28.05.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI. 3-CÜ HİSSƏ: AVRASİYAÇI BAXIŞ

DÖVRÜN NƏFƏSİ. Hər bir tarixi dövrə onun öz “koordinatlar sistemi” xarakterikdir: siyasi, ideoloji, iqtisadi, mədəni.
Məsələn, 19-cu əsr Rusiyada “slavyanofillərlə” “qərbçilər” arasında qarşıdurma şəraitində keçib. 20-ci əsrdə “qırmızılarla” ağlar” arasında qarşıdurma olub. 21-ci əsr isə atlantistlər (“birqütblü qlobalizm” tərəfdarları) və avrasiyaçılar arasında qarşıdurma əsri olacaq.
Atlantizm – aşağıdakıları göstərən geopolitik termindir:
-tarixi və coğrafi baxımdan – dünya sivilizasiyasının Qərb sektoru;
-hərbi-strateji baxımdan – NATO üzvü olan ölkələr (ilk növbədə ABŞ); 
-mədəni baxımdan – Qərb media-imperiyalarının yaratdığı unifikasiya olunmuş informasiya mühiti;
-sosial baxımdan – mütləqləşdirilmiş və iqtisadi həyatın digər çoxçeşidli təşkilat formalarını inkar edən “bazar quruluşu”.
Atlantistlər – Qərb sivilizasiyası strateqləri, eləcə də onların planetin digər hissələrində bütün dünyanı nəzarət altına almaq, Qərb sivilizasiyası üçün xarakterik olan sosial-iqtisadi və mədəni stereotipləri bütün bəşəriyyətə zorla qəbul etdirmək istəyən şüurlu tərəfdarlarıdır. Atlantistlər əvvəllər heç vaxt mövcud olmayan və planetin mütləq azlığına, yəni “qızıl milyarda” sərf edən dünya düzəninin – “Yeni dünya nizamı”nın yaradıcılarıdır.  
Qlobalizm, qloballaşdırma – mərkəzində Qərb siyasi-maliyyə-oliqarxik qruplaşmalarının dayandığı “Yeni dünya nizamı” qurulması prosesidir. Suveren dövlətlər, milli mədəniyyətlər, dini doktrinalar, təsərrüfat ənənələri, sosial ədalət haqqında təsəvvürlər, ətraf mühit, planetin bütün mənəvi, intellektual və maddi rəngarəngliyi – bütün bunlar qloballaşmaya qurban veriləcək. Adi siyasi leksikada “liberalizm” termini məhz “birqütblü qlobalizm” mənasını verir – bu, müxtəlif mədəniyyətlərin, sosial-siyasi və iqtisadi sistemlərin yeni bir formada (bu, “çoxqütblü qlobalizm”, yaxud “Avrasiya qlobalizmi” olardı) qovuşması deyil, bəşəriyyətə Qərb stereotiplərinin zorla sırınmasıdır. Qlobalizm praktikada əslində “kolonializmin” və “imperializmin” yeni formasıdır.
Atlantist dünya nizamına və qloballaşmaya qarşı avrasiyaçılar, yəni çoxqütblü dünya tərəfdarları çıxış edirlər. Avrasiyaçılar prinsipial surətdə dünyanın hər bir xalqının özünəməxsusluğunun, mədəniyyətlərin və dini ənənələrin rəngarəngliyinin, xalqların öz tarixi inkişaf yolunu azad şəkildə seçmək hüququnun qorunmasını müdafiə edirlər. Avrasiyaçılar mədəniyyətlərin və dəyərlər sistemlərinin ünsiyyətini, xalqların və sivilizasiyaların açıq dialoqunu, mədəniyyətdə yaradıcı novatorluğun ənənələrlə üzvi bağlılığını alqışlayırlar.
Avrasiyaçı olmaq – ənənəvi mövcudluq formalarını qorumağa və könüllü azad yaradıcı inkişafa (ictimai və şəxsi) əsaslanan şüurlu seçimdir.
Odur ki, avrasiyaçılar təkcə Avrasiya qitəsində məskunlaşan xalqların nümayəndələri deyil. Avrasiyaçılar ənənəvi dəyərləri qəbul edən bütün azad yaradıcı insanlardır- o cümlədən obyektiv olaraq atlantizmin bazasında yerləşən reqionların belə insanları. 
