16.06.2017

QURĞUŞUN YÜKÜDÜ SEVDAN İÇİMDƏ

Xatirə Xatun

Elə mənimləsən haraya getsən,
Səni daşıyıram hər an içimdə.
Həsrətin asılıb sətirlərimdən,
Qurğuşun yüküdü sevdan içimdə.

Bu dərdi yazmaqdan qələm yorular,
Yetməz ki ən gözəl, ən kövrək sözlər.
Gözlərim gözünü axtarar, durar,
Saçlarım əlinin yolunu gözlər.

Yox, yox, ağlamıram ayrılığından,
Göz yaşı deyildir sənin gördüyün!
Əksini gözümdə saxladığımdan,
Gözlərim üzümə tüpürür hər gün...

Beləcə ötüşüb gedir ömür- gün,
Didir yaddaşımı xatirən hələ
Adını dilimə gətirməməkçün
Qaçıram adaşın olandan belə...

Qaysaq bağlayarmı vurduğun yara?
Bir ümid can verir qolumun üstə
Qürurum dönüb bir ac canavara,
Durub sənə gedən yolumun üstə...

Yetər bu işgəncə, bu əzab yetər,
Ağlın sözü keçmir daha qəlbimə.
İndi başa düşdüm- böyük sevgilər
Böyük cəzalara məhkummuş demə!

Həsrətin asılıb sətirlərimdən,
Qurğuşun yüküdü sevdan içimdə.
Elə mənimləsən haraya getsən,
Səni daşıyıram hər an içimdə...

Комментариев нет:

Отправить комментарий