24.11.2015

İnformasiya əsirləri və türkmənlər

Muslim Abdullah

Son vaxtlar Suriya ordusunun ölkə daxilində türkmənlərin ənənəvi məskunlaşdığı ərazilərə (Qızıldağ və ya Türkmən dağı da deyirlər) doğru irəliləməsi Türkiyə mediasında Suriya dövlətinə qarşı "türkmənlər qətlə yetirilir" mövzulu təbliğatın artması ilə müşayiət edilir. Bu eyni vaxtda Türkiyə mediasının təsiri altında olan Azərbaycanın bir sıra media vasitələri və cəmiyyətin bir hissəsinin də türkmənlər barədə narahatlığına, bu istiqamətdə mənfi emosional münasibətinə səbəb olub. Bu narazılıq hətta o səviyyədə olub ki, onların bir hissəsi Azərbaycan Respublikasından bu münaqişəyə hərbi tərəfdən olmasa da, diplomatik tərəfdən müdaxilə etməsini tələb ediblər. Ən dəhşətlisi isə, onların informasiya müharibəsində xarici dövlət olan Türkiyənin hakim partiyasının piyadasına çevrilmələridir. Həmçnini nəzərə almaq lazımdır ki, Türkiyə mediasının çox hissəsi AKP hökuməti tərəfindən nəzarətə götürülüb və bu təbliğat da əsasən onlar tərəfindən aparılır.
Türkiyə mediası və onun təsirində olanlar elə mənzərə düzəltməyə çalışırlar ki, sanki Suriya ordusu dinc türkmənlərin yaşadıqları hansısa başqa dövlətin ərazisinə girib quş ovlayan kimi insanları vururlar; kompüter oyunlarında olduğu kimi quşlar uçur, sən də onları ovlayırsan. Təxmini belə bir mənzərə yaratmağa çalışırlar. Elə bil başı problemlər içərisində olan Suriya dövlətinin işi-gücü qurtarıb, gedib dinc türkmənləri öldürür. Hadisəyə aidiyyəti olmayan, Qəzzada İsrail rejimi aviasiyasının, Yəməndə Səudiyyə aviasiyasının bombardmanları nəticəsində dünyasını dəyişmiş uşaqların şəkillərini "öldürülən türkmən uşaqları" adı ilə yayıb bu təbliğata fon verməyə çalışırlar. Amma hansı ki, Suriya hökumət qüvvələrinin Qızıldağda və ya Türkmən dağında qarşısında dayanan tərəf "Ən-Nusra" terror təşkilatının üzvləridir ki, dəfələrlə mediada onların İsrail xəstəxanalarında müalicə almağı barədə məlumatlar dərc olunmuşdur. Həmçinin Qəzzanı bombalayan İsrail aviasiyasının yanacağının Türkiyədən getməsi barədə dəfələrlə xəbərlər dərc olunmuşdur. Və heç kimə gizli deyil ki, "Əl-Qaidə"nin Yəməndə uşaqları bombardman edib öldürən Səudiyyə ilə Türkiyə hökuməti müttəfiqdir. Yəməndə silsilə qətliamların baş verdiyi bir dönəmdə rəsmi Ankara Səudiyyənin siyasi cəhətdən və kəşfiyyat məlumatlarının paylaşılması ilə müdafiə edib. Deməli, öz müttəfiqləri tərəfindən törədilən, bir çox hallarda isə özlərinin də dayaq verdiyi qətliamları Suriya ordusunun üstünə atmağa cəhd edirlər. Məsələn, aşağıdakı şəkil Qəzzada İsrail təyyarələrinin bombardmanları nəticəsində həyatını itirmiş körpələrin şəklidir. Bu şəkli Suriya ordusunun öldürdüyü türkmənlər adı ilə yayırlar. Bu mövzuda yayılan çox sayda belə şəkillər var ki, birini nümunə olaraq təqdim etməklə kifayətlənib növbəti məsələyə keçmək istəyirəm.
Suriya ordusu öz ərazilərini geri qaytarmaq üçün bir neçə istiqamətdə sürətlə hərəkət edir, anti-terror əməliyyatları keçirir. Rusiya aviasiyasının və iranlı məsləhətçilərin yardımı da Suriya ordusunun mövqelərini möhkəmləndirir. Suriya ordusunun irəlilədiyi istiqamətlərdən biri də Qızıldağ və ya Türkmən dağı istiqamətidir. Məlumdur ki, Suriya dövləti həmin ərazilərə nəzarəti 3 il əvvəl itirmiş, həmin ərazilər (Əl-Qadiə terror təşkilatının Suriya qolu olan, Səudiyyə Ərəbistanı tərəfindən himayə edilən) "Ən-Nusra" terror təşkilatı, keçmiş Azad Suriya ordusundan ayrılmış silahlı dəstələr və Türkiyənin öz təsiri altında olan bəzi türkmənləri səfərbər edərək qurduğu separatçı, illegal silahlı ünsürlərin nəzarətinə keçmişdir. "Ən-Nusra" terrorçularının həmin əraziləri ələ keçirməsi də səbəbsiz deyil. Belə ki, həmin ərazilər Türkiyə ilə həmsərhəd olduğundan onlar Türkiyə vasitəsilə ora axın ediblər. Həmin ərazidə ordu ilə döyüşənlərin əhəmiyyətli hissəsi Şimali Qafqazdan, Ərəbistandan, Çindən (vəhhabiliyi qəbul etmiş uyğurlar) və digər Asiya ölkələrindən gəlmiş döyüşçülərdir. Əgər kimin üçünsə terrorçu qruplara qoşulmuş və ya onlarla çiyin-iyinə vuraşan türkmənlər əzizdirsə, onda nə üçün Suriyada vuruşmaq üçün getmiş və orada öldürülmüş azərbaycanlı sələfi-vəhhabilər üçün səslərini çıxarmırlar?
