06.11.2015

Şirvanlı aristokrat Məşədi Məmməd Cəlilabadda

Hasıllı bazarı, şirvanlı Məşədi Məmmədin yeni bazar tikdirməsi

O çağlar indiki Cəlilabadın mərkəzi Hasıllı sayılırdı. Burada çox yaxşı bir bazar vardı. Hasıllı özü Mişarçayın Quzey-Günbatan tayında yerləşirdi. Mişarçayın Güney-Gündoğan tayında binə cuhudları deyilən ruslar yaşayırdı, Hasıllı ilə binə cuhudların kəndinin arası yüz əlli arşın ancaq olardı. Hasıllı bazarına Azərbaycanın çox yerlərindən alverçilər, böyük tacirlər gələr, öz mallarını bura gələn alıcılara satardılar. Bura alverə gələn şirvanlı Məşədi Məmməd sonradan Hasıllı bazarında dükan tikib böyük ticarətə başlamışdı. Məşədi Məmməd Hasıllıda yerini bərkidəndən sonra, buraya onun yerliləri olan şirvanlılar da axın etdilər, köçüb gəlməyə başladılar, Məşədi Məmməd də hamıya olduğu kimi, öz yerlilərinə də əlindən gələn yardımı əsirgəməz, onlara burada yer-yurd salmağa kömək eləyərdi. Məşədi Məmmədin alverinin yaxşı getməsinin bir niyəsi onun ucuzcul olması, geniş çeşidli mallar tapıb gətirməsi idisə, başqa bir niyəsi də onun çox əliaçıq bir insan olması idi. O, kimliyindən asılı olmayaraq, işi düşənlərə yardım eləyər, yoxsullara əl tutar, bacardıqca hamıyla yaxşı davranmağa çalışardı. Birdən kimsə toy üçün geyim-gecim almağa gəlsə, Məşədi Məmməd deyərmiş: “Gəlinimin çadrasını aldığım qiymətdən verəcəyəm”. Toy geyim-gecimi alınıb yığılandan, pulu veriləndən sonra, Məşədi Məmməd gəlin üçün ən azından bir yaxşı kəlayağı bağışlarmış. Məşədi Məmmədin alverinin belə yaxşı getməyini yerli tacirlərin gözü götürmədiyindən, onlar günlərin birində bir qarışıqlıq salıb, yerli adamlarla şirvanlılar arasında toqquşma yaratdılar, sonra da Məşədi Məmmədə dedilər: “Sən gərək öz yerlin şirvanlıları da götürüb bizim bazardan çıxasan”. Məşədi Məmməd qarşıdurma yaratmaq istəməyib, 1916-cı ilin yazında, yaxınlıqdakı Astarxanovka kəndindəki ruslardan əlli giri buğdanın yerini satın alaraq, orada bazar açdı. Hasıllı bazarında başqa yerlərdən gəlmə tacirlər də, yerli tacirlər onlara yaxşı üz göstərmədiklərindən, Məşədi Məmmədin bazarına köçüb getdilər. Məşədi Məmməd ruslardan aldığı torpaqda qabaqca özünə çox gözəl bir ev tikdi, sonra çox planlı bir şəkildə bir bazar, onun çevrəsində yenə də planla evlər tikdirməyə başladı. Bir sözlə, yeni bir şəhər salınmağa başladı. Məşədi Məmməd onun bazarına gələnlər üçün özü dükan tikdirər, köçüb gələnlər üçün də evlər tikdirərdi. Məşədi Məmməd yeni bazar salandan sonra, oradakı dükanlarını uzaq yerlərdən gətirilmə, çətin tapılan mallarla doldurdu. Bu malları həm də çox uyğun-ucuz qiymətə satar, bazarındakı tacirlərə də insafla alver eləməyi gənəşərdi. Məşədi Məmməd öz bazarından bir az aralıda mal-qara satışı üçün Mal bazarı deyilən bir bazar da saldırmışdı. Beləliklə də, bir-birinə yaxın olan iki bazar yarandı, Hasıllı bazarına yuxarı, Məşədi Məmmədin bazarına aşağı bazar deyərdilər. Məşədi Məmməd alver işlərini yaxşı qurduğundan, yavaş-yavaş Hasıllı bazarı sıradan çıxmağa başladı. Sonradan Hasıllılarla binə cuhud deyilən rislar arasında baş verən savaşda ruslar Hasıllı kəndini yandırandan sonra Hasıllı bazarı büsbütün dağıldı.
Məşədi Məmməd haqqında bu gün də Cəlilabadda yaxşı sözlər dolaşmaqdadır. Deyilənə görə, öləcəyi ürəyinə daman Məşədi Məmməd nisyə dəftərini sobaya atıb yandıraraq, yaxın adamlarına demişdi: "Birdən mən öləndən sonra adamları borca görə incidərsiniz, kimin imkanı, vicdanı var gətirib borclarını verər, gətirməyənləri də bağışlayıram".

Araz Gündüz, “Ləzranlı Mirzəqulu. Olanlardan keçənlərdən” (sənədli povest)

Комментариев нет:

Отправить комментарий