ALAR OYMAĞI. Alar oymağı otay Azərbaycanın Qaradağ bölgəsindən butaya köçmədir. Onlar ilk öncə Dağa (Yardımlıya) köçərək, orada Şıxhüseyinli kəndini salmışlar, sonra isə Muğanda Alar kəndini yaratmışlar, beləliklə də yaz-yay aylarında Dağda yaylağa çıxmış, qış aylarında isə Muğana qışlamağa köçmüşlər. Onların başlıca işi maldarlıqla qoyunçuluq olmuşdur.
Deyilənlərə görə, Qaradağdan köçüb gələn Alar oymağının başçısı Alar adında bir kişi olduğu üçün, onlara sonradan alarlılar deyilmişdir. Onda Ərdəbil bölgəsindəki Ərşə elində olan, başlıca olaraq Ərşənin Ləngan kəndində yaşayan, bütün Ərşəyə bəylik, sonradan xanlıq eləyən alarlılar ora necə gedib çıxmışlar? Bunun baş verməsi belə olmuşdur. Bu tayın Alar kəndində Şahmurad adında çox iri gövdəli, çox da qoçaq bir kişi olubdur. Şahmurad çapovulçuluq eləyər, yaxın kəndlərin mal-qoyununu oğurlamaqla gününü keçirərmiş. Günlərin birində onun bu işi oracan böyüyər, Çar hökuməti işə qarışmalı olar, Şahmuradı tutub, beşillik Sibir dustaqlığına göndərərlər. Dustaqlıqdan qayıdandan sonra da Şahmurad çapovulçuluğundan əl çəkməz. Günlərin birində yaylağa getmək çağı eşidər, hökumət yenə də bunun izinə düşüb, yaxın günlərdə tutacaqdır. İzi itirmək üçün mal-qoyununu yığıb yaylağa gedər. Yolda düşünər, bu Çar hökumətinin əli onsuz da yaylağa da çatır, bir gün gec, bir gün tez məni gəlib yaylaqda da tuta bilər. Ona görə də, çıxış yolunu otay Azərbaycana köçməkdə görür. Köçü Qazan Köşkünün yanına çatanda üzünü arvadına tutub deyir: “Hökumət mənim ardımca gəzir, tutmaq istəyir. Bu dəfə tutulsam, bir də qazamatdan çətin qayıdam. Yaxşısı, buradan köçüb otaya getməkdir”. Deyirlər, Şahmurad uzun-uzadı Qazan Köşkünün təpəsindən həsrətlə Muğana sarı baxır, sonra arvadına deyir: “Muğan bir qızıl yatağı idi, əlimizdən çıxdı, hayıf, bir də buraları görə bilməyəcəyik”. Sonra köçü döndərib, Musalı ilə Eşşəkçi kəndi arasından otaya keçirir. Şahmurad düşünür, sərhədə yaxın yerlərdə yurd salsa, Çar hökuməti onu yaxalayar, ona görə də, bir az dərinlərə çəkilir, Ərşə elinin Ləngan kəndinə gəlib burada özünə yurd-yuva qurur. O çağlar Ərşə bölgəsində böyük bir bölük quldurlar ortaya çıxıbmış. Onlar Ərdəbillə Ucarlı arasından keçən iri karvanları, elə tək-tək yolçuları da soyub talayırmışlar. Çox keçmədən Şahmurad da bu quldurlara qoşulur, onun gəlişi ilə quldurluq bir az da güclənir. İş o yerə gəlib çatır, bu quldurların əlindən boğaza yığılan xalq hökumətə üz tutub, yardım istəyir. Bunların səs-sorağı Tehran sarayınacan gedib çatır. Günlərin birində hökumət böyük bir qoşunla bu qulldurlara pusqu qurub, hamısını tutur. Quldurları gətirib Ərdəbil hakiminin divanının qarşısında qolubağlı, diz üstə oturdurlar. Şahın hakimi çıxır quldurlara baxsın, görür bu quldurların arasında başqalarından seçilən çox iri gövdəli birisi var, ömründə belə azman birisini görməyibdir. Bu iri gövdəsi ilə seçilən adam da Şahmurad imiş. Hakim onun qarşısında dayanıb deyir: “Hələ bu köpəyin vucuduna baxın, görün nə boydadır!” Şahmurad bunu eşidəndə qayıdıb deyir: “Ağa iki padşahın kütünü (küt- itlər üçün kəpəkqarışıq undan bişirilən çörəyə deyirlər) yeyən köpək elə mənim boyda olar da”. Hakim soruşur, necə yəni iki padşahın kütünü yeyən köpək- bu nə deməkdir? Şahmurad deyir: “Ağa, mən otay Azərbaycandanam. Orada çapovulçuluq elədiyimə görə, Rus hökuməti məni tutub beşilliyinə Sibir sürgününə göndərmişdi. O beş ili çox ağrı-acılar çəkərək, başa vurandan sonra qayıtdım geri, ancaq yenə də çapovulçuluqdan əl çəkmədim, gördüm hökumət yenə də məni tutmaq istəyir, ola bilsin bu dəfə tutulsaydım mənə ölüm kəsəcəkdilər, ona görə də qaçıb butaya gəldim. Ərşəyə gəlib çıxanda burada da özüm kimi quldurların olduğunu görüb onlara qoşuldum. Bunlara qoşulandan sonra, mənim çalışmağımla burada quldurluq bir az da artdı. Ola bilsin mən bunlarla olmasaydım, bu yazıqlar da belə böyük soyğunçuluqlara getməzdilər, ya da quldurluqdan əl çəkib dağılışardılar. Ağa, mənim sənə kişi kimi bir sözüm vardır- mənə ürəyin istəyən cəzanı versən yeri var, ancaq bununla buralardan quldurluğun kökü kəsilməyəcəkdir. Biz olmasaq başqaları bu işə girişəcəkdir. Mənim səndən birinci istəyim bu quldur yoldaşlarımın buraxılmağıdır, onları bu işə mən çəkmişəm, hamının yerinə nə edəcəksinizsə, mənə eləyin. Ancaq sən məni də azad eləyib arxamda dayansan, mən bu Ərdəbil-Ərşə bölgəsində quldurluğun qarşısını alıb kökünü biryolluq kəsməyi boynuma götürürəm. Bu işi bacarmasam, onda məni dar ağacından asmaqla yox, bir ayın içində hər gün ətimdən bir girvənkə kəsməklə öldürərsən”. Hakim Şahmurada dedi: “İndi mən haradan bilim, sən bu sözləri doğru deyirsən, yoxsa canını qurtarmaq üçün?” Şahmurad dedi: “Ağa, mənə inanmırsansa, iki oğlum var, onlar qoy sənin yanında girovluqda qalsınlar. Mən sözümün üstündə durmasam, mənim yerimə onları dara çəkərsən, belə olsa mən bir yandan bu yer üzündə ən qeyrətsiz insan olaram, ikincisi də oğlanlarımın ölümünə görə qalan bütün ömrümdə onların dağı sinəmdə qalar, hər gün ölüb dirilərəm, məncə insan üçün bundan da ağır cəza ola bilməz”. Hakim dedi: “Şahmurad, sözünü belə qorxub-çəkinmədən dediyinə görə mən sənə inanıram, oğlanlarını da girovluğa götürmürəm. Bugündən səni azad eləyirəm, dediyin bu işləri görmək üçün də sənə iki ay vaxt verirəm, məndən nə yardım gərək olsa deyərsən, get işinə başla. Mənim bildiyimə görə, bu Ucarlı ilə Ərdəbil arasında sizin quldur yığnağından başqa da Qocabəylilərlə, Poladbəylilər yolkəsənlik, soyğunçuluq eləyirlər, elə bilirəm onları yerində oturda bilsən, buralarda xalqın qulağı dincələr”. Şahmurad dedi: “Ağa, mənim gözüm üstə, iki aya kimi bu bölgədə quldurluğun kökünü kəsməsəm, onda öz ayağımla sənin yanına gələcəyəm, mənə istədiyin cəzanı verərsən”. Ora yığışan adamlar da fərmandarın bu buyuruğunu alqışaldılar. Beləliklə də, fərmandar Şahmurada Ərdəbil-Ucarlı-Ərşə yollarında quldurluğa qarşı vuruşa bilmək üçün öz adından bir buyuruq kağızı da yazıb verərək, onu azadlığa buraxdı.
