18.01.2012

Məzar daşlarının qiymətlərində fantastik rəqəmlər...

İstirahət yeridir, yoxsa qəbiristanlıq?

altTəəssüflər olsun ki, bu gün ölkəmizdə hüzrü düşən orta statistik azərbaycanlı bilmir ki, itirdikləri yaxın insanlarını düşünsünlər, yoxsa ortaya çıxan maliyyə problemlərini.
Yas mərasiminə sərf edilən məbləğə, bəlkə də ailənin hansısa problemi həll edilə bilərdi. Lakin, nəzərə alanda ki, bu vəziyyət onlarda psixoloji asılılıq yaradıb və hər kəs də, o cümlədən aşağı təbəqənin insanları da israfçı yas mərasimləri keçirməyə məcbur olurlar, o zaman məsələyə biganə qalmaq qeyri-mümkündür. Çünki onların belə mənasız addımları bəzi işbazların meydan sulamasına gətirib çıxarır. Nəticədə də istər qəbir yerlərinin, istərsə də məzar daşlarının qiymətlərində fantastik rəqəmlər ortaya çıxır ki, bu da İslam dininə və  onun qaydalarına bilavasitə ziddir.

Qəbir daşları da müxtəlifdir. Onlara adi, qara mərmər, ağ mərmər və ağ daşlar aiddir. Sözsüz ki, mərmərin qiyməti digər daşlara nisbətən daha bahadır. Ölçüsündən asılı olaraq ən aşağısı 3000 manata başa gəlir. Ölkəmizdə məzar daşları daha çox Daşkəsən və Gədəbəy bölgələrindən gətirilir ki, bunlar da adətən ağ daşlardır. Yerli məzar daşlarının da dəyəri o qədər də ucuz deyil. Qiyməti 350- 400 manatdan başlayan belə qəbir daşları çox vaxt keyfiyyətsiz olur. Bu səbəbdən də qəbirlərdə tez bir zamanda çatlar müşahidə olunur. Ona görə də insanlar daha çox xarici ölkələrdən gətirilən məzar daşlarına üstünlük verirlər. Bahalı qara mərmər isə ölkəyə idxal olunur. Bu ölkələr sırasında İtaliya, Ukrayna, Rusiya və İran ilk yerləri tutur. Bundan başqa Çindən də qəbir daşları gətirilir, lakin keyfiyyətinə görə ilk yeri İtaliyadan gətirilən qara mərmərlər tutur. 
Son illər başdaşılarının qiymətində daha çox artım qeydə alınır. Hazırda isə sadə əhəng daşından hazırlanan başdaşının qiyməti minimum 200-300 manatdır. Lakin həmin daşın qəbir üzərində qurulması və digər işlər sexə həvalə olunarsa, bu zaman qiymət daha da yüksəlir və 400-500 manata başa gəlir. Bunlar əlbəttə ki, sadə başdaşılardır. Daha möhtəşəm məzar daşlarının qiyməti hətta bəzən 10 min manata da başa gəlir. Həmçinin, başdaşının üzərində həkk olunacaq şəklin ölçüsü, yazılacaq yazıların həcmi qiymətə təsir edir və bu işi görənlərə də əlavə əməkhaqqı verilir. Əgər məzarın üzərində heykəl və ya büt qoyulacaqsa, bu zaman qiymət 20-30 min manatdan aşağı olmur. Hətta qiyməti 50 000 manata olan başdaşına da rast gəlinir. Həmçinin qəbri ziyarətə gələnlər üçün də orada hər cür şərait yaradılır.

Elnarə Kərimova            gundelik.baku.com

Комментариев нет:

Отправить комментарий