş modernist kimi tanıyır. 
Cəmiyyət üçün həm ziyalının xalqa, həm də xalqın ziyalıya uyğun münasibəti olduqca təhlükəlidir. Hər iki münasibət İslam düşmənlərinin dəyirmanına su tökür. Bu vəziyyəti yaradan və onu daim izləyən düşmən arxayın olur ki, ziyalı həqiqəti tapa bilməyəcək və xalq xurafat buxovunda qalacaq. Düşmən yalnız və yalnız məzlum xalqların qiyamından qorxur. Xalq isə o zaman qiyama qalxar ki, bu yolda ölümü şərəf bilsin. Əgər xalqa təlqin olunmuşsa ki, dua oxumaqla şəhidin savabını qazanmaq olar, bu xalq sinəsini güllə qabağına verərmi? Bəs xalqı bu öldürücü təfəkkürdən ziyalı yox, kim qurtarmalıdır?! Halbuki, bu günkü ziyalı gördüyü xurafatdan qeyzə gəlib, İslama hücum edir. Xalqa deyilir ki, sənin inandığın həqiqi din deyil; deyilir ki, səni bu günə qoyan dindir. Beləcə, xalq ziyalını dinsiz hesab edib həm özünün, həm də ziyalının din adlandırdığı xurafatdan daha möhkəm yapışır. 
Ziyalı bacı! Ziyalı qardaş! Həqiqi İslamda məad, yə᾽ni axirət fəlsəfəsi dünya həyatını inkar etmir, bu həyatı insan kimi yaşamağa çağırır. Ümumiyyətlə, İslamda ölümdən sonrakı həyata inam insanı bu dünya həyatından uzaqlaşdırmamalıdır. Əgər bir insan axirət həyatına inandığı üçün dünya zülmlərinə dözüb səsini çıxarmırsa, belə bir inam xurafatdır! Dünyanı axirətlə əlaqəsi olmayan bir məkan kimi qəbul etmək də səhvdir. Dünya yalnız maddi rifah əldə etmək üçün deyil. Həqiqi İslamda dünya Allahın razılığını və Behişti qazanmaq üçün vasitədir. Başqa sözlə, axirət həyatı dünya həyatının davamı və nəticəsidir. Hədislərdə buyurulur ki, dünya axirət üçün əkin yeridir. Bu buyuruq dünya ilə axirətin əlaqəsini göstərir. Axirət həyatı dünya həyatının təbii məhsuludur. Həzrət Peyğəmbər (s) qısa bir kəlamla uyğun mövzuda İslamın mövqeyini bəyan edir: «Dünya həyatı olmayanın axirət həyatı da yoxdur». Demək, zalımların zülmünə dözüb, axirət həyatında bu dözümə görə əvəz alacaqlarını düşünənlər tam yanlışlıq içindədirlər. «Dünyada zülmə döz, axirətdə əvəzini alacaqsan» deyən din həqiqi İslam yox, imperializmin oyuncağıdır! Qur᾽an, dinin bu cür olduğunu düşünən xurafatçı dindarlara və qərbpərəst ziyalılara öz mesajını göndərir: «Bu dünyada kor olan şəxs, axirətdə də kor olar!».
Ey ziyalı bacı! Ey ziyalı qardaş! Dua acizliyin nişanəsi deyil. Heç olmasa, dünyaya meydan oxuyan sultanların əzəmətli Allah qarşısında dualarını nəzərdən qaçırmayaq. Dua, məntiqə sığmayan bir məqsədə çatmaq üçün vasitə deyil. İnsan dua etməklə heç bir məs᾽uliyyətdən canını qurtara bilməz. Dua vasitəsi ilə xəyanət ləkəsini təmizləmək olmaz!
Avropada olduğum zaman Parisdə fars dilinə çevirdiyim ilk əsər - professor Aleksis Karlın «Dua» kitabı oldu. Bu kitab olduqca maraqlı bir əsərdir. Çünki bu kitabda elmi düşüncəyə malik, İslamın dua mətnləri ilə tanış olan bir mütəfəkkirin metodik araşdırmaları toplanmışdır. 
Alim bu kitabda duanı insanın fitrətindən baş qaldırmış, ruha zinət verən, nəfəs almaq və yemək kimi zəruri ehtiyac ünvanı ilə tanıtdırır. O, yazır: «Dua, Nitsşenin dediyinin əksinə olaraq, acizlik əlaməti deyil. Dua, insanı mə᾽nən qidalandığı vücuddan faydalandıran amildir. Dua, insanın ruhunu gündəlik qayğılar mərtəbəsindən kamal mərtəbəsinə ucaldır».
Alim bildirir ki, dua mərasiminə bağlı olan heç bir millət tarix səhnəsindən silinməmişdir. Bu sözləri bir ruhani desəydi, adi olardı. Amma uyğun fikirlər iki dəfə Nobel mükafatı almış əcnəbi bir alimə məxsusdur. Çox maraqlı faktdır. 
