04.01.2012

Yadına düşürmü?


Bəxtiyar Hidayət

11 il yay aylarını dağda binədə keçirmişəm. Bu şeir də o günlərin xatirələrindən doğub. Şeirdə yer adları və hətta o boyda meşədə seçilə bilən ağac adları vardır. Bunlar mənə çox doğma adlardır. Şeiri binə yoldaşım Şirxana yazmışam.

Yadına düşürmü “Noyun bulağı”
Danışım mən onun nəyinnən gəlib?
Özümüz gözünnən su götürmüşük
Naxır su içibdi noyunan gəlib

“Pota fıstıq*” qalxar binə yolunda
“Abdullanın biçənəyi” solunda
Biz malı gəzmişik “Arxac yalında”
Mal mələşib “Uzun boyun”nan gəlib

Ağlaram yaş odun yanantək asta
Qaldı şirin çağlar “Turş su”yun üstə
Qartallar “Tik daş”dan qalxardı dəstə
Cüyür  “Haymannar”a tayınnan gəlib

Bizim yerə varan cənnətə varıb
Fistıqdan döşürüb, moruqdan dərib
Çiyələk, cincilim topuğa verib
Xımı, quzqulağı çiyinnən gəlib

Zaman deyil, nənəmiz üz verəydi
Könlüm aşıb  “Yastı daşa” varaydı
Bir bağban ömrümə calaq vuraydı
“Qoca alınça*”nın şöyünnən gəlib

“Qayanın qışlağı” elin yaylağı
At yürüsün dalısınca daylağı
Dişi göynədərdi “Cüyür bulağı”
Indi bu göynərti ha yannan gəlib

O biri məhlədən soruşaq nəsə
Gediş yolu uzun səs yolu kəsə
Dağlar da verərdi səs bizim səsə
Səsimiz daha da yeyinnnən gəlib

Bəxtiyar söylədi- bilinə qədri
Xoşuna gələnin xoş olsun xətri
Mənim söhbətimin, sözümün ətri
Cökə çiçəyinin çayınnan gəlib. 

* Pota fıstıq-binəyə qalxan yolumuzun üstündə diametri 3 metrdən də artıq olan bir ağac idi. o vaxtlar elə bilirdim dünyanın ən böyük ağacıdı
* Qoca alınça (alça) - nənələrimiz söyləyid ki onların da uşaq vaxtında bu ağac varmış və hətta onda da adı elə Qoca alınça imiş

Комментариев нет:

Отправить комментарий