Şahmurad evinə gəlib, boynuna götürdüyü bu ağır işi necə yerinə yetirəcəyini düşünməyə, götür-qoy eləməyə başladı. Uzun sürən bu düşüncələrinin gedişində, aradabir bu böyüklükdə işi boynuna götürməkdən üşənməyə də başlayırdı. Ancaq necə deyərlər, indi oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu!
Şahmurad ilk olaraq bu işi görmək üçün, Ucarlı bölgəsindən olan güclü oymaqlardan birinə arxalanmalı olduğunu kəsdirdi. Bütün oymaqları göz önündən keçirəndən sonra Dilağarda oymağına arxalanmağı düzgün saydı. Bunun iki niyəsi vardı, birincisi, Dilağardalılar çox döyüşkən adamlar idilər, özü də savaşın çəmlərini də yaxşı bilirdilər, onlar yeri gələndə bir-iki döyüşçü ilə onlarla yaraqlı adamın qarşısına çıxa bilirdilər, ikincisi də, Şahmurad otay Azərbaycandan gəldiyi üçün, otay Azərbaycandan bura köçürülmə olan dilağardalılları özünə daha yaxın, daha doğma sayırdı.
Çox düşünüb daşınandan sonra Şahmurad atını minib, Dilağarda bəyi Böyükağa bəyin yanına gəldi. Salam-sağoldan sonra, bəyə başına gələnləri açıb danışdı, Ərdəbil-Ucarlı yolunu qaçaq-quldurlardan təmizləməyi boynuna götürdüyünü bəyə bildirdi. Sonra bəyə üz tutub dedi: “Bəy, mənə bu işdə kömək gərəkdir, bu işi sona çatdıra bilməsəm, gərək gedib boynumu dar ağacının kəndirinə keçirəm. Ancaq səninlə köməkləşib bu işi yerinə yetirə bilsək, onda şahın yanında böyük ad-san yiyəsi ola bilərik, bu bölgənin sözü keçən böyükləri olarıq”. Böyükağa bəy uzun-uzadı düşünəndən sonra dedi: “Şahmurad, sənin öz sözündə bütöv adam olduğunu eşitmişəm, ona görə də sənə inanıram. İndi Ərdəbil-Ucarlı yollarında quldurluq eləyənlər Qocabəylilərlə Poladbəylilərdir, aradabir Sarxanbəylilər də bu işə qoşulurlar. Onlar sayca biz dilağardalılardan qat-qat çoxdurlar. İndi biz onlarla savaşa başlasaq, aralığa qanlıçılıq düşər, sonra bu iş böyüyüb bizim üçün baş ağrısına çevrilər”. Şahmurad dedi: “Bəy, onların sayca çox olmağına baxma, bərk ayaqda əlləri yoxdur. Deməsəm də bilirsiniz, siz dilağardalılar butayda sayca çox olmasanız da, o quldurluğa qurşanan oymaqların gözünə tikan olub batırsınız, aranızda birlik güclü olduğundan onlar sizin kəndlərə yaxın gələ bilmirlər. Mən sizin döyüşçülərin gücünə güvənirəm, mənə beş nəfər yaraqlı adam versəniz, mən bütün bu qaçaq-quldurların əl-ayağını yığıb, xalqın canını onlardan qurtara bilərəm”. Böyükağa bəy Şahmuradı boş qaytarmayıb, Dilağardadan ona kömək üçün beş yaraqlı qoşub yola saldı.
Beləliklə də Şahmurad beş dilağardalı atlı ilə gecə-gündüz karvan keçən yolları gəzib dolanmağa başladı. Bir neçə dəfə qocabəylidən, poladbəylidən olan quldurları karvan soyarkən yaxaladı, quldurlarla atışmada ustuflu tərpəndiyindən başındakı adamlar sağ qaldılar, ancaq quldurlar çoxlu itki verdilər. Şahmurad belə olaylarla üzləşəndə demək olar hər dəfə quldurlardan yaralı olanları ələ keçirib Ərdəbilə, fərmandarın yanına gətirir, o sıradan karvan adamından da bir neçə nəfər özü ilə gətirib baş verənləri olduğu kimi fərmandara danışırdı. Quldurların əlindən qurtardığı karvanların adamlarından nə pul, nə də başqa sovqatlar götürmürdü. Heç bir ay keçməmiş Şahmuradın çalışmalırı özünü göstərdi, qaçaq-quldurlar qaçıb dağılışdılar, yollara çıxmağa ürək eləməyib, bu yaramaz işlərindən əl çəkdilər. Həm də Şahmuradın yardım elədiyi adamlar da Ərdəbilə çatan kimi ilk olaraq fərmandarın yanına gedib onun yaxşılığından danışmağı da unutmurdular. İşi belə görən fərmandar Şahmuradla bağlı Tehrana, İran şahına məlumat verdi, Şahmuradın Ərdəbil-Ucarlı yolunu quldurlardan təmizlədiyini ağız dolusu təriflədi. Çox keçmədən şahdan, Şahmurada Ərşə bölgəsinin bəyliyinin verilməsi ilə bağlı fərman gəldi. Fərmandar Şahmuradı çağırıb bu fərmanı ona verib, Ərşənin bəyliyini ona tapşırdı. Şahmurad öləndə Ərşənin bəyliyi onun oğlu Məmmədquluya keçdi. Ancaq Məmmədqulu atasının ölümündən sonra, mülk bölgüsündə qardaşının payına düşən çox yerləri özünə götürüb onu incitdiyindən onların arası bərk dəymişdi. Nəcəfqulu da atası Məmmədqulunun ölümündən sonra Ərşənin bəyi olmuşdu, sonradan şah hökuməti gücsüzləşəndə yaranan qarşıqlıqdan yararlanıb, özünü Ərşənin xanı elan eləyərək, Nəcəfqulu xan kimi tanınmağa başlamışdı.
ALARRLI-LƏZRANLI SAVAŞI. 1918-ci ili yaz aylarında otaylı-butaylı Azərbaycanda çox qanlı-qadalı günlər idi. Butayda Çar hökumətinin yıxılması ilə hakimiyyətsizlik yarandığından özbaşınalıqlar baş alıb gedirdi, otayda da şah hakimiyyəti gücdən düşdüyü üçün ölkəyə nəzarəti itirmişdi deyə, dərəbəylik yaranmışdı, kim güclü idisə yaraqlanıb soyğunçuluq eləyir, kəndləri çapıb talayırdı. O çağlar Şahsevən bəyləri Səttərxanın ana yurdu olan Qaradağ bölgəsini çapıb talamağa başlamışdılar, deyilənə görə bu bölgə Səttərxana arxa durduğundan şahın özü şahsevənləri onların üstünə göndərmişdi. Qaradağın köməksiz, əlsiz-ayaqsız insanları başlarını götürüb butay Azərbaycana gəlib bizim kəndlərə sığınmışdılar. Ancaq butayda da qarışıqlıq olduğundan, əkin-biçin pozulmuş, kəndlərdə aclıq başlamışdı. Buna görə də, otaydan gələnlərə yardım eləmək olmurdu. Otaydan gələn köçkünlər də çıxızlmaz duruma düşdüklərindən butay kəndlərdə evlərin altında, tövlələrdə, samanlıqlarda daldalanıb yaşayırdılar. Yaşayırdılar deyəndə, örüşdən yeməli otlardan yığıb yeyir, bir də yerli adamların öz boğazlarından kəsib verdikləri az-çox nə vardısa onunla keçinirdilər. Bu insanlara Səttərxanın Təbrizdə qurduğu Əncümənin adı ilə bağlı olaraq “əncümənlər” deyirdilər. Yemək qıtlığından, evsiz-eşiksizlikdən bu insanlar olmazın korluqlar çəkir, yan-yörəmizdəki kəndlərdən aldığımız sorağa görə, bunlardan gündə azı on-onbeş adam ölürdü. Əncümən deyilən insanlardan bir bölüyü də bizim kəndə gəlib çıxmışdılar, onlardan iki ailə bizim evin alt qatında daldalanıb yaşayırdılar. Bu ailələrin başçıları Məmmədəli ilə Ağabala idi, onların ikisi də çox qoçaq, igid insanlar idilər. O çağlarda hakimiyyətsizlik olduğundan gecələr qaçaq-quldurlar kəndlərə basqın eləyir, insanların mal-qarasını aparır, evlərində ələ gələn nə varsa soyurdular. Atam həm kəndimizə, həm də öz evimizə olan basqınların qarşısını almaq üçün əlində olan beş tüfəngdən ikisini nökərlərimizə- Nurməmmədlə Məhərrəmə, ikisini də bu iki əncümənliyə vermişdi, bir üçatılan tüfəngi isə özündə saxlamışdı. Ancaq bu üçatılan tüfəng də çox vaxt nökərimiz Nurməmməddə olurdu.