Həmin ərazinin işğal edilməsindən sonra türkmənlərin bir hissəsi Suriya dövlətinin nəzarət eydiyi ərazilərə köçmüş, bir hissəsi də Türkiyəyə mühacirət etmişlər. Orada qalıb ekstremist, separatçı və terrorçu silahlı qrupların hakimiyyəti altında yaşamaqla barışanlar da olmuşdur. Suriya ordusu hazırda həmin silahlı qruplarla döyüşərək öz ərazi bütövlüyünü təmin etməyə çalışır.
Adında "türkmən" sözünü daşıyan hansısa təşkilatların bəyanatları da bir çoxlarını aldadır. Suriyaya qarşı beynəlxalq imperializmin müharibəsi başlayandan sonra bu müharibədə imperialistlərin yanında olan Türkiyə hökuməti, Suriyanın bəzi ərazilərindəki hakimiyyət vakumundan və bəzi türkmənlərin sadəlövhüyündən məharətlə istifadə etdi. Türkiyə öz nəzarətində olan müxtəlif türkmən təşkilatlar yaradıb, həmin təşkilatların adından bəyanatlar yayır. O bəyənatların konturları isə türkiyəli kuratorlar tərəfindən hazırlanır. Məhz buna görə də onların yaydığı bəyənatlar (şəxsən mənim üçün) elə də əhəmiyyət kəsb etmir.
Türkiyə hökumətinin nəzarətində olmayan türkmən təşkilatları isə Qızıldağ və ya Türkmən dağı adlandırılan yerdəki döyüşlərin, hökumət qüvvələri ilə terrorçular, ekstremistlər arasında aparıldığını, dinc türkmənlərin hədəfdə olmadığını bildirirlər. Tam aydındır ki, məhz Türkiyə hökuməti türkmənləri odun, atəşin içərisinə atıb. Əgər Türkiyə hökuməti terrorçuları ora buraxmasaydı, Suriyadakı mənafeləri üçün türkmənlərdən vasitə kimi istifadə etməyə cəhd etməsəydi, türkmənlər öz elində 2011-ci ilə qədər yaşadıqları dinc, müharibəsiz həyatı davam etdirərdilər.
Türkiyə mediasının təsiri altında olan bəzi vətəndaşlarımızın Qızıldağı və ya Türkmən dağındakı döyüşlərə görə Suriya, Rusiya və digər dövlətlərə reaksiya verməyi, Azərbaycan Respublikası hökumətindən addım tələb etməsi də siyasi və əqli cəhətdən əsassızdır. Əvvəla ona görə ki, yuxarıda qeyd etdiyim kimi Qızıldağı və ya Türkmən dağındakı döyüşlər Suriya dövlətinin öz ölkəsinin ərazi bötövlüyünü təmin etmə savaşıdır. Sonrası da Azərbaycanın xarici siyasətini izləyənlər bilir ki, Azərbaycan öz ərazilərinin işğal edilməsinə və separatçılıqdan əziyyət çəkməsinə görə ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edir. Həmçinin Şimali Kipr, Kosovo, Krım və digər subyektlərə münasibətdə də Azərbaycan Respublikası ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edərək onların heç birinin müstəqilliyini və ya başqa dövlətin tərkibinə keçməsini qəbul etməyib. Bu baxımdan Azərbaycan Respublikası Suriyadakı separatçı meylləri, separatçıları müdafiə edə bilməz.
Azərbaycanda internet mediası yarananda sevinirdik ki, əhali TV-lərin təsirindən qurtuldu. Təbii ki, internet özünü inkişaf etdirib informasiyaları təhlil edə bilənlər üçün müəyyən qədər azadlıq gətirdi. Bir çoxlarının mütəmadi olaraq internetdə informasiya müharibəsi aparan dövlətlər, təşkilatlar tərəfindən yayılan əsassız xəbərlərə, şəkillərə və digər informasiyalara aldanması isə bu sahədə təlimlərin, mühazirələrin keçirilməsinin, məqalələrin yazılmasının, videoların yayılmasının vacibliyini göstərir.

islamazeri.az

Комментариев нет:

Отправить комментарий