Vətən müharibəsində şəhid olan Ülvü Məmmədovun atası Vüqar Məmmədov yazıb. Bəlkə də reallığı bu qədər dəhşətli formada izah edən olmamışdı.
"Bir neçə telekanaldan gəlib şəhid ailəsi kimi bizi çəkiblər. Mən danışmağa razı olmadım. Çünki onlar istəyəni mən deməyəcəkdim, mən deyəni onlar istəməyəcəkdi. Məsələn, onlar istəyəcəkdi ki, mən “Vətən sağ olsun” deyim.
Gəlin əvvəlcə baxaq görək vətən nə deməkdi?
Vətən sənin birgə olduğun toplum, sənə doğma insanların birliyi, öz ərazilərindi. Yaxşı, əgər Azərbaycan bizim vətənimizdirsə, onda bu vətənin hər nemətindən hamıya pay düşməlidi, qoruyanda da hamı birgə qorumalıdır. Yoxsa yeyəndə sən yeməlisən, ölmək lazım olanda mənim uşağım ölməlidi? Xeyr, belə olmamalıdır.
Vətən hamımızındırsa yeyəndə də, öləndə də birlikdə olmalıyıq. Əgər belə deyilsə... onda vətən adı ilə kimlərsə manipulyasiya edir, kimlərsə kimisə tovlayır. Soruşuram, sən, bu dövlətin milyonlarına, milyardlarına sahib olan, bu vətən hər ikimizindirsə, niyə sənin oğlun müharibə vaxtı xaricə qaçır, yaxud şəhərin mərkəzində yüz minlərlə ölçülən maşına bayraq taxıb siqnal verərək gəzir, bu dövlətdən demək olar heç nə çatmayan mənim övladım isə günlərlə ac-susuz, günün istisində, yağışın palçığında düşmənlə üz-üzə, odun alovun içində qalır və sonda həlak olur? Əgər bu vətən hər ikimizindirsə sənin də, mənim də oğlum çiyin-çiyinə cəbhədə olmalıydı. Yoxsa belə çıxır ki, vətən talamaq üçün sənin və övladlarının, ölmək üçün mənim övladımındır? Xeyr, belə olmur. Belə olarsa bu cür anlayışa vətən demək olmaz.
Hərdən internetdə rastımıza çıxır, hansısa oliqarxın milyonlarla ölçülən villalarını göstərirlər. O villladan mənə pay düşürmü? Mənim ora girmək ixtiyarım varmı? Təbii ki yox. Deməli onun dövləti də vətəni də öz mülkünün olduğu ərazidir. Bəs mənə pay düşən hardandı? Öz qazancımla, öz zəhmətimlə qazandıqlarım, əldə etdiklərim. Onda deməli ailəm və evim mənim vətənimdi. Bu gün mənim vətən hesab etdiyim ailəmdə hər şey qaydasındadırmı? Qoruya bilmişəmmi bu vətənimi? Xeyr. Bu gün mənim ailəmin sevinci, ilk övladım aramızda yoxdu. Deməli qoruya bilməmişəm.
Məni qalib saymaq olarmı? Yox. Mən bu mücadilədən məğlub ayrıldım.
Qalib gələnlərsə öz mülkünü, yəni dövlətini qurmaq üçün daha böyük dövləti, Azərbaycanı çapıb talayan, sonra da vətənpərvərliyini “sübut etmək” üçün dövlətdən oğurladığı pulla aldığı, bir neçə yüz minilik maşınından və yenə dövlətdən oğurladığı pullarla tikdiyi, dəyəri milyonlarla ölçülən villasının balkonundan bu dövlətin rəmzi olan bayraq sallayan, sonra da tirka verib, “əsgərimiz irəli” deyərək öz yaxınını küncdə-bucaqda gizlədənlərdi. Bu tip, vətənpərvərliyini bayrağı başı üzərində gəzdirməklə, yaxud status yazmaqla “sübut etmiş” adamlar məni bu yazılarıma görə “neprav” da çıxarda bilərlər.
Bütün yuxarıda yazdıqlarımı dərk edəndən sonra mənə “vətən sağ olsun” demək yaraşarmı? Mənim vətənim sağ deyil. Necə deyə bilərəm? Mənə bu sözləri dedirtmək istəyən telekanallar bunun fərqində deyillər. Mənsə danışmaqla təbliğat maşının bir hissəsi (zapçastı) olmaq istəmədim. Amma danışmaq istəmədiyimi görən yaxın-uzaq adamlar bu fürsəti dəyərləndirmədiyimə görə mənə qəribə bir tənə ilə baxırdılar. Bəlkə də biz bir-birimiz haqqında eyni şeyi düşünürdük.
Şəhidləri çəkərkən “vətən sağ olsun” dedirtmək ölümü stimullaşdırmaq, gənc yaşında insanların ölməsini təbliğ etməkdir. Mənsə buna qarşıyam. Düşünürəm ki, insan yaşamalıdır, hər şeydən öndə insan faktoru gəlməlidir. Dövlət də çalışıb insanı yaşatmalıdır.
Müharibə nədir? İnsan ölümü ilə nəticələnən qarşıdurma. Bu gün yenidən bunu stimullaşdıranlar müharibə gələndə özlərini və övladlarını yenə də künc-bucaqda gizlədəcəklər. Olansa yenə də yetim-yesirə olacaq.
Mənim nə demək istədiyimi başa düşənlər düşdü. Başa düşməyənlərə isə tövsiyyəm budur ki, kimsə bu sözlərimi oxuyandan sonra irad tutub mənə vətənpərvərlik dərsi keçməsin. Əks halda sizə başıma gələndən arzulamaq məcburiyyətində qalacağam".
Комментариев нет:
Отправить комментарий