Avrasiyaçılar və atlantistlər bir-birinə qarşıdırlar. Onlar dünyanın iki fərqli, alternativ obrazını və gələcəyini müdafiə edirlər. Məhz avrasiyaçıların və atlantistlərin qarşıdurması 21-ci əsrin tarixi simasını müəyyən edəcək.
DÜNYANIN GƏLƏCƏYİNƏ AVRASİYAÇI BAXIŞ. Avrasiyaçılıq (geniş mənada) aşağıdakıları göstərən əsas termindir:
-tarixi və coğrafi baxımdan – dünya sivilizasiyasının Qərb sektorunu çıxmaq şərtilə bütün dünya;
-hərbi-strateji baxımdan – ABŞ-a və onun NATO üzrə müttəfiqlərinin ekspansiyaçı siyasətlərinə qarşı olan ölkələr;
-mədəni baxımdan – təbii milli, etnik, dini və mədəni ənənələrin qorunması və inkişafı;
-sosial baxımdan – təsərrüfatçılığın rəngarəng formaları və “sosial ədalət cəmiyyəti”.
Avrasiyaçılıq (məhdud tarixi mənada) 20-ci illərdə rus mühacirəti mühitində yaranmış fəlsəfi istiqamətdir. Onun əsas müəllifləri N.S. Trubetskoy, P.N. Savitski, N.N. Alekseyev, V.Q. Vernadski, V.N. İlyin, P.P. Suvçinski, E. Xara-Davan, Y. Bromberq və başqalarıdır. 50-ci illərdən 80-ci illərədək bu istiqaməti L.N. Qumilyov inkişaf etdirmiş və dərinləşdirmişdir.
Neoavrasiyaçılıq 80-ci illərin sonunda meydana çıxaraq (banisi filosof A.Q. Duqindir), ənənəvi avrasiyaçılıq anlayışını genişləndirib, onu yeni ideya-metodoloji bloklar ilə – ənənəçilik ilə, geopolitika ilə, metafizika ilə, “yeni sağlar”, “yeni sollar”, iqtisadiyyatda “Üçüncü yol” fəlsəfi elementləri ilə, “xalqların hüquqları”, “etnik feodalizm” teoriyaları ilə, ekologiya ilə, ontoloji fəlsəfə ilə, esxatoloji vektor ilə, rus tarixinin universal missiyasının yeni anlamı ilə, elm tarixinin paradiqmatik təsviri ilə və s. ilə birləşdirmişdir.
Avrasiyaçılar atlantistlərin zorla qəbul etdirmək istədiyi birqütblü qloballaşmaya qarşı çıxış edərək, ardıcıl olaraq çoxqütblülük prinsipini müdafiə edirlər.
Bu yeni dünyanın qütbləri olaraq ənənəvi dövlətlər deyil, “geoiqtisadi zolaqlarda” (“geoiqtisadi zonalar”) birləşən yeni inteqrasiya olunmuş sivilizasiya quruluşları (“böyük məkanlar”) çıxış edəcəklər.
Çoxqütblülük prinsipindən çıxış edərək, dünyanın gələcəyi 4 geoiqtisadi zolaqda (hər biri öz növbəsində bir neçə “böyük məkandan” ibarətdir) ölkələrin və xalqların coğrafi, mədəni, dəyər və sivil yaxınlığı prinsipi ilə təşkil olunmuş bərabər, dostcasına tərəfdaşlıq əlaqələri kimi təsəvvür edilir:
1.Avro-Afrika zolağı. Bura üç “böyük məkan” – Avropa Birliyi, İslam-Ərəb Afrikası, subtropik (qara) Afrika daxildir;
2.Asiya-Sakit Okean zolağı. Bura Yaponiya, Cənubi-Şərqi Asiya və Hind-Çin ölkələri, Avstraliya və Yeni Zelandiya daxildir;
3.Avrasiya kontinental zolağı. Bura dörd “böyük məkan” – “Avrasiya Birliyi” (bura Rusiya, MDB dövlətləri, üstəgəl bəzi Şərqi Avropa ölkələri girir), kontinental islam ölkələri, Hindistan, Çin daxildir;
4.Amerika zolağı. Bura üç “böyük məkan” – Şimali Amerika, Mərkəzi Amerika və Cənubi Amerika daxildir.
Dünya bu cür təşkil olunarsa, insanlığa təhlükə yaradan qlobal konfkliktlər, qanlı müharibələr, ifrat formalı qarşıdurmalar az ehtimal olunur.
