10.07.2012

Bugün – Sabah

Yolruh ATALI


Sabah – bugünün idealıdır. 
***
Bugün – “sabah” adlı idealın gerçəkləşməsi, yaşanmasıdır.
***
Sabah olmasa, bugün idealsızlaşar, anlamsızlaşar, bugündə yaşamaq olmaz.
***
İnsanın gerçəkliyi onu bugünə bağlayır, bugündən qırağa çıxmağa qoymur.
***
İnsanın mahiyyəti – ruhu onu bugünlə barışmağa qoymur, bugünü ötməyə, ondan üstün olmağa çağırır.
***
İnsan obyektiv, gerçək sabahdan çox özünün yaratdığı sabahda yaşayır.
***
İnsan obyektiv, gerçək sabahla yetərlənsə, bugünü ötə, ondan üstün ola bilməz, heyvandan seçilməz.

***
Heyvan bugündən qırağa çıxa bilmir, ona görə gerçəkliklə barışır.
***
İnsan gerçəklikdən qırağa çıxmasa – ölər. ***
Heyvanın sabahı yoxdur – ona görə ki, həqiqəti yoxdur. Heyvan bugünü aşmaq, gerçəkliyi ötmək gücündə deyil.
***
Yalnız insanın sabahı var, insan üçün sabah var.
***
Sabaha inam – idealın varlığına inamdır.
***
Sabaha inamsızlıq – idealın varlığına inamsızlıqdır.
***
İdeal – gerçəklikdən üstün, yüksək olan mahiyyətdir, mənadır.
***
İnsan mahiyyət, məna axtararaq bugündə yaşayır və sabahın daha mahiyyət və mənalı olacağına inanır.
***
İnsan bugündə sabahını – idealını və ona inamını yaradır.
***
Sabaha inanmasan – bugündə yaşaya bilməzsən.
***
Hazır (obyektiv, gerçək) sabah olsa da, sabaha hazır inam olmur.
Sabaha inamı insan özü yaradır.
***
Günəş hər gün çıxır – sabaha inanıram.
İnsan doğulur, böyüyür – sabaha inanıram.
Yeni, gözəl insan istəkləri, diləkləri yaranır, gerçəkləşir – sabaha inanıram.
Yaşam əzəli, əbədi qaydasıyla davam edir – sabaha inanıram.
***
Sabaha inanmaq – əslində insana inanmaqdır. Ona görə ki, sabah insan yaradıcılığıdır, onun sonsuz və tükənməz ideyalarının gerçəkləşməsi, ideallarının canlı yaşadılmasıdır.
***
İnsan sabaha inanmağa borcludur.
***
İnsan obyektiv sabahda məna, mahiyyət axtarır, onu özü üçün yenidən yaradır, ideallarını gerçəkləşdirir.
***
Sabaha inanmaq – özünü sabahda görməkdir.
***
Özünü sabahda görmək üçün – özünə inanmalısan, özünü içində görməlisən.
***
Bugündə idealla yaşamaq – sabahla yaşamaqdır.
***
İdealla yaşamaq – sabahı bugünə gətirməkdir.
***
Kamil insanın sabahdan başqa bugünü olmur. Kamilin bugünü sabah üstə keçir.
***
Sabah – bugünün mahiyyətidir, mənasıdır.
***
Bugünün mahiyyətini, mənasını yaşayan – sabahı yaşayır.
***
Kamil – bugünü ötür, ideala çatır.
İdeala çatan – sabaha çatır.
***
Kamil sabahdan bugünə baxır, onu düzgün görə, dəyərləndirə bilir.
***
Bugünü ötmək, qabaqlamaq, sabaha çatmaq – inam iradəsidir.
***
Bugündən sabahı görmək – idealla görüşməkdir, ona uyğun olmaq, yaşamaqdır.
***
Sabahdan bügünə baxmaq – ideal ölçüsündən gerçəkliyə baxmaqdır, bugündə sabahı yaşamaqdır.
***
Bəşər sabaha inamsızdır – çünki idealsızdır, inamsızdır.
***
Bugünün gerçəkliyini yaşayan – yaşamır.
***
Bugünün mənasını yaşayan, sabaha inanan – yaşayır.
***
İnsan bugündə yaşayır, ancaq həmişə sabahı yaşayır.
***
Sabah – insanın idealıdır.
***
Atamız var olsun!

Комментариев нет:

Отправить комментарий