Mən Parisdə bu kitabı tərcümə etdiyim vaxt hiss etdim ki, kitab nə qədər dəyərli olsa da, onda xristianlıq ruhu duyulur. Məsələn, kitabda yazılır: «Dua, insanın Allah ilə aşiqanə söhbətidir»; «Dua, insanın ehtiyac duyduğu şeyi Allahdan istəməsidir». Bu iki cümlədən belə bir nəticə çıxır ki, dua eşq və möhtaclıqdan doğur.
Amma İslam dinindəki duaları araşdırdıqda mə᾽lum oldu ki, İslamda eşq və möhtaclıqdan başqa səbəblər də nəzərdə tutulur. Xüsusi ilə, tarix boyu tə᾽qiblərə mə᾽ruz qalmış və təqiyyə şəraitində yaşamış şiə məzhəbində duada dini əqidələr və ali məqsədlər bəyan olunur. Demək, şiə məzhəbinin duaları həm də məktəb funksiyasını daşıyır. Məsələn, imam Səccadın (ə) «Səhifə» duası və bir çox əsas dualarda Allaha müraciət olunur, Onun sifətləri bəyan edilir, insanın Allah qarşısındakı vəzifələri sadalanır, eləcə də, insanın Allahın yardımına möhtac olduğu e᾽tiraf edilir. Göründüyü kimi, duanın mətnində fəlsəfi, e᾽tiqadi, elmi və əxlaqi baxışlar izhar olunur. Bütün bunlardan əlavə cəmiyyətdəki ədalətsizliklər, hakimlərin zülmü, düşmənin hiylələri duada öz əksini tapır. Demək olar ki, əksər duaların sonunda istəklər bəyan edilir: «Pərvərdigara! Məni zalımların əlində alət etmə!»
Dua oxuyan şəxs bu cümlələri oxuduqca onun yatmış düşüncəsi oyanır. Dua, adətən, xəlvətdə oxunduğundan, başqalarının nəzərlərini öz üzərində hiss etməyən insan səmimi olur. Bu səmimiyyət, ixlas ona böyük ideallar haqqında düşünmək və özünü onlarla müqayisə etmək imkanı yaradır. 
Təəssüf ki, ziyalının dua haqqındakı düşüncələri mö᾽təbər olmayan dualar və bu günkü dua əhlinin vəziyyəti əsasında formalaşır. İşini-gücünü atıb yalnız dua oxumaqla və dilindən çıxan sözlərin mə᾽nasını anlamayan insanlar ölçü predmeti ola bilməz. İslam dinində həqiqi duanı tanımaq üçün İslam peyğəmbərinin (s), Əlinin, Hüseynin, Fatimənin, Zeynəbin (ə) baxışları ilə tanış olmaq lazımdır. Peyğəmbərin sevimli səhabələri Əbuzər və Əmmar necə dua edirdi? Dua onları gündəlik işdən ayırırdımı? Onlar şəhadət savabını döyüş meydanında, yoxsa dua oxumaqla əldə edirdilər?
Ey ziyalı bacı və qardaş! Sən öz elmi düşüncənlə həqiqəti tapmaq üçün əsl ideallara müraciət etməlisən!
İslam Peyğəmbəri (s) dövrümüzün ən mütərəqqi ordularının komandanlarından daha üstün şəkildə müharibə aparırdı. İntizam, strategiya və taktika, kəşfiyyat, tibbi xidmət - bir sözlə, döyüşün taleyinə tə᾽sirli olacaq hər şeyi nəzərə alırdı. Amma bütün bunlara baxmayaraq, Həzrət dua da edirdi. Bu dualar İslam peyğəmbərinin (s) hər hansı bir vəzifəni yerinə yetirməsinə mane olmurdu. 
Həzrət Əli (ə) bütün döyüş hazırlığını gördükdən sonra belə dua edirdi: «Pərvərdigara! Əgər bizi qalib etsən, həddi aşmağa qoyma. Əgər onları bizə qalib etsən, bizə şəhadət qismət et!».
Azadlıq, ədalət və dinin dirçəlişi yolunda ailəsi və əzizləri ilə birlikdə şəhadət meydanına çıxmış Hüseyn (ə) qanla dolu ovuclarını səmaya qaldırıb, dünyanı heyrətə gətirən bu şəhadətlərin qəbul olunması üçün Allaha dua edir. 
Əziz ziyalı! Yuxarıda xatırlanmış dualarda hansı zəifliyi, acizliyi hiss etdin? Necə düşünürsən, həqiqət bu dualardadır, yoxsa şəhidlik savabı verən dualarda?!
