“Son zamanlar İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsi regional əməkdaşlığa təhdid kimi dəyərləndirilə bilər. Halbuki Azərbaycan və İranı minilliklər boyu böyük tarixi köklər bağlayır”.
Bunu bakupost.az -a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Onun sözlərinə görə, hələ dünya siyasəti xəritəsində nə İsrail, nə də Pakistan olmayanda İranda minillər boyu türk hökmranlığı mövcud idi: “Bəzən bizdə təəssüf hissi ilə qeyd edilir ki, İranda güclü erməni diasporu fəaliyyət göstərir. Bəli, doğrudur, məhz diaspora. Çünki ermənilər vətənsiz xalq olaraq yaşadıqları hər ölkədə bir diaspora, icmadırlar. Azərbaycanlılar isə İranın köklü sakinləridir, bura onların doğma yurdudur. Azərbaycan dövlətçiliyinin minillər boyu təşəkkül tapdığı coğrafiya məhz indiki İran ərazisidir. Təbii ki orada Əhəmənilər, Sasanilər kimi qədim fars imperiyaları olub. Lakin ərəb istilalarından sonra orada Türk hökmranlığı qurulub. İran bizim üçün yad dövlət deyil, doğma torpaqlardır. Təbii ki ideoloji fərq var. Ən azından ona görə ki Azərbaycan dünyəvi, İran dini dövlətdir. Lakin bu bizim minillik boyu yaranmış bağlılığımızı, tarixi köklərimizin eyniliyini inkar edə bilməz. Təəssüf doğuran odur ki, böyük ölkələrin geosiyasi qarşıdurması məhz bizim sərhədlərdə baş verir. İsrail və İran arasında Yaxın Şərqdə onillərdir ki, bir sıra səbəblərdən hegemonluq savaşı geniş vüsət alıb. İndi isə həmin qarşıdurmanın davamı artıq İranın şimal sərhədlərində davam edir. Burda əlbəttə ki təhdid altında olan ilk növbədə Azərbaycandır. Halbuki Azərbaycan və İranın, eləcə də region ölkələrinin çox gözəl əməkdaşlıq potensialı var. Yəqin ki sular durulduqdan sonra bu əməkdaşlıq davam edəcək və daha da genişlənəcək”.
Politoloq qeyd edib ki, bölgə böyük bir müharibədən çıxıb: "İşğalçı Ermənistan öz aqressiv siyasətinin cavabını müəyyən qədər verməli olub və belə bir şəraitdə yeni əməkdaşlıq üfüqləri açılıb. Regionun yeni gərginliyə sürüklənməsi olduqca yanlış bir seçimdir. Ən böyük təhlükə aradan qaldırılıb və hətta müəyyən şərtlər daxilində Ermənistanın özünün belə bu əməkdaşlıq platformalarına qoşulması məsələləri müzakirə olunur. Belə bir şəraitdə gərginlikdən, qarşıdurmadan yayınmaq ən vacib şərtdir. Azərbaycan qalib ölkə olaraq şərtləri diqtə etmək hüququ qazanıb, bu haqqı onun əlindən heç kəs ala bilməz”.
Комментариев нет:
Отправить комментарий