30.06.2015

Səfəvilər və İŞİD

Başlığı oxuyanda insanın ağlında belə bir sual yaranır: Səfəvilər hara, İŞİD hara? Nə dəxli var axı? Məsələ burasındadır ki, İraq və Şamdakı İslam Düşmənləri ( İŞİD ) hökümət qüvvələrini, xüsusən də, İraq hökümətinin ordusunu “ceyşus-Safəvi” , yəni, “Səfəvi ordusu” adlandırır. Yayımladıqları video görüntülərdə danışarkən, videolara başlıqlar seçərkən İraq ordusunu “Səfəvi ordusu” adlandırmaları adi haldır.
Onların şiələrə nifrətinin tarixi çox qədimdir. Ümumiyyətlə, şiələrə nifrət edən kimsələr “şiəlik səfəvilərin uydurmasıdır” kimi şüarlarla şiəliyin peyğəmbər (s.a.s) dövründə olmayan, sonradan Şah İsmayıl tərəfindən uydurulmuş bir məzhəb kimi insanlara təlqin edirlər. Əslində zahirən bir o qədər də önəmli görünməyə bilər. Ancaq, proseslərə ümumi şəkildə nəzər saldıqda “gizli düşmən”in məqsədini başa düşmək o qədər də çətin deyil.
Əslində insanlar tərəfindən gizli hesab edilən düşmən açıq-aşkar düşməndir. Hər kəs ona baxır, amma, hər kəs görmür, görə bilmir. İnsanların böyük əksəriyyəti şeytanı görməsələr də, Qurani-Kərimdə Allah şeytanı açıq-aşkar düşmən kimi təqdim edir. Diqqət etsək görərik ki, bu məsələdə neçə hikmətlər vardır. Lakin, insanların çoxu diqqət eləmirlər.
Açıq-aşkar düşmən var və o, çoxdan düyməyə basaraq sistemi işə salıb, prosesi başladıb. Əməliyyatın əsas məqsədi Səfəviləri tənqid adı altında İslam ilə düşmənçilik aparmaqdır. Bu əməliyyatın iki əsas şüarı var:
1.Şiəlik - Səfəviliyin İslam əleyhinə uydurduğu məzhəbdir.
2.Səfəvilik – İslam düşmənləri tərəfindən İslamı məhv etmək üçün yaradılmış sistemdır.
Əsas məqsəd əvvəlcə insanları şiəliyin peyğəmbərdən (s.a.s) çox-çox sonralar , Səfəvilər dövründə uyudurlmasına, daha sonra şiəliyin-səfəviliyin əslində İslamı məhv etmək üçün yaradılmasına inandırmaqdır.

Onların inancı nədir?

Səfəvilər əleyhinə sərt mövqe nümayiş etdirənlərin heç birinin məzhəbi şiəlik deyil. Bu məqamda onların kim olduqlarını yox, kim olmadıqlarını bilmək önəmlidir. Vəhhabi, nurçu və yaxud hansısa məzhəbdən olduqlarını inkar edə bilərlər. Ancaq, şiə olmadıqları qətidir. Bunu onların danışıqlarından da bilmək mümkündür. Maraqıdır ki, Səfəvilərə qarşı şərt mövqe nümayiş etdirməkdə həddini aşanlar açıq-aşkar Yezidə rəğbət bəsləyən kimsələrdir. Bunlardan biri Azərbaycan ictimaiyyətində Səfəvilərə (əslində isə şiəliyə) qarşı nifrət oyatmağa çalışan Güntay Gəncalpdır. O, Yezidə rəğbətini gizlətmir. Səfəvilər əleyhinə yazdığı kitabda İmam Hüseynlə (ə) yanaşı Yezidi də açıq-aşkar “Həzrət Yezid” adlandırır. İmam Hüseyn (ə) ilə Yezid arasında baş vermiş konflikti isə “əmi uşaqlarlarının hakimiyyət üstündəki savaşı” kimi dəyərləndirir.
Səfəvilərə qarşı sərt mövqe nümayiş etdirməkdə həddini aşanlardan biri də türkiyəli Qədir Misiroğludur. “Həzrəti Hüseynin qətlində Yezidin heç bir qəbahəti yoxdur” deyir . Özünü “Osmanlı torunu” hesab edən bu insan da Türkiyədə ələviləri, şiələri, Səfəviləri “rafizi” adlandıraraq , onların əleyhinə fikirlər səsləndirməklə məşhurdur. Şah İsmayılı “sapıq” adlandırır, şiələrə nifrət püskürür. Amma, Yezid haqqında “Həzrəti Hüseynin qətlində Yezidin heç bir qəbahəti yoxdur. Yezid İstanbulu mühasirə edən ilk ərəb ordusunun komandanıdır. Əbu Əyyub Ənsari onun əmri altında İstanbula gəlib şəhid düşdü” kimi fikirlər səsləndirərək Yezidi tərifləyir.
Bu fikirlər sizlərə tanış gəlirmi? Bəli, eyniylə vəhhabilərin fikirləridir. Eyni zehniyyət, eyni yanaşma. Bunlar Yezidə rəğbət, Səfəvilərə dərin nifrət bəsləməkdə həmfikirdirlər.

