21.12.2011

"MƏN VƏTƏN XAİNİ DEYİLƏM"


Zərdüşt Əlizadə: "NATO ancaq ora üzv olan dövlətlərin iqtisadi-siyasi maraqlarını müdafiə edir. Müdafiə etdikləri dövlətlərin xalqları onların vecinə deyil"

“Rusiya və İran Suriyanı qərbin işğalından qorumaq istəyir”

Müsahibim politoloq Zərdüşt Əlizadədir


- Zərdüşt bəy, hal-hazırda Azərbaycanda geosiyasi vəziyyət necədir?
- Gözəl! Hamı razıdır, hökümət razıdır, müxalifət razıdır, camaat razıdır. Heç kim ciddi-cəhd etməyib. Əgər etməyibsə, demək razıdırlar. Etiraz edənlər də azlıqdadırlar. Onların da nəyisə dəyişmək üçün müsbət, qurucu alternativi yoxdur. Sadəcə deyirlər ki, siz çəkilin, biz gələk hakimiyyətə. Hakimiyyət çəkilmək istəmir. Onların da gücü yoxdur ki, hakimiyyəti çəksinlər. Onların xalq tərəfindən dəstəklənən təklifləri yoxdur.


- Azərbaycanda nüfuz uğrunda indi hansı dövlətlər mübarizə aparırlar?
- Azərbaycan açıq cıdır meydanıdır. Kimin ürəyi istəyir, gətirir burada qatırını, atını, eşşəyini çapır.
- Azərbaycanın xarici siyasəti sizcə, düzgündürmü?
- Azərbaycanın xarici siyasəti daxili siyasətin davamıdır. Hakim zümrənin ölkəni qarət etməsindən ibarətdir. Xarici siyasət də bunu təmin etməyə yönəlib.
- Ərəb ölkələrində baş verən hadisələri necə qiymətləndirirsiniz?
- Hakim zümrələrin daxilində çat əmələ gəlib. Ölkənin inkişafı üçün yeni istiqamətlər axtarırlar. Xeyli vaxt lazımdır ki, vəziyyət yaxşılaşsın.
- Sizcə, Qəddafi döyüşləri davam etdirməkdə düzgün hərəkət edirmi?
- Bu insanın xarakteri belədir. Bu bədəvi xarakteridir. Bədəvi kimi o təslim olmağı öyrənməyib, ona görə döyüşür.
- Suriyanın işğal olunmaq ehtimalı varmı?
- Heç nəyi istisna etmək olmaz. Hər şey qərb dövlətlərindən asılıdır. Rusiya və İran Suriyanı qərbin işğalından qorumaq istəyir. Hər iki tərəf Bəşər Əsədə məsləhət görür ki, islahatlar etsin.
- Azərbaycanda NATO-nun müdaxiləsi ilə inqilab olmasını istərdinizmi?
- Xeyr, heç bir dövlətin Azərbaycana müdaxiləsini istəməzdim. Mən vətən xaini deyiləm. NATO ancaq ora üzv olan dövlətlərin iqtisadi-siyasi maraqlarını müdafiə edir. Müdafiə etdikləri dövlətlərin xalqları onların vecinə deyil. Bizə NATO ilə əməkdaşlıq lazım deyil. 



Cəfər

Комментариев нет:

Отправить комментарий