26.05.2021

ANAKONDA İLƏ DÖYÜŞƏ GİRƏCƏYİK

“Anakonda” – 1861-1865-ci illərdə Şimali Amerikada baş vermiş Vətəndaş müharibəsində müttəfiq qoşunlarına komandanlıq etmiş general Mak-Klellanın hazırladığı strateji planının kod adıdır. Bu planın məqsədi o idi ki, üsyana qalxmış Cənub həm qurudan, həm də dənizdən tam blokirovka olunsun və xammal istehsalçısı olan Cənub ştatları tədricən industrial Şimal tərəfindən boğulsun. ABŞ özünün ilk böyük müharibəsində bu strategiyanı tətbiq etdikdən sonra bir də heç vaxt bu strategiyadan əl çəkmədi. Tezliklə amerikan Alfred Mehen və ingilis Bezil Liddel Qart tərəfindən bu strategiyanın müvafiq nəzəriyyəsi işlənildi.
“Anakonda” strategiyasının əsas prinsipləri nədən ibarətdir?
1.Birinci və ən əsas prinsip iqtisadi motivasiyadan ibarətdir. Yəni hərbi fəaliyyət ölkənin birbaşa iqtisadi maraqları ilə əsaslandırılır, ideologiya isə sadəcə təbliğata don geyindirmək üçün istifadə olunur. Alverçi quruluşun mahiyyəti məhz bundan ibarətdir. Belə məzmun, yəni əvvəlcə pul, sonra ideologiya prinsipi hələ amerikan dövlətinin ilk yaranışından irəli sürülmüşdü. Anakonda planının uğur qazanması üçün tətbiq olunan əsas strateji fəaliyyət üsulu- iqtisadi blokadadır. Axı əsas hədəf- iqtisadi maraqlardısa, deməli tətbiq olunan təsir vasitələri də buna uyğun seçilir.  
2.Anakondanın ikinci prinsipi rəqibin əsas hərbi birləşmələri ilə şiddətli toqquşmalardan yayınmaqdır. Belə ki silahlı toqquşmalar iqtisadi cəhətdən sərfəli deyil, maddi ziyana gətirib çıxarır, yəni birbaşa zərərlə müşayiət olunur. Bu səbəbdən həmin strategiya həyata keçirilərkən düşmənin silahlı qüvvələri ilə mübarizənin əsas ağırlığı müttəfiqlərin üzərinə qoyulur.
3.Üçüncü prinsip – düşmən dövlətin və ya dövlətlər koalisiyasının iqtisadiyyatının dağıdılması və əhalisinin terror edilməsi hesabına qələbə əldə olunması, bu yolla rəqib dövlətin və onun müttəfiqlərinin rəqabətdən kənarlaşdırılması. 
Anakonda strategiyasının əsas prinsiplərini hər dəfə oxuduqca 19-cu əsrdə yazılmış bu yanaşmaların dünyadakı indiki vəziyyətlə necə də uyğun olmasına heyrətlənməyə bilmirsən. Nəticə etibarilə 19-20-ci əsrlər ərzində dəniz dövlətlərinin kontinent dövlətlərinə qarşı bu strategiyadan istifadə etməsi açıq-aydın görünür. Bununla yanaşı tarix göstərdi ki, strategiyanın bütün əsas bəndləri tətbiq edildikdən və qələbəyə çatmaq aşkar göründükdən sonra, yəni əlverişli şərait yarandıqda amerikanlar özləri də sərbəst şəkildə rəqibin ərazisinə birbaşa müdaxilə edir.
