07.12.2011

Rafiq Tağının qatilləri ağzımızın içində...


Nilufər Muğantürk

Son günlər hamı Rafiq Tağıdan yazır... Onu sevən də, sevməyən də, ama şükür ki, hələlik hamı “ ölənin arxasıyca danışmazlar! ” prinsipinə əməl edir. Mən də yazmaq istədim. Doğrusu, təzə paltar yasa geyinilməyən kimi, çap üçün ilk yazımın qara gündən qurulmasını istəməzdim, ama... filmdə deyildiyi kimi: Dövlət bəyin ölüsü də gözəldi. Tanımadığım Rafiq Tağının ədəbiyyatından çox, məqalə və müsahibələrini oxumuşam. Son vaxtlar “dini” mövzulardan yazmağı, İran rejiminin ölkəmizdəki kəbinsiz övrətlərini, Xamneyini peyğəmbər sayan “hacılar”ı çox hövsələdən çıxarırdı... Hətta İran “ ayətullah ”ının Rafiq bəyə qarşı verdiyi fitva da heç kimin yadından çıxmayıb...

Onun “dini” mövzuda yazdığı heç bir məqalə məni qıcıqlandırmayıb, çünki mən və mənim kimi düşünənlər kim olduğumuzu, hansı dinə, necə qulluq etdiyimizi gözəl bilirik... Və həmişə Rafiq bəyin tənqidi, hardasa təhqir dolu fikirlərinin dinə, İslama, müsəlmançılığa deyil də xurafata, antiislamizmə, dinsizliyə qarşı olduğuna inanmışam...
Bəli, Rafiq bəyin yazıları məni heç vaxt qıcıqlandırmamışdı, ta ki, “M. Ə. Sabir”ə qədər. O vaxtlar, “ Azadlıq” radiosunun “Oxu Zalı”-Facebook səhifəsində də bu mövzuyla bağlı açıq debat keçirilmişdi. Mən bu fikri onda demişdim, indi də demək istəyirəm ki, yazışımızın Sabirə qarşı çıxması çox anlaşılmaz gəlir mənə.. Rafiq bəyin bu gün Sabirə qarşı çıxması, əslində 100 il sonra özünə qarşı çıxması qədər absurd gəldi mənə! Məncə bir yazarın böyüklüyü həm də ondadır ki, öz söylədiyi fikrin doğruluğuna heç vaxt şübhə etməsin! Hətta yüz il sonra da fikirləri, əsərləri aktual olsun! Bu, bəlkə də acınacaqlı haldır ki, Sabir şeirləri o dövrdə olduğu kimi, bu gün də dəyişməz, aktual qalır... Ağırdır, ama faktdır! Mənim gözümdə Rafiq Tağı Sabir qədər böyükdür!!! O, Sabiri tənqid etməklə, çoxunun unutmaqda olduğu dəyərləri, yada saldı. Sabirə qarşı çıxmaqla, yeni düşüncə sistemini ortaya çıxardı. Doğrudur, Sabirdən bir də olmayacaq ama əvəzolunmayan insan yoxdu. Sabirin ideyasını davam etdirən, milləti “ xabi-cəhalət ”dən oyatmağa çalışan Rafiqlər var və olacaq!
Bıçaqlanma xəbərini eşidəndə çox pis olmuşdum. Fikirləşirdim, sağalıb gələn kimi, ilk öncə Oxu Zalındakı fikirlərimə görə azca da olsa xətrinə dəymişəmsə, bağışlasın, deyərəm, sonra da Sabir haqda fikirləri ilə bağlı suallarımı verərəm.. Ama olmadı, ürəyimdə qaldı... Tanrının yaratdığı bəndəni, bir qarışqanı belə yarada bilməyən məxluqun məhv etməsinə, heç bir din haqq qazandıra bilməz, İslam başda olmaqla! Hələ o bəndə haqq-ədalət yazarı, böyük SÖZ adamıdırsa!
SÖZ adamını öldürmək ən böyük cinayətdir! Söz üstündə adam öldürməyin, bu cinayətin adı şərəfsizlik, nakişilikdən başqa bir şey deyil!
Bir şeyi də vurğulamaq istəyirəm ki, elə Rafiq bəyin öz dediyi kimi, “Yazarın SÖZə münasibəti əxlaqi olmalıdır!” Mövzu nə olursa, kim olursa olsun... Sıradan əxlaqsız birinə dözmək olar, onun sayıqlamalarını eşitməməzlikdən gəlmək olar. Əxlaqsız şair, əxlaqsız yazıçı, əxlaqsız ədəbiyat adamı isə ola bilməz, olmamalıdır!
