Oktay Hacımusalı: “İstədim bu romanla Elçin Hüseynbəyli demiş bir “master – klass” dərsi keçim”...
“Baxdım ki, neçə ildir, bu dəyrmanın boğazından hələ üç – beş sağ çıxanlardanam”
“Roman olar “Qılınc və qələm” kimi – səkkiz yüz əlli səhifə. Yetmiş səhifəlik roman olar?”
Qonağımız bir neçə gün öncə “Bu vaxtın sahibi” kitabı işıq üzü görmüş Oktay Hacımusalıdır.
-Bir az təzə kitabın haqqında danış...
-Rövşən, kitab deyəndə bu mənim gündəliklərimin bir hissəsidir. Özü də elə bir hissəsidir ki, o hissələr mənim həyatımın ən təlatümlü parçalardır. Özümlə durmadan döyüşdüyüm, özümü tapmağa çalışdığım vaxtlardır. Bir az da sahibləndiyim, bəlkə də sahiblənə bildiyim vaxtların bir qismidir ki, mən onu oxucumun qarşısına qoymuşam ki, mən buyam. Yəni, bir növ belə deyək də, açmışam sandığı, tökmüşəm pambığı!
-Tam aça bilmisən səncə?
- Kim həyatını bütünlüklə kiməsə danışar? Insan həyatının elə anları var ki, o anları bəlkə də gətirib başına güllə də dirəsən kiməsə - yaxın olsun, uzaq olsun - danışmaz. Amma bizdə- yazarlarda bir üstünlük var ki, biz danışmırıq. Qələmimiz danışır. Hardasa özümüzə haqq qazandıra bilirik ki, mən hətta bəzi şeylər var danışmazdım, bir də gözümü açdım gördüm artıq yazmışam.
-Deyirsən ki, gündəlikdir yazdıqların...
-Roman – gündəlik...
-Olsun lap roman – gündəlik... Yəni, oxucu dəqiq düşünsün ki, bu yaşananlar elə bir başa Oktay Hacımusalının başına gəlib?
-Oktay artıq neçə illərdir Sözdə bişib, Sözdə yoğrulub və ən əsası da Sözün əsarətindən də başqa bir əsarət tanımayıb. Bu gün də davam edir bu. Və buna sevinirəm əslində. Zövq alıram bundan. Özümü yazıram. Təbii ki, kim cəmiyyətdən təcrid oluna bilər indiki dövrdə? Allah haqqı, adamı topa tutarlar.
-Bəs orda adını çəkdiklərin səni topa tutmaz?
-Gəlsinlər, sübut eləsinlər, lap topun ağzına qoysunlar!
- Birdən işdi də, sübut elədilər...
-Nəyi sübut eləyəcəklər? Çıxıb deyəcəklər ki,bu kitab məndən yazılıb? Ya da hansısa ştrixlər mənim haqqımdadı? Çünki, əzizim, burda sevgidirsə konkret bir adama duyulan sevgidən söhbət getmir. Nifrətdirsə, yenə konkret bir adama duyuıan nifrət də deyil bu. Biz insanıq, təbii ki, Müqəddəs Ata deyilik! Əslində bu kitabı qələmə almağımın səbəbi məndən Roma papasıtək müqəddəs, ruhani olmağımı gözləyənlərdir ki, mən onlara səslənmək istəmişəm bu roman – gündəliklə.
-Nə deyirsən onlara?
-Bir az özünüz olun! Yazar nə yazırsa, nə haqqında yazırsa özünü, öz nəfsini hədəf götürməlidir. İndi bizə bir az lağlağı obyekti kimi gəlir, bu müsahibəni oxuyanlar da deyəcək ki, bu nə dəstgahdı açıb belə, amma doğrudan da Sovet sosrealizmində olan, lakin bu gün unudulan, üstündən sükutla keçilən bir məqam var idi: yazarın özünətənqidi. Indi bizdə o, yoxdur. Mən çalışmışam ki, birinci tənqidə özümdən başlayım. Birinci özümə ironiya eləyim. Eyni zamanda özümü tənqid eləyə - eləyə, özümə ironiya ilə yanaşa – yanaşa cəmiyyətə öz rakursumdan baxım. Oxucunu da çox yox, bir neçə saatlıq da olsa aparım ora. Qoy getsin də, nə olar olar!