ABŞ-ın Avrasiya materikində möhkəmlənməsi üçün ilk fürsət İkinci dünya müharibəsi oldu. Bu müharibənin gedişində ABŞ ilk növbədə Britaniyanı özünə tabe etdi. 20-ci əsrin 20-30-cu illərində dünya ağalığı uğrunda ABŞ ilə konflikt aparan bu dövlət 1940-1941-ci illərdə elə bir çətin bir vəziyyətə düşdü ki, ABŞ protektoratını qəbul etməli oldu. O vaxtdan Böyük Britaniya “xüsusi münasibətlər” formulası adı altında ABŞ-ın siyasi və hərbi vassalıdır. Britaniya mahiyyətcə, amerikan hərbçilərinin zarafatla deyildiyi kimi, “Avropanın qərb sahillərində amerikan aviadaşıyıcı gəmisi” rolunu oynayır.
İlk addımdan sonra, yəni Britaniyanı tabe etdikdən və ağır hərbi toqquşmaları müttəfiqlərin- Britaniya və SSRİ-nin üzərinə qoyduqdan sonra, nasist Almaniyası üzərində hərbi qələbə açıq-aydın göründükdə, amerikanlar birbaşa hərbi müdaxiləyə girişdilər. Bu hərbi müdaxilə nəticəsində də 1944-1945-ci illərdə Qərbi Avropanı işğal etdilər. Müharibədə gücdən düşmüş SSRİ-nin ABŞ Dövlət Departamentindən gələn göstərişlərə uyğun siyasət aparacağına olan ümidləri özünü doğrultmadı. Axı bunun üçün bütün əsaslar vardı- dağılmış iqtisadiyyat, böyük insan itkiləri, maliyyə borcları və Amerikadan gələn maddi-texniki təminatdan asılılıq. Lakin Stalin Marşall planını rədd etdi. O bu planı haqlı olaraq ABŞ-ın Avropanı hərbi cəhətdən işğalına əlavə tədbir- maliyyə və iqtisadi tabeçiliyi kimi qiymətləndirdi, SSRİ-nin və Şərqi Avropanın iqtisadiyyatlarının daxili resurslar hesabına bərpa olunmasını təşkil etdi. Məlum oldu ki, ABŞ-ın Avropanı işğal etmək siyasətinə hədd qoyulub. ABŞ isə buna adəti üzrə cavab verdi – “Anakonda” ilə. Bu “Anakonda” az sonra “soyuq müharibə” adı aldı.
“Soyuq müharibənin” məzmunu “Anakonda” strategiyasının yuxarıda göstərdiyimiz sxemi ilə ciddi şəkildə uyğunluq təşkil edir. “Soyuq müharibənin” əsasında Qərb dövlətləri iqtisadiyyatları tərəfindən iqtisadi blokada həyata keçirilməsi, Şərq bloku ətrafında psixoloji müharibə, ideoloji diversiya, hərbi əməliyyatlar aparılması və digər amillər dururdu. “Soyuq müharibənin” ilk mərhələsinin vəzifəsi Avrasiya materikini amerikan siyasi və hərbi bazaları və ittifaqları ilə əhatələmək idi.
Artıq İkinci dünya müharibəsinin gedişatında Amerika bazalarının iki liniyası qurulmağa başlamışdı. NATO adlanan “sağ əl” Qrenlandiyadan Kəraçiyə qədər uzanırdı. Həmin vaxt “sol əl” isə Alyaskadan Filippinə qədər olan ərazidə yerləşən, ABŞ-la ikitərəfli hərbi müqavilələri olan müttəfiqlər sistemini özündə ehtiva edirdi ki, müharibə bitəndən sonra işğal edilmiş Yaponiya, daha sonra Cənubi Koreya və Tayvan da bura daxil oldu. Plana görə bu “əllər” Hindistanda birləşməli idi. Amma Hindistan vaxtında “Üçüncü yol” siyasəti yürüdərək buna imkan vermədi. Ona görə də ABŞ tərəfindən Hindistana qarşı bu günə qədər də davam edən, elan edilməyən kəskin mübarizə başladı.
