13.11.2015

Nə olar özünü öyrətmə mənə

Rizvan Şıxızadə

Bu eşqin sonunu fikirləşirəm,
Bizə çətin olar başa düşürəm,
Vallah öyrəşəndə pis öyrəşirəm,
Sənə yalvarıram mən dönə-dönə,
Nə olar özünü öyrətmə mənə.

Desəm ki ölürəm, baxma sözümə,
Lap gəlsəm qapını açma üzümə,
Qoy bir az ağlayım özüm-özümə,
Yeganə istəyim budur bir dənə,
Nə olar özünü öyrətmə mənə.

Sənsiz bu dünyada qonaq kimiyəm,
Gecələr dərdindən oyaq kimiyəm,
Anasın itirən uşaq kimiyəm,
Odur istəmirəm bağlanım sənə,
Nə olar özünü öyrətmə mənə.

Haçandır gözümdən çəkilib yuxu,
Yorğun gözlərimdən qəlbimi oxu, 
Sevgidə bir dəfə yanmışam axı,
Qoyma ürək yaram qanasın yenə,
Nə olar özünü öyrətmə mənə.

Öyrəşsəm günlərim olacaq qara,
Düşərəm arxanca qarabaqara,
Gələrəm ardınca getsəndə hara,
Məni salmamaqçün pis, yaman günə,
Nə olar özünü öyrətmə mənə.

Sonu bilinmirsə itir bu eşqi,
Şirin xatirətək ötür bu eşqi,
Məni sevirsənsə bitir bu eşqi,
Səni and verirəm Allaha, dinə,
Nə olar özünü öyrətmə mənə.

Комментариев нет:

Отправить комментарий