Rusiya və onun Avrasiya kontinental zolağı üzrə tərəfdaşları təkcə zolaq qonşuları ilə deyil (Avro-Afrika və Sakit Okean), zidd zolaq olan Amerika ilə də -hansı ki çoxqütblü quruluş kontekstində Qərb yarımkürəsində konstruktiv rol oynamaq əzmində olacaq- harmonik münasibətlər quracaq.
Bəşəriyyətinin gələcəyinin belə quruluşu, atlantistlərin Qərbin oliqarxik strukturlarının nəzarəti altında birqütblü stereotip dünya yaradılması qlobalist planlarına ziddir (hansı ki, “Dünya höküməti” yaratmağa gətirib çıxarmalıdır).
DÖVLƏTİN TƏKÜMÜLÜNƏ AVRASİYAÇI BAXIŞI. Avrasiyaçılar milli dövlətləri 15-20-ci əsrlərin tarixi dövrü üçün xarakterik olduqlarından, müasir halda məkan və xalqların köhnə formalı qurumları sayırlar. Milli dövlətlərin yerinə böyük kontinental məkanların mürəkkəb, milli, mədəni və daxili təsərrüfat muxtariyyəti olan çoxölçülü sistemə malik strateji birliklərini təşkil edən yeni siyasi quruluşlar gəlməlidir. Bu cür məkanlar və xalqlar qurumunun müəyyən cizgilərini həm keçmişin böyük imperiyalarında (Makedoniyalı İsgəndərin imperiyası, Roma imperiyası və s.), həm də ən yeni siyasi strukturlarda (Avropa Birliyi, MDB) görmək olar. 
Bu gün müasir dövlətlərin qarşısında aşağıdakı perspektivlər durur:
1.Özünü ləğv edərək, ABŞ-ın dominantlığı altında vahid planetar məkana (atlantizm, qloballaşma) inteqrasiya etmək;
2.Qloballaşmaya qarşı çıxaraq öz administrativ strukturlarını (formal müstəqilliyini) qorumağa cəhd etmək;
3.Tarixi, sivil və strateji birlik əsasında regional tipli dövlətüstü qurumlara (“böyük məkanlara”) daxil olmaq.
Üçüncü variant – Avrasiya variantıdır. Məhz belə bir inkişaf yolu avrasiyaçı analiz baxımından müasir dövlətlərin qloballaşma təhlükəsi qarşısında mühafizə etmək əzmində olduğu dəyərli və özünəməxsus hər şeyi qoruyub-saxlamağa qadirdir. Dövlətçiliyi başqa heç cür sırf mühafizəkar cəhdlərlə qoruyub-saxlamaq mümkün deyil. Dövlətlərin siyasi rəhbərliyinin qlobalist layihədə əriməyə şüurlu orientasiyasını avrasiyaçılar tarixi dövlətlərin öz mövcudluqlarına görə borclu olduqları dəyərlərdən imtina kimi qiymətləndirirlər.    
21-ci əsr müasir dövlətlərin siyasi elitalarının bu 3 mümkün çıxış yolu ilə bağlı taleyüklü qərarlarına səhnə olacaq. 3-cü inkişaf variantı uğrunda mübarizə avrasiyaçı dünyagörüşünü müdafiə edən siyasi qüvvələrin yeni geniş beynəlxalq koalisiyasının təməlində dayanır. 
Avrasiyaçılar Rusiya Federasiyasında və MDB-də gələcək müstəqil siyasi qurumun – “Avrasiya Birliyi”nin nüvəsini və 4 əsas dünya geoiqtisadi zolaqlarından birini (“Avrasiya kontinental zolağı”) görürlər. 
Eyni zamanda avrasiyaçılar çoxölçülü avtonomiya (muxtariyyət) sisteminin inamlı tərəfdarlarıdır.
Avtonomiya (yunanca: özünüidarə) – insan kollektivlərinin hər hansı orqanik əlamətlər (milli, dini, soy-kök, peşəkarlıq və s.) üzrə birləşmiş təbii təşkilat formasıdır. Avtonomiya üçün kontinental miqyaslı siyasi quruluşların strateji maraqlarına zidd olmayan sferalarda maksimal azadlıq xarakterikdir. Avtonomiya suverenliyə – xalqların və məkanların milli dövlətlərin müasir halına xarakterik olan təşkilatlanma üsuluna qarşıdır. Suverenlik halında söhbət əraziyə azad və müstəqil sahibliyin proritet hüququndan gedir. Avtonomiya isə insanların əraziyə sahibliklə ilə bağlı olmayan sahələrdə kollektiv həyatının təşkili məsələlərində müstəqilliyini nəzərdə tutur.