Otaylı-butaylı hakimiyyətsizlik başlayandan sonra Nəcəfqulu xanın da ayağı butaya açılmışdı. O, sanasan, butay adamlarına kömək adı ilə gələr, ancaq kəndləri çapıb talayıb otaya qayıdardı. Başsız kəndi ilə binə cuhudlarının savaşında da belə oldu. Binə cühudları ilə hasıllıların davası düşəndə otay Azərbaycandan Nəcəfqulu xan bir neçə yüz atlı ilə gəlsə də, döyüşə girmədi, iki-üç gün Hasıllıda qonaq qalandan sonra Hasıllının da, Həməşəranın da bazarlarını çapıb talayaraq, qayıdıb o taya getdi. Nəcəfqulu butaya ayaq açandan sonra Alar kəndində bir bölük adam ona arxayın olub azğınlaşmışdılar. Bunların başında Alar kəndinin əllievlər deyilən bölməsindən olan Cahangir dururdu. Alarlılar yaz başlayanda özlərinin çoxsaylı mal-qarasını, qoyun sürüsünü bizim kəndlərin yanından sürüb Dağa, yaylağa aparardılar. 1918-ci ilin yazında Alarlılar Muğandan Dağa köç eləyəndə Cahangir özünün yaxın adamları ilə köçdən ayrılıb, Həsənli ilə Məşədihüseyinli kəndləri arasındakı meşə talasında alaçıq qurub qaldılaar. Çoxsaylı qoyun sürüləri, böyük naxırları ilə meşə talasını otarıb qurtarandan sonra onlar Həsənli, Məşədihüseyinli, Zopun, Çünəxanlı, Çinar kəndlərinin ot qoruqlarını, taxıl zəmilərini otarmağa başladılar. Bu azmış kimi gecələr yaxın kəndlərə basqınlar eləyib, insanların anbarlarda olan az-maz taxıllarını da əllərindən alıb aparırdılar. Bir sözlə Nəcəfqulu xanla əmioğluluğuna arxayın olan Cahangirlə onun adamları elə qudurmuşdular, gözləri ayaqlarının altını görmürdü. Alaçıq qurduqları yerə yaxın olan kəndlərin əkinlərini, otlaqlarını otarıb tapdaqdan çıxarandan sonra Cahagirin köçü qonşu kəndlərin ot qoruqlarını, taxıl zəmilərini otarmağa başladılar.
Yazın tutqun günlərindən birində atamla otaylı Məmmədəli evimizin günçıxanında oturub olandan-keçəndən danışmaqda idilər. Birdən kəndimizin günçıxanı sarıdan güllə səsləri eşidilməyə başladı, atılan güllələrin qopardığı səsdən onların kəndin güney-günbatan yönünə atıldığı sezilirdi. Bunun üçatılandan atılan güllələr olduğunu ayırd eləyən atam deyinməyə başladı: “Nurməmməd niyə belə güllələri boşuna atır, yenə beşatılan olsaydı nə yaxşı, üçatılanın gülləsi indi heç yerdə tapılmır”. On dəqiqə ara verəndən sonra yenə də üçatılandan atılan güllə səsləri gəldi. Güllə səsləri kəndin yaxınlığındakı Əhməd dağından gəlirdi, güllə səsləri ara verəndə Nurməmmədin atama yönəlik harayı eşidilməyə başladı: “Alarlılar Lələ yerinin taxıl zəmisini otarırlar!” Bu sözü eşidən kimi Məmmədəli Ağabala ilə Məhərrəmi də çağırdı, onlar tüfənglərini də götürüb, Nurməmmədin səsi gələnə sarı qaçdılar. Atam da onların ardınca yollandı. Lələ yeri deyilən bizim Ləzran kəndinin düz güney yönündədir, orada biri hündür, o biri bir az alçaq olan iki təpə vardı, bu təpələrin arasındakı çox da geniş olmayan qobuya Lələ yeri deyərdilər. Nurməmmədlə başqa tüfənglilərin gülləyə tutmasından sonra Alarlılar tələm-tələsik öz qoyun sürülərini zəmidən çıxarıb qaçdılar, başlarını itirdiyindən yetmiş baş qoyunlarını da qoyub getmişdilər. Nurməmməd onların qobunun yuxarısında otlayan beş dəvəsini də vurmuşdu, dəvələr diyirlənib dərəyə düşmüşdülər. Gəlib çatanda dəvələrdən üçünün öldüyü, ikisinin yaralı olduğunu gördülər, yaralı dəvələri kəsdilər, onların ətini əncümənlilər bir saatın içində pay-bölüş eləyib apardılar. Onlara qalsa ölmüş dəvələrin ətini də doğrayıb aparmaq istəyirdilər, ancaq atamla Məmmədəli onları bu işdən çəkindirdilər. Alarlıların atıb qaçdıqları yetmiş qoyunun hamısını kəndin qırağında kəsib əncümənlilərə payladılar. Desəm inanmayacaqsınız, bu insanlar oracan aclıq çəkmişdilər, başı kəsilən qoyunları diriykən parçalayıb bölüşürdülər. Ertəsi günü ölmüş dəvələri də yerində görmədik, demə onları da əncümənlər gecəykən pay-bölüş eləyib aparıbmışlar.
