26.12.2011

Qərbin bizdən razı qaldığı tək cəhət


Zaur Bayramlı
"Millətim" qəzeti

Deyəsən yeraltı-yerüstü sərvətlərimizlə öyündüyümüz məmləkətin bəhrəsini də Qərb görməkdədir. Ölkəmizə qədəm qoyan Qərb təmsilçiləri inkişafımızdan məmnunluq hiss edərək, kübarcasına bir razılığı da əsirgəmirlər. Azərbaycanda razı qalınası və təqdir olunası bir cəhət var: Tolerantlıq.
Bu məsələyə münasibət bildirməzdən öncə onu vurğulamağa gərək var ki, niyə məhz ölkəmizin inkişafından da qonaqlar razıdır. Bu ona görə belədir ki, məhz inkişafı da onlar görürlər. Çünki onların yerləşdiyi müasir otelləri və müşahidə etdiyi yenilikləri məmləkətin gündəlik qayğılarla əhatə olunmuş "qara camaatı" sadəcə olaraq görmək imkanında deyillər.

İndi isə gələk, Qərb züyçülərinin (onların belə adlandırılması daha düzgün görünür) Azərbaycanda tolerantlığı alqışlamağının başlıca səbəblərinə. Bəri başdan deyək ki, Azərbaycanın sivil inkişaf yoluna heç bir dəstək verməyən, onun işğal altında olan ərazilərinə münasibətdə riyakarcasına davranan Qərbin Azərbaycanda razı qaldığı hər hansı bir şərtə belə şübhəli yanaşmağa kifayət qədər əsas var. Yalnız Azərbaycana məxsus sərvətlərə şəriklik zamanı özünü Azərbaycana strateji müttəfiq hesab edən Qərbin, digər bütün məsələlərdə riyakarlığı (bunu bir qədər mədəni şəkildə "ikili standartı" ifadəsi ilə çatdırırlar) istər-istəməz onların ölkəmizdən razı qaldığı bir məsələdən də şübhələnməyə əsas verir.
Hazırda Azərbaycandakı tolerantlıqdan ağız dolusu danışan Qərbin bu günkü mövqeyi, onun keçən əsrin 50-ci illərində qəbul etdiyi "ideologiyasızlaşdırma" dəst-xəttini yada salır. Məlum olduğu kimi Qərb həmin addımı ilə yenicə milli müstəqillik yoluna qədəm qoymuş dövlətləri ideoloji baxımdan sarpdırmaq, onları daha asanşəkildə öz təsiri altına salmaq üçün atmışdılar. Bu mənada Azərbaycanda tolerantlığın alqışlanması fikri bir təftiş tələb edir. Bəri başdan deyim ki, mənim tolerantlığa heç bir pis yanaşımım yoxdur. Çünki sivil dünya özü bu yolun qəbul olunmasını alqışlayır. Bununla belə bu məsələdə Qərbin baxışlarındakı qeyri səmimiliyi ortaya çıxarmaq üçün onların tolerantlıqla bağlı fikirlərinə münasibət bildirmək istəyirəm.
Əvvəla tolerantlıq alqışlanası bir cəhətdirsə, Qərb özü niyə ona hörmətlə yanaşmır? Bu hörmətsizliyi biz ilk növbədə Qərbdə islam dininə qarşı münasibətdə görürük. İslam dininə qarşı münasibətdə olan eybəcərlikləri belə Qərb siyasiləri insan azadlığının bir ölçüsü kimi təqdim etməyə çalışırlar. Baxmayaraq ki, vaxtaşırı islam dininə qarşıhücum edənlərin içərisində tanınmış din adamları və ayrı-ayrı ölkələri təmsil edən nazir səviyyəsindəki məmurlar belə vardır. İslama qarşı aparılan bu təxribatlar totallaşanda belə Qərb nəyə görə tolerantlıqdan yararlanmağa meyl etmir.
İkincisi müşahidə olunan mövcud durum belə deməyə əsas verir ki, son 50 ildə bir çox ideoloji məsələlərdə olduğu kimi, yenə də Qərb özü əməl etmədiyi tolerantlığı özündə uydurub Şərqə "posılka" etməklə öz istəklərini təmin etmiş olur. Belə düşünməyə ona görə əsas yaranır ki, başqası üçün təqdir etdiyimiz bir məsələni özünüz niyə yaxına buraxmırsınız.
Son dövrlərdə bir sıra Qərb ölkələrində məscidlərin tikilişinə qoyulan qadağa və hətta azanın yasaq edilməsi tolerantlıqdan danışmaq üçün hansı haqqı verir? Narahatlıq doğuran daha bir ciddi amil Qərbin məhz müsəlman ölkələrində tolerantlığıalqışlaması, onları bu sırada görməyə çalışmalarıdır. Onların bu addımı daha çox ona hesablanıb ki, islam ölkələri onların dinlərinə qarşı aparılan təxribatlara adekvat cavab verməsinlər.
Bütün dinlərə hörmətlə yanaşmaq lazımdır. Ancaq bu dinlərə münasibətdə Qərbin təbliğ etdiyi tolerantlıq səviyyəsində həyata keçirilməməlidir. Unutmayaq ki, tanrının son olaraq və sonsuza qədər dünyaya göndərdiyi ən mükəmməl din olan islam dini bütün dinlərdən üstündür.

Комментариев нет:

Отправить комментарий