Çoxölçülü avtonomiyalar prinsipi RF-də olduğu kimi, “Avrasiya Birliyi”ndə, “Avrasiya kontinental zolağı”nda, bütün “böyük məkanlarda” və “geoiqtisadi zolaqlarda” da xalqların, etnosların, sosial-mədəni qrupların həyatının təşkilinin optimal strukturu kimi nəzərdən keçirilir.
Yeni siyasi-strateji quruluşların (“böyük məkanların”) bütün torpaqları (əraziləri) Vahid Strateji Mərkəzin birbaşa tabeliyində olmalıdır. Avtonomiyaların kompetensiyasında isə kollektivlərin idarə olunmasının qeyri-ərazi aspektlərinə dair məsələlər olmalıdır.
Vahid Strateji Mərkəz – “böyük məkanların” idarəetməsində strateji sahələr üzərində nəzarəti həyata keçirən təmsilçi instansiyanın şərti adıdır. Hərbi, hüquqi və administrativ idarələri birləşdirən iyerarxik strukturdur. Geopolitik planlaşdırma və “böyük məkana” rəhbərlik qütbüdür.
HAKİMİYYƏT BÖLGÜSÜNÜN AVRASİYAÇI PRİNSİPİ. Siyasi quruluşun avrasiyaçı prinsipi idarəetmənin 2 müxtəlif səviyyəsini nəzərdə tutur: yerli və strateji.
Yerli səviyyədə idarəetmə müxtəlif tipli icmalardan təbii şəkildə təşkil olunan (çoxmilyonlu xalqlardan tutmuş bir neçə nəfərdən ibarət əmək kollektivlərinə kimi) avtonomiyalar vasitəsilə həyata keçirilir. Bu idartəetmə tamamilə sərbəst şəkildə yerinə yetirilir və heç bir yüksək instansiya tərəfindən tənzimlənmir. Avtonomiyanın hər bir tip modeli azad şəkildə, ənənələrdən, zövqlərdən, təbii kollektivlərin- icmaların, qrupların, etnosların, dini qurumların birbaşa demokratik istəyindən irəli gələrək seçilir. 
Avtonomiyaların idarəsinə daxildir:
-mülki və administrativ məsələlər;
-sosial sahə;
-təhsil və tibbi xidmət;
-təsərrüfat fəaliyyətinin bütün sferaları.
Bunlar strateji sahələrdən, yəni “böyük məkanın” təhlükəsiziliyinə və ərazi bütövlüyünə aid məsələlərdən başqa bütün sahələrdir.
Avrasiyaçı avtonomiya prinsipi üzrə qurulmuş cəmiyyətdə vətəndaş azadlıqlarının səviyyəsi son dərəcə yüksəkdir. İnsan özünü ifadə etmək və yaradıcı inkişaf üçün bütün bəşəriyyət tarixində görünməmiş imkanlara malik olacaq.
Strateji təhlükəsizlik, vahid kontinental məkan çərçivəsində həyata keçirilən beynəlxalq fəaliyyət, makro səviyyəli iqtisadi problemlər, strateji resurslara və kommunikasiyalara nəzarət – Vahid Strateji Mərkəzin əlində olacaq.
Vahid Strateji Mərkəzin icraatında avtonomiyalar arasındakı mübahisəli məsələlərin həlli, səlahiyyət sərhədlərinin müəyyən olunması, arbitraj mübahisələrinin araşdırılması işləri olacaq.
Strateji və yerli səviyyəli hakimiyyətlərin səlahiyyət sferaları ciddi şəkildə müəyyənləşərək bir-birindən ayrılacaq. Avtonomiyaların Vahid Strateji Mərkəzin səlahiyyətlərinə aid məsələlərə qarışmasının qarşısı alınacaq. Və əksinə.
Beləliklə, idarəetmənin Avrasiya prinsipləri ənənəvi və dini hüququ, milli və yerli ənənələri özündə üzvi şəkildə birləşdirir, tarixən formalaşan ictimai-siyasi zənginlikləri nəzərə alaraq, sabitliyə, təhlükəsizliyə və ərazi toxunulmazlığına etibarlı təminat verir.