Əzizlərim! Sizin ata-ananızın inandığı qəzavü-qədər əslində İslama zidd bir inancdır. Bu insanlar inanırlar ki, həyatda baş verən hər bir hərəkət əvvəlcədən müəyyən edilib. Axı düşüncəli insan necə inana bilər ki, son ilahi dində belə məntiqsiz qanunlara yer verilsin?
Əgər hər şey əvvəlcədən müəyyən olunubsa, bir bu qədər peyğəmbərlərin göndərilməsinin, insanların doğru yola də᾽vət olunmasının nə əhəmiyyəti var? Bu fikirlər şərqdən hindli sufinin və qərbdən yunan filosofunun uydurmasından başqa bir şey deyil! Həzrət Peyğəmbər (s) atəşpərəstlərin belə bir əqidədə olduğunu vurğulamışdır. Necə olur ki, bir qrup insan Qur᾽anın ziddinə çıxaraq belə cəfəngiyyatlara iman gətirir?! Əgər sən ziyalısansa, İslama aid hər bir həqiqəti Qur᾽andan öyrənməlisən. «Müddəssir» surəsinin 38-ci ayəsində buyurulur: «Hər kəs öz əməlinin girovudur». Qur᾽an həm dinsiz təhqiqatçılara, həm də beyni müxtəlif fəlsəfələrlə zəhərlənmiş din adamlarına konkret cavab verir: «O gün (Qiyamət günü) insan öz əlləri ilə etdiyi əməlləri görəcək, kafir isə «kaş torpaq olaydım» deyəcək». 
Qur᾽an təkrar-təkrar bəyan edir ki, tarix boyu məhv olmuş bütün cəmiyyətlər özlərinə zülm edənlərdir. Hətta dialektik materializmdə cəmiyyətdəki dəyişikliklər insan iradəsindən yox, maddi amillərdən asılı bilinir. Amma Qur᾽an, istisnasız olaraq, bütün ictimai təbəddülatlarda insan düşüncəsini əsas götürür. Bu səbəbdən də İslam dinində cəmiyyətin taleyinə görə insanlar məs᾽uliyyət daşıyır: «Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz» . 
Əslində, biz özümüzdən fəlsəfə toxumaq və ya dünyanın fəlsəfə toxuyanlarına ardıcıl olmaq əvəzinə, ilkin İslamın nümunəvi şəxsiyyətlərinin fikirləri ilə tanış olmalıydıq. Şübhəsiz ki, həmin şəxsiyyətlər İslamın qəzavü-qədərə münasibətini daha yaxşı bilmişlər. Əgər bütün olacaqlar əvvəlcədən tə᾽yin olunurdusa, nə üçün həmin şəxsiyyətlər ictimai proseslərdə böyük fəallıq göstərir, savaş meydanlarında qan töküb, öz qanlarına qəltan olurdular? Əgər ilkin İslamda insan iradəsi tə᾽sirsiz hesab olunurdusa, bir bu qədər zəhmət nə üçün idi?! İnsan iradəsini tə᾽sirsiz bilən qəzavü-qədər anlayışı İslam hakimiyyətini qəsb etmiş Bəni-Üməyyə dövründə inşa olundu. İnsanın məcbur olması («cəbrilik») əqidəsi Bəni-Üməyyə rejiminə bağlı alimlər tərəfindən xalqın beyninə yeridildi. Hansı ki, Qur᾽an insan iradəsini tə᾽sirli bilməklə kifayətlənmir, cəmiyyətdə baş verən hadisələrə görə insanı cavabdeh e᾽lan edirdi: «Qulaq, göz və ürək ‒ bunların hamısı sorğu-sual olunacaqdır» . 
Sartr ekzistensializm və humanizm məktəblərinin birləşməsindən elə bir nəzəriyyə hazırlamışdır ki, bu nəzəriyyə müasir ideologiyalar arasında ən dərin, ən mütərəqqi, ən insani görünüşə malikdir. O, öz nəzəriyyəsində əxlaqı şəxsiyyətdən, həqiqətdən, əqldən ayrı götürmüşdür. O, deyir: «Əxlaqın əsasını təşkil edən xeyir və şərr üçün gözəl niyyətdən başqa heç bir istinadgah yoxdur». Bu baxışa əsasən insan nəyi sevirsə, nədən ləzzət alırsa həmin şey xeyir, başqa sözlə - əxlaqdır. Əgər həmin insan öz gördüyü işin başqaları tərəfindən təkrar olunmasını istəmirsə, deməli bu iş şərr, başqa sözlə - əxlaqsızlıqdır. Məsələn, keçi ətini qoyun əti əvəzinə satan qəssab, başqalarının da bu işi görməsini istəmir. Amma müəyyən edilmiş qiymətdən bir qəpik aşağı ət satırsa və başqalarının da bu hərəkəti etməsini istəyirsə, bu - xeyir iş hesab olunur. Başqa sözlə, birinci hal əxlaqsızlıq, ikinci hal isə əxlaq norması səviyyəsində qəbul edilir. Belə çıxır ki, hər kəs bir əxlaq norması qoya bilər. Bu məqamda ekzistensializmin «təşviş, həyəcan» adlandırdığı hiss meydana çıxır. Guya, özünü bəşəriyyətə nümunə hesab edən fərd məs᾽uliyyət hiss edərək, «həyəcan» keçirir. Bu həyəcan onu vadar edir ki, bəşəriyyət üçün yalnız xeyir hesab etdiyini seçsin. Beləcə, hər bir fərd özünü rəhbər hesab edir və bəşəriyyətə əxlaq öyrədir! 
