19.01.2012

“Hamının mühakimə etdiyi ölkədə bir kişi bir qadını elə sevir ki...“


İranlı rejissorla söhbət

Fransada yaşayan İran rejissoru Marjane Satrapi Srasburqda dekorativ sənətlər ali məktəbini bitirib. 2007-ci ildə ekranlara çıxan, İran rejimini tənid edən, avtobioqrafik qrafik novellası-“Persepolis” animasiya filmi Kannda jürinin xüsusi mükafatını alıb və Oskara ən yaxşı animasiya flmi kimi nominant olub. Ötən il Satrapi fransız rejissoru Vincent Paronnaud ilə birgə “Toyuq gavalı ilə ” tammetrajlı bədii filmini çəkdi. Avropada yaxınlarda böyük ekrana çıxan film 50-ci illərin İranında bir musiqiçinin həyatından bəhs edir.

Alman mətbuatında Satrapi ilə yayımlanan müsahibəni təqdim edirik.


- „Persepolis“ siyasi bəyanat idi. Niyə yeni filminizdə siyasi motivlər yoxdur? 

- Nədən mən siyasi film çəkməliyəm? Onda gərək uzun saqqallardan, Qurandan və atom silahından söhbət getməliydi. Əksər insanlar kimi mən də sevgi, yemək, bir çox başqa şeylərlə maraqlanıram. Burda belə təsəvvür var ki, kimsə İrandan gəlirsə, o yalnız siyasətlə məşğul olmalıdır. Mən bunu insan şəxsiyyətinə sayğısızlıq kimi qəbul edirəm. Məgər bütün almanlar daima Angela Merkellə məşğul olmalıdır? Yoxsa filmlərdə yalnız nasist kimi peyda olmanız lazımdır? Bu nonsensdir, insanlar min cürə fərqli şeylərlə məşquldurlar. Mən 12 ildən bəridir ki, İranda yaşamıram, həyatımın yarısını ölkədən kənarda keçirmişəm. Bəli, mən narahatam ki, çox insan tutulub, məni narahat edir ki, vəziyyət pisdir. Bu mənə də aiddir, mənə toxunur. Amma mən nə etməliyəm? Yaşıl inqilab haqda danışmalıyam? Mən orda olmamışam.

- İrandakı molla rejimini tənqid etdiyiniz "Persepolis" qrafik novellanız yayımlanandan bəri ölkənizə qayıda bilmirsiz. Amma niyə siz „Toyuq gavalı ilə“ filmində ölkənizi parlaq rənglərlə təsir etmisiz? 

- Filmdə hadisələr o zaman baş verir ki, demokratiya ideyası ölkəni 50-ci illərin sonunda tərk edirdi. Bu illər İran üçün həlledici məqamlar idi. Demokratiya arzusu məhv oldu, ümidlər qırıldı. Mən artıq ümidləri olmayan bir kişinin hekayəsini nəql edirəm. Bu ictimai konketkslə güclü bağlantıdır.
Amma filmdə səslənən son söz „İran“dır. Bəli, mən adamlara göstərmək istəyrəm ki, hamının mühakimə etdiyi, hətta qorxduqları bu ölkədə bir kişi bir qadını elə sevir ki, hətta ona görə ölmək istəyir. Mən ölkəmdə nəyi gözəl hesab etdiyimi göstərirəm.

– Bu film sizin böyük dayınızın hekayəsidir. Bildiyimə görə, o siz doğulmadan öncə o, vəfat edib. 

-Günlərin birində bizim ailə albomumuzu vərəqləyəndə gözüm böyük dayımın fotosuna sataşdı və doğrusu, mən ekzistensial böhrana girdim. Onun gözlərində nəsə bir xiffətin olduğunu hiss etdim və bu, məni artıq rahat buraxmadı. Mən öz hekayəmi qrafik novella kimi danışmağa qərar verənə kimi. Sonra isə o novelladan bu film meydana çıxdı.

- „Toyuq gavalı ilə“ İrana nostaljidir? 

