21.05.2021

Duqin: Biz öz üzərimizə düşən vəzifəni yerinə yetirdik, indi isə Bakının KTMT və AİB-ə qoşulmaq vaxtı gəlib çatıb

“Ermənilər başa düşdülər ki, Qərbə işləmək sadəcə intihar deməkdir”

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin hesab edir ki, Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni geopolitik vəziyyət yaranıb. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq ölkə Qarabağ haqqında üçtərəfli bəyanatın müddəalarını qüsursuz yerinə yetirməlidir. Bu barədə Putin öz mövqeyini açıq şəkildə bildirmişdir. Duqin hesab edir ki, Putinin sözü həlledicidir.
Putin həm də qeyd etmişdir ki, Ermənistan elə bir süqut dövrü yaşayır ki, orda “üçüncü, “dördüncü” qüvvələr ola biləcək hər kəs ölkəni tərk edib. Əgər Ermənistanı yenidən dirçəltmək mümkün olsa, bunu yalnız Azərbaycan, Türkiyə və İranla konstruktiv əməkdaşlıq kontekstində həyata keçirtmək olar.
Ümumiyyətlə Duqinin fikrinə görə, Ermənistan dövlətini yenidən yığıb işə salmaq lazımdır, çünki "Ermənistan anlamır ki, hər şeyin məhv olduğu bir dövlətdə tərəflər nəyin uğrunda mübarizə aparır”.
“Köçəryan kimi nasionalistlər birdən birə instiktiv olaraq Soros tərəfə meyllənsələr də dərk etdilər ki, bu doğru istiqamət deyil. Moskva –Ermənistanın milli maraqlarının təmin edilməsi baxımından ən böyük faktordur. Paşinyan Moskvanın rolunu özünün “acı təcrübəsində” hiss etdi. İndi hər iki qüvvə - həm iqtidarda olanlar, həm də nasionalistlər həqiqətən də Moskva ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində hərəkət edirlər. Bu gün Ermənistanda iqtisadi vəziyyət çox pisdir. Fikrimcə hər iki qüvvənin Rusiyadan asılılıq məsələsini dərk etməsi Ermənistandakı daxili siyasi vəziyyəti xeyli sadələşdirir. Aydın oldu ki, Qərbə işləyən hər kəs indidən siyasi səhnədən rədd olmalıdır. Ermənilər başa düşdülər ki, Qərbə işləmək sadəcə intihar deməkdir. Rusiyanın bu rolunun dərk edilməsi ona gətirib çıxartdı ki, seçki ərəfəsində həm Paşinyan, həm də Köçəryan Moskvaya səfərlər etdilər” – Duqin “Moskva-Bakı” dərgisinə müsahibəsində demişdir. 
Onun fikrinə görə Putin yaranan vəziyyətdə Paşinyanla nasionalistlər arasında prinsipial fərqlər qoymur: “Moskva ermənilərə öz taleyini həll etmək imkanını təmin edəcək. Kreml istənilən erməni siyasi qüvvələri üçün qırmızı xətt çəkib – Sorosla heç bir əməkdaşlıq etməmək! Moskva bu qırmızı xətti keçməyən qüvvələrlə işləyəcək. Rusiyanın mövqeyi bundan ibarətdir ki, Soros Fondu “məhv edilməli”, Cənubi Qafqazda ən böyük amerikan səfirliyi olan ABŞ-ın İrəvan səfirliyi olmamalıdır. Amerikanlar özləri ilə bərabər hər yerə konfliktlər, müharibələr və çevrilişlər gətirir. Xüsusilə də Soros. ABŞ səfiri həqiqətən də zəhərlidir, xəstəlik yayır. Hazırki səfirlik əvəzinə bir sakit konsul yerləşdirilməsinə icazə vermək olar. Onu da gecə-gündüz izləmək lazımdır. Bizim əməkdaşlar onu elə izləyib müşaiyət etməlidirlər ki, o heç ağzını da aça bilməsin. Ermənistandakı seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq Moskva onunla bu mövqedən danışacaq. Əgər ermənilər öz ölkələrinin yenidən normal şəkildə dirçəlməsini istəyəcəklərsə, bu işdə Rusiya onlara kömək edəcək”.
