"Azərbaycan dili də türkcə oxumağın, türk kanallarına baxmağın nəticəsində gorbagor olub"
"Rus ədəbiyyatını Azərbaycan dilində oxumaq imkanı olduğu halda, rus ədəbiyyatını türkcə oxumaq, təxminən ona bənzəyir ki, bulaq suyunu kənara qoyub, gedib kanalizasiya suyu içirsən"
Dedim bir baxım görüm bizimkilər nə oxuyurlar, oxuduqları haqqında necə danışırlar, hansı kitabları oxumağı tövsiyə edirlər. Kitab blogerlərini nəzərdə tutmaqdayam.
Youtube-da eşələndim. Qarşıma bir gənc çıxdı. Gənc, Tolstoyun hekayələri haqqında danışırdı. Bura qədər hər şey yaxşıdır. Bir gəncin Tolstoyun hekayələrini oxumasına, Tolstoyun hekayələri haqqında danışmasına ancaq sevinmək olar. Amma…
Məsələnin amması ondan ibarətdir ki, bu gənc Tolstoyu türkcə oxumuşdu.
Bir azərbaycanlı gənc ən azı aşağıdakı səbəblərə görə Tolstoyu türkcə oxumamalıdır.
1. Türk dilində oxumaq, gənclərdə tənbəllik, arxayınlıq (həmçinin xarici dil bilmək illüziyası) yaradır. Türk dilini bilmək, xarici dil bilmək sayılmır. Bunu hər bir kəs dərindən dərk etməlidir. Türkcəni bilməklə, türk dilində kitab oxumaqla heç kim özünü aldatmasın. Özünə hörmət edən, qarşısına ciddi məqsədlər qoymuş, öz məqsədlərinə doğru inamla, inadla addımlamaq istəyən gənclər alman, fransız, ispan, italyan, yapon dillərindən birini mütləq dərindən öyrənməlidirlər.
Sırf mövzumuza gəldikdə isə, gənc adam Tolstoyu rusca oxumalıdır. Niyə də yox? Bunun üçün sadəcə sosial şəbəkələrdə saatlarla avarlanmamaq, dil öyrənmək istiqamətində nizam-intizamlı olmaq, iradə nümayiş etdirmək, bu mübarək yolda əziyyət çəkmək lazımdır. Vəssalam!
2. Xüsusən yaradıcılıqla, yazı-pozu işləriylə məşğul olan gənclər türkcə oxumağı, türk kanallarına baxmağı özlərinə sərt şəkildə qadağan etməlidirlər. Türk dili Azərbaycan dilinə yaxın dil olduğu üçün türk dilində oxuyan, türk dilində filmlərə baxan adamların dili özlərinin də xəbərləri olmadan, özləri də hiss etmədən tədricən pozulur. Pozulmuş dili sonra bərpa etmək olduqca çətindir. Bunun üçün gərək Azərbaycan dilində yazılmış çoxlu əsərlər oxuyasan. Azərbaycan dilini kifayət qədər yaxşı bilən, şəxsən tanıdığım neçə-neçə adamın dilini türk dili pozdu. İndi nə yazdıqlarını heç özləri də başa düşmürlər. Tam türk dilində yaza bilmirlər. Azərbaycan dili də türkcə oxumağın, türk kanallarına baxmağın nəticəsində gorbagor olub. Qalıblar ortada. Necə deyərlər, ərdən də olublar, oynaşdan da.
Ümumiyyətlə, hansı mətndə türk sözünə rast gəlirəmsə, özümdən asılı deyil, mətn gözümdən tamam düşür, mətnə qətiyyən ciddi münasibət göstərə bilmirəm. Yaxınlarda Sevda Sultanovanın bir yazısında “duyğu sümürüsü” sözlərinə rast gəldim. Lütfən, Sevda müəllimə zərrə qədər də inciməsin, “duyğu sümürüsü” sözlərinə rast gələndə yazı gözümdən tamam düşdü. Müəllifə xeyli əsəbləşdim. Buna əsasım, haqqım vardı. Uşaq-muşaq “duyğu sümürüsü”, “alqılamaq”, “sorğulamaq”, “ayarlamaq”, “küçümsəmək” kimi əttökən sözlərdən istifadə edəndə, çətin də olsa hardasa onları başa düşmək, onları birtəhər yola vermək olur. Şah Abbası taxtda, Nadiri qundaqda görmüş Sevda Sultanova kimi təcrübəli qələm adamları əttökən türk sözlərindən yazılarda istifadə edəndə, onları başa düşmək heç cür mümkün olmur. Hər şeyi öz adı ilə çağırsaq, bunun adı banal yüngüllükdür.
3. Rus ədəbiyyatına, xüsusən rus klassikasına aid ciddi, vacib əsərlərin demək olar ki, hamısı (nadir istisnalar ola bilər) Azərbaycan dilinə tərcümə olunub. Bir türk tərcüməçisi hansısa bir rus romanını azərbaycanlı tərcüməçidən yaxşı tərcümə edə bilməz. Söhbət burada təkcə dili yaxşı bilib-bilməməkdən getmir. Söhbət burada ondan gedir ki, türklər ümumiyyətlə Rusiyanı, rusları yerli-dibli tanımırlar. Kim hansısa bir rus romanını türkcə oxuyubsa, belə hesab etsin ki, əsəri oxumayıb. Ən yaxşı halda əsərin məzmunu ilə tanış olub. Rus ədəbiyyatını Azərbaycan dilində oxumaq imkanı olduğu halda, rus ədəbiyyatını türkcə oxumaq, təxminən ona bənzəyir ki, bulaq suyunu kənara qoyub, gedib kanalizasiya suyu içirsən.
4. Ən nəhayət, bir türk tərcüməsinə necə inanmaq, bir türk tərcüməçisinə necə etibar etmək olar? Bir türk tərcüməçisi sevgilisinə yazdığı məktubu, özünün həyata baxışını, həyat fəlsəfəsini tərcümə etdiyi əsərin içində çox rahatlıqla “əridə” bilər. Qəti şəkildə inanıram ki, bunu edənlər olub. /abzas.org/
Комментариев нет:
Отправить комментарий