Axşamüstü alarlılar güclərini toplayıb bizim kəndə basqın elədilər, ancaq hündürlüklərdə yerləşmiş atamla onun köməkçiləri onların qarşısına çıxdılar, atışmada Alarlılardan bir adam öldürüləndən sonra onlar çəkilib getdilər. Gecə bizim evimizdə atam, Məmmədəli, Ağabala, Nurməmməd, Məhərrəm oturub qarşılaşdığımız durumu götür-qoy elədilər. Bizim kənd adamının yaraqsız olduğuna və quldurlardan qorxub çəkindiyinə görə bizə arxa durmayacaqlarını deyəndən sonra, Alar kimi böyük bir oymağa qarşı beş tüfəngli ilə qarşı durmağın mümkün olmayacağı aydın idi. Bizim nökərimiz Nurməmməd Dağın Cerimbel kəndindən olsa da, bir sürə rusların yanında nökərçilik eləmiş, elə onların yanında da yaxşı tüfəng atıcılığını, savaş çəmlərini öyrənmişdi. Nurməmməd yığışanlara üzünü tutub dedi: “İvan deyərdi, savaşın çəmini bilən adama böyük bir bölük yaraqlı da bata bilməz. Biz İvanın dediyi kimi, Baba dağı, Adıgözəl dağı və Lələyeri dağında özümüz üçün qazma (səngər) düzəltsək, Alarlının qarşısında duruş gətirə bilərik”. Sonra Nurməmməd bu dağlarda necə qazma düzəltməli olduqlarını açıqlamağa başladı. Onda Məmmədəli dedi: “Biz o dediyin dağlarda qazma düzəltmək istəyiriksə, bunu gecəykən çatdırıb eləməliyik, yoxsa sabah Alarlılar üstümüzə gələcəklər, biz də onların qarşısında dayana bilməyəcəyik. Düzdür, bu işi görməyə çoxlu adam gərəkdir, bu gün biz əncümənlilərə xeyli ət verdik, indi onların da borcudur bu işdə bizə yardımçı olsunlar. Bu işi görməklərinə görə də gecəynən isti çörək bişirib onlara paylansa, məncə ürəklə işləyərlər”. Kənddə olan bütün bellər, kürəklər bir yerə toplandı, sonra əncümənləri çağırdılar, onlardan 70-ə yaxın kişi bu iş üçün göndərildi. Dağların başında güllə atmaq üçün qazmalar düzəldildi, hər belə qazmaya sarı gedən 50-60 arşın uzunluğunda dərin yollar da salındı, bu yollarla gözə görünmədən qazmalara gedib qayıtmaq olardı. Özü də bu qazmalar təpələrin başında yox, bir az aşağıda, aypara şəklində qazılmışdı. Bizim qapımızda olan çoxlu ağır daşları kəl arabaları ilə daşıyıb qazmaların qarşısına düzdülər, bu qazmada oturanlara torpaqdan çovuyan güllələrin dəyməməsi üçün idi. Qazmaları düzəldəndə çölə çıxan torpaqları qazmaların qarşısında yayıb, üstünə göy otları elə basdırdılar, bu qazmalar qıraqdan görünməsin, həm də bu otlar güllə atılan tüfənglərin tüstüsünü görünməz eləmək üçün idi. Ertəsi gün günortadan sonra alarlılar kəndimizin üstünə yürüş elədilər. Onlarla bizim aramız bir kilometr olanda atam təpənin başından onları harayladı: “Bizim sizinlə işimiz yoxdur, özünüz bizim zəmiləri, ot qoruqlarımızı otardınız, buna görə də cavab aldınız. Allahı sevərsiniz, qayıdın gedin, qoyun qan tökülməsin”. Alarlılardan cavab çıxmadı, yenə də üstümüzə gəlməkdə davam elədilər. Kəndə çatmağa iki yüz arşınacan qalanda ilk olaraq Nurməmməd onları gülləyə tutdu, sonra onlar da atmağa başladılar, çox güclü vuruşma başlandı. Ancaq onlar biz sarıdan atılan güllələrin haradan atıldığından baş aça bilmədiklərindən qarasına güllə atırdılar, güllələri də hədəfə çatmırdı. Bu vuruşmada alarlılardan dörd adam öldürüləndən sonra onlar geriyə çəkildilər. Ancaq savaşdan əl çəkmədilər, axşama kimi atışma davam elədi. Ertəsi günü alarlılardan otuza yaxın atlı Məşədihüseyinli kəndinin günçıxan yönündən kəndimizə basqına başladılar. Atam, mən, bir də Nurməmməd bir qazmada oturmuşduq. Atam alarlıların çox böyük güclə basqına gəldiklərini görəndə Nurməmmədə üz tutub kəndə sarı qaçmağı məsləhət gördü. Nurməmməd atama sarı yanakı baxıb, “o əlindəki üçatılanı mənə ver, otur yerində” dedi. Tüfəngi üzünə almağı ilə ən qabaqda gələn atlını vurub yerə saldı, ikinci güllə ilə başqa bir atlının atını vurub yıxdı, qalan atlılar bunu görəndə atlarını döndərib geriyə çapdılar. Məmmədəli öz daldalandığı qazmadan çağırıb dedi: “Tələsdiniz, gərək onları bir az da yaxına buraxaydınız, onda hamısnı qırıb tökərdik”. Nurməmməd dedi: “Bir az da yaxına gəlsəydilər, yerimizi biləcəkdilər, belə olsa biz uduza bilərdik”.
Gecə yarıdan keçmiş bizim daldalandığımız qazmalardan çox uzaqda kimsə bizi haraylamağa başladı: “Ləzranlılar, mən Məşədihüseyinli İbişəm, sizə deyiləcək gərəkli sözüm vardır”. Atam İbişi səsindən tanıdı, sonra üzünü Məhərrəmə tutub dedi: “Bu İbiş bizə gəlib gedən adamdır, sən onu tanıyırsan, ancaq ona öz yerimizi bildirməsək yaxşıdır. Yaxşısı, sən get onun yanına soruş gör nə deyir, sonra gəlib bizə deyərsən, birdən məni soruşub bura gəlmək istəsə deyərsən, Vəli burada yoxdur”. Məhərrəm gedib İbişlə görüşəndən sonra yanımıza belə bir xəbərlə qayıtdı: “İbiş deyir, buradakı alarlıların başçısı Cahangir sabah oğlu Pişanla Alardakı Yüzevlər uruğuna belə bir ismarış göndərəcək: “Bizim uruğlarımız arasında çəkişmə olsa da, biz hər ikimiz Alar oymağındanıq. Moranın Ləzran kəndinin adamları bizim altı adamımızı öldürüblər, çoxlu mal-qaramızı qırıblar, xeyli də qoyunlarımızı, dəvələrimizi tutub əlimizdən alıblar. Burada meşə talasında mal-qoyunumuzu otaran yerdə dağların başına çıxıb bizi gülləyə tuturlar, alaçıqlarımızda adamlarımızı vurub öldürürlər. Əmiuşaqları olduğumuz üçün sizi köməyə çağırırıq, bizi bu dardan qurtarmasınız neçə adamlarımız da öləcək, mal-qaramız da əlimizdən çıxacaqdır”. Atam bu sözləri eşidəndən sonra Məmmədəlini də gənəşik üçün bizim olduğumuz qazmaya çağırdı. Bir az düşünəndən sonra atam dedi: “Nə bizim kənddən, nə də yaxın Moran kəndlərindən bizə kömək eləyən olmayacaqdır. Mənim Mirzəli kəndində yaşayan qayınlarıma xəbər göndərək, onlar necə olsa da dilağardalılardır, yaraq-yasaqları var, özləri də ürəkli adamlardırlar, elə bilirəm bizi düşdüyümüz dardan ancaq onlar qurtara bilərlər”. Gecəykən Məhərrəmi Mirzəli kəndinə kömək dalınca göndərdilər. Dan yeri yenicə işıqlananda Məhərrəm qayıdıb gəldi, onun deməyinə görə, Mirzəlinin ağsaqqalı Kərbəlayi Ağaş qonşu Dilağarda kəndlərinə də ismarış göndərib, bu gün dilağardalılar yığışıb bizim köməyimizə gəlməlidirlər. O günü günortaya yaxın dilağardalılardan əlli yaraqlı adam köməyə gəldilər. Gələnlər kəndimizin yan yörəsindəki dağların başında özlərinə yer eləyəndən sonra basqını gözləmədən, onları qabaqlayaraq, alarlıların alaçıqlarını güllə yağışına tutdular. Alarlıların qadın-uşaqları alaçıqlardan çıxıb meşədə daldalandılar. İşin yaxşılığından insanlardan kimsəyə güllə dəyməmişdi, ancaq alarlının çoxlu qoyunları gülləyə tuş gəlib qırılmışdı. Alarlılar çox çıxılmaz bir duruma düşmüş, başlarını itirib nə eləyəcəklərini bilmirdilər. Alarlı köçünün başçısı Cahangirin alaçığı Məşədihüseyinli kəndinin tut bağında qurulmuşdu. Mirzəli Avdının daldalandığı Həsrət dağı ilə oranın arası yaxın idi. Avdı ilə Cahangir uzaq xalauşağı idilər, ona görə də, Avdı uzaqdan Cahangiri səsləyib qışqırdı: “Ayə xalaoğlu, özünüzü boş yerə niyə qırdırırsınız? Yaramaz işlərinizdən əl çəkin, çıxın gedin buradan!” Cahangir cavabında dedi: “Xala oğlu, sizə nə düşüb Mirzəlidən gəlib Ləzranlıların kəndini qoruyasınız, mənimlə xalaoğlu ola-ola adamlarımı qırasınız?” Avdı dedi: “Səninlə xalaoğluyuqsa da, Ləzran kəndi ilə də qohumuq, burada bizim bacımız ərdədir. Sən mənə de görüm, bu harada görünübdür, xalqın ot qoruqlarını otarasan, taxılını ayaqladasan, insanların çörəyini kəsəsən, belə də kişilik olarmı? İndi mən bilmirəm sənin bu işinə nə ad verim, köçəri olanda nə olar, siz hansı qanacaqla bu işləri görürsünüz?” Cahangir dedi: “Siz qayıdın gedin, biz Ləzranın qoruqlarını, taxılını otarmarıq, nə də onlarla işimiz olar” Avdı dedi: “Xalaoğlu, bu elədiyin yaramazlıqlardan sonra biz sənin sözünə inana bilmərik”.
