07.01.2012

Rüstəm İbrahimbəyov Şəhidlər xiyabanı ətrafında meşə massivini ələ keçirmək istəyirmiş

Rəsmi dövlət qəzeti Rüstəm İbrahimbəyovla bağlı sərt ifadələr yazdı


Hər bir ali təhsilli şəxsi "ziyalı" adlandırmaq düzgün deyil. Eləcə də bir neçə ali təhsilli şəxsin bir yerdə toplaşmasını "ziyalılar forumu" adlandırmaq yanlışdır. Əgər özünü "ziyalı" adlandıran şəxsin dünən dedikləri ilə bugünkü fikirləri bir-birinə uyğun gəlmirsə, keçmişi ilə bu günü arasında uçurum varsa, onun cəmiyyətdəki proseslər haqqında mülahizələrini, elita, ictimai rəy, ziyalı mövqeyi, ədalətli cəmiyyət haqqında söylədiklərini səmimi qəbul etmək olmaz.


Rüstəm İbrahimbəyov 2010-cu il mayın 7-də "Azadlıq" radiosuna müsahibəsində bildirmişdi ki, Azərbaycanda İlham Əliyevi əvəzləyəcək adam tanımır və indiki siyasətçilərdən heç birini Azərbaycanın prezidenti rolunda görmür. Bunun üstündən il yarım keçdikdən sonra, 2011-ci il dekabrın 28-də isə o, bəyan edir ki, "bu hakimiyyət bizə lazım deyil..."

2011-ci il dekabrın 29-da bir qrup şəxs toplaşıb mətbuat konfransı keçirdi. İbrahimbəyov orada hiddətlənib küçə ifadələri və bazar jarqonu ilə dövlətin rəhbərliyini təhqir etdi. Üstündən cəmi 8 gün keçəndən sonra, 2012-ci il yanvarın 6-da o, mətbuata müsahibəsində bildirdi: "Elə danışmalıyıq ki, heç kimin şəxsiyyətinə toxunulmasın".

Bütün bunlardan sonra R.İbrahimbəyov "bizim məqsədimiz öz nümunəmizlə ziyalıların başqa qismini cəlb etməkdir, onların fəal ictimai mövqe nümayiş etdirmələrini istəyirik", - deyir.

Görəsən gündə bir fikrə düşən, ardıcıl mövqeyi olmayan, ana dilində belə düz-əməlli danışa bilməyən birisi ölkə ziyalılarına necə örnək, nümunə olmaq istəyir və buna onun mənəvi haqqı çatırmı?

Heç soruşan yoxdur ki, cənab İbrahimbəyov, iqtisadi və biznes maraqlarınız təmin olunanda niyə belə danışmırdınız? Elə ki, Şəhidlər xiyabanı ətrafında meşə massivini ələ keçirmək və orada ambisioz planlarınızı reallaşdırmaq cəhdiniz boşa çıxdı, qoşuldunuz Eldar Namazovun dəstəsinə.

Bəs Eldar Namazovun özü necə, cəmiyyətdə bir ziyalı kimi qəbul olunurmu? Onun siyasi keçmişi ilə bugünkü mövqeyi arasında kəskin uçurum ziyalılığa yer saxlayıbmı? 1993-cü ildə özünü kimlərinsə qohumu kimi qələmə verib ümummilli lider Heydər Əliyevlə görüşmək üçün fürsət axtaran, məqsədə çatdıqdan sonra isə vəzifə alıb siyasi olimpin yaxınlığında məskən salan siz deyildiniz? Əgər keçmiş iş yoldaşlarınızın sizin haqqınızda nələr danışdığını və hansı faktları açıqladıqlarını eşitsəniz, tam əminliklə demək olar ki, utandıqdan bir daha cəmiyyət arasına çıxmazsınız!

Bütün bunlara görə, bu qrup "Eldar Namazovun dəstəsi" adını aldı və cəmiyyət tərəfindən "ziyalılar forumu" kimi qəbul olunmadı. Axı, ziyalı deyəndə biz gözümüzün qarşısında səsi böyük salonlardan gələn, minlərlə, on minlərlə insanın qarşısında çıxış edən, xalqın qəlbinə yol tapmağı bacaran, millətin, dövlətin inkişafına töhfələr verən, onun problemləri, ağrı-acısı ilə yaşayan, öz əməli fəaliyyəti, vətəndaş mövqeyi ilə insanlara örnək olan şəxsiyyətləri canlandırırıq.

Eldar Namazovun dəstəsi isə öz mənafelərini hər şeydən uca tutan, biznes maraqları təmin olunmayan, deputatlıq arzuları puça çıxan, haqqında lətifələr gəzən bir neçə insandan ibarətdir. Cəmiyyətdə qarşıdurma, hərc-mərclik yaratmaq haqqında düşünən dəstə üzvlərinin heç biri ziyalı kriterilərinə cavab vermir.

Əslində, dekabrın 29-da ziyalılar başqa auditoriyaya toplaşmışdılar. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən həmin görüşdə yeni dövrdə ölkəmizin qarşısında duran vəzifələr, milli inkişaf məsələləri müzakirə olunurdu, uzunmüddətli dövrü əhatə edən konsepsiyanın konturları, onun əsas istiqamətləri müəyyənləşdirilirdi. Görüşdə elmi əsaslarla, məntiqlə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, vətəndaş cəmiyyəti quruculuğu, davamlı iqtisadi inkişafın təmin olunması, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafı, xarici siyasətin prioritetləri ilə bağlı olduqca dəyərli təkliflər irəli sürüldü. Bəli, vətəndaş da, cəmiyyət də gördü ki, milləti və dövləti düşünən əsl ziyalılar məhz bu auditoriyada toplaşıblar, ziyalılıq missiyasını şərəflə və vicdanla yerinə yetirirlər.

Eyni gündə keçirilmiş iki tədbirin hətta səthi müqayisəsi ziyalılarla psevdoziyalılar arasında fərqi açıq göstərdi və cəmiyyətdə artıq formalaşmış birmənalı rəyi daha da möhkəmləndirdi.

Azərbaycan qəzeti

Комментариев нет:

Отправить комментарий