İQTİSADİYYATA AVRASİYAÇI BAXIŞ. Atlantistlər dünyanın bütün xalqlarına vahid iqtisadi model qəbul etdirmək, bəşər sivilizasiyanın Qərb hissəsinin 19-20-ci əsrlərdəki təsərrüfat inkişafı təcrübəsinə etalon statusu qazandırmaq istəyirlər. Digər xalqların və dövrlərin təsərrüfat sistemlərinin mövcudolma haqqını atlantistlər rədd edir, bununla təsərrüfat sahəsini konkret tarixi, milli və sosial şərtlərdən ayırırlar.
Avrasiyaçılar isə əksinə, əmindirlər ki, iqtisadi quruluş xalqların və cəmiyyətlərin tarixi və mədəni inkişaf aspektlərindən törəyir; deməli, iqtisadi sahədə müxtəliflik, çoxsistemlilik, yaradıcı axtarış, azad inkişaf qanunauyğun zərurətdir.
Təkcə ümumi təhlükləsizliyin təmin olunmasıyla bağlı olan irimiqyaslı strateji sahələr (hərbi sənaye kompleksi, transport, resurslar, enerji təchizatı, kommunikasiyalar) ciddi nəzarət altında olmalıdır. Qalan iqtisadiyyatın bütün digər sektorları azad və təbii şəkildə, təsərrüfat fəaliyyətinin həyata keçirildiyi konkret avtonomiyaların şərait və ənənələrinə uyğun inkişaf etməlidir.
Avrasiyaçılıq iqtisadiyyat sahəsində heç bir mütləq həqiqətin olmamasında israr edir- liberalizmin və marksizmin reseptləri yalnız qismən və konkret şəraitdən asılı olaraq tətbiq edilə bilər.
Liberalizm – yalnız bazarın maksimal azadlığının və bütün təsərrüfat vasitələrinin özəlləşdirilməsinin iqtisadi inkişaf üçün optimal şərait yaratdığını təkid edən iqtisadi təlimdir. Liberalizm atlantistlərin və qlobalistlərin doqmatik iqtisadi təlimidir.
Marksizm – yalnız iqtisadi proseslər üzərində tam nəzarətin ictimai instansiyalar tərəfindən həyata keçirilməsi, ümumməcburi planlaşdırma və əldə olunan məhsulu cəmiyyətin bütün üzvləri arasında bərabər bölüşdürmə (kollektivçilik) ədalətli dünyanın iqtisadi əsası ola bilər məntiqini təkid edən iqtisadi təlimdir. Marksizm bazarı və özəl mülkiyyəti rədd edir.
Praktikada sərbəst bazar yanaşmasının, strateji sahələr üzərində nəzarətlə və gəlirlərin bütövlükdə cəmiyyətin milli və sosial vəzifələrindən asılı olaraq yenidən bölüşdürülməsi ilə uyğunlaşdırılmasının müxtəlif formaları zəruridir. Beləliklə, Avrasiya iqtisadiyyatında “Üçüncü yol”  modeli dəstəklənir.
“Üçüncü yol” iqtisadiyyatı – bazar yanaşmasını təsərrüfatın müəyyən dərəcədə tənzimlənməsi ilə yüksək iqtisadi meyar və prinsiplər əsasında kombinasiya edən iqtisadi nəzəriyyələrin sintezidir.
Avrasiya iqtisadiyyatı aşağıdakı prinsiplər üzərində qurulmalıdır:
-təsərrüfatın yüksək mənəvi bəşəri məqsədə xidmət etməsi;
-makro-iqtisadi inteqrasiya və əməyin “böyük məkanlar” (“gömrük birliyi”) miqyasında bölünməsi;
-Avrasiya məkanında vahid maliyyə, nəqliyyat, enerji, sənaye, informasiya sistemlərinin yaradılması;
-qonşu “böyük məkanlar” və “geoiqtisadi zonalar” ilə differensiasya olunmuş iqtisadi sərhədlər yaradılması;
-mərkəzin sistemi formalaşdıran sahələrə strateji nəzarəti ilə paralel olaraq təsərrüfat fəaliyyətinin orta və kiçik biznes səviyyəsində maksimal azadlığı;
-təsərrüfatçılıq formalarının (bazar strukturlarının) regionların ictimai, milli və mədəni ənənələrinə təbii surətdə bağlılığı, orta və iri sahibkarlıqda yeknəsəq formalı iqtisadi etalonun olmaması;
-mal və xidmət bazarının maksimal azadlığı.
