04.01.2012

“İncir reçeli”ndən “Məhkumlar”a...

Profil Şəkli
Pərviz Sadıqov

Türkiyəli rejissor Aytac Ağrıların çəkdiyi “İncir reçeli” (2011) filminə baxdıqdan sonra ağlımda bir fikir vardı: Azərbaycan rejissoru Mehriban Ələkbərzadənin “Məhkumlar” (2007) filminə tamaşa etmək lazımdır.
Və belə də etdim. Səbəbini hər iki filmə baxanlar bilir. Baxmayanlar üçün deyim: Türk rejissorun filmində AİDS xəstəliyinə yoluxmuş Duyqu ilə (Melika Güner) televiziya ssenariləri yazan Metinin (Sezai Paracıkoğlu) münasibətlərindən söz açılırsa, ssenarisi Çingiz Abdullayevin olan “Məhkumlar” filmində cüzam xəstələrinin daimi yeri olan Umbakı xəstəxanasına təcrübəyə gəlmiş Eldarla (Ramiz Zeynalov) cüzam xəstəliyindən əziyyət çəkən Leylanın (Sevinc Əlişova) mümkünsüz məhəbbətindən bəhs edilir. Hər iki filmin sonu faciə ölə bitir.


Hər iki xəstə cəmiyyət tərəfindən kənarlaşdırılmış, hisslərini içində boğmağa məcbur olan, son saatlarını gözləyən ümidsiz gənc qızlardır. Ancaq Duyqu Leyladan cəsarətlidir, şəndir, nikbindir və həyatı sevir, mübarizə aparır və son günlərini xoşbəxt yaşamağa çalışır. Elə bu səbəbdən Metinle sonunu düşünmədən münasibət qurur, bir yerdə yaşadığı müddətdə sevgilisini qorumaq üçün onunla yaxınlıq etmir. Filmin ən təsirli səhnələrindən biri dayanacaqda Duyquyla Metinin şüşə arxasından öpüşməsidir. Son dövrlərdə türk romantik filmləri böyük reytinq topladığı üçün bu tip filmlər artıq bir kommersiya vasitəsinə çevrilib. “İncir reçeli”nin ssenaristləri də filmin daha təsirli, seyrçini ələ ala bilən və yaddaqalan edilməsi üçün romantik səhnələrə, təsiredici dialoqlara xüsusi yer ayırıblar. M.Ələkbərzadənin “Məhkumlar”ını isə romantik film saymaq olmaz. Bunu daha çox, xəstəliyin açdığı bəlaları bildirən faciə adlandırmaq daha düzgündür. Melodrama demək isə, qəti olmaz. Çünki ssenaristin detektiv əsərlər yazarı Ç.Abdullayev olmasını xatırlamaq yetərlidir. Amma rejissor yenə də kiçik nüanslarla filmi eşq-məhəbbət həvəskarları üçün də maraqlı edib. “İncir reçeli”ni əksər insanlara, hətta filmə baxmayanlara sevdirən əsas səbəb, məncə, səhnələrdən təsirli musiqinin əskik olmamasıdır. “Məhkumlar” filmində Aqşin Əlizadənin musiqiləri təsiredici və yerində səsləndirilməsilə gözəldir. Amma musiqinin təsiri digər filmdə olduğundan azdır və “yadda qalanı yoxdur” demək mümkündür. Tək qalmış, Duyqunun dalıyca getməyə cəsarəti çatmayan Metinin evdə oturub gitarada “İsyan” mahnısını oxuması tamaşaçıya “İncir reçeli”ni daha da sevdirir.

Benim bu derdim
Ne yağan yağmurda
Ne yalancı sonbaharda
Ne bomboş sokaklarda...

Kırılmış her yanım.
Kaybolur zaman saçlarında
Gözlerim sokaklarda ,
Sebebi isyan aşkım...

İçim yanar, içim kanar da
İsyan !..
Geriye bir avuç yalan..
Beni bu derde sen attın da,
gittin ya kafam hep duman...



