Kamil Məmmədov proqramçıdır (r: güya), yaxşı qazanır. Neçə illik qazancına Badamdarda 6 sot yer almışdı. Sonra 10-15 min manat da yığmışdı, ev tikmək istəyirdi. Qanunpərəst olduğundan Mülki Məcəlləni yaxşı oxumuşdu – 3 mərtəbəli ev tikmək üçün heç bir icazəyə gərək yox idi. Amma tikintiyə başlaya bilmədi, bünövrəni yenicə qazdırmışdı ki, əvvəl “ÇPA” gəldi, sonra qəsəbə nümayəndəliyinin adamı, daha sonra Səbail “icrası”ndan gəldilər. Dedilər ki, Mülki Məcəlləni qoy qırağa, o keçmir – əsas qanundur, qanunla rayon İH-dan təsdiq edilmiş layihən olmalıdır, yoxsa evə “kupça” da ala bilməzsən. Kamil qardaş üz tutdu rayon İH-ya, orada dedilər ki, bu funksiya Bakı İH-ya verilib. Meriyadan isə dedilər ki, gözlə, məsələyə ümumi baxacağıq.
Kamil Məmmədov Bakı və ətrafında bu cür problemi olan minlərlə adamdan biridir, amma məsələni bu cür radikal həll etməyi qərara almış bəlkə də tək insandır. Bakı ətrafında oxşar “üsulla” tikilmiş 300 minə yaxın ev sahibinin də buna oxşar problemi var – öz qazancları ilə tikdikləri evlərə sənəd ala bilmirlər, ailələrini qeydiyyata salmaq üçün ünvan ala bilmirlər, həmçinin yaşadıqları evin nə vaxtsa məmur traktorları tərəfindən söküləcəyinin qorxusu altında yaşayırlar. Əksər ekspertlər deyir ki, problem həll olunmazsa, həmin şəxslərin də Kamil Məmmədovun yolunu gedəcəyi qorxusu var. Bu isə ölkə üçün böyük sosial problemə çevrilərdi – birdən birə 1,5 milyon adamın mühacirət sevdasına düşməsi ölkənin beynəlxal imici bir yana, əmlak, əmək və istehlak bazarlarını uçuruma aparardı. Amma…
Milli Məclisdə hazırlanan Tikinti və Şəhərsalma Məcəlləsi bu məsələni kökündən, yəni dövlətin və vətəndaşın xeyrinə həll etməyə imkan verə bilər. Bu barədə Milli Məclisin “İnzibati və hərbi qanunvericilik” şöbəsinin müdir müavini Səyyad Kərimov Əmlak Məsələləri Dövlət Komitəsinin “Daşınmaz Əmlak” jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Milli Məclisdə hazırlanan Tikinti və Şəhərsalma Məcəlləsinə əsasən fərdi yaşayış evlərinin tikintisilə bağlı proseslər ciddi surətdə sadələşdiriləcək. Sənəddə nəzərdə tutulan yeni qaydalar fərdi yaşayış evlərinin qısa vaxt ərzində rəsmiləşdirilməsinə və istifadəyə verilməsinə imkan verəcək. Tikintiyə icazə veriləndə isə tikili layihəsinin bu sxemə uyğun olub-olmamağı yoxlanacaq.
Yeni qaydalara görə, fərdi yaşayış evlərinin tikintisinə icazə tələb olunmayacaq. S.Kərimovun sözlərinə görə, indiyədək fərdi evlərin tikintisi üçün müvafiq icra hakimiyyətindən icazə tələb olunurdusa, məcəllədə bu, “məlumatlandırma icraatı” ilə əvəz olunub. Yəni ev tikmək istəyən vətəndaş onun layihəsini hazırlayır və həmin layihəni ərizə ilə birlikdə tikintiyə icazə verən quruma göndərir. Bu proses məlumat xarakterli olduğu üçün “məlumatlandırma icraatı” adlanır: “Yəni şəxs tikintiyə icazə verən qurumu məlumatlandırır ki, bu mənim layihəmdir. Bu layihəyə uyğun ev tikirəm”.