Yuxarıda bir fəlsəfi baxış kimi təqdim olunan uzun-uzadı söhbətlər, məgər, həzrət Əlinin «Hər biriniz çobansınız və hər biriniz sürünün çobanının məs᾽ulu» kəlamının təfsiri deyilmi?!
Əziz bacım, qardaşım! Bu gün insan şəxsiyyətinə və cəmiyyətin tərəqqisinə maneəyə çevrilmiş səbir və təvəkkül kimi dini dəyərlər həqiqi İslamda həm şəxsiyyəti, həm də cəmiyyəti ucaldan dəyərlər olmuşdur. Ötən dövrdə bu dəyərlərin nə dərəcədə təhrif olunub, zərərli ən᾽ənələrə çevrilməsi adamı dəhşətə gətirir. Peyğəmbər (s) dövründə bu dəyərlər nə qədər xeyirli idisə, bu gün bir o qədər zərərlidir. Bir zamankı İslamla bu günkü İslam arasında dərin bir uçurum yaranmışdır. 
Bu işdə şəkk-şübhə yaradan «xənnas» şeytanlar öz cadularını xalqın gözünə üfürərək, çox dəyərləri baş-ayaq çevirmişlər. Həyatın ruhu olan iman ölüm rəngində təqdim olunmuşdur. Bu vəsvəsəçi şeytanlar öz qara mö’cüzələri ilə - olduqca xəlvəti bir şəkildə - bütün dinlərdə öz mənafelərinə uyğun islahatlar aparmışlar. Amma İslam dininə, xüsusi ilə şiə məzhəbinə xüsusi bir yanaşma müşahidə olunur. Onlar ən᾽ənəvi mübarizə yolu ilə getmir. Məsələn, yalnız istisna hallar üçün nəzərdə tutulmuş təqiyyə (dini qorumaq məqsədi ilə əqidəni gizlətmə) hökmünü ön plana çəkərək müsəlmanları ictimai mücadilə meydanlarından uzaqlaşdırmamışlar. Məsələn, öz dövrünün şəraitinə uyğun olaraq imam Səccad (ə) nümunə göstərilməmiş, zülmlə mübarizəyə qalxmış imam Hüseyn (ə) arxa plana keçirilməmişdir. Şiəliyin əsasını təşkil edən «ədalət və imamət» büsbütün «təqiyyə və ibadət» çərçivəsində təqdim olunmamışdır. Düşmənlərimiz Hüseynin (ə) qiyamı əvəzinə, Həsənin (ə) sülhündən danışmağa üstünlük verməmişlər (halbuki, Hüseyni (ə) qiyama, Həsəni (ə) isə sülhə sövq edən onların şəxsiyyətindəki fərq yox, yaşadıqları şərait arasındakı fərq olmuşdur). Vəsvəsəçilər hər il imam Həsənin (ə) sülhü ilə bağlı mərasimlər keçirməklə, sülh ruhunu müsəlmanların qanına yeritmək istəməmişlər. Onlar belə təbliğ etməmişlər ki, zülmə dözmək, sazişçilik müsəlmanın dini vəzifəsidir. Hətta təslimçiliyi imamət e᾽tiqadının şərti kimi təqdim etməmişlər! Nə üçün? Nə üçün ilk ağıla gələn üsuldan istifadə olunmamışdır?
Şiə məzhəbinə xüsusi bir metodla hücum edilmişdir. Aşuranı tə᾽sirdən salmaq məqsədi ilə bütün şiə tarixi Aşuraya həsr olunmuşdur. Ədalət, imamət və Kərbəla dəyərlərinə nəzərdə tutulduğundan da çox yer verilir. Bu üsulla cəmiyyətdə zülmə qarşı mübarizəni alovlandıracaq üç mərkəz dondurulur. Onlar birbaşa inqilab çeşməsini zəhərləyirlər və həyatverici suyun rəngini, dadını və qoxusunu elə dəyişirlər ki, hətta ən mütərəqqi ziyalılar da bu dəyərlərə arxa çevirirlər.
