21.07.2012

Bəşəriyyətin Bəşər(i) problemi

 Elçin Bayramlı


Dünyanın ələ keçirilməsi və tək dövlətdən idarə edilməsi planları çoxdan məlum idi. Ən azı SSRİ-nin dağılmasından sonra eyforiyaya qapılan ABŞ qarşısında rəqib görməyib sağa-sola saldırmağa başlayanda bilməyənlər də bildi ki, nə baş verir.
Dünyanın taleyi Ağ Evdə masa üzərində həll olunur. Planlar böyükdür. Rusiyanı, Çini çökdürmək, müsəlman coğrafiyasında hələ də tabe olmayan 2-3 ölkəni də ram etmək və dünyada tam ağalığa sahib olmaq. ABŞ-ın 15 trilyonluq borc havayı yaranmayıb ki... Hərbi büdcəsi bütün dünyanın hərbi büdcəsinin yarısını təşkil edən dövlətin qlobal məqsədləri aydındır.

Aydın olmayan, sadəcə bir dövlətin bu boyda dünyanı necə ələ keçirməsi və ağalıq etməsidir. İnsan ağlının imkanlarını zorlamaq belə bunu dərk etməyə imkan vermir.
Düzdür, qlobal bir dövlətə çevrilən ABŞ-n hərbi-iqtisadi qüdrəti böyükdür. Lakin o dünyada yeganə superdövlət deyil. Qarşısında dayana biləcək yeganə güc qüdrətli hərbi imkanlara malik, elmi, iqtisadi, social məsələlərdə sürətli inkişafda olan Rusiyadır.
Daha bir güclü rəqib isə Şərqdən doğub. Bu ildırım sürətilə yüksələn Çindir. Yaponiyanı da nəzərə alsaq, ABŞ-ın qarşısında daya biləcək güclər var, təbii ki əgər birgə fəaliyyət göstərsələr.
Lakin Ağ Ev əvvəlcə rəqib ölkələri bir-birinə qarşı qoymaq, sonra isə onları bir-bir sıradan çıxarmaq texnologiyasına mükəmməl yiyələnib. Burda əksər hallarda, etnik, dini münaqişələr yaratmaq və alovlandırmaq prinsipindən çıxış edilir. Bu daha ucuz başa gəlir. Belə bir taktika həyata keçməyəndə (məsələn, İraqda) hərbi yola əl atılır, milyardlar xərclənir, amma sonradan trilyonlar qazanılır.
Bəzən bir ölkənin ideoloji, etnik, dini birliyi güclü olanda və sarsıdıla bilməyəndə, uzunmüddətli qrup yetişdirilir və gizli dəstəklə hakimiyyətə gətirilir. Türkiyə nümunəsində bunu aydın görmək olur. Bu, bir az gec olsa da ucuz başa gəlir.
Misirdə, Liviyada və s ərəb ölkələrində isə vətəndaş müharibəsini törətmək üçün daxili agentura şəbəkəsi yaratmaq və qarşıdurma təşkil etmək daha ucuz başa gəldi. Məsələn, əvvəldən yetişdirilmiş daxili qüvvələrə komanda verildi, iğtişaşlar yaradıldı, Liviya xalqı bir-birini qırdı və ABŞ qəpik-qruş xərcləməklə ölkə ələ keçirdi.
Liviyadan sonra növbədə Suriyanın olacağı heç kimə sirr deyildi, Vaşinqton özünə tabe etdiyi ərəb dövlətlərinin yardımı ilə ram olmayanları bir-bir məhv etməyə başlayanda Rusiya və Çin müşahidə ilə kifayətlənirdilər. İndi artıq bu ölkələrin özünün ətrafı sarılıb və çətin vəziyyətə düşüblər.
Rusiyanın lap ağzının içinədək gəlib giriblər. SSRİ dağılandan sonra başlayan iqtisadi böhran Rusiyanı Qərbdən asılı vəziyyətə saldı, Moskvaya iri həcmdə kredit verən ABŞ SSRİ-nin hüquqi varisi olan Rusiyanın dünyadakı mövqelərini bir-birinin ardınca ələ keçirməyə başladı. Əvvəlcə uzaqdan başlandı, son illərdə isə artıq sərhəd ölkələrə də girişilib və bir neçəsi nüfuz dairəsinə salınıb.
Çinin son dövrlərdə sürətli iqtisadi inkişafı və Amerika da daxil olmaqla dünya bazarlarını az qala bütün sahələrdə bir-birinin ardınca ələ keçirməsi Ağ Ev-i qorxuya salıb. İqtisadi yüksəlişin ardınca hərbi qüdrət, siyasi hökmranlıq və çoxqütblü dünya gəlir ki, bu da təkqütblü dünya yaratmağa çalışan amerikalıların maraqlarını məhv edə bilər.