Elə bu arada Cahangirin Alara yüzevlilərdən kömək üçün göndərdiyi oğlu Pişan gəlib çıxar, atasına Alarlının ağsaqqallarının dilindən bunları çatdırar: “Səni nahaqdan incidən olsa, biz alarlılar gəlib o kəndin, o adamın torpağını torba ilə daşıyarıq, bu yolda bir qaşıq qanımızdan qorxmarıq. Ancaq biz eşitdiyimizə görə, sən gedib orada beş-altı Moran kəndlərinin ot qoruqlarını, taxıl əkinlərini otarmısan, xalqı çörəksiz qoymusan, buna görə də, biz də sənin bu alçaq işlərini qınayırıq. Onu da bilirsən Moran çox ağır bir oymaqdır, onlarla qarşıdurma yaratmaqla sən çox böyük anlamazlığa yol vermisən, indi üz-üzə dayandığın Ləzran kəndinin əmiuşaqları Dağda biz Alarlılarla yaylaq qonşusudur, yeri gələndə buradakı əmiuşaqlarının öcünü yerdə qoymazlar, bizim yaylağa gedən yolumuz da Moran kəndlərindən keçir. Ona görə də sən çalış, necə olursa olsun, barışıq yarat, bu yaramaz işlərindən də əl çək”. Cahangir özünü tülkülüyə vurub, köməyə gələn dilağardalıları buradan uzaqlaşdırmaq, sonra da onun sözü ilə Alardan hayına gəlməli olan adamlarla Ləzran kəndinə basqın eləyib kəndi soyub-talamaq, başı tərpənənlərini aradan götürmək istəyirdi. Öz kəndliləri də ondan üz döndərəndən sonra artıq əli hər yerdən üzülmüşdü. Ona görə də yağlı dilini işə salmalı oldu, Avdını çağırıb dedi: “Xala oğlu, olar mən sənin yanına danışmağa gəlim?” Avdı dedi: “Səni buraya gəlməyə kim qoymur? Gəlmək istəsən, yol açıqdır”. Cahangir Avdının yanına gəlib dedi: “Biz səninlə xalaoğluyuq, üstəlik sizlər dilağardalısınız, onda nədən gəlib bu moranlılara görə bizi qırıb tökürsünüz?” Avdı dedi: “Xalaoğlu, bayaq da sənə dedim, siz gəlib burada mənim bacımın ərinin ot qoruqlarını, taxıl əkinlərini otarmısınız, onlar sizə cavab verəndə kəndə basqın eləmisiniz, mənim bacım elə sənin də xalan qızı sayılmırmı, siz nədən belə yaramazlıqlara əl atırsınız?” Cahangir yenə Avdını al dilə tutmaq üçün dedi: “Xalaoğlu, biz sizin bu kəndlə qohum olduğunuzu bilmədiyimizdən bu işi tutmuşuq, indiyə kimi də neçə adamlarımız ölüb, neçə də mal-qaramız, qoyunlarımız qırılıb. Siz bizə qarşı olan bu qırğını dayandırın, biz də ölənlərimizin qanını da, bizə dəyən ziyanları da bağışlayıb çıxıb gedək”. Avdı Cahangirin fırıldaqçı olduğunu bildiyindən dedi: “Cahangir, siz Alarlılar bir az öcəşkən adamlarsınız, inanmıram buradan toxdaqlıqla çıxıb gedəsəniz”. Cahangir çox çıxılmaz bir duruma düşmüşdü, onun köçünün qadın-uşaqları qaçıb meşədə, dərələrdə daladalanmışdılar, neçə adamları, neçə də mal-qarası savaşda qırılmışdı, bir yandan da indi çox güclü yaraqlı insanlarla qarşı-qarşıya gəlib əlində nə varsa hamısını itirmək qorxusu ilə üzləşmişdi. Ona görə də sonuncu çarəyə əl atıb dedi: “Xalaoğlu, Qurana əl bassam mənə inanarsınızmı?” Avdı dinmədi, Cahangir də bir söz demədi, oturanlarla sağollaşmadan durub getdi. Oradakılar onun bu dinməz-söyləməz gedişindən heç nə anlamadılar. Sən demə Cahangir gedər Məşədihüseyinli molla Məmmədbağırın evinə, ona deyər: molla, bu savaşı yatırmaq üçün Quranı da götür, o görünən dağın başına gedək. Molla ona qulaq asmaq istəməyib deyər: “Bu savaşı sən özün salmısan, get özün də barış yarat, Quranı bu işlərə qatışdırma. Mənim ora getməyimə nə gərək var, mən anlamıram?” Cahangir deyər: “Molla, sənin ora getməyin bu savaşı yatırmaq üçün gərəkdir, sən deyəsən bizim hamımızın burada qırılıb qurtarmağımızı istəyirsən, yaxşı düşün, bu sənin üçün pis qurtarar”. Molla Məmmədbağır bu işə qoşulmazsa, Cahangirin onu öldürəcəyini anladığından Quranı da götürüb ona qoşularaq, dilağardalıların yanına gəldi. Molla Məmmədbağır dilağardalılara üz tutub dedi: “Mən bura Cahangirin istəyi ilə gəlib Quran gətirmişəm, Cahagir sizinlə başlanan bu savaşı kəsmək istəyir”. Cahangir hamının qarşısında Qurana əl basıb and içdi: “Bu Qurana and içirəm, biz Alarlıların bir də Ləzran adamı ilə işimiz olmayacaq, arada olan qanlıçılığı da, bizə dəyən ziyanı da unuduruq”. Bununla da barışıq yaranıb, atışma dayandırıldı, Mirzəlidən bizə yardıma gələnlər də çıxıb evlərinə getdilər.
Barışıqdan iki gün sonra bizim kənddən bir neçə adam ara açmaq adı ilə Cahangirə qonaq gedərlər. Cahangir də bunlar üçün qoyun kəsər, yaxşı qonaqlıq düzəldər. Danışığın gedişində Cahangir qayıdıb bunlara gileylənər: “Sizin kəndin adamı mənə qarşı düz iş tutmadılar, beş-on dəvə-qoyun taxıla girməklə dünya dağılmayacaqdı, ancaq bizim altı adamımızı, neçə baş mal-qoyunumuzu qırdılar. Hələ üstəlik neçə kəndin adamını da yığıb üstümüzə tökdülər”. Bizim kəndin qarınotaranları da qayıdıb deyərlər: “Bizim kənd adamının bu işdən xəbəri yoxdur, bu işlərin hamısını quran Vəlidir, iki nökərini, iki də otaylı əncümənlini yaraqlandırıb, sizin adamlarınızı öldürən, mal-qaranızı qıran da odur, qayınlarını köməyə çağırıb neçə kəndin adamını üstünüzə qaldıran da odur. Bu işdə bizim kənddən kimsə ona yardım eləməyibdir. Biz sənin qonağınıq, sənin çörəyini yeyib yalan demərik. Ancaq istəyərdik sən də bir vaxt tapıb bizə qonaq olasan”. Cahangir onlara vaxt tapıb qonaq gələcəyinə söz verir.
Bu adamlar kəndə qayıdandan sonra Cahangirin ad-sanını ala buluda qaldırmağa başladılar, onun qonaqsevərliyindən, onlar üçün qoç kəsməyindən, üzügülərliyindən ağızdolusu danışdılar, sonra onu kəndə qonaq çağırdıqlarını da dedilər. Atam Vəli onlara üz tutub dedi: “Cahangir gözünüzün qabağında burada beş kəndin ot qoruqlarını, taxılını otartmışdır, xalqın çörəyini kəsmişdir, siz isə onu yaxşı adam sanırsınız. Cahangir sizə qonaq gəlmək adı ilə gəlib kəndi soyub talayanda mənim bu sözümü xatırlarsınız”. Bu adamlar acıqla atamın üstünə çımxırdılar: “O kişi bizim başımızı göylərə qaldırıb. Biz sən deyilik, beş-altı qoyun əkinə girməklə araya qan salaq”.
