Dünən elan edildiyi kimi bütün dünyanın maraqla gözlədiyi Putinlə Baydenin görüşünün vaxtı və yeri məlum oldu. Görüş Cenevrədə, 16 iyun tarixinə planlaşdırılıb. Bu görüşdən hansı nəticələrin çıxacağını başa düşmək üçün bir az əvvəlki tarixlərdə baş verən hadisələri yada salmaq lazımdır. Bu tarixlərdə tərəflərin məlum görüşə doğru necə irəlilədiklərini təhlil etməklə görüşün nəticələri barədə proqnozlar vermək daha da asanlaşacaq.
Bayden hakimiyyətə gəldikdən sonra onun Rusiyaya münasibəti yumşaq desək, heç də dostcasına deyildi. İlk növbədə o öz rusiyalı həmkarını qatil adlandırdı, ondan sonra Rusiya ilə münasibətləri hərtərəfli gərginləşdirməyə çalışdı. Lakin bütün bunlar ABŞ-ın ən yüksək səviyyədə Rusiya rəhbərliyi ilə görüşməkdə və ölkələr arasında yaranmış problemlərin danışıqlar yolu ilə həll edilməsində maraqlı olduğu bəyanatlarının fonunda edilirdi. Bu yolla amerikalılar Putin-Bayden görüşü üçün elə bir zəmin yaratmağa çalışırdılar ki, Rusiya tərəfi həmin görüşdə zəif durumda olsun, ABŞ bundan istifadə edib maraqlarının bir hissəsini Rusiyaya qəbul etdirsin. Lakin bütün bu gedişləri Rusiya diplomatları çox gözəl başa düşürdülər. Onlar dərk edirdilər ki, ABŞ-da ümumi strateji baxımdan ən başlıca düşmən Rusiya hesab edilsə də, Tramp və Bayden administrasiyası taktiki baxımdan Çini başlıca düşmən hesab edirlər. Rusiyaya müxtəlif yollarla təsir etməklə onu Çindən uzaqlaşdırmağa çalışır, bununla da Çini zəiflətmək istəyirlər. Ona görə də rus diplomatiyası Bayden administrasiyasının bir-birinin ardınca bəyan etdikləri sərt fikirlərə əhəmiyyət verməyərək onların bu mövqedən gec-tez çəkiləcəklərini, konkret danışıqlara başlayacaqlarını bilirdilər. Belə də oldu.
Diplomatiya döyüş kimidir. Orada belə bir qayda var ki, rəqibə təzyiqləri şiddətləndirirsən və onun təslim olmasını və ya geri çəkilməsinə ümid edirsən. Əgər rəqib buna getmirsə məcbur olub sən təzyiqi azaltmağa məcbur olursan. Onda da rəqib bundan istifadə edib təzyiqi artırır, səni əvvəllər durduğun mövqelərdən geri çəkilməyə, mövqelərini ona təhvil verməyə məcbur edir.
Belə təhvil verilən mövqelərdən biri də “Şimal axını-2” ilə bağlı oldu. Nəzər yetirsək görərik ki, aprel ayının sonları, may ayının əvvəllərində amerikanların Rusiya ilə razılaşmaya getmək, Putinlə danışıqlar aparmaq istəkləri bir neçə dəfə açıq-aşkar elan edildi. Onlar bununla da “Şimal axını-2” mövqeyindən tamamilə geri çəkildilər. Bir həftə bundan əvvəl Baydenin elan etdiyi, “Şimal axını-2”-yə qoyulan sanksiyalar isə hətta ABŞ-ın ən yaxın müttəfiqlərində belə gülüş doğurdu. Onlar başa düşdülər ki, bu sanksiyalar qaz kəmərinin tikintisinə heç bir təsir etməyəcək. Artıq bu layihənin tikintisinə mane olacaq süni səbəblər qalmadı. Yalnız fors-major bu layihənin təhvil-təslim tarixini müəyyən müddətə təxirə sala bilər. Frors-majorun olma ehtimalı isə 0-a bərabərdir.
