06.10.2021

TOFİQ YAQUBLUNUN ETİRAFI

Nadir Qocabəyli

Tofiq Yaqublunu o qədər də saf bilməyin. Dünən özü tam praqmatik bir addım atdığını etiraf etdi. Dedi ki, içəridə bir dəstə məmur mənə dedi aclığı dayandır, bizi də düşün, üzümüzə söz gələcək. Mən də cavab verdim ki, dayandırsam nə olacaq? 60 yaşım var, 4 il 6 ay yatıb çıxsam, olacaq 65. Xəstəliklərim də var, odur ki Allah bilir burdan necə çıxacağam, yaxud heç çıxmayacam. Odur ki ya məni buraxacaqsınız, ya da ölənə qədər yeməyəcəm...
Sonradan vətən, millət, Qarabağ desə də, əsl həqiqəti səmimi etiraf etdi. Onun çıxışında mənim xoşuma gələn də təkcə bu oldu. Adam bezib artıq. Ta nə qədər türmədə yatmaq olar? Amma elə bir oyundadır ki, çıxması da asan deyil. Çıxışına demokratiyadan, insan haqlarından, Amerikadan, Avropadan nəsə qatması da bununla bağlıdır. Tofiqin 60 yaşı var, xeyli müddətdir ki. siyasətdədir, odur ki, bunların söz olduğunu bilməmiş deyil...
Deyir, ABŞ-da jurnalist Trampa deyib ki, "anqırma". Tofiq Yaqublu, ABŞ-dan əvvəlcə elm, texnika, texnologiya, təhsil, lap elə ədəbiyyat, sənət, mədəniyyət öyrənmək lazımdır. Demək lazımdır ki, Amerika xalqı sivilizasiyaya nələr verib, biz nə vermişik. Tərbiyəsizliyi öyrənməyə nə var ki...
Sizin dediklərinizi öyrənməklə burda ancaq xaos olacaq və ölkə dağılacaq... Biz bunu bir dəfə sınaqdan keçirmişik. 
Tofiqin ölkə başçısı haqqında fikirlərini də bölüşmürəm. Hər pisliyin başında guya Prezident dayanırmış. Çox bəsit yanaşmadır. Belə çıxır ki, adamın ölkədəki proseslərin detallarından  xəbəri, sosiologiyadan anlayışı yoxdur. Geopolitikanı ümumiyyətlə bilmir. Yaxud populistlik edib xal qazanmağa çalışır. Ya da Prezidenti şantaj etməklə nəsə əldə etmək istəyir...
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da Prezident çox şey həll etmir və qərarları təkbaşına vermir. İndi siz diktatura deyin, avtoritarizm deyin, nə deyirsiniz deyin, amma Prezident cəmiyyətin, ictimai-siyasi institutların, ziyalıların, ətrafının, məsləhətçilərinin rəyi və iradəsi ilə hesablaşır. O Azərbaycan xalqının prezidentidir, alman xalqının yox.
Deyirsiniz, seçki demokratik olmayıb. Vallah, demokratik olur. Seçkiyə gedib sizə səs verməyən adamlar avtomatik İlham Əliyevə səs veriblər. Sadəcə seçki məntəqəsinə getməyə lüzum görməyiblər...
Azərbaycan xalqı Avropa xalqları kimi intizamlı deyil, o növbəyə durmağı belə bacarmır. Ona görə də seçkini prosedurlara uyğun təşkil etməyi hələ ki öyrənməyib. Amma iradəsini öz bildiyi üsulla ifadə edir. Əgər sizlərə inansaydı, yarım saat vaxt ayırar, seçki məntəqəsinə gedər, saxtakarlığa imkan verməzdi.
