30.06.2017

YENİLMƏZ LENİNÇİ

Bu gün Azərbaycanda sosialist ideyalarının qələbəsi uğrunda mübarizədə leninçi-bolşevik qvardiyasının ən fəal, sədaqətli, döyüşkən üzvlərindən, şanlı nümayəndələrindən biri, peşəkar, nüfuzlu hüquqşunas Şirvanov Əmrulla Sənan oğlunun  doğum günüdür. Əqidəli, prinsipial kommunist kimi onun mənalı həyatı və işıqlı sosializm naminə mübarizəsi müasir gənclər üçün parlaq nümunədir.
Əmrulla Şirvanov ictimai sarsıntılar və cəmiyyəti demokratik surətdə dəyişdirilməsi dövründə ictimai-siyasi fəaliyyətini dönmədən davam etdirir. Marksizm-leninizm ideyalarının təsiri altında o, zəhmətkeşlərin səadəti uğrunda mübarizə yolunda inamla irəliləyir. Mətin leninçi, ardıcıl beynəlmiləlçi, böyük qəlb və istedad sahibi olan Əmrulla Şirvanov var qüvvəsini, biliyini, təcrübəsini kommunist hərəkatına xidmətə sərf edir.
Əsil kommunist olaraq Əmrulla Şirvanov sovet dövləti və Lenin partiyası tərəfindən tərbiyə edilib yetişdirilmiş, sosializm qurmaq uğrunda fədakarlıqla mübarizə aparan əmək, sülh, bərabərlik sevərlərin şanlı dəstəsinə mənsubdur. O, Vladimir İliç Leninin kapitala qarşı siyasi mübarizə nəzəriyyəsinə, strategiya və taktikasına, elmi cəhətdən əsaslandırılmış sosializm və kommunizm quruculuğu planına müasir şəraiti nəzərə almaqla daim sədaqət nümayiş etdirir.
Əmrulla Şirvanovun ən mühüm xidmətlərindən biri də odur ki, kommunistlərin iflasa uğramış, partiya təşkilat işi çox bərbad vəziyyətdə olmuş Xətai rayon təşkilatını dirçəltmiş, onu monolit bir quruma çevirmişdir. Hazırda burada partiyadaxili işlər yüksək səviyyədə qurulmuşdur. Partiyaya qəbul haqqında ərizələrə, zəmanət verilməsinə, partiyaya daxil olanın anketinə, kommunistlərin uçotuna, keçirilən yığıncaqların protokollarının düzgün tərtibinə, ümumiyyətlə əməli kargüzarlıq məsələlərinə çox diqqətlə yanaşılır və bu işlərdə  ciddi nizam-intizam yaradılmışdır. Kommunistlər indi onların mübariz avanqardı olan Xətai rayon təşkilatına hədsiz etimad və rəğbət bəsləyirlər. Əmrulla Şirvanov bu etimad və rəğbəti zəhmətkeşlərin mənafeyinə öz sədaqətli xidməti ilə, öz dəyişməz cəsarəti, müdrikliyi və uzaqgörənliyi ilə qazanmışdır.
Yenilməz leninçi, leninizmin çoşğun təbliğatçısı, xalqlar dostluğu ideyalarının qızğın tərəfdarı Əmrulla Şirvanov böyük və qaynar həyatını bütünlüklə kommunist ideyalarına və xalq işinə sərf edir. İctimai ədalətsizliklərlə qətiyyən barışmır. Əməkçiləri maarifləndirmək əzmi, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı Əmrulla Şirvanovu respublikanın solyönümlü ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartmışdır.
K.Paustovskinin çox dəyərli bir fikri var: "Dünyada yeganə, bircə həqiqi xəzinə vardırsa, o da yaxşı ürəkdir". Əmrulla Şirvanov da belə bir ürəyin sahibidir. Belə ürək sahibləri isə fəxr edə bilərlər ki, dünən də, bu gün də, sabah da onlarındır!

Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliynin sədri

Комментариев нет:

Отправить комментарий