13.01.2012

Oxucuya məktub


Məşhur filimlərdən hərəkətli fotokadrlar Zahir Əmənov

Qədim zamanlarda qəzetlərdə tez-tez belə başlıqlar olardı: “Oxucu məktubları”, “Oxucular nədən yazır?” və sair. Son vaxtlar isə əksər redaksiyalar oxucu məktublarının azlığından şikayətlənir. Bəs səbəb nədir? Kimi deyir, yaza bilmirəm, internetlə işləməyi bacarmıram, kimi deyir, məktub yollamaq bahadır, çoxları da deyir ki, yazmağın nə xeyri? Elə axırıncıdan başlayaq. Yazmağın xeyri varmı? Bir məmləkətdə ki, bütün qanunsuzluqlar qanuni şəkil ala, alıb-aldatmaq adi normaya çevrilə, şikayət edənin özünü şantaj edib günahkar çıxardalar, belə olanda vətəndaş qəzetə niyə yazmalıdır ki? 

Biz media əhliyik. Əsas işimiz xalqın sözünü yuxarılara, yuxarıların sözünü isə xalqa çatdırmaqdır. Biz də bunu edirik. Yəni belə hesab edirik ki, bir çox idarələrdəki özbaşınalıqdan, rüşvətxorluqdan yuxarıların xəbəri yoxdur, biz də onları məlumatlandırırıq ki, ay hökumət, ay rəhbər, biz tərəfləri “sökürlər”, yalan papaqdan da yuxarı çıxıb, savadsızlıq, fır-fırıldaq aləmi başına götürüb, xəbərin var? Sonra məlum olur ki, bu özbaşınalığın, bu qudurğanlığın çoxu elə yuxarıların sifarişi ilə, onların himayədarlığı, xeyir-duası ilə edilir. Bu hal isə yadıma bir keçmiş əhvalatı salır. Uzaq yerdən mal gətirən bir taciri həmişə yolunun üstündəki dərədə quldurlar soyur, malını alırlarmış. Müflis halda kəndə qayıdan tacirə hamı təsəlli verib deyirmiş ki, darıxma, Allah Kərimdir. Növbəti səfərlərin birində isə onu Qaçaq Kərimin dəstəsi soyur. Yenə kəndə gəlib, sakinlərin “Allah Kərimdir, darıxma” təsəllisini eşidəndə hirslə deyir: “ Əşi, elə məni həmin Kərim zalımoğlu özü soydu da”.
Necə inanasan ki, “ünvanlı yardım” verən idarədə, yalançı pensiya vəsiqələri satan idarədə, güzəştli dərmanların mənimsənildiyi idarədə, az qala qulaq qaşımağın da pulla olduğu digər təşkilatlarda gözə girən nöqsanları bu böyüklükdə rəhbərlər görmür. Qanunu qorumalı olan idarələrdə, hakimlərin “baş kəsdiyi” məhkəmələrdə qanunsuzluq çırtıq çalıb oynayır. Sanki bu idarədəkilər gecə-gündüz fikirləşir ki, daha kimi tora salıb, daha kimin “qulağını” necə kəssinlər.
Çoxları bizdən möcüzə gözləyir. Görəsən, nə vaxta qədər qəbiristan sükutu olan məkandan, bayramları da yas kimi keçən yurddan haray çəkəcəyik. Hamı tamaşaçı olub, seyrçi olub. Minlərlə müəllimin əmək haqlarının 5-10 faizi müxtəlif adlar altında mənimsənilir. Susuruq. Analoqu olmayan ölkənin buz kimi soyuq otaqlarında paltolu-papaqlı dərs keçməyə məcbur edilirik. Susuruq. Baş həkimin imarətləri artdıqca xəstəxanada rüşvətxorluq daha yüksək zirvələrə ucalır. Susuruq. Hər yoldan ötən dükan-bazardan bir cür haqq alır. Susuruq. Alçaldırlar, aşağılayırlar. Susuruq.