Yenə də tutqun havalı bir yaz günündə Cahangir başında 60-a yaxın atlı ilə bizim kəndə gəldi. Atamla onun yaraqlı adamları bunu görüncə evimizin yaxınlığındakı torpaqlıq deyilən təpənin başında qabaqcadan qazılmış qazmalara çəkildilər. Görünür bizim evi tanıdığından Cahangir bizim qapıya gəlmədi, ancaq onun atlıları kəndin o biri evlərinə dağılışıb, əllərinə keçəni talamağa başladılar, öncə kimin tüfəngi vardı əllərindən aldılar. Kənd adamlarına qarşı olduqca yaramaz, sırtıq davranırdılar. Kimin qapısında toyuq görürdülər tutub kəsirdilər, ardınca da deyirdilər, biz köçəriyik, toyuğumuz olmur, görək bunun dadı necə olur. İş o yerə çatmışdı, kürt yatan toyuqları da kəsib yemişdilər. Bir sözlə, elə bil qoyun sürüsünün içinə ac bir qurd girmişdi. Bunlar kəndin içində özlərinə yaxşı yeyib-içmək düzəldəndə bu yandan kənd adamının taxılını aparmaq üçün dəvələri də gəlib çıxdı. Cahangir özü Hacı Ağabalanın evinə düşmüşdü, başqa kəndləri köməyə çağıran olmasın deyə, adamlarına tapşırmışdı göz-qulaq olsunlar kimsə kənddən qırağa çıxa bilməsin. Hacı Ağabala görər bunlar kəndi çapıb-talayıb aparacaqlar, kiçik oğlu Qulunun başına çadra salar, çiyninə bir sənək qoyar, Cahangirin adamlarına deyər, bu mənim qızımdır, bulaqdan su gətirməyə gedir, oğluna da tapşırar, buradan aralanan kimi qaçarsan Ağusəm kəndinə, orada Şirinə deyərsən, atam deyir Alarlı Cahangir 60 atlı ilə gəlib kəndimizi çapıb talayır, durmasın bizim köməyimizə gəlsin. Qulu bulağa çatan kimi sənəyi orada qoyub Eyni dərəsi ilə Ağusəm kəndinə qaçır. Qulu özü danışırdı, deyir, mən Şirinin evinə çatanda o məni tanımasa da, salamımı alandan sonra dedi, sən pis xəbərlə gələn adama oxşayırsan. Qulu tanışlıq verəndən sonra atası Hacı Ağabalanın ismarışını Şirinə çatdırır. Şirin bunu eşidən kimi öz adamlarını Salahlı, Fərəcullalı, Cəngan, Keçili, Bala Koryədi kəndlərinə göndərir, onların ağsaqqallarına bütün yaraqlı adamlarını Ləzran kəndinə kömək üçün göndərməyi xahiş eləyir, özü də kənddəki yaraqlı adamları başına toplayıb Cəngan kəndinə gəlir.
Alarlılar gətirdikləri dəvələri kənd adamlarının anbarlarının qabağına çəkib, onların taxıllarını dəvələrə yükləməyə başladılar. Dəvələri yükləyib kəndən qırağa çıxarandan sonra bir neçə atlı kənd örüşünə sarı çapıb kəndin mal-qarasını aparmaq üçün yollandılar. Onda atamla birlikdə olan dörd yaraqlı adamlar Torpaqlıq təpəsindən çağırıb onlara dedilər: “Ay cayğın qonaqlar, kəndə qonaq adı ilə gəlib quldurluq eləyirsiniz. Ancaq onu bilin, kəndin taxılı ilə mal-qarasını aparmaq istəsəniz, sizi vurmağa başlayacağıq!” Cahangirin oğlu Pişan Torpaqlıq təpəsindən gələn səsi eşidib, heç nə demədən Hacı Ağabalanın tövləsinin tinində daldalanıb onlara sarı bir güllə atdı. Tüfəngin tüstüsündən güllənin haradan atıldığını sezən Nurməmməd üçatılanla ona sarı bir güllə atdı, Pişan gizləndiyindən güllə onu tutmadı, ancaq tövlənin tinindəki kərpicdən bir qırıq qoparıb onun alnını bərk yaraladı, adamlar öncə elə bildilər güllə onun başına dəyibdir, sonra işin gerçəyini bilib, onun yarasını sarıdılar. Sonra Torpaqlı təpədən Məmmədəlinin səsi gəldi, o kəndin mal-qarasını aparmağa gedən atlıları harayladı: “Qabaqda gedən atlı, mən indi sənin özünü yox, atını başından vuracağam!” Söz deyilib qurtaran kimi onun gülləsi açılıb qabaqda gedən atlının atının başından dəyərək onu yerə sərdi. Bunu görən atlılar qorxularından kəndə qayıtdılar. Kənd adamları Torpaqlıq təpəsindən alarlılara güllə atanların işinə mat qalmışdılar, onlar hansı ağılla 5 nəfərlə 60 yaraqlı quldurlara qarşı dayanmaq istəyirdilər. Ancaq oraya çıxanlar ölümü gözlərinin altına alıb savaşa girmişdilər, təpəyə çıxmazdan qabaq hamısı kəlmeyi-şəhadətlərini demişdilər.
Bu vaxt Şirin də beş-altı kənddən topladığı yaraq-yasaqlı adamlarla kəndimizin günbatanından dərə içi gəlib özünü yetirdi. Biz onda yeniyetmə uşaqlar olduğumuzdan kəndin içindəki zınqırovlu dəvələrin başına yığışıb, birinci dəfə yaxından gördüyümüz bu dəvələrə maraqla baxırdıq. Bir də gördük, kəndə yaxınlaşan iki atlı, acından ölməmək üçün kəndin qırağına çıxıb əməköməci, quşəppəyi, əvəlik yığıb yeyən əncümənlilərə yaxınlaşıb onları samanlıqlara doluşmağa çağırırlar. Yaxınlaşıb gördük bu iki atlı Fərəcullalı Əhədlə Bala Koryədili Cankişidir. Onlar əncümənlərə deyirdilər, tez gizlənin, yoxsa indicə burada atışma olacaq, sizə güllə dəyməsin. Demə, Şirinin gətirdiyi yaraqlı adamlar kəndi dörd yandan əhatə eləyibmişlər, bu çevrə Torpaqlq təpəylə qapanırmış. Elə bu anda çox yaxşı geyimli, çalpapaqlı, boz atlı bir kişi kəndə girib, atını düz Hacı Ağabalanın həyətinə sürdü, onun qucağında beşatılan vardı, böyründən mauezer asılmışdı. O həyətə girəndə Cahangirin adamları Hacı Ağabalanın anbarlarındakı taxılı yüklədikləri dəvələri sürüb getmək istəyirdilər. Çalpapaq kişi mauzeri əlinə alıb uca səslə qışqırdı: “Dayanın alçaq quldurlar, yerindən tərpənəni vuracağam!” Üstündən azacıq keçmiş Hacının həyətinə daha on yaraq-yasaqlı atlı girib, çalpapaq kişinin arxasında dayandılar. Bir yandan da Torpaqlı təpədəki adamlar da oradan quldurları haraylayıb, ya atlarla dəvələrini kənddə qoyub çıxmalırını, ya da vurulacaqlarını deyir, onları vurmaq istəməyib, bilərəkdən yan-yörələrinə güllə atırdılar. Alarlılar başlarını itirib nə edəcəklərini bilmirdilər. Atlı Cahangirin harada olduğunu soruşanda dedilər evdədir, dedi, ona deyin bayıra çıxsın. Cahangir çölə çıxan kimi çalpapaq kişi ona elə bir söyüş söydü, mən nə oçağacan, nə də ondan sonra bugünəcən də elə qatı bir söyüş eşitməmişdim, o söyüşü burada yazmaq nədir, düşünəndə belə tüklərim biz-biz durur. Cahangir isə dillənmədən başını aşağı salıb dayanmışdı. Bu anda Hacının həyətinə yaxşı geyim-kecimli, qara kəhər atın üstündə oturmuş bir kişi də gəldi. Cahangir bu atlını görən kimi dedi: “Ay Hacı oğlu, bu dəlini nədir salmısan