- Yəqin ki. Mən vətənim üçün çox darıxıram. Geriyə dönə bilməməyim məni kədərləndirir. Çox insan düşünür ki, bir inqilabın və müharibənin şahidi olmaq, onu yaşamaq əladır. Sizi əmin edirəm ki, mən həvəslə tamamən, darıxdırıcı həyat sürərdim- əgər bununla öz ailəmi və vətənimi qoruya bilsəydim… Parisdəki göyün maviliyu Tehran üzərindəki göyün maviliyi deyil.

– Parisdə özünüzü vətəninizdəki kimi hiss etmirsiz? 

- Mən özümü heç yerdə vətənimdəki kimi hiss etməyəcəm, bunu anlamışam. Mənim vətənim İrandır. Hətta məhsul verməyən torpaqda böyüyən bir bitkinin məhz bu torpaga ehtiyacı var, çünki qidalandırıcı maddələr onun canına hopub. Bütün bunlar orqanikdir. Iran mənim DNS-imdir.

– Valideynləriniz sizə baş çəkmək üçün Parisə gəlir? 

- Xoşbəxtlikdən, müntəzəm.

- İrana geri dönsəz, nə baş verər? 

- Təsəvvürüm də yoxdur. Hər halda pis olardı. “Persopolis” Kannda göstəriləndə Tehrandan rəsmi etiraz notası gəldi. Əgər geri dönsəm, onlar məni gül-çiçəklə qarşılamayacaqlar, amma deyəcəklər: “Gözəl, yenidən bizimləsən.” Bu, dəqiqdir.

- Ziddiyyətlər ölkənizi maraqlı edir. 

- Elədir. Məsələn, İran rejimi kütləvi savadsızlığa qarşı gedərək məktəblər və universitetlər tikdi. Indi daha çox insan yazmağı və oxumağı bacarır, amma dinə bağlılıq itir. Iranda hamı hər şeyi deyə və edə bilər, və heç nə edə və deyə biməz. Dünyanın çox yerində olmuşam, amma İran qədər ekstremal ziddiyətli ölkə görməmişəm. Iranlılar çox individualistdilər. İranda 2000 ilə yaxındır ki, müxalifət var. Iran nə Əfqanıstandır, nə də Səudiyyə Ərəbistanı. Bu rejimdə qadınlar avtobusla işə gedir və həkim işləyir. Amma bu o demək deyil ki, rejim yaxşıdır.

- İrandan hər gün narahatlıq doğuran xəbərlər gəlir. İrana nə arzulardız? 

- Mən düşünürəm ki, İran o qədər qədimdir ki, burda çox şeyi dəyişmək olmur. Hərçənd, artıq çox şey baş verib və çox şey də olduğu kimi qalıb. Təkçə mənim ölkəmdə deyil, bütün dünyada demokratiya və sülhün olacağına ümidlərim var. Həm də kasıb ölkələrdə şər hökmranlq edirsə, bunun bütün dünyaya adidyyatı var. Əslində, dünya kiçik hissələrə ayrılmayıb, insanların hamısı eyni dünyaya aiddir. Insanların hələ də sağlam bir ümidi var ki, bütün dünyada sülh olacaq.


-Ümid vacibdir, amma İranda siyasi sistemi dəyişmək daha zəruridir. Parisdən İrandakı hadisələri, məsələn, həbs olunmuş rejissor Cəfər Pənahi ilə baş verənləri necə izləyirsiz? 

-Bu suala cavab vermək çətindir. Mən uzun illərdir ki, İranda olmamışam və informasiyaları ikinci mənbədən alıram. Televizorda göstərilənlər həqiqəti əks etdirmir. Mənim mediaya olan inamım sarsılıb. Bilmirəm, oxuduğuma və gördüyümə nə qədər inana bilərəm. Düşünürəm ki, demokratiyanın düşməni hər şeydən əvvəl patriarxal mədəniyyətdir. Qadınların vəziyyəti doğrudan da pisdir, onlar əzilirlər, amma biz – o qadınlar ki, çox oxusa, çox işləsə, emansipasiya olacaq. Mən təbii ki, həbs olunanlar, o cümlədən, Pənahi üçün narahatam. Çox çətin və pis zamanlardır. Ölkədə inkişafın olması vacibdir, inkişafsız və ya müharibəsiz nəyisə dəyişmək doğrudan da mümkün deyil.

