18.01.2012

Adama hərdən elə gəlir ki...


İlkin Ağalı

Ümumiyyətlə götürəndə ən çox xəyala qapılanlar bir qayda olaraq əhalinin ciddi problemlərlə əhatə olunan kasıb təbəqəsidir. Ona görə ki, onlar real həyatda görə bilmədiklərini və arzuladıqlarını daha çox xəyallarında canlandırmağa çalışırlar. Bu əslində ən təbii hissdir. Hər kəs yaşadığı ömründə həmişə əhatəsində olduğu sıxıntılardan silkinməyə çalışır.
Xəyala qapılanların bolluğu baxımından ölkəmizdə heç bir problem olmadığından, Azərbaycanda gerçək həyatdan daha çox xəyal dünyasında öz istəklərinə qovuşmaq istəyənlər kifayət qədər çoxdur.

Çünki istisnasız olaraq sadə xalqın bütün təmsilçiləri hər tərəfdən problemlərlə əhatə olunub. Bu problemlər doğum evində həyata göz açan körpədən tutmuş, dünyasını dəyişən vətəndaşın dəfn problemlərinə qədər uzun bir mərhələdə özünü göstərdiyindən bütün yaş təbəqələri bunu hiss edirlər. Di gəl ki, xəyalət aləminə baş vurub, bir anlığa sıxıntısız yaşamağa çalışanlar əhalinin bir qədər məhdud təbəqəsini əhatə edir. Belə ki, bu sıraya ən azı düşünmək iqtidarında olanlan daxil edildiyindən çağalar və dünyasını dəyişənlər bu arada yoxdurlar.
İnsafən xəyala qapılanları çulğayan şirinliyin özü də bu təbəqənin nümayəndələrinə böyük mənəvi dəstək hesab olunur. Bu şirinliyi doğuran başlıca elementlər isə hakimiyyətə məxsus hesabatlar və efirdən səslənən şirin nağıllardır. Bu şirin nağıllar problemlər içərisində çırpınan xalqa əməlli başlı dayaq olur.
Bu nağıllara qulaq asanda bəzən adama elə gəlir ki, nəhayət iyirmi ildən artıqdır ki, ölkənin bütün inkişafına buxov olan Qarabağ problemi düyün mərhələsindən çıxır. Bu şirin nağıllara qulaq asanda bəzən adama elə gəlir ki, ölkənin bütün problemlərinin başında dayanan korrupsiyaya son qoyulacaq.
Bu şirin nağıllara qulaq asanda bəzən adama elə gəlir ki, cəmiyyətə fəlakət gətirən monopoliya və məmur özbaşınalığına son qoyulmaqdadır. Bu şirin nağıllara qulaq asanda bəzən adama elə gəlir ki, enerji təchizatı normal bir qaydaya düşəcək, belə sadə problemlər insanların sağlamlığını və əsəblərini imtahana çəkə bilməyəcəkdir.
Efirdən səslənən şirin nağıllara qulaq asanda bəzən adama elə gəlir ki, dünyanın ən müasir və kamil təhsil sistemi Azərbaycandadır. Efirdən səslənən bu şirin nağıllara (daha çox reklamlara) qulaq asanda bəzən adama elə gəlir ki, dünyanın ən mükəmməl təbabəti Azərbaycandadır və dünyadan fərqli olaraq Azərbaycanda çarəsi mümkün olmayan heç bir xəstəlik yoxdur.
Bu şirin naağıllara qulaq asanda adama elə gəlir ki... və.s. və ilaxır.
Onsuz da xəyal aləminə qapılmaqla bir anlığa dünyanın sıxıntılarından qurtulmağa çalışanlara bu şirin nağıllar əməlli-başlı qol-qanad verir. Di gəl ki, xəyal aləmindən ayrıldıqda və dinlənilən şirin nağılların yaratdığı eyforiya dağılandan sonra gələn məyusluq ikiqat təsiri ilə sözünü deyir.
Bu təsir ona görə ikiqat olur ki, bəslənən ümidlər də öləziyir. Ona görə öləziyir ki, nə vaxtsa düzələcəyinə ümid bəslənən problemlərin öz həllini tapa biləcəyi artıq müəmmalı hesab olunur. Axı nə yaşanan zaman kəsiyi, nə də problemlərin həlli üçün atılan addımlar bircə qarış da qabağa getmirsə, nə vaxtsa bunların həll olacağını hansı məntiqlə qəbul edəsən?
Nağıl eyforiyasının yaratdığı təsir dağılandan sonra gündəlik həyatda hər gün gördüyümüz və görməyə adət etdiyimiz problemlərin yerindən tərpənmədiyini görüncə ustad Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalında getmiş bizim bu günkü halımızla uyğun gələn bir lətifəsini xatırlamamaq olmur: “Rusiya Dumasının üzvləri üç ildir ki, əlləşirlər əhalinin güzəranının düzəlməsi ilə bağlı bir iş görə bilmirlər. Bu minvalla onlar daha neçə il əlləşməlidirlər”.  

Комментариев нет:

Отправить комментарий