21.10.2021

Bu gün saxlanılan baş həkimin qaranlıq keçmişi: 125 min rüşvət, Eldar Həsənovun bacısı oğlunun həbsi və…

Xəbər verdiyimiz kimi “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rüşvət alan zaman iş başında saxlanılıb.
musavat.com xatırladır ki, Mübariz Zeynalovun adı ictimaiyyətə bir neçə qalmaqallı işlə tanışdır. Onlardan biri də Mübariz Zeynalovun yuxarı vəzifəyə getmək üçün rüşvət verməsi ilə bağlıdır.
M.Zeynalovun bir neçə nəfər tərəfindən aldadılaraq 125 min manatı əlindən alınmışdı. Həmin şəxslər guya M.Zeynalovun daha yüksək vəzifəyə qalxmasını təmin edəcəkdilər.
Mübariz Zeynalov o zaman rüşvəti necə vermişdi?
2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən Rövşən Əliyev, Hətəmxan Çobanov və Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilirdi.
Həmin işdə zərərçəkmiş şəxslərdən biri də Mübariz Zeynalov idi. Baş həkimin tələyə salınması planını ilk olaraq Elxan Hümbətov icra etməyə başlayıb. Belə ki Elxan baş həkimə zəng edərək xəstəxananın digər Samir adlı həkiminin ondan yuxarılara şikayət etdiyini deyib. Bildirib ki, Samir yüksək vəzifəli şəxsin adamıdır və buna görə də baş həkimin işi çətindir.
Elxan bu işin həll yolunu tapmaq üçün əvvəlcə baş həkimi görüşə çağırıb. Elxan həkimə deyib ki, adıçəkilən generalın yaxın adamının sürücüsüdür. Bu işdə vasitəçi olmaq ona tapşırılıb.
Baş həkim deyilənlərdən, çəkilən adlardan ehtiyat edib, Elxana Samir həkimlə heç bir probleminin olmadığını deyib. Amma elə olub ki, sonradan Elxanın dediklərinə inanıb. Elxan əvvəlcə baş həkimə məsləhət verib ki, Samir həkimlə yola getsin, onu incitməsin. Bu ərəfədə baş həkim çox qorxub, stress keçirib. Özü də bunu bir neçə dəfə etiraf edib. Daha sonrakı görüşə Elxan özü ilə yaxşı “geyinib-keçinmiş” Rövşəni gətirib. Həmin görüşdə Rövşəni general kimi təqdim edib.
Baş həkim M.Zeynalov o zaman yaşadıqlarını belə danışıb: "Dedilər ki, Samir sənin torbanı tikir, sənin yerinə keçmək istəyir. Elxan dedi ki, Samir vəzifəli şəxsin adamıdır. Onun adından istifadə edib mənim torbamı tikir. Sonra Elxan mənə söylədi ki, sənin işini ağsaqqala məruzə elədik. Ağsaqqal da deyib ki, narahat olmasın, həll olunub. Ağsaqqal məsələni həll edib. Bir gün sonra Elxan zəng edib söylədi ki, o boyda general gəlib, bir silkələn gör nə edirsən? Mən də dedim ki, üstümdə heç nə yoxdur. Sonra mənə dedi ki, onda flaşkart var. Söylədi ki, həmin flaşkartda mənimlə bağlı rüsvayedici məlumatlar var. Mən də həyəcanlandım. Bilmədim nə edim. Onunla görüşməyə razılaşıb geri qayıtdım. Evdən və tanışlardan pul alıb, 5 min düzəldib apardım. Mənə dedi ki, narahat olma. Pulu verdim, amma flaşkartı vermədi. Dedi ki, lazım deyil, qalsın. Mən ordan çıxıb evə gəldim. Axşam evə gələndə zəng edib söylədi ki, bu nədir gətirmisən? Dedi ki, generala veriləcək məbləğ deyil, biabırçılıqdır. Bu məbləğlə onun başını aşağı elədiyimi dedi. Mən də dedim ki, çıxarırlarsa, çıxarsınlar. Həmin pulu da verdim ki, məndən əl çəkin. Mənə dedi ki, ortada flaşkart var. Mən də çıxılmaz vəziyyətdə qaldım. Yenə 5 min borc alıb aparıb verdim. Flaşkartı istəsəm də vermədi. Dedi ki, onu məhv eləmək asan deyil. Həmin flaşkartda mənimlə bağlı videoların, telefon danışıqlarının, ailəmlə bağlı görüntülərin olduğunu dedi. Mən də yenə razılaşmadım. Ordan çıxıb gələndən sonra zəng edib dedi ki, gələcəyin təhlükədədir. Bildirdi ki, mən perspektivli adamam, gələcəkdə böyük layihələrdə onlarla işləyəcəm. Söylədi ki, əgər deyilən işi həll eləməsəm gələcəyim məhv olacaq. Məndən 100 min istədi. Nə edəcəyimi bilmədən evə qayıtdım. Çıxış yolu tapmağa başladım. Dost tanışdan xahiş elədim. Bir gün sonra da zəng elədi ki, 100 minin üstünə 10 min də qoy. Mən də dedim ki, nə elədin sən? Heç 100 mini düzəldə bilmirəm. Dedi ki, istəyirsən düzəltmə, axırda görəcəksən. Mən də razılaşdım. Həll edib pulu aparıb verdim".