Tikintiyə icazə verən qurum layihəni nəzərdən keçirir və onun şəhərsalma planına uyğun olub-olmadığını yoxlayır. Layihəni alan qurumun tikinti sahibinə iradını 30 gün müddətində bildirməlidir: “İrad bildirmə tikintiyə icazə verməmək deyil. İrad bildirən müvafiq qurum layihənin şəhərsalma planına uyğun olmadığını deyə bilər. Bu iradlar da konkret normalara əsaslanmalıdır”.
İrad əsasında göstəriş tərtib olunur və şəxs bu göstərişi yerinə yetirdikdən sonra işə başlayır. İrad olmadığı halda isə şəxs 30 gün sonra tikintiyə başlaya bilər. Amma bu qayda istənilən fərdi ev üçün yox, yalnız mərtəbələrinin sayı üçdən, hündürlüyü 12 metrdən çox olmayan yaşayış evlərinə aiddir.
Şəhər planlaşdırması üzrə ekspert Fuad Cəfərli ANS PRESS-ə açıqlamasında yeni qaydaların dünyada qəbul olunmuş prosedurlardan qaynaqlandığını bildirdi. “Qərb ölkələrində fərdi tikintiyə icazə almaq sadələşdirilmiş prosedurdır. Avropa ölkələrində də, hansısa fərd ev tikmək istəyirsə, uzun-uzadı prosedurdan keçmirsən. Sadəcə olaraq evin layihəsini yerli hakimiyyət orqanına təqdim edirsən. Onlar da torpağın xüsusiyyətilə bağlı məsələni 1 iş həftəsi ərzində həll edir”.
Ekspertin fikrincə, bu qaydalar qəbul edilərsə və onun icrasına başlanarsa, bir çox problemlər həllini tapacaq. “Bu zaman müəyyən bürokratik əngəllər aradan qalxar. Korrupsiya problemləri də həll oluna bilər. Süni əngəllər, rüşvət alma hallarının qarşısı alınar”.
Millət vəkili Vahid Əhmədov da ANS PRESS-ə açıqlamasında yeni qaydaların qəbulu zamanı fərdi evlərin tikintisi sahəsindəki problemlərin bəzilərinin həll ediləcəyini bildirib. “İnsanlar daha az quruma müraciət edəcək. Yəni yalnız 1 quruma müraciət edəcək. Bu zaman vətəndaşlar vaxta da qənaət etmiş olacaq. Həm də, onlardan əlavə rüşvət tələb edən olmayacaq”.
Ekspertlərin fikrincə, əgər yeni qaydaları qəbul olarsa, bu zaman bəzi problemlər də yaranacaq. Fuad Cəfərli hesab edir ki, yeni qaydaların tətbiqinə başlamazdan əvvəl sadəcə olaraq bu prosesi öyrənmək lazımdır.
Ekspertin fikrincə, bu qaydaların tətbiqi zamanı Bakının ərazisi həddən artıq genişlənə bilər. Amerika təcrübəsində bu səbəbdən bir çox neqativ hallar müşahidə olunur. Ərazilərdə nəqliyyat sıxlığı yaranıb. “Azərbaycanda çoxsaylı sənədsiz fərdi tikinililər var. Bundan əlavə, çox sayda vətəndaş fərdi ev tikmək niyyətindədir. Əgər bu liberallaşma baş verəcəksə, bunun özünü də analiz etmək lazımdır. Çünki, planlaşdırma baxımından qarşımıza bir çox problemlər çıxa bilər. Dizayn baxımından görüntüdə problem yaranacaq. Əhali sıxlığı yaranacaq. Yaxşı olar ki, bu addım atılan zaman bütün sahələrin peşəkar mütəxəssislərilə məsləhətləşmələr aparılsın”.