Soundtrak-larını Cem Adrian və Sezai Paracıkoğlu ifa edən “İncir reçeli”nin adının məhz niyə elə olmasının səbəbi isə, Duyqunun inciri (əncir) sevməsidir. “Yaşayan hiçbir şeyi sevmeme izin vermediler, ben de incir reçeli’ni sevdim”. Buna oxşar fikri M.Ələkbərzadənin qəhrəmanı Leyla da deyir. Həmin səhnədə A.Əlizadənin musiqisi və S.Əlişovanın gözəl oyunu xüsusi gözəllik verir. “Mənim heç kimim yoxdur, tək qaldım, tək. Atam da məni qoyub getdi. Heç kimi yoxdur, – Sən mənimsən Leyla, səni ölüm də, xəstəlik də ala bilməz”. “Məhkumlar” isə ömürlük xəstəliyə düçar olduqları üçün, “gündüzün günorta çağı gedib çatılması çətin olan” xəstələrin sanki məhkum həyatı yaşadıqları elə adlandırılıb. Hər iki film emosional insanlar üçün əsl sənət əsəridir. Amma “İncir reçeli” kütlə tərəfindən sevilsə də, Türkiyə kino tənqidçiləri və media tərəfindən tənqidlərlə də üzləşdi. Filmin bəsit dialoqlar üzərində qurulması, həddən artıq emosiya və aktyorların heç də ideal olmayan ifası peşəkarlar tərəfindən birmənalı qarşılanmadı.
“Məhkumlar” filminin sonuna yaxın emosiya artır və birdən Eldarın müstəntiqin “sənə pis xəbərim var” deməsinə, həyəcanla qalxaraq “Atam?” deyə soruşması bütün romantikanı məhv edir. Çünki həmin anda tamaşaçı artıq digər obrazları unudaraq ancaq baş rolda olan iki nəfəri izləyir. Və məlum olanda ki, Eldar atası üçün daha çox narahat oldu, o zaman romantika sevərlər mütləq məyus olurlar. Bu baxımdan “İncir reçeli” fərqlənir, ssenarist və rejissor heç bir köməkçi obrazı güclü obraz kimi təqdim etmir. Diqqəti əsas nöqtəyə yönəldir. Amma “Məhkumlar” filmində Əzizə rolunun ifaçısı Kəmalə Hüseynova öz oyunuyla bütün diqqəti özünə çəkir. Yalnız filmin əvvəlində iştirak edən Ramiz Novruz (mayor) və Nürəddin Mehdixanlı (Eldarın atası), Mehriban Xanlarova (tibb bacısı) da yaddaqalan obrazlar yarada biliblər.
Hər iki filmin sonu xəstələrin monoloqu ilə bitir. “İncir reçeli”də Duyqu “beni unut demeyeceğim, çünkü ben seni unutamazdım; ama sakın hayata küsme, ben yaptığın her şeyde yanında olacağım, sabah yine radyonun sesiyle uyanacaksın, enerjiyle yatağından fırlayıp radyoyu kıscaksın...” sözləri bitdiyi yerdə elə bir musiqi başlayır ki, adama elə gəlir ki, AİDS xəstəliyinə yoluxmusan və bu dəqiqə sən də öləcəksən. Eyni üslubla, amma bir qədər az emosiyayla “Məhkumlar” filmi də Leylanın məktubu ilə bitir. “Yer üzündə atamdan sonra yeganə doğmamsan. Atam məni bu dünyada tək qoyub getdi, sənsə, məni qoyub getmədin. Mənim doğmamsan...” və yenə də Aqşin Əlizadənin lirik melodiyası...
Hər iki filmə baxdıqdan sonra yanılmadığıma əmin oldum. Mövzu eyni idi. Cəmiyyətə ötürdükləri siqnal da eyni idi, amma yanlışdır və həmin xəstəliklərin daşıyıcıları üçün yaxşı təsir deyil. “AİDS (cüzam) xəstəsinə yaxınlaşmayın, onları cəmiyyətdən uzaqlaşdırmaq lazımdır”. Amma məncə, insanları sevmək lazımdır, kimsə sevgisiz qalıb “incir reçeli”yi sevmək məcburiyyətində qalmasın...

Комментариев нет:

Отправить комментарий