bizim canımıza, daha bizdə var-yox qoymadı burada, el içində abrımızı tökdü”. Qara kəhər atlı dedi: “Cahangir, o sənin abrını tökmür, sən özün el içində öz abrını tökürsən; ilin-günün bu çağında dörd-beş kəndin ot qoruqlarını, taxıl əkinlərini otardın, gözün doymadı, gəldin bu kəndin otlaqlarını, taxılını tapdaqdan çıxarmağa, sağ olsunlar bu kəndən bir neçə qeyrətli adam tapıldı, sənin qarşına çıxdı, qoymadılar xalqın çörəyini kəsəsən, onda güc işlətmək istədin, yenə də sağ olsun dilağardalılar gəlib səni yaman günə qoydular, qorxundan onlara yalvardın, Qurana əl basdın, çəkilib buralardan gedəcəyini, xalqla işin olmayacağını boynuna götürdün, elə isə bu nə alçaqlıqdır yenidən törədirsən? Sənin belə qudurmağının suçu bizdədir, biz onda suyuyumşaqlıq eləyib buradakı əmiuşaqlarımıza köməyə gəlmədik, sənin də ayağın yer aldı, düşündün nə istəsən eləyə bilərsən. İndi sən Qurana içdiyin andı pozub bu işləri görəndən sonra özün de, biz səninlə nə eləyək? Öz cəzanı özün de!” Cahangir dedi: “Hacı oğlu, mən nə deyim? Obada aclıqdır, yeməyə çörək tapılmır, ona görə də gəldik bir az taxıl aparaq, daha vermirsiniz, neynək əliboş çıxıb gedərik”. Kəhər atlı kişi dedi: “Kimin anbarından nə götürübsünüzsə, yerinə qaytarıb boş gedə bilərsiniz”. Hacı Ağabala qabağa çıxıb dedi, tüfənglərimizi də alıblar, qoy onları da qaytarsınlar. Kəhər atlı dedi: “Tüfənglərinizi alıblarsa, onda siz niyə diri qalmısınız?” Cahangirin quldurları kənddən talamaq istədikləri taxılları hərənin öz anbarına qaytarandan sonra kəhər atlı onlara üz tutub dedi, kimdən tüfəng almısınızsa onları da qaytarın, onlar tüfəngləri qaytarandan sonra Kamranla Cabbar ortaya çıxıb dedilər, bizim tüfənglərimizi qaytarmayıblar. Alarlılar dedilər, götürdüyümüz tüfənglərin hamısını qaytarmışıq. Kamran dedi, o başı sarıqlı atlının əlindəki tüfəng mənimdir, Cabbar dedi, onun yanında özünü gizlədib gözdən yayınan adamın əlindəki tüfəng də mənimdir. Kəhər atlı dedi, gətirin tüfəngləri verin, onda Cahangir dedi: “Hacı oğlu, o başı sarıqlı mənim oğlumdur, yanındakı da mənim nökərimdir, onların tüfəngləri özlərinindir, oğurluq deyil”. Kamranla Cabbar dedilər, bunu bütün kənd bilir, o tüfənglər bizimdir, əlimizdən alınıbdır. Çalpapaq atlı mauzerini Cahangirin oğluna tuşlayıb dedi: “Gedin tüfənglərinizi götürün”. Kamranla Cabbar da yaxınlaşıb tüfənglərini geri aldılar. Bundan sonra kəhər atlı üzünü Cahangirə tutub dedi: “İndi çıxın itilin bu kənddən, bir də buralara ayağınız dəysə, onda daha məndən inciməyin!”
Sonradan çalpapaq atlının Ağusəmli Şirinin qardaşı Abbas, qara kəhər atlı, Hacı oğlu deyilənin isə Şirin olduğunu öyrəndik. Alarlılar kənddən çıxıb getməyə başlayanda Torpaqlı təpədən Nurməmməd qışqırıb dedi: “Şirin, sən o quldurları niyə buraxırsan, qoysana onların yaraq-yasaqlarını alıb özlərini də salaq tövləyə, bir müddət orada qalıb ağılları başlarına gəlsin. Bunlar Qurana andı pozan alçaqlardır, yenə də girəvəyə salıb üstümüzə gələcəklər”. Sonra isə alarlılara üzünü tutub qışqırdı: “Üstünüzdə nə yaraq varsa, hamısını tökün yerə! Yoxsa biriniz də kənddən sağ çıxa bilməyəcəksiniz”. Alarlılar donub yerlərində qaldılar. Şirin bu səsi gələn adamın kim olduğunu soruşdu, dedilər bu Vəlinin nökəri, Cerimbelli Nurməmməddir. Şirin uca səslə Nurməmmədi çağırıb dedi: “Oğlan, sən bizi bu quldurlar ilə bir tutma! Biz onlara elədiyimizi elədik, bundan artığını eləsək, biz də onların tayı olarıq, qoy Allah özü onların cəzasını versin!”
Alarlılar çıxıb gedəndən sonra Şirin Ləzran kəndinin bütün kişilərini kəndin ortasına çağırıb yığandan sonra sözə başladı: “Birinci sözüm sizin kənddən bu alçaq Cahangirin yanına qonaq gedənlərədir, siz hansı ağılla bir tikə ət yeməkdən ötəri belə bir yaramaz adama qonaq getdiniz? Getməyiniz cəhənnəm, onu hansı ağılla kəndinizə qonaq çağırdınız? O da gördü sizin kənddə birliyiniz yoxdur, gəlib kəndinizi çapıb-talayıb getmək istəyirdi, biz gəlməsəydik yorğan-döşəyinizə, pal-paltarınıza, taxılınıza kimi talayıb aparacaqdılar. Yaxşı qonaqlıq verəcəkdiniz bu quldurlara!” Məmmədəli dillənib dedi: “Şirin, kəndə köməyə gəldiyinə görə çox sağ ol! Sən gəlməsəydin, bizim gücümüz ona çatacaqdı Vəlinin evini qoruyub saxlayaq, ondan artığına gücümüz yetməyəcəkdi”. Şirin sözünə davam elədi: “Mən siz Ləzranlıların çox işlərinə mat qalmışam. Baxın, Başsız kəndinin hampaları qolugüclüyünə salıb, o boyda yolu basa-basa gəlib sizin ən yaxşı torpaqlarınızı əkirlər, siz də durub baxırsınız. Eşitdiyimə görə təkcə Vəlinin əkin yerlərinə toxuna bilmirlər”. Kənddən adını çəkmək istəmədiyim biri qayıdıb dedi, Vəlinin qaynatası olmasaydı, o bizdən də yaman günə qalardı. Şirin bu sözü eşidəndə bərk acıqlandı, üzünü danışan adama tutub dedi: “Adamın özü hərəkət eləməsə, onu ən yaxın qardaşı da yerindən tərpədə bilməz, oturdub qaldırmaz, alarlılar sizin taxılınızı, otlaqlarınızı otaranda Vəliyə qaynatası demişdi çıx onlarla vuruş? Yoxsa bunu da qaynatası demişdi, onlardan öc almaq üçün qoyunlarını, dəvələrini əllərindən al, bu ac-yalavac əncümənlilərə payla? Görürəm sən çox alçaq düşüncəli bir adamsan, nə qədər sənə əlim-ayağım dəyməyib çıx get buradan, sən adam içinə çıxmalı kimsə deyilsən!” O adam suyu süzülə-süzülə çıxıb evinə getməli oldu. Sonra Şirin üzünü adamlara tutub dedi: “Deyirlər sizin aranızda Nurməmməd adında çox qoçaq, atıb-vuran bir kişi var, onu mənə tanıda bilərsinizmi?” Nurməmməd ortaya çıxıb dedi: “Şirin, axtardığın o Nurməmməd mənəm”. Şirin onun boy-buxununa baxıb dedi: ”Ayə, sənin tüfəngin özündən bir qarış uzundur, səndən Nurməmməd olmaz”. Nurməmməd dedi: “Şirin, düz deyirsən, bu yarı ağac, yarı dəmir parçası olmasaydı məndən Nurməmməd olmazdı, məndə atıcılıq bacarığı qabaqcadan olsa da, mən rusların yanında qulluqda olanda tüfəng atmağın təlimini də keçmişəm, bir də sözün düzü, təkcə yaxşı