Əgər sən Tofiq Yaqublu aclıq etməsəydin, dirənməsəydin, cəmiyyəti ayağa qaldırmasaydın, hamı səni müdafiə etməsəydi, bu gün azad olunardınmı? Birmənalı olaraq, yox! Səni demək olar bütün cəmiyyət, hətta iqtidaryönümlü ziyalılar, məmurlar, bir sözlə, hamı müdafiə etdi və Prezident bunu nəzərə aldı. Amma sən deyirsən ki, hər şey onun iradəsi daxilindədir. Yanılırsan!
Bəlkə də kimlərsə onu sənin həqiqətən günahkar olduğuna inandırmışdı. Amma sonradan məsələ ilə daha yaxından maraqlandı və müsbət qərar verdi. Prezidentin o qədər işi-gücü, problemi var. Amma sən elə bilirsən, bunları kənara qoyub, səninlə bağlı göstəriş verməklə məşğuldur. Yenə də yanılırsan və özünü yekəxana aparırsan...
Məncə, Tofiq Yaqublu olayından hakimiyyətdəki bəzi dairələr, strukturlar, məmurlar, xüsusilə də hüquq-mühafizə orqanları ibrət dərsi almalıdırlar. Tofiq Yaqubluya qarşı qaldırılan cinayət işinin qurama olduğunu bütün cəmiyyət etiraf etdi. Hətta iqtidar özü də. İnsanları şərləmək praktikasına son qoyulmalıldır. Bu, hər şeydən əvvəl günahdır. Nə vaxtsa öz qabağınıza da çıxar. 
Digər tərəfdən çox primitiv və geri qalmış bir üsuldur. Dövlət passionar, siyasi baxımdan fəal insanlarla müasir üsullarla işləməyin sivil yollarını tapmalıdır. Onlarla həqiqi dialoqa girmək, onlara qarşı addımlar atmaq, onlarla səmimi söhbətlər etmək, onların haqqını vermək lazımdır. Yəni bu Tofiq Yaqublunu başqa yolla sakitləşdirmək, başa salmaq, yola gətirmək mümkün deyil? Əminəm ki, bal kimi mümkündür. Yəni bu adam bu dərəcədə qorxuludur? Qətiyyən! Ondan təyinatı üzrə istifadə etmək lazımdır. Bacardığı bir sahəni tapşırın, özünü göstərsin də. Demirsiniz, kadr islahatı aparırırıq?! Göstərər, lap yaxşı. Göstərə bilməz, başa düşər ki, məsələ onluq deyil. Yoxsa bu adamları nə qədər boş-boş danışdırmaq olar...
Ziyalı, alim, yazıçı, siyasi baxımdan yetkin insan acından ölür, hökümətin vecinə deyil. Yuxarılara müraciət edir, baxan olmur. O da məcburən çıxış yolunu mitinqə getməkdə, müxalifətə qoşulmaqda görür. Ondan sonrası da Avropa, ABŞ, demokratiya, insan haqları, zırt, pırt...
Sonda 17 gün aclıq etmiş insanın fiziki dözümünə, mənəvi iradəsinə hörmətimi ifadə edir, özünə, ailəsinə, balalarına xoş günlər, firavan həyat arzulayıram. Mən pafosu xoşlamıram, istər iqtidarınkı olsun, istərsə də müxalifətinki. Amma Tofiq Yaqubli kimi insanlar daha yaxşı həyata layiqdirlər. Dövlətimiz özü onlara sahib çıxmalı, yadların ayağına verməməlidir. Əminəm ki, onlar da bunu başa düşərlər...
Ləyaqətli, yaxşı yaşamaq istəyən hər bir insan da mübariz və iradəli olmalı, haqqını tələb etməyi bacarmalıdır. Yalnız o zaman yaxşı yaşayacağıq. Yoxsa nə ABŞ, nə də Avropa bizə xoşbəxtlik gətirməyəcək...
Tofiq Yaqublu da sizi xoşbəxt edə bilməz. Xoşbəxt olmaq üçün hər biriniz bir Tofiq Yaqublu olmalısınız.

Комментариев нет:

Отправить комментарий