MALİYYƏ MƏSƏLƏSİNƏ AVRASİYAÇI BAXIŞ. Avrasiya Birliyinin Vahid Strateji Mərkəzi üçün pul dövriyyəsinə nəzarət məsələsi də strateji baxımdan əhəmiyyətli olmalıdır. Heç bir ödəniş vasitəsi universal dünya rezerv valyutası roluna iddia etməməlidir. Vacidbir ki, Avrasiya Birliynə daxil olan bütün ərazilərdə qüvvədə olan Avrasiya rezerv valyutası yaradılsın. Başqa heç bir valyutadan Avrasiya Birliyində rezerv qısmində istifadə olunmamalıdır.
Digər tərəfdən, bir və ya bir neçə qonşu avtonomiya daxilində işlənəcək yerli ödəmə və mübadilə vasitələrinin yaradılmasını hərtərəfli həvəsləndirmək lazımdır. Bu tədbir kapitalın spekulyativ məqsədlərlə toplanmasını qeyri-effektiv edəcək, onun dövriyyəçiliyini artıracaq. Bundan əlavə, iqtisadiyyatın real sektoruna sərmayə qoyuluşunun həcmi artacaq, həm də vəsaitlər daha çox qazanıldıqları yerlərə qoyulacaqlar.
Avrasiya layihəsində maliyyə sahəsi təsərrüfatın inkişafının keyfiyyətli cəhətlərinə orientasiya olunmuş real istehsal və mübadilə instrumenti kimi nəzərdən keçirilir. Atlantist (qlobalist) layihədən fərqli olaraq, heç bir maliyyə avtonomiyasından (yəni “finansizm”dən) söhbət gedə bilməz.
Finansizm – kapitalist cəmiyyətinin postindustrial fazasındakı iqtisadi quruluşudur, liberal prinsiplərin iqtisadiyyatda hüdudsuz inkişafının məntiqi nəticəsidir. Onunla fərqlənir ki, iqtisadiyyatın real sektoru – virtual maliyyə əməliyyatlarına (maliyyə birjaları, qiymətli kağızlar bazarı, portfel investisiyaları, dövlətlərarası borclarla iş, maliyyə trendlərini sərbəst qiymətləndirən fyuçers müqavilələri və s.) nisbətdə ikinci dərəcəliyə çevrilir. Finansizm istehsalatdan pul sahəsini (dünya rezerv valyutası, elektron pullar) ayıraraq, monetar yanaşmaya söykənir.
Çoxqütblü dünyanın zonal təsəvvürü valyutaların bir neçə səviyyəsini nəzərdə tutur:
-geoiqtisadi valyuta (ayrıca geoiqtisadi zona çərçivəsində dövriyyədə olan pul vəsaitləri və qiymətli kağızlar - bütövlükdə “böyük məkan”ların strateji mərkəzləri arasında qarşılıqlı maliyyə əlaqələri instrumenti kimi); 
-“böyük məkan” valyutası (ayrıca “böyük məkanda”, xüsusilə də Avrasiya Birliyi daxilində dövriyyədə olan pul vəsaitləri və qiymətli kağızlar - avtonomiyalar arasında maliyyə əlaqəsi instrumenti kimi);
-avtonomiya səviyyəli valyuta (mübadilə ekvivalentinin digər formaları).
Bu sxemə uyğun olaraq, emissiya və maliyyə-kredit institutları (banklar) – zonal banklar, “böyük məkan” bankları, avtonomiya bankları (və onların analoqları) təşkil olunmalıdır.
DİNƏ AVRASİYAÇI BAXIŞ. Avrasiyaçılar əsl novatorluğun və cəmiyyətin harmonik inkişafının təminatını babalarımızın mənəvi mirasına sadiqlikdə, tam və dolğun dindar həyat tərzində görürlər.
Atlantistlər prinsipial olaraq cılız, ötəri, fani olanlardan başqa nəyisə görməkdən imtina edirlər. Onlar üçün əslində nə keçmiş var, nə də gələcək.