atıcı olmaq da azdır, burada gərək həm də qorxmaz olasan. Burada yüzə yaxın əlitüfəngli adam var, kim mənimlə yarışa girib o damın üstündəki sərçələrdən birini köksünün qarasından vura bilərsə, ortaya çıxsın” Şirin əlitüfəngli adamlardan kiminsə belə bir yarışa girmək istədiyini soruşanda hamsı susdu, buna ürək eləyən kimsə tapılmadı. Nurməmməd Şirinə yaxınlaşıb dedi, mənim tüfəngim üçaçılandır, bununla sərçəyə güllə atsam, onu tikə-para eləyəcək, olursa əlindəki bu beşatılanı ver, onunla dediyimi eləyim. Şirin beşatılanı verəndən sonra Murməmməd bircə dəqiqiənin içində, ayaq üstə, tüfəngi sərçələrdən birinə tuşlayıb atdı, sərçə bir anın içində yoxa çıxdı, adamlar axtararaq sərçəni tapıb gətirdilər, doğrudan da Nurməmmədin gülləsi sərçənin döşündəki qaraya dəyib onu öldürmüşdü. Şirin Nurməmmədə əhsən deyəndən sonra belindəki üç qatar patrondaşdan birini açıb Nurməmmədə bağışlamaq üçün ona uzatdı. Nurməmməd dedi: “Şirin, mən dedim, tüfəngim üçatılandır, sənin verdiyin bu beşatılan güllələrindən bizdə çoxdur, ona görə də istəməz, patrondaşı saxla özün üçün”. Fərəcullalı Əhəd Şirindən patrondaşı alıb Nurməmmədə verdi: “Dünyanın bu qarışıq çağında güllə heç vaxt artıq olmaz, al götür, sənə gərəkməsə, başqasına verərsən”. Nurməmməd bu sözdən sonra patrondaşı aldı. Şirin Nurməmmədlə danışığını qurtarandan sonra ora yığışan Ləzranlılara üz tutub dedi: “Boy-buxununuza baxıram, hamınız qollu-budaqlısınız, gerçəkdən igidə oxşayırsınız, ancaq incisəniz də deyəcəyəm, sizin çoxunuzdansa, bir dənə qeyrətli qadın yaxşıdır. Siz özünüzə nə deyirsiniz, Başsızlı Mustafa adamları ilə gəlib sizin dədə-baba torpaqlarınız olan Hamarlar və Qarğalıq deyilən yerlərinizi əkir? Bizim atalarımız deyiblər, kişinin mülkü onun namusudur, elə isə siz öz namusunuzu niyə öz əlinizlə başqasına verirsiniz? Ağamoğlan qayıdıb dedi, Mustafa katda olanda o yerləri bizdən qolgücünə almışdı. Şirin ona cavab verib dedi: “İki ildir Nikolay hökuməti yıxılıb, katdalıq da aradan gedib. İndi hərə əlinə bir beşatılan alıb düşüb ortaya, heş kimi saymır, siz gərək belə durumda bir olasınız, öz haqqınızı qoruyasınız. Musatafanın aldığı yerlərin içində Vəlinin də torpağı vardı, elə isə indi başsızlılar niyə onun yerini əkməyə ürək eləmirlər? Bilirlər, Vəli öz torpağı üstündə savaşacaq ona görə. Siz isə başınızı aşağı salıb dözürsünüz, ona görə də yerlərinizi basıb əlinizdən alırlar. Bir-iki gündən sonra ot çalını başlayacaq, ancaq görürsünüz Alarlı Cahangir gəlib buradakı Moran kəndlərinin ot qoruqlarını otartdırıb yaman günə qoyubdur, Həsənli, Məşədihüseyinli, Çünəxanlı kəndlərinin otlaqlarını tapdaqdan çıxarıb gəlmişdi sizin kəndin üstünə, sizdən kim çıxdı onların qarşısına? Yenə sağ olsun başqa mahaldan gələn bu dörd adam varmış burada, onlar Alarlının qarşısında dayanıb qoymadılar sizin otlaqları, taxıl əkinlərinizi otarsınlar. İndi baxın, Vəli bu dörd adama sığınacaq verib, onlar da çörək itirən olmayıblar, kəndinizin qeyrətini şəkirlər. Indi mənə deyin görüm, sizlər bu əlsiz-ayaqsız əncümənlilərdən neçəsinə sığınacaq veribsiniz, arxa durubsunuz? Bildiyimə görə heç biriniz bura gələn ac-yalavaclara əl tutmayıbsınız”. Bu yerdə əncümənli Ağabala Şirindən icazə alıb danışmağa başladı: “Şirin düz deyir, biz iki ay olar bu kəndə gəlmişik, otaydakı yerlərimizdən qovulub, ac-yalavac gəlib çıxmışıq buralara. Özünüz yaxşı bilirsiniz, sizin kənddə biz əncümənlərdən çoxdur, elə yan-yörədə də çoxlu adamlarımız yerləşib, gündə on-on beş adamımız acından ölür. Mənimlə Məmmədəliyə Vəli öz evində sığınacaq verib, gücü çatandan yeməyimizi də verir, Vəlinin iki nökəri var, Nurməmmədlə Məhərrəm adında, onlara da öz oğlundan artıq yanaşır, ona görə də elə onlar da ona ağa kimi yox, ata kimi baxırlar. Özünüz də gördünüz, Cahangirin quldurları kəndinizə basqın eləyəndə biz Vəlinin başına yığışıb onların qarşısına çıxdıq, ölümdən çəkinməyib onların qat-qat artıq gücünün qabağında bərk dayandıq. Son bir ayın içində bizim kənddə acından ölən əncümənli olmayıbdır. Bilirsiniz, onlar yeməyə çörək tapmadıqlarından çöllükdəki yeməli otlarla dolanırdılar, ona görə də arıqlayıb üzülür, sonra da ölürdülər, Alarlılarla savaşda onların əlindən alınmış qoyunları Vəli kəsdirib onlara payladı, sonra beş dəvə vuruldu, ikisi kəsildi, üçü də ölmüşdü. O dəvələrin əti bir yana qalsın, dərilərini də bizim bu adamlar qaynadıb yedilər, yenə bir az gücə gəldilər”. Sonra Şirin Cahangirin yanına qonaqlığa gedənləri bir-bir çağırıb xalqın qarşısına çıxardı, -mən burada onların adını yazmaq istəmirəm- üzünü onlara tutub dedi: “Mən bura gələndən sonra sizin Cahangirin qapısında sülənməyə gedib, onun sizə atdığı sümükləri gəmirməyinizi eşitdim. Bunu qabaqcadan bilsəydim, sizin kəndə köməyə də gəlməzdim, gedib kəndinizin namusunu bir tikə ət yeməyinə satmısınız, qarı düşmənin ayağını kəndinizə açmısınız. Ar olsun sizin kimi yaramazlara”.
Bundan sonra, Alarlı Cahangir daha Moran kəndlərinin biri-birinə arxa durduğunu görüb, bizim kəndə də, başqa qonşu kəndlərə də korluq verməyə ürək eləmədi.
Cəlilabad rayonunun Ləzran kənd sakini Mirzəqulu kişi, Azərbaycanda Sovet inqilabından əvvəlki illərə təsadüf edən hadisələri qələmə alır. 50 şagird dəftərindən ibarət olan bu əlyazmanın böyük hissəsi it-bata düşür. Yalnız bir hissəsi qorunub saxlanılır və hal-hazırda Rusiyada yaşayan həmyerlimiz, yazıçı Araz Gündüz Vətənə tətilə gəldiyi zamanlarda bu əlyazmaların izinə düşür və onun fədakarlığı sayəsində bu qiymətli əlyazma tarixin qaranlığına düşmür. Araz Gündüzün düzgün imlada yenidən işləyib çapa hazırladığı "Ləzranlı Mirzəqulu - Olanlardan keçənlərdən" kitabı bu tay Azərbaycanın Cəlilabad-Yardımlı, o tay Azərbaycanın Ərşə-Ucarlı bölgəsində yaşayan insanların keşməkeşli həyatını əks etdirən tarixi bir salnamədir.
Комментариев нет:
Отправить комментарий