Bu vəsvəsəçilərin digər bir işi cəmiyyəti hərəkətə gətirəcək bütün düşüncələri iflic etməkdir. Məsələn, intizar fəlsəfəsinə nəzər salaq. Çoxları intizar dedikdə, təslimçilik başa düşürlər. Amma intizar təslimçilik yox, e᾽tirazdır. İmamın zühurunun intizarında olan hər bir şəxs ətrafındakı ədalətsizliklərə e᾽tiraz ruhiyyəsində olmalıdır. «Həzrət gəlib, ədaləti bərpa edəcək» deyərək öhdəsinə düşən məs᾽uliyyətdən boyun qaçıranlar, sözsüz ki, yanılırlar. Onlar öz süstlüklərini intizarda olmaları ilə əlaqələndirirlər. 
İntizar oturub gözləmək yox, hazırlıqda olmaqdır! Dünya imperializminin bu günkü gücünə baxmayaraq, hər an bu zülmətləri işıqlandıracaq, ədaləti yer üzündə bərpa edəcək bir inqilabın həqiqətinə inanıb intizarda olan şəxs yatıb yuxuya qala bilməz! Bu insan hər an bu zühuru gözlədiyindən, həyatını əyləncə və işrət içində keçirə bilməz! Əksinə, bu intizar, insanı hər an gözlənilən inqilaba hazır olmağa çağırır. Nə qədər ki, intizar inancı təhrif edilməmişdi, müsəlman cəmiyyətlərində hər həftənin cümə namazından sonra cıdır və oxatma mərasimləri keçirilərdi. Bu mərasimlərdə ən tanınmış İslam alimləri iştirak edərdilər. Amma sonralar intizarda olan insanlar evdə çevik görünsələr də, bayırda özlərini yıxılmaqdan zorla saxlayırdılar. Mö᾽minlər ifrat ibadətə varıb, iqtisadi duruma qətiyyən fikir vermirdilər. Ruhaninin vüqarı dinin vüqarıdır. Ruhani başını uca tutmalı, məzlum görünməməli, dindarlara öz nikbinliyi ilə ümid verməlidir. İslamın ilkin dövrlərində alimlər cıdır və oxatma yarışlarında şəxsən iştirak edərdilər. Onların iştirakı xalq üçün «hazır ol» komandası idi. 
Bəli, əsrin imamının zühuruna inam insanı ümidsizlikdən çıxarmalı, ona vüqarlı görkəm verməlidir. Əgər insan zalımların zorundan xoflanıb bu zülmü məğlubedilməz hesab edirsə, demək, intizarda deyil. 
İslam öz ardıcıllarını əmin edir ki, dünyada hökmranlıq edən zor Allahın iradəsi, tarixin hökmü ilə ölümə məhkumdur. Şiə məzhəbinə görə, həqiqət və ədalət, birlik və qardaşlıq arzuları bəşəriyyətin qəlbində qalıb gora getməməli, dünya həyatında gerçəkləşməlidir. Qur᾽an buyuruqlarına əsasən, məzlumların qələbəsi, onların dünyaya hakimiyyəti qaçılmaz həqiqətdir. Buyurulur ki, dünyanın sonuna bir gün də qalmış olsa, Allah həmin günü o qədər uzadacaq ki, məzlumların arzuları həyata keçsin. 
İntizar həqiqət və ədalətin qələbəsinə aparan tarixi zərurətdir. Bu zərurət həqiqətin batil, ədalətin zülm, insanın şeytan üzərində qələbəsinə inamdan doğur. 
Sosializm baxışlarına görə, proletariatın hakim təbəqə üzərində qələbəsi tarixi zərurətdir. Bu əqidədə olanlar daim həmin qələbənin intizarındadırlar. Baxaq görək, bu intizar hissi onların mübarizəsini gücləndirir, yoxsa süstləşdirir? Əlbəttə ki, bu inam onları daha qəti mübarizə aparmağa ruhlandırır. Bəli, intizarda ruhlandırmaq xüsusiyyəti var!
Ziyalı bacım, ziyalı qardaşım! Həcc ibadəti iki əsas əməldən ibarətdir: 1-təvaf, yə᾽ni Kə᾽bənin ətrafına dolanmaq; 2-sə᾽y, yə᾽ni Səfa və Mərvə dağları arasında iti yeriş. Bu iki əməl vasitəsi ilə İbrahim və Hacərin xatirəsi təzələnir. Allahın əmrinə əsasən. İbrahim, Hacər və onun südəmər körpəsini tikan bitməyən susuz səhrada qoyub, evinə qayıdır. Allahın mərhəmətinə əmin olan Hacər belə bir tapşırığı öz öhdəsinə götürür. O, bu səhrada tənha qalmağa zərrəcə tərəddüd etmir. Budur mütləq təvəkkül! Diqqət edin: belə bir təvəkkülün sahibi yerində oturmayıb, körpəsinə su tapmaq üçün iki dağın arasında qaçaraq tər axıdır. Budur mütləq sə᾽y!
