07.01.2012

GEDƏK OĞLUM...

MİRZƏ SAKİT

(oğluma )

Dəng edəcək, o dəng edən, gəl gedək
Gedək oğlum, bu ölkədən, gəl gedək

Çox bəlkə deyirsən, söylə - Bəlkə nə?
Çaqqal şahlıq edir sənin ölkənə
Cəhənnəm mülkündə ağac, gölgə nə?
Çıx günəşə, o kölgədən, gəl gedək
Gedək oğlum, bu ölkədən, gəl gedək

Haqq götürmək nə bəladı, nə yükdü
Haqqsızların bəbəkləri döyükdü
Elə bildim ərk edənlər böyükdü,
Nə sevən var, nə ərk edən, gəl gedək
Gedək oğlum, bu ölkədən, gəl gedək


Yaxşı ki, Tanrı var – Bizə təsəlli
Gəl yapışaq Tanrımızdan beş əlli
Sən cavansan, məndə artıq yaş əlli,
Düş dalımca, bu bölgədən gəl gedək
Gedək oğlum, bu ölkədən, gəl gedək

Məni vətən sevdi, səni də anan
Başqa kimsə varmı, dərdinə yanan
Haqqın cərgəsində yoxdu dayanan,
Orda durma, o cərgədən gəl gedək
Gedək oğlum, bu ölkədən, gəl gedək

Vətən bütov, biz vətənin əzası
Yurd sevənin çox olmalı cəzası
Mirzə Sakit harda olsa yazası
Görk edəcək, o görk edən, gəl gedək
Gedək oğlum, bu ölkədən, gəl gedək

Комментариев нет:

Отправить комментарий