14.01.2012

Nəticəsiz çabalar


Canlı şəkillər - 10Ülvi Məmmədli
Professional Oxucu Liqası

Amma elə istəyərsən ki, şərəfli və firavan yaşayasan

 Nə dağlarda dağlıq qalıb, nə də aranda aranlıq. Sovet vaxtının Kürdəmirinin istiləri indinin Gədəbəyin dağlarının istisinə çevrilib. Permdən Bərdəyə gəlmiş gəlin Afrikaya düşmüş adam kimi istidən ölüb. Arktikanın buzları əriyib, bizim dağlarda da buzlaqlar yoxa çıxıb, çaylarımızın suyu azalıb. Marketdən alınan çörəyin içərisindən diri siçan çıxıb. Özü də bizdə yox ey, Avropanın ən mədəni ölkələrinin birində, Avstriyada. Di gəl, bu xəyal deyilən şeyi cilovla görüm necə cilovlayırsan, adamın beynindən min cür fikir keçir...

 Dahilərin söylədikləri müdriklik, aydınlıq harada qaldı? Hanı o qəlb rahatlığı? Kasıblıq hər yeri bürüyüb, çoxları üçün isə pulsuzluq şikəstlikdir. Hanı o şərəfli çağlar və vəd olunmuşlar haradadır, nə vaxt gələcək? Bəs bizim qəlbimizdə hansı özək paslanır ki, biz rahatlıq tapa bilmirik, o budda məzhəbinə görə ruhun dünyadakı əzab və əziyyətdən xilas olaraq səadətə qovuşması- nirvanna haradadır? Suallar, suallar. Çox sadə və bayağı, o qədər də mürəkkəb və qəlizdir. Çoxları ictimailiklə bağlıdır, amma içimizdən də gələnlər az deyil.
 Qəsdən bu problemin dini tərəfini açıq qoyuram. Bilirəm ki, çoxları deyəcək ki, elə əsl səbəbi burada axtarmaq lazımdır. Amma adam adam kimi yaşamalıdır.
 Çox mürəkkəb bir dövrdür. Amma yaşanmalı dövrdür. Deyir, cavan yaşlıya deyir ki, səninlə mənim fərqim nədir, onda ki mən cavanam, sən qoca? Qoca bilirsiniz nə deyir: Mən cavan olmuşam, amma sən qoca olmamısan.
 Əsgərliyə yola düşən həmişə qayıtmışdan soruşur ki, nəyi necə eləsin, nə nədir? Amma gedib ozü bu həyatı görməmiş, sözlə heç nəyi başa salmaq olmur. Həyat da belə şeydir, gərək özün onu yaşayasan. Amma elə istəyərsən ki, şərəfli və firavan yaşayasan. Nə qədər yeni texnologiyalara əl atsan da, nə icad eləsəniz də, "nə tökərsən aşına, o da çıxar qaşığına" məsəli köhnəlmir. Ölkədə pul yoxdur. Britiş Petrolium neftin pulunu oğurlayıb, vermir, odur ki bütün çabaların heç bir nəticəsi olmur.
 Hələlik isə... Hələlik isə, qocalar, bankomatlarda sizin üçün ayrı düyməcik var, üstünə "pensiya" yazılıb. Dövlətimiz də hələlik bunu verə bilir. İndi özünüz bilin, çalışın tez qocalın, siz də o pulu alın. 

Комментариев нет:

Отправить комментарий