Kə᾽bə evini yeddi dəfə təvaf etmək insanı ömrünün son anınadək çalışmağa çağırır. Yeddi rəqəmi əbədilik, sonsuzluq simvoludur. Budur Hacərsayağı həyat!
Ziyarətçi Kə᾽bənin təvafından sonra Səfa və Mərvə dağları arasında qaçmağa başlayır. Bu sə᾽y və zəhmətin arxasında əbədilik axtarışı durur. Sə᾽y də yeddi dəfə təkrarlanır. 
Bu iki əməlin məcmusu həm ruh, həm də həyat yaradır. Bəli, İslamda rahib təvəkkülü yoxdur! Həzrət Əlinin (ə) simasında bu təvəkkülün nümunəsini görmək olar. Həzrət öz övladına müharibənin qızğın anı haqqında deyir: «…Dişlərini bir-birinə sıx, başını Allaha tapşır, ayağını yerə mıxla…Bil ki, qələbə Allahındır!».
Bir ziyalı ictimai mübarizəni dünyapərəst burjua cəmiyyətində təcrübədən keçirib, mö᾽min müsəlmandan daha çox təvəkkülün yardımını hiss edə bilməz. Şərait qələbənin mümkünsüzlüyünü sübut etdiyi bir halda, həqiqi təvəkkül zəif təbəqəni qüdrətli hakimlər üzərində qələbəyə çatdırır.
Səbir haqqında da yanlış təsəvvürlər var. Səbir - mübarizə yolunda qarşıya çıxan çətinliklərə səbir edərək sarsılmayıb, müqavimət göstərməkdir. Amma insanlara belə təlqin olunub ki, guya səbir zülmə dözüb, yerində oturmaqdır. Görün, Qur᾽anda nə buyurulur: «Ey iman gətirənlər səbir edin, dözün, döyüşə hazır olun..» . Başqa bir ayədə bu fikir daha aşkar bəyan olunur: «Ya Peyğəmbər! Mö᾽minləri döyüşə həvəsləndir. İçərinizdə iyirmi səbirli kişi olsa iki yüz kafirə, yüz səbirli kişi olsa min kafirə qalib gələr. Çünki onlar (həqiqəti, Allahın mö᾽minlərə olan köməyini) anlamayan bir tayfadır!; Ey mö᾽minlər! İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa iki yüz nəfərə, min kişi olsa, iki min nəfərə, Allahın izniylə, qələbə çalar. Allah səbir edənlərlədir!» . 
Bir zaman müsəlmanlara başucalığı gətirmiş «qənaət» prinsipi bu gün «ye ki, ölməyəsən» kimi zərərli bir fəlsəfəyə çevrilmişdir. Guya, müsəlman kasıb yaşamalı, dünya malını böyük iştaha sahiblərinin ixtiyarına verməlidir. Əslində, bu sayaq səbir və qənaət itlərin həyatından öyrənilmişdir. Əcnəbi bir şairin bu barədə gözəl bir şe᾽ri var. Şe᾽rdə soyuq bir qış gecəsi acından və soyuqdan tir-tir titrəyən bir neçə itin söhbəti təsvir olunur. İtlərdən biri deyir:
- Ağanın mətbəxinin yanında, yumşaq saman üstə yatıb, mətbəxin xoş qoxusunu almaq necə də gözəldir. 
Digər bir it davam edir: 
- Süfrənin artığından da olsa, başqa ləzzəti var!
Başqa bir it: 
- Sümük də olsa, yaxşı olar!
Birinci it: 
- Necə də rahat ömürdür, necə də mehriban ağadır!
Başqa bir it xatırlayır: 
- Amma bu şallaq da bir bəladır.
O biri it ona təskinlik verir: 
- Düz deyirsən, amma dözmək lazımdır. Nə vaxtsa ağanın rəhmi gələr, hirsi soyuyar, biz də üzümüzü ayağına sürtərik. Baxar bizim yaralarımıza. Biz də onun məhəbbətini qənimət bilərik…
Xeyr, əzizlərim! İslam dinindəki səbir şallağa səbir, deyil! Qənaəti isə Allahın dediyi mə᾽nada Əli (ə) başa düşürdü. Hər halda, bu günkü təhsilli insan qənaətin mə᾽nasını ayaqyalın məsihi rahibdən daha düzgün anlayır. Bu günkü dünyamızda əksər sahələrdə bir şüar hakimdir: «Daha çox istehsal və daha çox məsrəf».
İnsanşünas şəxs israfçılığın insan ruhuna, eləcə də cəmiyyətə nə dərəcədə zərərli olduğunu çox gözəl anlayır. Kapitalistlərin təbliğat maşını öz gündəlik gəlirini artırmaq üçün qondarma ehtiyaclar yaradır. Bu zərərli «ehtiyaclar» fərdlərə, ailələrə, təbəqələrə, cəmiyyətlərə və millətlərə zorla qəbul etdirilir. İnsanlar az qala bütün ömürlərini bu ehtiyacların tə᾽mininə sərf edirlər. Budur Sartr fəlsəfəsinin əsl mahiyyəti. Bu lap yunan mifologiyasında Zevsin əmri ilə çiynində ömür boyu nəhəng daş qaldıran zavallı qəhrəmanın taleyinə oxşayır. Bu qəhrəman iri bir qaya parçasını dağın başına qaldırır və elə həmin anda bu qaya parçası onun çiynindən düşüb üzüaşağı dığırlanır. Əzaba məhkum olunmuş bu zavallı, əbədi olaraq eyni bir işi təkrarlayır!
«Qazan, xərclə» şüarı da insan ömrünü, beləcə, puça çıxarır. İnsan bu gününün ötəri həvəslərinə xatir gələcəyini, ömrünü satır. O, bu işdə azad deyil. Onu bu ehtiyaclara möhtac etmişlər! Müasir dünyamızda hökm sürən quldarlıq, insanları gələcəyini satmış azad qullara çevirir. Bu günün gərəksiz ehtiyaclarını ödəməyə xatir, insan könüllü şəkildə kapitalistlərə satılır. Belə bir insan öz fitri iste᾽dadlarını məhv edərək, «qazan, xərclə» bir həyat sürür. 
Cəmiyyətin başına gətirilən bu müsibətləri, yalnız həqiqi ziyalılar dərk edə bilir. Əgər dərk edirlərsə, demək məs᾽uliyyət də onların üzərinə düşür. Bəs nə üçün ziyalı öz vəzifəsini yerinə yetirmir? Çünki ziyalı da bu modern, komfortlu həyat tərzinin sehrinə düşmüşdür. Sün᾽i ehtiyacların tə᾽mini ardınca qaçanlar arasında ziyalı da var. Beləcə, ziyalı da «ağlını başına toplayaraq», kimsəyə dəyib-dolaşmadan, öz beşgünlük həyatını qurmağa çalışır. Bütün bu incəlikləri dərk edən, cəmiyyətin dəyərli ömrünün bər-bəzəyə sərf olunduğunu görən hər bir ağıllı insan, İslamdakı qənaət prinsipini anlaya bilər.
Qənaət, yalnız əxlaqi fəzilət deyil, insanın böyük ideallara çatması üçün xüsusi zəruri şərtdir. Qənaət edən, mövcud imkanlarına qane olan insan əqidəsi yolunda daha fədakardır. Həyatını xalqın səadəti yolunda fəda etmək istəyən insanda iki xüsusiyyət olmalıdır: keşikçi istəyən qeyri-zəruri sərvətdən imtina və rahatlığı əldən alan qeyri-zəruri istəklərdən çəkinmə.
Əsl azad insan, olanlarına qane olub, nəfsə itaətdən boyun qaçıran insandır. Budur Əli (ə) zöhdünün əsl mə᾽nası! Bu zöhd insanı daim ali məqsədlər sorağına aparır. Demək, qənaət - yoxsulluq, aclıq, səfalət yox, insanlığın qorunması üçün zəruri olan şəraitlə kifayətlənməkdir. 
Həzrət Əli (ə) zahidliyi qarşıya məqsəd qoymuş Asim ibn Ziyad Harisiyə deyir: «Rəzil şeytan səni yoldan azdırmışdır. Ey özünün ən böyük düşməni olan! Nə üçün ailə və övladlarına rəhm etmirsən? Nə üçün Allahın halal buyurduğunu özünə haram edirsən?»
Həzrət Əli (ə), insanı ictimai məs᾽uliyyətdən yayındıran zahidliyi rədd edir. Ondan soruşurlar: «Ya Əli, bəs sən nə üçün nimdaş, yamaqlı geyim geyinir, arpa çörəyi yeyirsən?» Həzrət belə cavab verir: «Mən sizin kimi deyiləm. Allah-taala rəhbərlərə əmr edib ki, cəmiyyətin ən məhrum təbəqəsi səviyyəsində yaşasınlar».
Ey bacım, ey qardaşım, ey ziyalı! Mənim inandığım Allah öz evini xalqın çapılması üçün vasitə edən Allah deyil! Nümayəndələrinə bac ödəməklə Onu razı salmaq qeyri-mümkündür! Mənim inandığım Allah bəşəriyyəti öz ailəsi kimi tanıtdıran Allahdır! O, öz evini xalqın evi bilən Allahdır! Bu Allah öz bəndələrinə yardım göstərərək zülmə qarşı çıxan Allahdır! Onun peyğəmbərinin bir əlində kitab varsa, o biri əlində qılınc var. Mənim Peyğəmbərim (s) zalımla məzlum, ağa ilə qul arasında sevgi təbliğ edən katolik peyğəmbəri deyil! Mənim Peyğəmbərim (s) vəhşi imperatorları diz çökdürüb, məzlum xalqlara nicat verən Peyğəmbərdir. Bəli, bizim Peyğəmbərimiz (s) cinayətkarlar qarşısında qılıncla dayanıb, bəni-qərizələri dəstə-dəstə doğrayıb, quyuya tökən Peyğəmbərdir! O qüdrət və izzət peyğəmbəridir! Vill Dorant yazır: «Heç bir peyğəmbər öz ardıcıllarını güc və qüdrətə Məhəmməd səviyyəsində çağırmamış və bu yolda onun qədər müvəffəq olmamışdır». Bəli, İslam peyğəmbəri (s) həyatımızın, ədalətin, tərəqqinin peyğəmbəridir. O, hamıdan sadə tərzdə yaşamış və xalqa xidmət etmişdir. 
Əli (ə) də canişin olaraq onun yolunu davam etdirmişdir. Şiə məzhəbinin bütün imamları zülmlə mübarizə meydanında həlak olmuşlar. 
Ey xanımlar, ey ağalar! Bu gün mənim təbəqə nöqteyi-nəzərindən mənsub olduğum, amma düşüncə tərzinə qarşı çıxdığım ziyalıların qəzet, jurnal, teatr kimi böyük təbliğ imkanları vardır. Bu təbliğat vasitələri, istisnasız olaraq, dinə qarşı çıxır. 
Digər bir cəbhədə rahat və xoşbəxt mö᾽minlər dayanır. Onların ixtiyarında minlərlə məscidlər və minbərlər vardır!
Bu iki cəbhənin arasında mənim kimi düşünənlər avara qalmışlar. Min bir əzabla bir kitab çap etdirəndə hər iki cəbhədən təzyiqlər başlayır. Ziyalılar dindarlıqda, dindarlar isə dinsizlikdə ittiham edirlər. Hər iki cəbhənin böyük təbliğat imkanları var. Mənim kimilər isə iki dəyirman daşı arasında əzilən buğda dənəsi tək əzilir. Bu iki cəbhənin həqiqət axtaran azad düşüncə və qələmi görən gözləri yoxdur!
Əzizlərim! Siz bir müsəlman və şiə olaraq əminsiniz ki, Allah çoxlarının düşündüyü kimi deyil, Həcc bu günkü təsəvvürlərdən fərqli olaraq ali məqsədlər daşıyır, Əli (ə) sadəcə cəngavər yox, qurtuluş və hərəkət nümunəsidir. Əgər əminsiniz ki, bu günkü dini mərasimlərin səviyyəsi əsrin sür᾽əti ilə ayaqlaşmır, onda tora düşməkdə olan bu gənc nəsil üçün bir iş görün! Bu nəsil əldən çıxmaqdadır. Hələ ki, o köhnəpərəstliklə qərbpərəstlik arasında qalmışdır. İnanın ki, o bir iman yeri axtarır. Mən bir qrup dindar gənci və bir qrup eyş-işrət yolçusu olan qərbpərəst gəncliyi nəzərdə tutmuram. Mənim nəzərdə tutduğum həm xurafatdan, həm də modern əxlaqsızlıqdan qaçan çoxluqdur. Onlar insani ehtiyacları ödəyəcək bir məktəb axtarışındadırlar. 
Ey İslam ümməti! Əgər siz əminsiniz ki, bəşəriyyətin fitri istəklərini xurafatdan təmizlənmiş həqiqi İslamdan başqa heç bir inanc doyura bilməz, onda bir iş görün!
Bu gənclik üçün əsrin tələbinə uyğun səviyyədə olan bir məktəb hazırlanmalıdır. İnanın, inanın! İnanın ki, dinin bu günkü səviyyəsi, köhnə adət-ən᾽ənələrlə qatışdırılmış İslam gəncliyini cəzb etmək iqtidarında deyil. Həqiqət axtaran bu nəslə İslamın və şiəliyin, Qur᾽an və Əhli-beytin (ə), Məhəmməd (s) və Əlinin (ə), Fatimə (ə) və Zeynəbin (ə), cihad və Kərbəlanın həqiqi simasını göstərin. Dünyaya mədəniyyət bəxş etmiş İslamı əgər biz bu səviyyəyə endirmişiksə, biz də öz səviyyəsinə qaldırmalıyıq. Əgər bütün məs᾽ullar bu gün ayağa qalxmazsa, sabah gec ola bilər. Nə qədər ki, gənc nəsil həqiqətə olan ümidini itirməyib, onların sorağına getməyimiz zəruridir!

TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD AZƏRİ

Комментариев нет:

Отправить комментарий