22.05.2021

Hər iki tərəfdən millətçi demokratlar prosesi pozmağa çalışır, Rusiyaya qarşı təxribat aparırlar

Nadir Qocabəyli

Tez-tez yazırlar ki, Qarabağ probleminin yaradıcısı, qızışdırıcısı, ermənilərə silah verən Rusiyadır. Guya Rusiyaya ermənilərlə bizim aramızda konflikt olması sərfəlidir. Guya Rusiya "parçala, hökm sür" siyasəti aparır...
Bəri başdan deyim ki, bunlar hamısı yalan və həqiqətin bilərəkdən təhrif olunmuş variantlarıdır. 
İndisə qısaca izah edirəm. Qarabağ münaqişəsi necə başladı? 1987-ci ildə satqın, Qərb agenti Qorbaçovun erməni müşaviri Aqanbekyan Parisdə erməni lobbisi qarşısında Qarabağın ermənilərə aid olduğu haqda çıxış edəndən və bu çıxış "Humünite" qəzetində dərc olunandan sonra...
Bəli, ölkəni satqınların əliylə dağıdırdılar. Ermənilər də xaricdəki lobbilərinə arxalanaraq bu işdə fəal iştirak edirdilər. Qarabağ ermənilər üçün torpaq davası idisə, Qərb imperializmi üçün böyük bir ölkəni parçalayıb dağıtmaq, sərvətlərinə sahib çıxmaq, özünü məhv etmək vasitəsi idi. 
Həmin proses bu gün də davam edir. SSRİ-ni dağıdıblar, amma böyük və zəngin Rusiya qalıb. Həm də SSRİ xalqları ayılıblar, demokratiyanın tələ olduğunu anlayıblar, başa düşüblər ki, qurtuluş ancaq əvvəlki halı bərpa etməkdədir. 
Rusiya rəhbərliyi, Rusiyanın dərin dövləti, rus ziyalıları, rus ictimai rəyi də anlayır ki, yeganə düzgün yol budur. Bəlkə də çar Rusiyası dövründə "parçala, hökm sür" siyasəti olub, çünki o vaxt Rusiyanın Amerika dərdi yox idi. Amma indi Rusiyaya bu qətiyyən sərfəli deyil. Putin hakimiyyətə gələndən Rusiya keçmiş SSRİ ərazisindəki bütün konflikləri həll etməyə, ərazini öz nəzarətinə götürməyə çalışır. Çünki Rusiyaya əvvəlki mövqeyini bərpa etmək, SSRİ olmasa da, həmin məkanı Avrasiya Birliyi adı altında yenidən qurmaq lazımdır. Rusiya hazırda birqütblü dünya yaratmaq istəyən atlantistlərə qarşı vuruşur. Odur ki, ona birmənalı olaraq öz nüfuz dairəsində görmək istədiyi ərazilərdə sülh və sabitlik lazımdır. 
Bu, kimə lazım deyil? Əlbəttə, ilk növbədə birqütblü dünya yaratmaq, dünya dövləti qurmaq, dünya əhalisini bir milyarda endirmək istəyən Amerikaya. Bu gün Rusiyanın ciddi səyi ilə Qarabağda əldə olunmuş kövrək sülhü Amerika pozmaq istəyir. Erməni diasporasının, erməni faşistlərinin və bizim millətçi demokratların əli ilə.
Mənə tez-tez yazırlar ki, bəs rusların ermənilərə verdiyi silah, uzun illər onlara dəstək verməsi, Gümrüdəki baza, KTMT və s. hara getdi. 
Bunlar var. Amma hamısının da obvyektiv səbəbləri var. Əvvəla, gedib Ermənistanda sorğu keçirsəniz, ermənilər də eyni şeyi deyəcəklər. Yəni Rusiya Azərbaycana kömək edir, silah verir və s. İkincisi, əgər düşmən sənin nüfuz dairəndə olan torpaqlara girib təxribat aparırsa, buna kənardan baxa bilməzsən. Bu, adi siyasətdir. Rusiya Qərbin, konkret olkaraq ABŞ-ın, Fransanın və digərlərinin Qafqaza soxulub istədiyini etməsinə yol verə bilməz. Çünki bu onun üçün təhlükəlidir. Odur ki, təşəbbüsü ələ almalıdır. Bunu necə edə bilər? Əlbəttə, balansı qorumaqla. Rusiya Ermənistana ona görə dəstək verirdi ki, biz daha güclü idik və erməniləri İrəvana qədər qova bilərdik. Ancaq bu o demək deyil ki, Rusiya kənarda qalsaydı, bizə imkan verərdilər. Xeyr! Əgər Ermənistana Rusiya kömək etməsəydi, bunu ABŞ, Fransa, İngiltərə edəcəkdilər. Əgər silah verməsəydi, həmin silah yenə ABŞ-dan, Fransadan, başqa yerlərdən gələcəkdi. Odur ki, Rusiya Ermənistanla Azərbaycan arasında balans yaradaraq, bu şəkildə vəziyyətə nəzarət edirdi. Başqa yolu yox idi. 
Rusiyaya Qafqazda sülh, sabitlik lazımdır ki, öz geopolitik, geostrateji maraqlarını qoruya bilsin. Sülhün və sabitliyin qarantının ədalət olduğunu ruslar çox gözəl anlayırlar. Ədalət olması üçün isə hər iki tərəf qismən razı qalmalıdır. Elə buna görə də Türkiyənin razılığını da aldıqdan sonra bizə öz ərazimizi işğalçılardan təmizləməyə imkan verdi. Rusiya konflikti "hərənin öz evinə qayıtması" formatında həll etməyə çalışır və inşallah, buna nail olunacaq. Ən ədalətli, düzgün çözüm budur. Ancaq hər iki tərəfdən olan millətçi demokratlar bu prosesi pozmağa çalışırlar. Çünki buna görə sülhü qətiyyən istəməyən Qərbdən maaş alırlar. Həm də Qərbdən hakimiyyət umurlar...
Makronun bəyanatı, bəzi Qərb ölkləri səfirlərinin Zəngəzura səfəri, Qara göl məsələsi ətrafında qaldırılan hay-küy hamısı sülhü pozma planının tərkib hissələridir. Ancaq buna imkan verilməyəcək. Həm Rusiyanın, həm Türkiyənin, qismən də Azərbaycan rəhbərliyinin iradəsi ilə sülh qorunacaq və möhkəmlənəcək. 
Azərbaycan rəhbərliyini ona görə qismən yazdım ki, Qərblə, onun Azərbaycanda bəslədiyi millətçi demokratlarla bağlı müəyyən qayğıları var. Onları həll etmək üçün müəyyən addımlar atmalı, qərbpərəst millətçi demokratları, onların züytutanlarını sıxışdırmaq üçün sülh tərəfdarı olan qüvvələrə şərait yaratmalı, millətçi avantüristləri dəstəkləməyi dayandırmalıdır.

Комментариев нет:

Отправить комментарий