Ekspertin fikrincə, bu qaydaların tətbiqi zamanı Bakının ərazisi həddən artıq genişlənə bilər. Amerika təcrübəsində bu səbəbdən bir çox neqativ hallar müşahidə olunur. Ərazilərdə nəqliyyat sıxlığı yaranıb. “Azərbaycanda çoxsaylı sənədsiz fərdi tikinililər var. Bundan əlavə, çox sayda vətəndaş fərdi ev tikmək niyyətindədir. Əgər bu liberallaşma baş verəcəksə, bunun özünü də analiz etmək lazımdır. Çünki, planlaşdırma baxımından qarşımıza bir çox problemlər çıxa bilər. Dizayn baxımından görüntüdə problem yaranacaq. Əhali sıxlığı yaranacaq. Yaxşı olar ki, bu addım atılan zaman bütün sahələrin peşəkar mütəxəssislərilə məsləhətləşmələr aparılsın”.
Vahid Əhmədovun fikrincə isə fərdi ev tikərkən istənilən halda İcra Hakimiyyəti orqanları, yaxud Bakı şəhər İcra Hakimiyyəti orqanlarının razılığını almaq lazımdır. Tikinti zamanı texniki şərtlərə riayət etmək lazımdır. “Evin texniki şərtləri olmalıdır. Elektrik enerjisi, qaz, su və digər məsələlər həll edilməlidir. Özbaşına ev tikmək olmaz”.
Millət vəkili Tikinti və Şəhərsalma Məcəlləsinə əlavələrin necə icra olunmasının sentyabrda müzakirə zamanı məlum olacağını bildirdi. V.Əhmədov da burada müəyyən problemlərin yaranacağından ehtiyat etdiyini vurğuladı. “İnsanlar harada istədi ev tikəcək. Evin layihəsini göndərəcəklər və sonra onun cavabını gözləməyəcəklər. Digər problemlər də yarana bilər”.
Azərbaycan Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev isə ANS PRESS-ə açıqlamasında məcəllənin sadələşdirilməsi istiqamətində qaydaların qəbul edilməsində heç bir mənfi cəhətin olmadığını bildirdi: “Bu məsələ müzakirə edilir. İş sadələşdirilir. Bu insanların evə, mənzillərə ehtiyacını ödəmək üçün nəzərdə tutulub. Düşünürəm ki, bu məsələdə mənfi cəhət axtarmaq olmaz. Sadəcə bu addımın atılması üçün müəyyən vaxtın çatıb-çatmaması nəzərə alınmalıdır”.
Bu məsələ ilə İcra Hakimiyyətinin memarlıq, şəhərsalma məsələlərilə məşğul olan strukturu, yaxud tikinti şöbəsi və s. maraqlanacaq. Bu o demək olmayacaq ki, vətəndaş hansısa rayondan gəlib Bakıda xüsusi icazə istəyəcək. Bakının baş planı olacaq. Baş plana uyğun planlaşdırma layihəsi olacaq. Həmin planlaşdırma layihəsinə uyğun olaraq hansısa insan ev tikəcəksə, layihəsini rayon icra hakimiyyətinə təqdim edəcək. Cahangir Qocayevin sözlərinə görə, gələcəkdə elektron hökumət işləyəndən sonra vətəndaşın İcra Hakimiyyətinə getməsinə də ehtiyac olmayacaq. Layihə və sənədləri elektron poçt vasitəsilə göndərmək, elə elektron poçt vasitəsilə də onlardan cavab alamaq mümkün olacaq. Sadə dillə desək, vətəndaş hansısa kənddə ona məxsus torpaqda ev tikmək istəyir. O evin layihəsini hazırlayıb, kompüter vasitəsilə müvafiq quruma göndərə və komputer vasitəsilə də cavabını ala biləcək.
Qeyd edək ki, ev tikmək üçün torpağın şəhadətnaməsi, torpağın ayrılması haqqında bələdiyyənin qərarı, pay torpağını təsdiq edən hansısa sənəd və s. lazımdır. Təzə qaydalar qüvvəyə minərsə, bu zaman vətəndaşlar rahat şəkildə evlərini tikə bilər. Bu zaman polislər belə, həmin vətəndaşın tikintisinə müdaxilə edə bilməz. Polis yalnız tikinti ilə bağlı qurum məhkəməyə müraciət edəndən və məhkəmə tikintini dayandırmaq barədə qərar verəndən sonra müdaxilə edə bilər.
anspress.com
Комментариев нет:
Отправить комментарий