-Bilənlər bilir, bilməyənlərin də qulluğuna ərz eləyək ki, roman əjdəhadır. Dünən iki şeir yazıb, şeirinə mahnı yazdırıb klip çəkdirib səhərisi aləmə car çəkib roman yazdığını iddia edirsə, ya da kimsə dünən əlinə qələm alan kimi birbaşa “roman” yazırsa, onların fövqündə dayanan, bir az dayanmalı olan mən – Oktay Hacımusalı baxdım ki, neçə ildir, bu dəyrmanın boğazından hələ üç – beş sağ çıxanlardanam. İstədim Elçin Hüseynbəyli demiş bir master – klass dərsi keçim bunlara.
-Nə? “Master klass”?
-Zarafat eləyirəm... Nə “master klass”ı? Mən nə karəyəm? Belə baxanda təqdimat eləsəm gəlib əlli nəfər kitabımı almayacaq. Amma bəzi kitab təqdimatlarında kitab satışı tavana çıxır. On min kitab alınır. Onların yanında mən kiməm? Amma, Tehran müəlllim incisə də, deyəcəyəm ki, bura mənim doğma “ərazimdir”. Yəni, ədəbiyyat! Bizim ərazimizdir – təpədən – dırnağa işi – peşəsi yazmaq olanların! O birilərsə gəlsinlər bizim ərazimizdə qonağımız olsunlar, əl tutsunlar, kitabımızı alsınlar, bir az cümlə qurmağı öyrənsinlər! Biz də onlarla şirin – şirin danışaq. Amma bizim ailə üzvümüzə çevrilmək – buna artıq məhz master – klass dərsləri keçərək cavab vermək lazımdır. Əslində, bilənlər bilir ki, mən bu kitabı yazana kimi özümü müxtəlif ədəbi janrlarda sınamışam, bu gün də sınamaqdayam. Yəni, ədəbiyyat adamlarını təbiri – caizsə, fəsilələrə ayırmağın tərəfdarı deyiləm. Və hansı birimiz oturub yazmağa başlayanda deyirik ki, mən bu gün bunu yazacağam? Elə yazanlar varsa da, mən sizi əmin edirəm onun yazdıqları “varaqla məni, araqla məni”dən o yana keçməyəcək...
-Yazdığın roman, ya da roman – gündəlik satışda olan digər kitablarla rəqabət apara biləcəkmi?
-Məncə, hə! Bəziləri öyrəşib ki, roman olar “Qılınc və qələm” kimi – səkkiz yüz əlli səhifə. Adamı ürəyi çəkilər e. Özü də indiki oxucunun. Indiki oxucunun ürəyinə yol tapmaq istəyirsən, qısa yaz. Bəziləri indi soruşacaq ki, yetmiş səhifəlik roman olar? Olanda olur da. Mən işin çəmini bilən adamam. Bu gün neçə - neçə əlindən tutub özünüreklamı öyrətdiklərim var ədəbi mühitdə. Və inanıram ki, nəyi var reklam eləyəcəyəm bu kitabı. Bəlkə də elə bir məqam gəlib çatacaq ki, kimlərsə bu kitabdan narahat olub onun yığışdırılmasına çalışacaqlar...
-Hətta....
-Hə, hətta!... Amma getsinlər yığışdırsınlar da!... Nə dəyişəcək? Bunu mən yazmışam.
-Bundan sonrakı planların nədir?
- Allah qoysa “Malvuran”ı gözləyin! Sona xalanın uşaqlarının həyatını!
Söhbətləşdi: Rövşən Danyeri adyazar.az
Комментариев нет:
Отправить комментарий