Vaxtilə deyərdilər ki, bu məkanın necə yaşadığını bilmək istəyirsən, onun bazarına get. İndi belə fikrə düşən olsa, “ünvanlı yardım” idarəsi kimi tanınan ƏSMM idarələrinin qarşısına gəlməsi kifayətdir. Haqları pozulan, aldadılan, əzilən, alçaldılan insanların əhvalına baxanda özünə də, belələrinə şərəfsizcəsinə havadarlıq edənlərə də nifrət edirsən.
“Əzilənlər” isə dinmir. Həm qorxur, həm inanmır. Yadıma bu yaxınlarda tanınmış yazıçı Əkrəm Əylisli və Cəmil Həsənlinin söhbəti düşdü. Belə ki, hətta xalqa həmişə inam verməli olan yazıçı da ümidsizliyə qapılıb deyir ki, biz ölü xalqıq. Cəmil müəllim isə ona ürək-dirək verərək deyib ki, ruhdan düşmə, sən təzə “ölüsən”. Bəs köhnə “ölülər” kimidir. Yəqin ki, çoxdan “ölənlər” bizlər, əyalətdə yaşayanlar, taleyi ilə çoxdan barışanlardır.
Nə vaxta qədər gözləyəcəyik ki, kimsə qətlə yetiriləcək, kimsə intihar edəcək, biz də nə isə yazacağıq.
Ümidsizlik çoxlarının bədbəxtliyinə çevrilib. Əksəriyyət o fikirdədir ki, onsuz da idarə müdiri də, polis rəisi də, məhkəmə hakimi də, icra başçısı da eyni süfrənin ortaqlarıdır, kimdənsə kimə şikayət etmək mənasızdır.
Ortaya klassik sual çıxır – bəs nə etməli? Unutmayaq ki, bizə qənim kəsilənlərin də istəyi odur ki, hamı bezsin, ruhdan düşsün, o qənaətə gəlsin ki, hər şeyin əlacı yaltaqlanmaqda, rüşvət verməkdə, böyüklərin qarşısında əzilməkdədir. Və biz əzildikcə, əyildikcə onların iştahası daha da artır.
Tələbəlik illərində olan bir əhvalat heç yadımdan çıxmır. Boyca kiçik və bədəncə cılız olan bir tələbə dostumuz təkidlə ondan az qala 3 dəfə böyük və cüssəli şəxslə dalaşmağa can atırdı. Hamımız deyirdik ki, getmə, o səni əzər. Tələbə dostumuz isə deyirdi ki, əzilənə qədər heç olmasa, ona 2-3 zərbə vuracam, bu da mənə təsəllidir.
Biz isə həmişə boş qapıya qol vurmaq istəyirik. “Mənə bir şey olsa, arxamda duracaqsan, balalarıma çörək verəcəksən?” və sair bəsit suallarla adamı bezdirilər.
Ötən il dünya üzrə 103 jurnalist öldürülüb. Təkcə Suriyada azadlıq yolunda ölənlərin sayı 6 min nəfəri keçib. Bəs onların övladları, ailələri yoxdur?
Bir daha Soljinistinin sözlərini xatırladıram: “Demirəm ki, hamı bayraq götürüb, küçələrə çıxsın. Heç olmasa, hər dəfə əmək haqqınız yubadılanda, ən adi haqlarınız tapdananda susmayın, səsinizi ucaldın”.
Bir də unutmayaq, balalarınız sizdən təkcə çörək gözləmir, hərəkətlərinizi izləyir, mərdliyinizlə, cəsarətinizlə onlara nümunə göstərməyəndə, onların gözü qarşısında alçalanda, ucuzlaşanda, elə bilin ki, gələcəyin daha bir yaltağına “diplom” verdiniz.



"Cənub xəbərləri" qəzeti

Комментариев нет:

Отправить комментарий