Baş həkimin danışıqlarından məlum olub ki, məsələ bununla da bitməyib. Daha bir neçə min də "xərci" çıxıb. Növbəti görüşlərə isə daha yüksək "vəzifəli" şəxslər gəlib: "Sonra Elxan yenə zəng elədi. Dedi ki, yaxında Qubaya gələcək, oğlunun ad günüdür. Söylədi ki, ona əmi kimi hədiyyə alım. Məndən yeni çıxan “İphone” almağımı istədi. Mən də razılaşıb, aldım. 2-3 gün keçəndən sonra Elxan zəng elədi ki, Qubaya gəlirik. Sən də gəl, görüşək. Mən də razılaşdım ki, gələcəm. Qubaya gedəndə Elxanla 3 nəfər gəlmişdi. Birini general kimi, birini də Prezident Administrasiyasının vəzifəli şəxsi kimi təqdim elədi. Bir nəfər də sürücü Mübariz idi. Elxan məni çölə çıxardı. Dedi ki, mən sürücü deyiləm. Özünü DTX polkovniki kimi təqdim elədi. Hirsli-hirsli bildirdi ki, Administrasiyadan gələn qonağa vermək üçün 20 min lazımdır. Həm də mənə xəbərdarlıq elədi ki, nəzarətdəsən. Mən də dedim ki, o qədər pulum yoxdur. 5 minə razılaşdıq və Bakıya gələndə də 5 mini verdim. Cəmi 125 min manat nağd pul verdim, 1900 manat dəyərində də telefon aldım".
Amma plan burda da bitməyib. Bu dəfə isə ortaya Hətəmxan Çobanov çıxıb. Həkim danışıb ki, sonuncu söhbətlərdən bir neçə gün sonra Hətəmxan ona zəng edib: "Dedi ki, görüşməliyik. Gəlib Elxanın, Rövşənin mənə qarşı elədiklərindən danışdı. Mən də burda danışdıqlarımı eyni ilə ona danışdım. Söylədi ki, olanları yuxarılara çatdırmalıyıq. Özünü elə aparırdı ki, guya mənim halıma yanır. Sən demə buna pul çatmadığı üçün yanırmış. Bu vəziyyətdən istifadə edib o da məndən pul almaq istəyirdi".
Həbs edilən Elxan baş həkimin yalan danışdığını deyib. O bildirib ki, baş həkim vəzifəyə getmək üçün onunla danışıb: "Mən etdiklərimi deyirəm. Əməlimi etiraf edirəm. Amma bu baş həkim yalan danışır. Düzdür, mən baş həkimi aldatmışam. Amma ona hədə-qorxu gəlməmişəm. Vəzifəli şəxsin adını çəkib ondan pul almışam. Həmin pulla Mübariz Zeynalov Sumqayıta baş həkim gedəcəkdi. Bunu da baş həkim özü istəyirdi. Mən hardan bilirdim ki, Sumqayıta baş həkim lazımdır? Bunu mənə Mübariz demişdi. İndi burda yalan danışır. Özü rüşvət vermişdi, məsuliyyətdən yayınmağa çalışır".
Suallara cavab verən Elxan pulu geri qaytardığını deyib: "Həkimdən aldığım pulla xaricdən 3 maşın gətirmişdim. Sonra onları satıb pulu qaytardım".
Baş həkim Mübariz Zeynalov təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını deyib.
Maraqlı məqam isə pulu Mübariz Zeynalova kimin qaytarmasıdır. Çünki nə baş həkim, nə də Elxan ad çəkmir. Mübariz Zeynalov pulu tanımadığı şəxslərdən aldığını deyib. Elxan isə "tanışlarım aparıb" deməklə kifayətlənib.
Bu işdə tərəflərin ifadələrində adı keçən Ələkbər Həsənov var idi. Bu işdə adı dəfələrlə hallanan, "Nüfuzlu Həsənovlardandır", "Hörmətli Ələkbər müəllim" kimi təqdim edilən şəxs hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun qardaşıdır.
Ələkbər Həsənov əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyib. Sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamentində olub. Ələkbər Həsənov həbs edilən şəxslərdən Elxan Hümbətovun dayısıdır. Elə Ələkbər Həsənovun vasitəsi ilə Mübariz Zeynalov Qusardan Sumqayıta baş həkim göndəriləcəkmiş. 125 min manat da məhz bunun üçün baş həkimdən alınıb.

İlkin Muradov                  musavat.com

Комментариев нет:

Отправить комментарий