Bütün bunlarla yanaşı, Duqinin fikrinə görə Moskvanı daha çox qane edən variant Paşinyandır. Qarabağla bağlı sülh bəyanatını məhz o imzalamışdır. Buna görə də onun manevr imkanları məhduddur. O daha köhnə vaxtlardakı kimi manevr edə bilməz. Özü də yaxşı bilir ki, əks halda dərhal hakimiyyətdən gedəcək.
Duqin bu barədə belə deyir: “Ona görə də Putini daha çox Paşinyan qane edir, nəinki başqası. Lakin şərtlə. Ermənistanda daxili siyasi konflikt bitməlidir. Düşünürəm ki, Paşinyanla Putin amerikanların Ermənistandan çıxarılması barədə razılığa gəliblər ki, ölkədəki vəziyyəti qəlizləşdirməsinlər. Putin Paşinyana dedi ki, sülh müqaviləsini imzaladın, əhsən! Provokasiyaya getmədin, lap yaxşı. Sorosa tüpürdün, çox pakizə. İndi isə gəl belə et, qlobalistləri ordan çıxart və ondan sonra sizinlə konstruktiv münasibətlər quraq. Köçəryan da vəziyyətdən razıdır. Ona bəraət verdilər. Putin onu dəstəklədi. Paşinyan da vəziyyətdən razıdır. Bilir ki, belə olan təqdirdə heç kim onu sərt şəkildə qovmayacaq. Putin də vəziyyətdən razıdır. Ki, ağılsızlıq bitmək üzrədir. Hər şey elə bir şəklə düşür ki, bu vəziyyət hamını qane edir. Ekstremist və liberal elementlərə sponsorluq edən Fond da işini dayandırdı”.
Duqinin fikrinə görə indi suallar rəsmi Bakıyadır: “Bu günün reallıqlarından çıxış edərək yavaş-yavaş Əliyevə münasibətdə sual yaranır. O bir qalib prezident kimi dəyişilən şəraitdə özünü necə aparacaq?”
Duqin bu barədə deyib: “Əliyevin yeni şərtlər altında Moskva və Ankara ilə münasibətləri necə quracağı çox vacibdir. Düşünürəm ki, Türkiyəyə doğru hərəkət etmək Əliyevin maraqlarına cavab verir. Amma o yaxşı başa düşür ki, bu Azərbaycanın maraqlarına cavab vermir. Mən əminəm ki, İlham Əliyev həm Moskva, həm də Ankara ilə balanslaşdırılmış, neytral münasibətlər saxlamağın vacib olduğunu dərk edən ağıllı və uzaqgörən rəhbərdir. O indi sülh içində yaşayan bir Qarabağ qurmalıdır. Ekstsesslərə və başqa problem yaradan hərəkətlərə yol verməməlidir. Qarabağın bərpası prosesi çox yumşaq olmaldır. Məhz çox şey bundan asılıdır. Bu gün, Rusiya ilə qlobalistlərin arasındakı münaqişədə eskalasiya getdiyi bir vaxtda Azərbaycan ayıqlıq nümayiş etdirməlidir”.
Onun sözlərinə görə, Qarabağın erməni əhalisinin məsələsinin həllində Bakıdan çox şey asılıdır. Əgər bu məsələ “qarmonik” həll edilsə, bu böyük bir uduş olacaq. Hələlik hər şey yaxşı gedir. Əgər bundan sonra da proseslər bu məcrada davam etsə, Rusiya-Azərbaycan münasibətləri yeni bir keyfiyyətə yüksələcək.
Bundan başqa Duqinin fikrinə görə, “artıq Bakının KTMT və AİB-ə daxil olmaq vaxtı gəlib çatıb”: “Bunun baş verməməsi üçün heç bir məntiqi əksliklər mövcud deyil. Qarabağ problemi həll edildi. Hər şey aşağı-yuxarı yerini tutdu. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının yubadılması, bu istiqamətdə hərəkətlərin edilməməsi, mənim fikrimcə, Moskvada anlaşılmaya bilər. Azərbaycanın KTMT-yə və AİB-ə daxil olması məsələsi hələ Qarabağ konfliktinin danışıqlar yolu ilə həll edilməsi mərhələsində, 5 rayonun qaytarılması müzakirəsi aparılarkən aktual idi. İndi çox incə məqamdır. Putin və Əliyev gərgin əmək sərf edərək Qarabağda Bakı üçün sərfəli olan şərait yaratdılar. Bunun üçün titanik güc sərf edildi. Rusiya öz dostlarına kömək etməyə hazırdır. Putin Əliyevi özünün strateji partnyoru kimi görür. Bu dəqiqdir. Azərbaycanın KTMT və AİB-yə daxil olması məsələsini qatlayıb bir kənara qoymaq yolu kəsmiş böyük bir daşa çevrilə bilər ki, nəyin bahasına olursa olsun bundan qaçmaq lazımdır. Çünki regiondakı vəziyyət Azərbaycan-Rusiya müttəfiqliyindən asılıdır. Azərbaycanın KTMT və AİB-yə daxil olması 10 noyabr bəyannaməsinin tərəfləri arasındakı disbalansı aradan götürəcək, Ermənistanla Azərbaycanı eyni statusa gətirəcək, bərabərləşdirəcək. Və Azərbaycan özünü bu baxımdan daha çox sərbəst hiss edəcək. Azərbaycanla Rusiya arasındakı hərbi-texniki sahədəki əməkdaşlıq yüksək səviyyədədir. Biz bilirik ki, Azərbaycan istənilən silah və texniki vasitəni əldə edə bilər”.  
Avrasiya Hərəkatının lideri hesab edir ki, “Azərbaycan Rusiya ilə hansı səviyyədə inteqrasiya edə biləcəyini yaxşı-yaxşı götür-qoy etməli, bu məsələdə çox səliqəli və diqqətli olmalıdır”. Duqinin fikrinə görə Moskva “nə lazımdırsa, onu da etdi”, öz sözünün üstündə durdu: “Biz Azərbaycanla Ermənistan arasında sülh yaranmasına nail olduq. Biz Azərbaycana Qarabağı qaytarmaqda kömək etdik. Lakin bunun bir statusu olmalıdır. Vəziyyət isə başqa cürdür: Biz öz müttəfiqimizi qurban verdik, amma əvəzində isə heç bir sənəddə əksini tapmayan, bizim üçün sərfəli olmayan yaxınlaşma və möhkəmlənmə görürük. Azərbaycanın Cənubi Qafqazda Rusiyanın ən yaxın strateji müttəfiqinə çevrilməsi üçün həyata keçirilən strateji “Bakı-Moskva xətti” məgər buna görəmi həyata keçirilmişdi? Xeyr. Biz öz üzərimizə düşən vəzifəni yerinə yetirdik. Azərbaycandan addım atmağı gözləyirik. İndi növbə Bakınındır”.
Onun fikrinə görə, İlham Əliyev Bakı-Moskva strateji xəttinin möhkəmləndirilməsinin vacib olduğunu dərk edir: “Siyasi dahilər hər gün dayanıqlılıq imtahanı verir. O deyə bilməz ki, vəssalam! Mən qalib gəldim. Qalib gəldinsə, ondan sonrakı çağırışları da görməyi bacarmalısan. Əliyev özü parlaq bir nümunədir. Onun hər bir qərarı parlaq bir nümunədir. Mən sadəcə ona heyranam. Onun hər bir qərarı ağıllı, effektiv, hesablanmış, rasionaldır. O səbr etməyi bilir. Həm də onun atası tərəfindən qoyulmuş strategiya var ki, bu strategiyanın mərkəzində Azərbaycanın suverenliyinin gücləndirilməsi və ərazi bütövlüyünün qorunmasıdır- bütün bunları isə Rusiyaya qarşı çıxmadan etmək olar. İlham Əliyev bu strategiyanı çox yüksək səviyyədə həyata keçirir, ölkəsi üçün uğurlar əldə edir. İkinci Qarabağ müharibəsindən sonra biz regionda yeni şərtlərin, yeni güc balansının yarandığını görürük.  
Mən hesab edirəm ki, İlham Əliyev çox gözəl siyasi liderdir və əminəm ki, zamanın çağırışlarına adekvat cavab verəcək. Lakin mən Kremlin “timing”ini də görürəm. Rusiyada Moskva–Bakı alyansını dəstəkləyən güclər mövcuddur. Ancaq onu da başa düşmək lazımdır ki, belə bir alyansın əleyhinə olanlar da mövcuddur. “Əleyhinə” olanlar “lehinə” olanlara nələrisə pıçıldayırlar. Lakin Putin praqmatikdir. O sadəcə izləyir. Bu artıq mənəvi deyil, geopolitik məsələdir” – deyə Duqin qeyd etdi.

Hazırladı: Cəmil Şirvanov

Комментариев нет:

Отправить комментарий