- 17 yaşından bəri Parisdə yaşayırsız. Orda nə qədər mühacir iranlı yaşayır? 

- Bütün Fransada 10 mindən çoxdur, onların yarısı Parisdədir. Əvvələr Parisdə daha çox idi, çünki paytaxtda onlar artıq evlərinin icarə haqqını ödəyə bilmirlər.

– Bu bütün parislilər üçün belədir. 

- Elədir. Amma iranlıların böyük evə ehtiyacı var. Mənim valideynlərimin Tehrandakı evi 300 kv metrdir. Amma anam şikayət edir ki, ona yer kifayət etmir. Mən Tehrandakı 120 kv metrlik gözəl evimdən Strasburqdakı tələbə yataqxanasına gəlməyimi də xatırlayıram. Bu şok idi: azad olmadığım ölkəni tərk etdim və kiçik bir otaqda qaldım.

– İranda insanlara belə böyük evlər ona görə lazımdır ki, onların həyatı hər şeydən əvvəl dörd divar arasında keçir? 

- Aydındır, ictimai həyatda onlara hər şey qadağan edilib. Sənin evin sənin həbsxanandır, o mümkün qədər geniş olmalıdır. Yoxsa partini harda keçirtmək olar? Rəqs qadağan edilib. Parisdə insanlar bayırda daha çox vaxt keçirir.

- Siz 2004- cü ildə Amerikaya "Persepolis"i tanıtmaq üçün getdiz və orda dediz: "Mən burdayam. şərin yuvasında." 

- Düzdür.

- İnsanlar necə reaksiya verdi? 

- Onlar güldülər və suallar verməyə başladılar.

- Həm də bunu çıxış etdiyiniz West Point hərbi akademiyada dediz? 

- Bu İraq müharibəsinin başlamasından az öncə olmuşdu. Qarşımda 20 yaşı yenicə tamamlanan gənc oğlanlar oturmuşdu. Mən onlara dedim: bu müharibə cəfəngiyyatdır. Sonda onlar məni alqışladılar. Siz inanırsız ki, Əlcəzair müharibəsi zamanı biri Fransız hərbi akademiyasında deyə bilər: „sizin müharibə cəfəngiyyatdır“. Bu yaxınlarda mənə Parisin qəsəbələrində Şimali Afrikadan olan müsəlman qadınlarının rolu haqda diskussiyada iştirak təklif etdilər. Mən nə şimali afrikalı, nə də ərəbəm. Onlara cavab verdim ki, siz franszılar bu adamlarla daha çox iş görməlisiz, nəinki mən, çünki siz uzun illər onları müstəmləkə kimi istifadə etmisiz.

- Qərb belə sərt görünür? 

- Çoxlu yanlış fikirlər var. Burda, Avropada mən tez saf - çürük edilirəm, qara saçlar, deməli, üçüncü dünya dövlətindəndir, hər şey aydındır. Bəzən mənə təklif edilir ki, sidi disklərin dizaynını verim. Sonra məlum olur ki, təklif nədən olub. Bu o deməkdir ki: "Oh, bizim bu diskdə şərqdən gözəl mistik musiqimiz var." Mən bu musiqiyə nifrət edirəm. Hətta İranda rok dinləyirdim. Bu, çox Avropasayağı baxışdır, amma Amerikada tamam başqa cürdür.

– Sizin fransiz pasportunuz var? 

-2006-cı ildən bəri. Mənim ikili vətəndaşlığım var.

- Fransız kimi səyahət etmək asandır? 

- Amerikaya uçanda, barmaq izlərimi götürdülər. İran pasportum olduğu üçün. Otaqlardan birinə aparıb baqajımı yoxladılar, axmaq suallara cavab verməli oldum. Hər dəfə belə olur, hətta 2008-ci ildə Oskar mükafatı mərasiminə gedəndə də. Mən iranlı olaraq qalacam.

Almancadan çevirdi: Sevda Sultanova                    kulis.az

Комментариев нет:

Отправить комментарий