Düşünürük ki, Bayden-Putin görüşünün tarixi heç də təsadüfi seçilməyib. “Şimal axını-2”-nin tikintisinin sürətinə baxsaq görərik ki, orta hesabla gündəlik 1 kilometrdən çox irəliləmə vardır. Bu o deməkdir ki, bu layihəni bitirməyə 10-11 gün qalıb. Bir neçə gün də tamamlama işləri getsə, vəssalam- layihə hazırdır. İşlər belə getdiyi təqdirdə 10 iyun tarixinə qədər layihə təhvil veriləcək. 5-6 gün də ehtiyatda saxlamaq kimi bir detalı nəzərə alsaq, onda aydın olur ki, prezidentlərin görüşü üçün niyə məhz 16 iyun tarixi seçilib. Məhz indi Putinin Baydenin görüşmək təklifini niyə bir müddət cavabsız qoyduğunu, sonradan isə bu görüşün məhz 16 iyuna təyin edilməsinə razılıq verməsini başa düşmək olur. Bu cür gediş- münasibətlərdə pauza vermək, görüş çağırışlarına bir müddət cavab verməməklə Putin raundu apardı. Bayden isə uduzdu. Bu raundun adı “Şimal axını-2” raundu idi.
Düşünürük ki, Putin əsas məsələ- Çin ilə münasibətlər məsələsində də vaxtı uzatmağa çalışacaq, görüşdə konkret heç bir nəticə əldə edilməyəcək. Çünki ruslar bu mövqelərindən geri çəkilmək istəmirlər. Danışıqları uzatmaq Rusiyaya ona görə sərf edir ki, amerikanlar Rusiyanın bu mövqedən geri çəkilməyəcəyini dəqiq başa düşsələr, yenidən Rusiya ilə açıq konfrontasiyaya geçəcəklər. Lakin bu uzadılan vaxt bir neçə ay çəkə bilər. Bu müddət ərzində isə tərəflər ən azından üzərlərinə düşən minimum vəzifəni yerinə yetirmiş olacaqlar.
ABŞ üçün indi bir neçə vacib məsələdə Rusiya ilə konkret razılığa gəlmək çox vacibdir. 1-ci məsələ müxtəlif konfliktlərin -Yaxın Şərq, Cənubi Qafqaz, Ukrayna- nizamlanmasıdır. Bu konfliktlərdə ABŞ və Rusiya tamamilə antoqonist maraqlar güdürlər. Yaxın Şərq konfliktindən başqa digər konfliktlərdə maraqların hansısa uzlaşması demək olar ki, mümkünsüz görünür. Rusiya Ukrayna məsələsində danışıqlar formatını dəyişməyin əleyhinədir. Çünki Nomrand formatı Rusiyanı qane edir. Təsadüfi deyil ki, Ukrayna son zamanlar Normand formatından imtina etməyə çalışır, bu formatın bütün tərəflərinin onlara qarşı olduğunu qeyd edir. Məsələ burasındadır ki, Fransa və Almaniya artıq Ukraynanı, o cümlədən ABŞ-ı qane edən siyasət yürütmür. Bununla yanaşı, belə bir vəziyyət Rusiyanı tamamilə qane edir, Ukraynanı özünə sərf edən qərarı qəbul etməyə hazırlayır. Bu yaxın illərdə baş verməyə bilər. Çünki hazırda Rusiya daha çox Belorusiyanın inteqrasiyası ilə məşğuldur. Bu məsələ həll edildikdən dərhal sonra Rusiya Ukrayna ilə daha çox məşğul olacaq. Rusiya Ukrayna məsələsini həll edərkən Britaniya və Abş kimi vasitəçilərin olmasını istəmir. Cənubi Qafqazla bağlı məsələdə də eyni vəziyyətdir. Amerikanlar Azərbaycan-Ermənistan konfliktinin nizamlanmasına Rusiya və Türkiyəyə bərabər səviyyədə bir vasitəçi kimi girmək istəyir. Lakin Türkiyə və Rusiyaya bu lazım deyil. Ümumiyyətlə amerikanlar Ermənistandakı seçki ərəfəsi vəziyyətindən istifadə edərək özlərini Ermənistan dövlətinin suverenliyinə yeganə qarant kimi göstərməyə çalışacaqlar. Lakin Rusiyanın onları Ermənistana buraxması ehtimalı çox azdır. Qeyd etmək lazımdır ki, amerikanların Ermənistana girməsi sırf Rusiyadan asılıdır. Rusiya onları ora buraxmaq istəməsə, onlar ora girə bilməzlər. Ümumiyyətlə qeyd etmək lazımdır ki, bu münaqişənin nizama salınmasında heç Türkiyə də Rusiya ilə bərabər səviyyədə vasitəçi deyil. Son aylar baş verənlər onu göstərir ki, Qarabağ münaqişəsini həll etmək qabiliyyəti olan yeganə güc Rusiyadır. Rusiya artıq başqa oyunçuları bu prosesdən uzaqlaşdırıb.