Uzun illər bu “əllər” Hind okeanında birləşməyə can atdılar. Vaxtilə bu birləşmənin nazik sapı Britaniyaya məxsus, ABŞ hərbi bazası yerləşən Diyeqo Qarsiya adasından keçirdi. Lakin SSRİ-nin çökməsi amerikanlara fantastik fürsət yaratdı ki, bu birləşməni xəritədə daha yuxarıda -vaxtilə SSRİ-nin nəzarət etdiyi və ya neytrallığını saxlayan ərazidə- “Avrasiyanın göbəyində” həyata keçirsinlər. “Anakonda”nın həlqəsi quru ərazinin aşağısından birləşdi. Tam birləşmə üçün isə Amerikaya şiə İranı tabe etmək lazım idi.
SSRİ və ABŞ kimi dünya güc mərkəzlərinin olduğu yerdə başqa heç bir dövlətin sərbəst siyasət yürütmək şansı yox idi. Sərbəst siyasət yürütmək istəyən Fransa, CAR və İran tərəfindən buna çoxlu cəhdlər edilsə də, yalnız Hindistan dövləti Hind subkontinenti hüdudlarından kənarda hər cür aktivlikdən imtina etmək yolu ilə hər iki fövqəldövlətlə münasibətlərdə balans qoruyub saxlaya bildi. Geopolitiklər hələ o vaxt bildirirdilər ki, 70-80-ci illərdə artıq ikiqütblü dünya mövcud deyildi- SSRİ, Çin və Hindistan ABŞ-ın dünyadakı mövqeyinə heç bir təhlükə yaratmırdılar, amerikanlar vəziyyətin ağası idilər və istədiklərini edirdilər. Lakin onlara vacib idi ki, özlərinin şəriksiz hegemonluqlarına qarşı olan təhlükəni tam aradan götürsünlər. Ona görə də “Anakonda” uzanmaqda davam edirdi.
SSRİ-nin dezinteqrasiyası vəziyyəti kökündən dəyişdi. Postsovet məkanı bir neçə xırda fraqmentlərə parçalandı. Avrasiyanın geopolitik xəritəsində 4 güc mərkəzi- Rusiya, Almaniya, Hindistan və Çin peyda oldu, o cümlədən Türkiyə, Pakistan, İran, Yaponiya kimi bir sıra regional güc mərkəzləri ortalığa çıxdı. Qərb strateqlərinin öncəgörmələrində “tarixin sonu” adlandırdıqları mərhələ elə bir aktiv geopolitik oyuna çevrildi ki, ABŞ özünün güclü təzyiqləri ilə dayandırmağa çalışır, lakin bütün cəhdləri boşa çıxır.
Bütün bu dəyişikliklərə və SSRİ-nin Şərq bloku ilə birlikdə faktiki intihar etməsinə baxmayaraq, ABŞ-ın Avrasiyaya hücumu davam etməkdə idi. Strateji hərəkətin əsas forması iqtisadi blokada oldu. İqtisadi blokadanın əsas vasitəsi isə maliyyə müharibəsi və əlavə olaraq texnoloji blokada idi. Vaxtilə geniş reklam edilən iqtisadiyyatın açıqlığı əslində ölkəmizin iqtisadiyyatının müdafiə mexanizmlərinin məhvinə gətirib çıxardı. Nəticələr aşkardır: Dəhşətli qiymət artımı, respublikaların, vilayətlərin, rayonların bir-biri ilə müharibə etməsi, 90-cı illərin əvvəllərində istehsalatın faciəvi şəkildə aşağı düşməsi və s. Maliyyə müharibəsinin bir metodu da silahlanma yarışı idi. Bəzi məlumatlara görə, 80-ci illərdə silahlanmaya xərclənən vəsait Ümumi Milli Məhsulun qeyri-istehsalat xərclərinə gedən hissəsinin 50%-inədək yüksəlmişdi.
Bu gün “Anakonda”nın fəaliyyətini davam etdirməsinin əsas əlaməti odur ki, ABŞ Rusiyanın nəzarətindən çıxan bütün ərzilərə girməkdədir. “Anakonda” həlqəsinin sıxılması Qərbdə baş verir; ABŞ öz nəzarətinə orta zolağı- Şərqi Avropa ölkələrini aldıqdan sonra sanitar kordonun yaxın zolağını- Pribaltika, Ukrayna, Moldava ölkələrini də almaqdadır. Bununla Rusiyanın Avropaya yolu kəsilir və onu iqtisadi cəhətdən “boğmaq” üçün şərait yaranır. Məhz Avropa Birliyi öz maliyyəsi və texnologiyası ilə, Rusiya isə öz resursları ilə ABŞ-ın şəriksiz hegemoniyasına ən potensial təhlükədir.
Həlqə qitənin cənub sərhədlərində də sıxılmağa başlayıb: Qafqazın qoparılması üçün aktiv cəhdlər, Gürcüstanda “qızılgül inqilabları” və ABŞ hərbi bazaları, antirusiya enerji layihəsi olan Bakı-Tbilisi-Ceyhan layihəsinə Azərbaycanın cəlb edilməsi, Rusiyanın Şimali Qafqaz ərazisində vəziyyətin destabilizasiyasına yönəlmiş fasiləsiz səylər bu prosesin əlamətləridir. O cümlədən amerikanlar Əfqanıstanın ardınca keçmiş SSRİ-nin Orta Asiya respublikalarına girdilər və orda öz hərbi bazalarını yerləşdirdilər. “Anakonda” həlqəsi cənubdan ölkəmizin sərhədlərinə sıx yaxınlaşıb.
Bəs amerikan strategiyasında əsas hədəf olan Rusiyanın boğulması prosesinin növbəti meydanı hara ola bilər? Nə qədər inanılmaz görünsə də, amerikanların qoparıb almaq istədikləri növbəti plasdarm Uzaq Şərqdən Şərqi Sibirə qədər olan ərazilərdir. Nahaq yerə bu ərazini Qərbin geopolitik məktəblərində Lenalənd adlandırmırlar- bu ad həmin ərazinin geopolitik cəhətdən əsas kontinental məkan sayılan Hartləndə aid olmasına bir işarədir.
Hazırki Rusiya hakimiyyəti Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi və inkişafı üçün yollar axtarır.
2000-ci illərin əvvəllərində ölkələrin çoxuna ABŞ-ın güclü təsirini nəzərə alan Rusiya “Anakonda” həlqəsini yarmaq üçün bir çox ölkələrlə strateji əlaqələr qurdu. Rusiya bu yolla dünyanın aparıcı iqtisadiyyatları tərəfindən iqnor edilən öz iqtisadiyyatının itkilərini “izqoy” ölkələrdən sayılan Şimali Koreya, onda hələ işğal olunmamış İraq, hələ sındırılmamış Liviya, İran, Suriya, Venesuela və başqa dövlətlərlə maliyyə və ticarət əlaqələri hesabına kompensasiya etməyə ümid bəsləyirdi. Lakin Amerika Rusiyanın belə, hətta təzəcə qönçələnmiş, ibtidai formada olan geopolitik özünüdərk formasını da özünün dünyadakı şəriksiz hegemonluğuna qarşı təhlükə hesab etdiyi üçün boğdu. Liviya elə bir vəziyyətə gətirildi ki, kapitulyasiya etməli oldu, Qəddafi tələsik ABŞ-a qarşı loyal olacağı barədə and içməyə məcbur qaldı. İraq işğal edilərək dağıdıldı, Qəddafinin yolunu getməkdən imtina edən Səddam Hüseyn isə öldürüldü. Şimali Koreya qorxuduldu və blokada ilə sıxışdırıldı. Belə cəzalandırmalardan sonra demək olar ki, Rusiya ilə geopolitik prinsiplər əsasında dostluq etmək istəyən qalmadı.
“Anakonda” üçün ən ciddi təhlükələrdən biri də Çindir. Onun iqtisadi inkişaf tempi “cavan pələnglərin” inkişaf tempi ilə müqayisə edilə bilər. Çin Ümumi Milli Gəlir göstəricilərinə görə ABŞ-ı kəskin dərəcədə keçir. Çinin geopolitik gücü o qədər artıb ki, artıq o “gənc pələngləri” öz geopolitik orbitinə daxil etməyə hazırdır. O Monqolustan, KXDR, Cənub-Şərqi Asiyanı, hətta Yaponiyanı öz orbitinə cəlb edə bilər ki, bu da Rusiyanın Asiya və Sakit Okean zonasındakı geopolitik təsirinə zərbə vuracaq. Bu yerdə xatırlatmaq xüsusilə vacibdir ki, Çin Tayvanın birləşdirilməsi bəhanəsilə başlayacağı hərbi əməliyyatlar yolu ilə bu sistemi yaratmağa hazırdır. Belə olan təqdirdə Çinin qüdrəti o həddə gələcək ki, ABŞ öz itkilərini minimuma endirmək üçün Şərqi Asiyadan geri çəkilməli olacaq- çünki Çin ilə isti müharibəyə girmək “Anakonda” strategiyasına heç cür uyğun gəlmir. Lakin bu cür geri çəkilmə ABŞ-ın hələ həyata keçirə bilmədiyi “Dünyəvi Amerika İmperiyası” konsepsiyasının iflası və Şimali Amerikada milli dövlət quruculuğunun vacibliyinə keçidi demək olacaq.
Çinin dövlət quruculuğu prosesi bir tərəfdən sırf regional xarakter daşıdığı üçün bu baxımdan Rusiyanı təhdid etmir. Digər tərəfdən isə Rusiyanın məskunlaşmamış şərq və şimal ərazilərinin Çin tərəfindən demoqrafik ekspansiyası aşkar, hissolunacaq dərəcədə təhlükə yaradır. Geopolitikanın qanunlarına görə, Rusiyanın Çin ilə istənilən strateji yaxınlaşması yalnız onun Yaponiya ilə strateji yaxınlaşmasını qurban verməsi hesabına mümkündür. Çünki Yaponiya regionda Çinin açıq-aşkar geopolitik düşmənidir. Yaponiyanın ABŞ işğalı altında olmasını nəzərə alsaq, Rusiyanın Çin ilə taktiki yaxınlaşması yolveriləndir. Həm Çin, həm də Rusiya amerikan mərkəzli vahid dünya dövləti layihəsi çərçivəsində əriyib yoxa çıxmaq təhlükəsi qarşısında belə bir yaxınlaşmada maraqlıdırlar. Və bu ümumi maraq ABŞ-ın digər dünya güclərinin iqtisadi (bu Çin üçün vacidir) və geopolitik (bu Rusiya üçün vacibdir) maraqlarına məhəl qoymadan məkrli və açıq-aşkar şəkildə bütün dünyaya öz iradəsini diqtə etməsi fonunda daha da yüksəlməkdədir. Əlavə olaraq Rusiya və Çin belə inteqrasiya sayəsində özlərinin real iqtisadi maraqlarını təmin edə bilərlər- daim inkişafda olan Çinə Rusiyanın resursları lazımdır, Rusiya isə öz növbəsində Çindən ikinci dərəcəli də olsa, Rusiya texnologiyasını üstələyən texnologiya ixracında maraqlıdır.
Rusiya-Çin əməkdaşlığının ən vacib aspekti təhlükəsizlik sahəsi olaraq qalır ki, bu sahədə hər şey rəvan gedir. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Rusiyanın region dövləti kimi deyil, özünün hərbi-strateji blokunun (KTMT) lideri qismində qəbul olunması Rusiya-Çin hərbi əməkdaşlığında sıçrayış deməkdir. ŞƏT kollektiv üzvlə- MDB dövlətlərinin bloku ilə daha da möhkəmlənmişdir, Rusiya da öz növbəsində bütöv bir hərbi koalisiyanı təmsil etməklə öz statusunu gücləndirmişdir.
Hər bir halda Çin bu gün Amerikadan çəkinmədən Rusiya ilə geniş əməkdaşlıq etməyə hazır olan ən böyük regional güclərdən biridir. Bu şansdan, nəyisə qurban vermək bahasına lazım gəlsə belə istifadə etmək gərəkdir. Hara fırladırsan fırlat, Çin və Amerikanın Rusiyaya olan iştahları müqayisə edilə bilməz. Çin – bu gün “Anakonda”ya endirilə biləcək yeganə mümkün olan, tutarlı dərəcədə potensiala malik zərbə deməkdir.
Müasir dünyada ABŞ-ın sərt iqtisadi və siyasi təzyiqlərinə sinə gərəcək dövlətlərin sayı çox məhduddur. Onların arasında ilk növbədə Çin, regionda çəkisini artıran İran, ehtiyatlı Hindistan və zəifləmiş Şimali Koreyanı göstərmək olar. ABŞ İraq və Liviyanın öhdəsindən artıq gəlib. Amma ABŞ üçün İraq təhlükəsini aradan qaldırması digər tərəfdən İran təhlükəsinin artmasına səbəb oldu. Hələ ki ABŞ İraqa müdaxiləsindən heç nə qazanmayıb, hətta əvəzində külli miqdarda maliyyə resursları itirib və regionda özü üçün bir-birini müşaiyət edən “problemlər buketi” yaradıb. Avropa Birliyi və Türkiyə də ehtiyatla da olsa, arada öz varlıqları barədə xatırlatmalar etməyə başlayıblar. Lakin dünya geopolitik dispozisiyasının həlledici nöqtəsini Rusiyanın davranışları təşkil edir. Çünki müstəqil antiamerikan geopolitik strategiyasının reallaşdırılmasında hamıdan çox Rusiya maraqlıdır.
Rusiya – amerikan geopolitikasının əsas hədəfidir. “Anakonda” həlqəsini Rusiyanı boğmaq üçün qurmuşlar. Yalnız Rusiyanı boğmaq üçün yol üstündəki digər dövlətləri, ölkələrin və bütöv regionların suverenliyini, strateji və iqtisadi maraqlarını vurub dağıdırlar.
Artıq çoxdandır heç kəs ABŞ və onun müttəfiqlərinin maraqlarının əsl mahiyyəti barədə illüziyalara qapılmır. “Demokratiya” və “ümumbəşəri dəyərlər” NATO döyüş təyyarələrindən açılan ilk “dəqiq” raket zərbəzi zamanı qabıq kimi kənara sıçrayıb tökülür. Putin 2000-ci ildə Çinin “Jenmin Jibao” qəzetinə müsahibə verərkən demişdi: “Bu gün biz tez-tez yeni təhdidlər, yeni, bizim fikrimizcə təhlükələr olan konsepsiyalar ilə üzləşirik. Məsələn, “humanitar nöqteyi-nəzəri” əsas götürərək başqa dövlətlərin daxili işlərinə qarışmaq kimi. Biz beynəlxalq terrorizm kimi təhdidlərlə, dini ekstremizm və separatizm kimi problemlərlə üzləşirik”. Lakin illər keçsə də Rusiya ABŞ-ın həddini aşan həyasızlığına hələ də cavab verməyib. Çox demək olar, “Rusiya təmərküzləşir”, daxili problemlərini həll edir, resurs yığır, iqtisadiyyatı bərpa edir, milli layihələr həyata keçirir- axı Rusiya dünyadakı geopolitik mövqelərini geriyə dönüşü olmayan şəkildə itirəndə bu kimi sözlərin heç bir mənası olmayacaq. Vaxt sürətlə gedir. ABŞ kənarda dayanıb gözləməyəcək ki, biz öz daxili problemlərimizi həll edib qurtaraq. Anakonda sürətli, sərt və heç kimə hesab vermədən hərəkət edir.
“Beynəlxalq terrorizm” anlayışı hər yerdə bir cür tətbiq edilir. Bu barədə danışan hər kəs öz iqtisadi maraqlarınından çıxış edir. Amerikan iqtisadi blokadasının nə demək olduğunu da izah etməyə ehtiyac yoxdur- son zamanlar biz dəfələrlə dövlətlərin iqtisadiyyatlarının dağıdılmasını və rəqabətdən vurulub çıxarılmasını görmüşük. Geopolitik məntiqdən, o cümlədən iqtisadi maraqlarından çıxış edərək belə bir qənaətə gəlmək olar ki, Qərb üçün absolyut şər, beynəlxalq terrorist, izqoy-dövlət odur ki, Qərbin və ABŞ-ın maraqlarına deyil, onun əksinə, məsələn, öz maraqlarına xidmət edir. Qərbin mövqeyinə görə, Qərbin və ABŞ-ın maraqlarına zidd fəaliyyətlə məşğul olan hər kəs beynəlxalq terrorizmin mənbəyi hesab edilir. Bəs onda Avrasiyanın ərazisində terrorizm, destabilizasiya, lokal müharibələr, iqtisadi blokada, iqtisadiyyatların dağıdılması təşəbbüsü kim tərəfindən aparılır?
Rusiya üçün “Beynəlxalq terrorizm” nə deməkdir? Putinin bu barədə bəzi mülahizələri olmuşdu. “Xüsusi mövzu – beynəlxalq terrorizmdir. O yenə də insanların təhlükəsizliyini və rifahını, ümumilikdə dünyada, ayrı-ayrı ölkələrdə və regionlarda sülh və stabilliyi təhdid edir. Müzakirələr zamanı kolleqalarımızın diqqətini yaranmış çətin vəziyyətə- Filippindən Kosovaya qədər uzanmış qeyri-stabillik qövsünə cəlb etdik. Bu barədə indiyədək dəfələrlə demişik. Mən deyərdim ki, bu qövsün mərkəz nöqtəsi yerini yavaş-yavaş Əfqanıstan tərəfə dəyişməkdədir. Bunu nəinki Rusiya və Mərkəzi Asiya ölkələri, dünyanın başqa dövlətləri də hiss edir. Bu vəziyyətdən yalnız bir çıxış yolu var- terrorizmlə mübarizə üzrə beynəlxalq sistemi genişləndirmək, onun fəaliyyətini daha da effektiv etmək. Vacibdir ki, biz dəvəquşu kimi başımızı quma salıb guya ətrafda təhlükə yoxmuş kimi davranmayaq. Edə biləcəyimiz ən pis şey heç nə olmamış kimi davranıb terroristlərə həmişə pul ödəmək, beləcə onlardan yaxa qurtarmaqdir. Buna pulumuz çatmayacaq. Çünki onların aqressiv iştahları hər gün daha da artacaq” – Putin bu sözləri Okinavada “Böyük Səkkizliyin” görüşünün yekunlarına dair mətbuat konfransında demişdi.
Qeyri-stabillik qövsü – haqqında danışdığımız “Anakonda”nın əli. Belə vəziyyətdə “humanitar nöqteyi-nəzərdən” edilən hərəkətlərə diqqətlə fikir vermək, “izqoyların boğulması” taktikasının nəticələrini daha böyük miqyasda qiymətləndirmək lazımdır. Ola bilsin gördüyümüz boşluqlar sayəsində mühasirəni daha böyük miqyasda yara bildik. Əsas odur ki, biz Amerika ilə birgə “beynəlxalq terrozimlə” mübarizə haqqında dediyimiz sözlərə özümüz də inanmağa başlamayaq. Geopolitik məntiqi yalnız gözəl və populist bir jest kimi qəbul etmək lazım deyil. Anakonda – bütün Avrasiya üçün təhdiddir. Demək, bu çağırışa birlikdə də cavab verməliyik.
Final döyüşü birbaşa ABŞ və Rusiya arasında olacaq. Anakonda ilə materikimiz uğrunda döyüşə girəcəyik!


Müəllif: Valeri Korovin















Tərcümə: Cəmil Şirvanov

Комментариев нет:

Отправить комментарий