Avrasiyaçılıq fəlsəfəsi isə əksinə, keçmişə dərin və səmimi etibarı və gələcəyə açıq münasibəti özündə birləşdirir. Avrasiyaçı həm miraslara sadiqliyi, həm də azad yaradıcı axtarışı alqışlayır.
Mənəvi inkişaf avrasiyaçı üçün əsas həyati prioritetdir, heç bir iqtisadi və sosail rifah onun yoxluğunu kompensasiya edə bilməz.
Hər bir ən cüzi, lokal dini ənənə, yaxud etiqad sistemi belə, avrasiyaçıların fikrincə, bütün bəşəriyyətin bəhrəsidir. Xalqların ənənəvi dinləri, onlara bağlı dini və mədəni irs diqqət və qayğıya layiqdir. Ənənəvi dinləri təmsil edən strukturlar Strateji Mərkəz tərəfindən dəstəklənməlidir. Təfriqəçi qrupların, ekstremist dini icmaların, totalitar sektaların, qeyri-ənənəvi təriqətlərin və dini doktrinaların təbliğatçılarının, istənilən destruktiv istiqamətli qüvvələrin qarşısı alınmalıdır.
MİLLİ MƏSƏLƏYƏ AVRASİYAÇI BAXIŞ. Avrasiyaçılar hesab edir ki, dünyanın hər bir xalqı qiymətlidir – böyük sivilizasiyalar yaradanlardan tutmuş ta öz ənənələrini göz bəbəyi kimi qoruyan azsaylı xalqlara qədər. Xarici təsirlər nəticəsində assimilyasiyaya uğrama, dilin, ənənəvi yaşamın itməsi, dünyanın istənilən xalqının fiziki yoxolması – bütün bəşəriyyət üçün əvəzolunmaz itkidir.
Avrasiyaçıların “çiçəklənən mürəkkəblik” adlandırdığı xalqların, mədəniyyətlərin, ənənələrin bolluğu – bəşər sivilizasiyasının sağlam, harmonik inkişafının əlamətidir.
Bu mənada velikoruslar 3 etnik qrupun (slavyan, türk və fin-uqor) unikal qarışığından törəyərək, özünəməxsus ənənələri və zəngin mədəniyyəti olan vahid xalqa çevriliblər. Velikorusların 3 etnik qrupun sintezi nəticəsində yaranması faktının özündə xüsusi qiymətə malik olan inteqrasiya potensialı vardır. Məhz buna görə Rusiya dəfələrlə çoxlu sayda müxtəlif xalqların və mədəniyyətlərin vahid sivilizasiya qovşağında birləşməsi üçün özəyə çevrilib. Avrasiyaçılar inanır ki, Rusiya həmin rolu 21-ci əsrdə də oynayacaq.
Avrasiyaçılar izolyasiyaçı deyillər, o cümlədən heç bir halda assimilyasiya tərəfdarı da deyillər. Xalqların həyatı və taleyi – süni müdaxiləyə dözməyən təbii prosesdir. Etnoslararası, millətlərarası məsələlər onların daxili məntiqinə əsasən həll edilməlidir. Dünyanın hər bir xalqına öz tarixi seçimini müstəqil etmək azadlığı verilməlidir. Heç kəsin xalqları, atlantistlərin arzuladığı kimi, “ümumi qazanda qaynadıb” öz unikallığından imtinaya məcbir etmək haqqı yoxdur.
Avrasiyaçılar üçün xalqların hüquqları insan hüquqlarından az əhəmiyyət daşımır.
AVRASİYA PLANET OLARAQ. Avrasiyaçılıq – siyasi qüvvələrin geniş spektrinin dünyagörüşüdür, fəlsəfəsidir, geopolitik layihəsidir, iqtisadi nəzəriyyəsidir, mənəvi hərəkatdır, konsolidasiya nüvəsidir. Avrasiyaçılığa ehkamçılıq, keçmişin avtoritetlərinə və ideologiyalarına kor-koranə itaət yaddır. Avrasiyaçılıq – keçmişin mübahisələrinə, müharibələrinə, konfliktlərinə və miflərinə yalnız tarixi maraq göstərən yeni dünya sakinlərinin ideya platformasıdır. Avrasiyaçılıq – prinsipial olaraq yeni minilliyin yeni nəsli üçün yeni dünyagörüşüdür. Avrasiyaçılıq bəzən bir-biri ilə barışmaz olan və bir-birini istisna edən müxtəlif fəlsəfi, siyasi və mənəvi təlimlərdən ilham alır. Bununla yanaşı, avrasiyaçılığın əsas ideya prinsipləri toplusu var ki, onlardan heç bir halda geri çəkilmək olmaz. Avrasiyaçılığın ən vacib prinsiplərindən biri bürqutblü qlobalist layihəyə qarşı ardıcıl, aktiv və masştablı əks-fəaliyyətdir. Bu əks-fəaliyyət sırf inkardan, yaxud konservatizmdən fərqli olaraq yaradıcı xarakter daşıyır. Biz müəyyən tarixi proseslərin qaçılmazlığını anlayırıq, onları qavramağa, onlarda iştirak etməyə, onlara ideallarımıza uyğun istiqamət verməyə çalışırıq.