Yazının əvvəllərdə “tanımadığım” sözcüyünü vurğulamağım da boşuna deyil.. Rafiq Tağı tanıdığım, hörmət etdiyim, sözünün həqiqiliyinə inandığım yazar ama heç bir şəxsi tanışlığım olmayan, səsini belə ölümündən sonra eşitdiyim, tanımadığım bir adam idi... O tanımadığım adama bıçaqlanandan bir neçə gün sonra şeir də yazmışdım, çox kədərliydim bıçaqlanma xəbərini eşidəndə ama sağ və vəziyyətinin normal olmasına çox sevinirdim...
Vurulduğunu eşidəndə, mexaniki olaraq beynimə arıq-cansız vücudu gəldi. Üşüdüm... Axı, Rafiq Tağı böyük söz sahibi, yazar, vicdanlı həkim olmağının fonunda gözəl insani keyfiyyətlərə malik idi... Axı ailəsi, balaları, dostları, sevənləri vardı. Axı, can daşıyırdı... Mənimçün dünyada Allahdan sonra, bütün dinlərdən, inanclardan, bütün qayda-qanunlardan, adət-ənənələrdən, bütün dəyərlərdən daha dəyərli, daha ötə, daha üstün bir varlıq var! O da insandır! Bəli, əlahəzrət insan!!!
Rafiq bəyin qatillərini hərə bir dərədə, hərə bir izsiz yolda axtarır. Hərə birinin oyununa gəlir. Biz (Siz) qatilləri uzaqda arayıb, öz fantaziyamızın məhsullarını millətə sırımağa çalışdığımız vaxt, cinayətkarlar yeni qurbanlarını müəyyənləşdirməklə, saxtakarlıq edib şərləməklə, planlar qurub tora salmaqla, tora sala bilmədiklərinin başına “bədbəxt hadisə” gətirməklə məşğul olacaqlar! Din məsələsini də ortaya atıb, elə ustalıqla oynadırlar ki, şübhələnməmək mümkün deyil. Ama məncə, bu cinayəti hətta İran adlanan “dövlət”in ölkəmizdəki əlaltıları etmiş olsa belə, bunun İslama, müsəlmanlığa qəti aidiyyatı yoxdur!
Məncə, Rafiq bəyin qatillərilə Ziya Bünyadovun, Elmar Hüseynovun bəlkə lap elə Rail Rzayevin qatilləri eyni “adamlar”dır! Eyni yolun yolçusu, eyni “ideya”nın sahibi, eyni meşənin çaqqallarıdır! Bu gün Rafiq Tağını qətlə yetirənlərin, dünən Bəxtiyar Hacıyevi, Cabbar Savalanı, Ülvini şərləyib, AZADLIQlarına məhdudiyyət qoyanlarla eyni nəsildən olmadığına şübhə edirəm! Məncə, Rafiq Tağı cinayətinin qatilləri həmişə “məchul” qalacaq. “Qatil” həbs olunsa belə, səbəbkar və günahkarlar azadlıqda gəzəcək. Bunun günahısa bizdədir! Dəyişə bilmədiklərimizdə. Bu ölkədə bəzən elə şeylər olur ki, ondan “Allahın da xəbəri olmur!”
Rafiq Tağı ŞƏHİD oldu! Bu fikrə görə, bəlkə məni qınayacaqlar da, ama Rafiq bəy, mənim gözümdə günümüzün ən qəhrəman şəhidlərindəndir! Bəli, qəhrəman şəhid! Çünki, R. Tağı şəxsi münasibətlər zəminində, kiməsə sataşdığına, kimisi döydüyünə, öldürdüyünə görə yox, məhz mənim, sənin demədiyimiz, deyə bilmədiyimiz SÖZləri dediyinə görə öldürüldü. SÖZ üstündə qətlə yetirildi! Bizim sözümüzün üstündə. Bizim düşmənimiz tərəfindən.Tanrı, Allah qatında da düşmən tərəfindən öldürülən hər kəs şəhiddir! Rafiq Tağı da şəhiddir!
Rafiq Tağını qətlə yetirməklə neçə-neçə yazını başsız, neçə-neçə sözü yiyəsiz, neçə-neçə adamı yolsuz qoydular! Ama bu hələ son deyil! Necə ki, Rafiqlər bir gün Həllac Mansur, Nəsimi adıyla Ədəbiyyat Meydanlarında söz oynadırdı, bu nəslin davamı yenə gələcək! Azadıq, azad söz fədailəri bu gün də var, sabah da mütləq olacaq! Adlar dəyişsə də, ideya və məqsəd dəyişməyəcək!
Hə, düşmən heç də uzaqda deyil, əzizlərim! Qatil elə gözümüzün qabağında, lap ağzımızın içində, onları çeynəməksə öz əlimizdədir. Dişsiz olanlar bir addım geri...

Комментариев нет:

Отправить комментарий