Məhz bu səbəbdən Çinə qarşı dolayı mübarizə aparılır. Yaxın Şərqə ardıcıl təcavüzün əsas məqsədi planetin nəhəng neft ehtiyatlarını nəzarət altına almaq və lazım gəlikdə kranı burub Çini və Yaponiyanın sənayesini çökdürməkdən ibarətdir.
Suriya və İrana qarşı mübarizə əsas planda konkret olaraq Çinə, həm də Rusiyaya qarşı yönəlib. Moskvanı daha bir iri müttəfiqindən qoparmaq, Kremlin Yaxın Şərqdə söz sahibi olmasına son qoya bilər. Bunu Moskvada və Pekində anlamamış deyillər, lakin hansısa qüvvə ABŞ-ın dünyada hegemonluğu qarşısında digər güclərin birgə fəaliyyətinə imkan verimir.
Yaxın Şərqdə qan su yerinə axır, BMT TŞ-də Obamanın dediyindən belə çıxdı ki, Bəşər Əsəd öz xalqını qırır və Suriya xalqının dərdi bunları aparıb. Əsədi istefaya getməyə, ölkəni təhvil verməyə çağırırlar. Kimə? Alternativlər Vaşinqtonda çoxdan hazırlanıb, yetişdirilib.
Lakin Bəşər də yaman bəşərdir. Dirənib ki, əgər xalqım məni bəyənmirsə seçki keçirək, xalq öz istədiyini seçsin, siz burnunuzu bura soxmayın. Bax bu söhbət soyuq duş olub anti-Suriya-İran koalisiyası üçün.
Necə ki, nüvə silahı yaratmaq istəyində olmaqda ittiham etdikləri İran Moskvada bunların son bəhanəsini əlindən aldı, “beynəlxalq komissiya yoxlasın, görək biz nüvə silahı əldə etmək istəyirik, yoxsa nüvə enerjisi” - deyərək üstlərinə soyuq su tökdü.
İndi də deyirlər Bəşərin kimyəvi silahları var, bəşəriyyətə təhlükədir. Səddamın da nüvə silahı var idi, amma necə “gizlədibsə” hələ də tapa bilmirlər. NATO ölkələrinin və İsrailin dəhşətli silahlara malik olması bəşəriyyət üçün təhlükə deyil amma.
Dirənməyin xeyri yoxdur, Suriya da ələ keçiriləcək, Əsəd də Qəddafi kimi təhqiramiz şəkildə ərəblərə öldürtdürüləcək. Amma Yaxın Şərq ağıllanmayacaq sonadək. İran müsəlman dünyasının ABŞ-a tabe olmayan sonuncu böyük qalasıdır. Bu qala da alındıqda, Yaxın Şərqin tam və şəriksiz sahibi ABŞ olacaq. Böyük Orta Şərq planı həyata keçəcək.
İrana qarşı qonşu ölkələri düşmən etmək siyasəti davam edir. İran İraq deyil, Liviya deyil, Suriya deyil, onu məşğul etmək olar amma bu çox baha başa gələcək. Amma qonşuları da onunla qatı düşmən etdikdə ucuz başa gələ bilər.
Azərbaycanı İranla düşmən etmək üçün ardıcıl addımlar atılır, müxtəlif sahələrdə təxribatlar hazırlanır, elə bugünkü yanğın başlamamış İranın günahlandırılması da bunun bir simptomu idi.
İranın dövlət olaraq bizim yanımıda olmadığı, Ermənistanı müdafiə etdiyi aydındır. Lakin biz kiminsə maraqları naminə minillik qonşumuzla düşmən olub, kiminsə çıxarları üçün özümüzü ciddi təhlükəyə məruz qoymamalıylıq.
Heydər Əliyev Naxçıvanda etdiyi çıxışların birində İranın ölkə və xalq olaraq bizim üçün əhəmiyyətini açıq şəkildə belə ifadə etmişdi: "Türkiyə xalqı bizimlə qardaşdır, İran xalqı isə bizim özümüzük".
Bir vaxt gələcək biz öz ölkəmizdə öz xalqımızın hakimiyyətini təmin edəcəyik, amma bu qətiyyən ABŞ-in əli ilə olmayacaq. 1945-ci ildə SSRİ-nin iki Azərbaycanı birləşdirməsinin qarşısını ABŞ-ın nüvə silahı ilə təzyiq edərək aldığını unutmamalıylıq. ABŞ-da siyasət dəyişmir, dəyişən fiqurlardır…


elçin.bayramli@hotmail.com                              gunteleqraf.az

Комментариев нет:

Отправить комментарий