Avrasiyaçılığı dünyanın bütün cəmiyyətlərini və xalqlarını hər bir tərkib hissəsi təbii şəkildə tarixi ənənələrdən və yerli mədəniyyətlərdən qaynaqlanan özünəməxsus və orijinal dünya quruculuğunda birləşdirmək əzmində olan çoxqütblü qloballaşma fəlsəfəsi adlandırmaq olar.
İlk tarixi avrasiyaçılıq nəzəriyyələri rus mütəfəkkirləri arasında 20-ci əsrin əvvəllərində yaranıb. Bu ideyalar təkcə dünya xalqlarının mənəvi-fəlsəfi axtarışları ilə səsləşirdi– ən azından bayağı ehkamların məhdudluğunu və yetərsizliyini, ortada olan intellektual klişelərin (liberal və kommunist) məhkumluğunu və dalana dirənəcəyini, adət olunmuş çərçivələrdən yeni üfüqlərə çıxmağa ehtiyac olduğunu dərk edən xalqların. Bu gün isə biz avrasiyaçılığa yeni, qlobal məna verə, avrasiyaçılıq irsimizi təkcə rus məktəbinin əsəri kimi deyil, dünya xalqlarının lap bu yaxınlarda (20-ci əsr) danılmaz ortodoksiya (liberal, marksist, yaxud millətçi) hesab etdiyi dar çərçivələrə düşməyən nəhəng mədəni, intellektual layı kimi anlaya bilirik.
Avrasiyaçılıq bu cür son dərəcə geniş qavramada yeni görünməmiş dəyər qazanır. İndi avrasiyaçılıq təkcə yeni post-kommunist Rusiyasının milli ideya forması deyil (bu hərəkatın banilərinin və ilk etapdakı müasir neoavrasiyaçıların gördüyü kimi), Rusiyanın, Avrasiya materikinin özünün hüdudlarını çox-çox aşan planetar ümumbəşəri əhəmiyyətli geniş proqramdır. Bu gün Amerika qitəsinin sərhədlərindən də çox-çox uzaqlarda olan coğrafi vilayətlərdə tətbiq edilən “amerikanizm” anlayışı kimi, “avrasiyaçılıq” da planetimizin hansı nöqtəsində yaşamasından, hansı milli və mənəvi mədəniyyətə mənsub olmasından asılı olmayaraq, istənilən insan soyu nümayəndəsinin seçə biləcəyi xüsusi bəşəri, mədəni, fəlsəfi və strateji seçimdir. 
Avrasiyaçılığın bu şəkildə dərkinə real məzmun vermək üçün hələ çox işlər görülməlidir. Nəzərə alsaq ki, bu layihəyə yeni-yeni mədəni, milli, fəlsəfi və dini laylar qoşulacaq – avrasiyaçılığın qlobal məzmunu da genişlənəcək, zənginləşəcək, dəyişəcək... Lakin avrasiyaçılıq platformasının belə məna inkişafı yalnız nəzəriyyə məsələsi olaraq qalmamalıdır – bir çox aspektlər aşkara çıxarılmalı və konkret siyasi praktikada həyata keçirilməlidir.
Avrasiyaçılığın sintezində işsiz söz, sözsüz də iş ola bilməz.
Məna uğrunda söz savaşı və tarixin gedişat meydanı – bütün dünyadır. Öz düşərgəsini seçmək – hər kəsin şəxsi işidir. Qalanını zaman həll edəcək. Gec-tez böyük fədakarlıqlar və dramatik döyüşlər bahasına da olsa, Avrasiyanın dövranı gələcək!


Müəllif: Aleksandr Duqin








Tərcümə: Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий