Yəqin xatırlayırsınız: MHP başqanı hörmətli Dövlət Baxçeli Şuşada məktəb tikmək istədiyini söyləmiş, sonra müəyyən anlaşılmazlıq üzündən bu məsələdən geri çəkildiyini bəyan etmişdi. Qalxan hay-küy yadınıza düşürmü?
Bir neçə partiya sədri kanal-kanal gəzib, hakimiyyətin əleyhinə elə həyəcanla danışırdı ki, səhhətindən narahatlıq keçirmək məcburiyyətində qalırdıq.
Digər tərəfdən, hamımız bu partiya sədrlərinin Dövlət bəyə, “Bozqurd”lara olan sonsuz sevgisindən riqqətə gəlmişdik və söylədikləri iradlarla tam razılaşmasaq da müəyyən qədər onlara haqq qazandırırdıq.
Şuşadakı məktəb layihəsi ilə bağlı o günləri nədən yada saldım?
Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatası “Milli müdafiə haqqında” Qanuna qəbul etdiyi əlavədə Dövlət katibindən tələb edib ki, Dağlıq Qarabağa humanitar və iqtisadi yardım haqqında təklif hazırlasın və 180 gün müddətində palatanın xarici əlaqələr üzrə komitəsinə təqdim etsin.
Diqqət edin, söhbət Azərbaycan ərazisinin ən azı “dörd Lüksemburqa bərabər” ərazisinin erməni barbarları tərəfindən xarabazara çevrilmiş hissəsindən getmir, hələlik yalnız ermənilərin yaşadığı ərazilərə hərtərəfli yardım göstərməkdən gedir.
Həmin qanuna edilmiş digər əlavədə dövlət katibindən həmin müddətdə Dövlət Baxçelinin rəhbərlik etdiyi Milliyyətçi Hərəkat Partiyasına yaxınlığı ilə bilinən “Bozqurd” təşkilatının terrorçu qurum olub-olmadığı haqqında, onun ABŞ-ın milli maraqlarının ziddinə gördüyü işlər barədə ətraflı məlumat hazırlamaq tələb olunub.
Hər iki əlavə sentyabrın 22-də qəbul olunub.
Ötən müddət ərzində qulağınıza həmin möhtərəm sədrlərin bu ədalətsizliyə üsyan dolu haykırtısı, heç olmasa pıçıltıyla söylədikləri etiraz səsi gəldimi, dəyərli həmvətənlərim?
Bu bir həftə ərzində xalqı qızışdırmaq üzrə “ixtisaslaşan” internet kanallarında bir, heç olmasa, yarım müzakirəyə şahid oldunuzmu?
Sizcə bir neçə ay əvvəl özünü şəhid edən partiya sədrləri və onlara “meydan verən” kanallar nədən ağızlarına su alıb oturublar və səslərini çıxarmırlar?
Deyim səbəbini.
Birincisi, ona gorə susublar ki, savadsızdırlar və kimsə bu barədə onlara deməsə ABŞ-da baş verən rəzalətdən “qiyamətə qədər” xəbər tutmayacaqlar.
İkincisi, ABŞ-ın, Avropanın əleyhinə danışmaq bəzilərinin “maddi maraqlarına” sağalmaz yara vura bilər və bu səbəbdən onların öz “hamilərinin” əleyhinə nə isə deməsini gözləmək sadəlövhlükdür.
Nəhayət, bu hadisəni hakimiyyətin əleyhinə çevirmək mümkünsüzdür və bu səbəbdən də bizim “şanlı” müxalifət üçün heç bir “siyasi dəyəri” yoxdur.
Rusiyadakı bir təlxəyin sərsəmləmələrini günlərlə müzakirə edənlərin ABŞ-da baş verən rəzaləti bu cür susqunluqla müşahidə etməsi səni heç təəccübləndirdimi, müəyyən həqiqətləri anlamaqda sənə yardımçı oldumu, dəyərli həmvətənim?
Комментариев нет:
Отправить комментарий