Yaxın Şərq məsələsində yaxınlaşma daha çox mümkündür. Çünki hər iki dövlət – həm Rusiya, həm də Amerika maraqlıdır ki, İranın nüvə proqramı ölü nöqtədən tərpənsin. Ümumilikdə isə bu proqramla bağlı vəziyyəti 2015-2016-cı illər səviyyəsinə gətirmək istəyirlər. Bu məslənin həllində tərəflər arasında bəzi fikir ayrılıqları olsa da maraqların uzlaşdığı yerlər də kifayət qədərdir.
Tərəflər yuxarıda qeyd edilən məsələlərdən başqa 2-ci, 3-cü dərəcəli - Kiber təhlükəsizlik, COVİD-19, yaşıl energetika və digər məsələlərlə bağlı razılığa gələ bilərlər. Bu məsələlər tərəflər üçün prinsipial əhəmiyyət kəsb etməsə də ümumilikdə münasibətlərə pozitiv fon verə bilər. Bu fon isə çox vacibdir. Çünki Baydenin vaxtilə Putini qatil adlandırmasından sonra Rusiya Vaşinqtondakı səfirini məsləhətləşmələr üçün Moskvaya geri çağırdı. Amerika da həmçinin öz səfirini məsləhətləşmə üçün geri çağırdı. 16 iyun görüşündə belə pozitiv fon əldə edilərsə, ən azından səfirlər öz xidmət yerlərinə qayıda bilər. Əgər belə bir şey baş versə bunu sadəcə sağlam məntiqin qələbəsi kimi qiymətləndirmək lazımdır.
Səfirlərin xidmət yerinə geri qayıtması, iki ölkə arasındakı münasibətlərdə yaranan nisbi “yumşaqlıq” o demək deyil ki, ABŞ Çinə qarşı Rusiyanı öz tərəfinə çəkə bilib. Belə düşünmək olar ki, Putin “rezini” bacardığı qədər dartıb uzadacaq. Çünki Putin bu “rezini” nə qədər uzun müddətə darta bilsə amerikanlar bu müddət ərzində mövqelərini bir-birinin ardınca təhvil verəcəklər. Rusiya bir çox məsələləri həll etməlidir. Suriya məsələsi, “Şimal axını-2”-nin A kəməri və s. Bundan başqa daxili informasiya məkanını qorumaq lazımdır. Vəziyyətdən istifadə edib sentyabrda Dövlət Dumasına keçiriləcək seçkilərə ABŞ-ın müdaxiləsini minimuma endirmək də vacib məsələlərdən biridir.
Bundan başqa onu da qeyd etməliyik ki, Putin Baydenlə görüşündən Çin ilə danışıqlarda səmərəli istifadə edəcək. Çin ilə Rusiya arasında sıx əlaqələrin olmasına baxmayaraq hələ də həll edilməmiş problemlər var. Məsələn, “Sibir Gücü-2” və digər infrastruktur layihələri ilə bağlı investisiya. Rusiya Çinin bu layihələri hansı şərtlər altında yerinə yetirəcəyini dəqiqləşdirməkdə çox maraqlıdır. Bu layihələrə Çinin investisiya etməkdə nə qədər maraqlı olduğunu da üzə çıxarmaq lazımdır. Məsələ burasındadır ki, Çin üçün ortaya ABŞ və Rusiya arasındakı münasibətlər pis olanda başqa, normal olanda isə başqa mənzərə çıxır. ABŞ və Rusiya arasında münasibətlər normal olanda Çin daha çox “üzüyola” olacaq və öz mövqelərindən geri çəkiləcək. Çin ilə ABŞ arasında olan antoqonizmdən istifadə edərək bu və ya digər tərəfə oynamaqla Rusiya öz maraqlarının bir hissəsini təmin etmiş olacaq.
Düşünürük ki, məhz buna görə Putin Baydenlə Cenevrədəki görüşü ilə kifayətlənməyəcək. Onlar arasında bir neçə dəfə belə görüşlər olacaq.
Комментариев нет:
Отправить комментарий