İŞİD və Yezid

Bu gün İraq və Şamdakı İslam Düşmənləri (İŞİD ) Yezidə rəğbət, Səfəvilərə isə dərin nifrət bəsləyən vəhhabilərdir.  Bu Azərbaycanda və dünyanın hər bir yerində mövcud olan bütün vəhhabilərin ideologiyasıdır. Yezid onlara görə “əmr sahibləri”ndən biridir. Onlara görə Yezid möminlərin əmiri, müsəlmanların xəlifəsi idi. Deməli, ona qarşı çıxmaq qadağan idi. “Hüseyn (ə) Yezidə qarşı çıxmaqla xəta etmişdi” və s. bu kimi fikirlər vəhhabilərə məxsusdur.

Böyük plan

Azərbaycanda, Türkiyədə, eləcə də digər müsəlman ölkələrində insanları əsasən Şah İsmayılın İslam düşmənlərinin tapşırığı ilə İslama qarşı savaşıb sünniləri qırdığına, onun əslində “Vatikanın adamı” olduğuna inandırmağa çalışırlar. Milli hisləri daha qabarıq olan kimsələr üçün də yalan uydurmağı unutmayıblar. Onlara da Şah İsmayılın əslində “fars-şuubiyyə təşkilatı” tərəfindən türkləri qırmaq üçün yetişdirildiyi yalanını sırımağa çalışırlar.
Guya Səfəvilər İrandakı, Azərbaycandakı sünniləri amansızcasına qətlə yetirərək bu bölgələri şiələşdiriblər. Bütün bunlar əsassız, absurd fikirlərdir. Bütün bu şübhələrə növbəti yazılarımızın birində dəlillərlə, ətraflı cavab verəcəyik inşaAllah.
İndi isə gəlin “gizli” düşmənin insanların şüuraltına yeritməyə çalışdığı plana nəzər salaq:
1.Səfəvilər sünniləri qırıb dövlət yaradıb.
2.İŞİD də Şam və İraq hakimiyyətinin ordularını “Səfəvi ordusu” (şiə ordusu ) adlandırır.
Nəticə: “İraqda, Şamda vuruşan İŞİD sünnidir, Səfəvilərdən intiqam alıb sünni dövləti yaratmağa çalışır. Deməli, savaş sünni-şiə savaşıdır. Odur ki, bütün sünnilər şiələrə qarşı İŞİD-ə dəstək verməlidir“.
İnsanları bu yalana inandırmaq üçün ən çox canfəşanlıq edənlərdən biri də Ərdoğan rejimidir. Türkiyədə çəkilən, Osmanlı dönəmindən bəhs edən teleseriallarda Səfəvi düşmənçiliyi elə-belədirmi? Əsla! Bütün bunlar böyük planın bir parçasıdır. Əsas məqsəd müsəlmanları bir-birinə qırdırıb, onları zəiflətməkdir. Bu planı quran isə Ərdoğan yox, Ərdoğan və onun kimilərin arxasında dayanan “gizli”, əslində isə hamınının tanıdığı düşmən(lər)dir.

Nİcat Səfərov            azadxeber.net

Комментариев нет:

Отправить комментарий